Milli inkişaf konsepsiyasının banisi

 

Xalqların zəngin mənəvi-intellektual potensialının, milli məfkurə, özünüdərk hissinin konkret zaman və məkanda parlaq şəkildə üzə çıxması, qərinələr boyu zənginləşən dövlətçilik ənənələrinin vahid sistem halına gəlməsi uzunmüddətli təkamül prosesinin məntiqi nəticəsində gerçəkləşir. Yaranmış əlverişli ictimai-siyasi situasiyada tarixi məsuliyyəti üzərinə götürən xarizmatik şəxsiyyətlər xalqın daim arzusunda olduğu azadlıq, müstəqillik və milli dövlətçilik kimi müqəddəs idealların gerçəkləşməsində həlledici rol oynayır, bununla da əbədiyaşarlıq hüququ qazanırlar.

Bəşəriyyətin təkamül və inkişaf mərhələləri böyük dühaların, siyasət ustadlarının öz xalqlarının taleyində oynadıqları müstəsna rolu bütün qabarıqlığı ilə üzə çıxarır. XX əsr Azərbaycan tarixinin ən böyük, fenomen şəxsiyyəti kimi şərəfli ömür yolunun 34 ilini xalqına həsr etmiş ulu öndər Heydər Əliyev də məhz belə dühalardan olmuş, müasir dövlətçiliyimizin ideoloji-siyasi əsaslarını yaratmış, ölkəmizi həqiqi müstəqilliyə qovuşduraraq xalqımızın qəlbində özünə əbədi abidə ucaltmışdır.

Hər bir xalqın müstəqilliyi üçün obyektiv zəminin formalaşması müəyyən mənada tarixi şansla bağlıdır. İndi siyasi baxışlarından asılı olmayaraq mütləq əksəriyyət etiraf edir ki, zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı üçün belə real tarixi şans ötən əsrin ikinci yarısında - ulu öndər Heydər Əliyevin 1969-cu ilin 14 iyulunda respublika rəhbəri seçilməsindən sonrakı mərhələdə yaranmışdır. Ulu öndərin respublikaya birinci rəhbərlik dövrü çağdaş tariximizə iqtisadi və mədəni yüksəliş dövrü kimi daxil olmuş, xalqın milli mənlik şüurunun, özünüdərk hissinin güclənməsinə təkan vermişdir. Tarixi məhz həmin dövrdən başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqamətini də xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi, ictimai şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi təşkil etmişdir. Xalqına, onun keçmişinə, tarixinə, adət-ənənələrinə, milli dəyərlərinə qəlbən bağlı olan bu şəxsiyyətin ali kürsüyə yüksəlməsi o ağır imperiya dövründə Azərbaycanda bütün sahələr üzrə intibaha və milli özünüdərkə əsaslı zəmin yaratmışdır.

Tarixi faktlar da təsdiqləyir ki, ötən əsrin 60-cı illərinin sonlarında Azərbaycan iqtisadi göstəricilərinə görə keçmiş SSRİ-də sonuncu yerlərdən birini tuturdu. Cəmiyyət həyatının ən müxtəlif sahələrində ideoloji-siyasi, sosial-iqtisadi və mənəvi böhran hökm sürür, neqativ hallar baş alıb gedirdi. Respublikamız bir çox sahələrdə - milli gəlirin inkişaf tempinə, sənaye və kənd təsərrüfatı istehsalının həcminə, elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsalatda tətbiqinə, ictimai əməyin məhsuldarlığına görə ümumittifaq göstəricilərindən geridə qalırdı.

Yaranmış vəziyyətdə keçmiş SSRİ rəhbərliyi çıxış yolunu kadr dəyişikliyində görərək ciddi və hərtərəfli araşdırmalardan sonra müxtəlif namizədlər arasından təşkilatçılığı, yüksək idarəçiliyi, savadı ilə fərqlənən, xalqın səciyyəvi milli xüsusiyyətlərinə dərindən bələd olan Heydər Əliyevi seçdi. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilən plenumda respublika partiya təşkilatının birinci katibliyinə namizəd məsələsi geniş müzakirə olundu. Toplantıda çıxış edənlər Heydər Əliyevin bu vəzifəyə ən layiqli şəxs olduğunu konkret arqumentlərlə əsaslandırdılar.

Ulu öndər Heydər Əliyev həmin plenumda qarşıda duran mürəkkəb və çətin məsələlərin həlli, bir sıra ciddi problemlərin aradan qaldırılması üçün səylə işləyəcəyini, yüksək etimadı doğrultmağa çalışacağını vurğulamış, qarşıda duran vəzifələri düzgün və obyektiv dəyərləndirmişdir.

Həmin plenumda Heydər Əliyevin rəhbər vəzifəyə namizədliyinin yekdilliklə dəstəklənməsi onun kamil şəxsiyyəti, yüksək idarəçilik keyfiyyətləri ilə şərtlənmişdir. Qeyri-adi, fitri istedadı, təşkilatçılıq və idarəçilik məharəti, ən əsası, vətənpərvərliyi, milli ideallara bağlılığı ilə ilk gündən Azərbaycanın üzləşdiyi sosial-iqtisadi problemləri aradan qaldırmaq, ciddi sosial bəlaya çevrilmiş korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə tədbirlərini genişləndirmək istiqamətində əzmkar fəaliyyətə başlayan Heydər Əliyev mütərəqqi idarəçilik ənənələrinin əsasını qoymuş, cəmiyyətin normal inkişaf ahəngini təmin etmişdir.

Respublikaya rəhbərliyinin ilkin dövrlərindən başlayaraq ulu öndər cəmiyyətdə qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində prinsipial addımlar atmış, milis, prokurorluq və məhkəmə orqanlarında sağlam mühitin formalaşmasına çalışmış, xüsusən də iqtisadi zəmində saxtakarlıqlara - dövlət əmlakının mənimsənilməsi hallarına qarşı səmərəli mübarizə mexanizmləri tətbiq etmişdir. Rüşvətxorluğa, oğurluğa, əliəyriliyə və mənəviyyata zidd digər təzahürlərə qarşı amansız mübarizə aparmışdır.

Ümummilli lider Heydər Əliyevin hələ o dövrdən idarəçilikdə təməlini qoyduğu mütərəqqi ənənələrdən biri də məhz xalq arasına çıxıb sadə vətəndaşlarla canlı ünsiyyət yaratmaqla mövcud problemləri, eləcə də dövlət məmurlarının işə münasibətini öyrənmək olmuşdur. 2000-ci ildə - Azərbaycan milli mətbuatının 125 illiyi münasibətilə keçirilən tədbirdə ulu öndər jurnalistlərlə söhbətində bu tədbirləri xatırlamışdır.

Böyük strateq Heydər Əliyevin yaratdığı spesifik idarəçilik modelinin üstün cəhətlərindən biri də kadr seçimində sosial ədalətsizliyin aradan qaldırılması - daha çox yüksək mənəvi-əxlaqi keyfiyyətləri, intellektual və yüksək bilik səviyəsi ilə fərqlənən gənclərə üstünlük verilməsi olmuşdur. Geniş imtiyazlara, səlahiyyətlərə malik vəzifəli şəxslərin övladlarının universitetin hüquq və digər nüfuzlu fakültələrinə daxil olmasını yasaqlayan sərəncam imzalamış ümummilli lider, əslində, bununla təhsil sistemində özünü qabarıq göstərən neqativ tendensiyalara qarşı amansız mübarizə aparmışdır. Həmin illərdə yaranmış demokratik və şəffaf mühit nəticəsində istəyinə qovuşmuş yüzlərlə zəhmətkeş azərbaycanlı övladı ulu öndərin bu addımını daim böyük rəğbət və ehtiramla xatırlayırlar.

Ümummilli lider Heydər Əliyevin həmin illərdə minlərlə gəncin respublikamızın hüdudlarından kənarda ali hüquq təhsili almasına, ixtisaslı kadr kimi yetişməsinə hər cür kömək göstərməsi də onun xeyirxahlığının bariz ifadəsidir. Ötən əsrin 70-80-ci illərində 10 mindən artıq gənci keçmiş SSRİ-nin ali məktəblərinə təhsil almağa göndərən Heydər Əliyev hüquq-mühafizə sisteminin sağlamlaşdırılması məsələsinə də ciddi yanaşmışdır. Eyni zamanda, Azərbaycanda bir sıra yeni ixtisaslar üzrə - informasiya texnologiyaları, beynəlxalq hüquq, beynəlxalq münasibətlər, aviasiya və s. - mütəxəssis hazırlayan ali məktəblərin olmadığını nəzərə alıb yüzlərlə azərbaycanlı gəncin Moskva, Kiyev, Minsk və başqa şəhərlərdəki nüfuzlu universitetlərdə təhsil almasını təmin etmişdir. Ulu öndər sonralar qeyd edirdi ki, həmin illərdə ideologiyadan, ictimai-siyasi, iqtisadi sistemdən asılı olmayaraq Azərbaycan xalqının böyük bir nəsli təhsil almış, böyümüş, yüksək səviyyəyə çatmış, elm və mədəniyyətə sahib olmuşdur.

Ulu öndər Heydər Əliyev Bakının kosmopolit ruhlu kadr potensialından azad olması üçün milli kadrların yetişdirilməsinə xüsusi qayğı ilə yanaşmış, bu məqsədlə təhsilin səviyyəsinin yüksəldilməsini önə çəkmişdir. Həmin illərdə milli-mütərəqqi fikrin və ictimai düşüncənin başlıca mərkəzi kimi çıxış etməklə flaqman ali məktəb statusunu qoruyub saxlayan, milli kadr hazırlığında əsas yükü üzərinə götürən Azərbaycan Dövlət Universitetinə diqqət və qayğının artırılması, bu təhsil ocağının fəaliyyətinin gücləndirilməsi daim ulu öndərin diqqət mərkəzində olmuşdur. Heydər Əliyev böyük strateq olaraq yaxşı bilirdi ki, universitet auditoriyalarında, kafedralarında işləyən, dərs deyən müəllimlər Azərbaycan xalqının milli şüurunun, milli ruhunun inkişaf etdirilməsi prosesində müstəsna rol oynayırlar.

Universitetin 50 illik yubileyinin keçirilməsinə qərar verməsi və 1969-cu il 1 noyabr tarixdə həmin toplantıda Azərbaycan dilində dərin məzmunlu nitq söyləməsi onun bu elm məbədinə verdiyi yüksək qiymətin təzahürü kimi bu gün də ehtiramla xatırlanır. Heydər Əliyev mərasimdəki çıxışında demişdir ki, Azərbaycan Dövlət Universitetinin yaranması Azərbaycanın ən yaxşı oğullarının doğma xalqı maarifləndirmək, dünya mədəniyyəti və elm xəzinəsini onun üzünə açmaq uğrunda apardıqları mübarizənin məntiqi yekunu olmuşdur. Bu fikirləri ilə ulu öndər həm də vaxtilə Azərbaycanın istiqlalı uğrunda mübarizə aparmış insanlara dərin hörmət və ehtiramını ifadə etmişdir: "Bu gün Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyi təntənə ilə qeyd edilir. Azərbaycan elminin həyatında, onun mədəniyyətinin tərəqqisində, Azərbaycan elminin inkişafında, iqtisadiyyatının yüksəlişində yubilyarımız böyük və səmərəli rol oynamışdır. Azərbaycan xalqının torpağında birinci ali məktəbin yubileyi elə bir hadisədir ki, onun ictimai əhəmiyyəti Azərbaycanın dövlət hüdudlarından çox-çox kənara çıxır...EBu gün Azərbaycan Dövlət Universitetinin keçdiyi yarıməsrlik yola yekun vurarkən tam əsasla deyə bilərik ki, yubilyar bu yüksək ada layiq olduğunu özünün bütün fəaliyyəti ilə sübuta yetirmişdir. Azərbaycan Universitetinin tarixi xidməti bir də bundadır ki, o, Azərbaycanın xalq təsərrüfatı, elm və mədəniyyəti üçün yüksək ixtisaslı mütəxəssislərin böyük bir dəstəsini hazırlamışdır".

Ulu öndər Heydər Əliyev ideoloji baryerlərin son dərəcə sərtliklə işə düşdüyü keçmiş imperiya dövründə Azərbaycanın müstəqilliyi üçün iqtisadi-siyasi zəmin formalaşdırmağa çalışmış, milli ruhun yüksəlişinə xidmət edən bir sıra mühüm addımlar atmışdır. Ötən əsrin 70-80-ci illərində böyük təzyiqlərlə üzləşsə də, heç bir riskdən çəkinməyərək əzmkar fəaliyyəti ilə xalqda tarixi keçmişi, milli kimliyi, dili, mədəniyyəti, milli adət-ənənələri və düşüncə sistemi barədə dolğun təsəvvürlər formalaşdıra bilmişdir. O dövrdə repressiya qurbanlarına bəraətin verilməsi istiqamətində gördüyü işlər də məhz azərbaycançılıq məfkurəsinin güclənməsinə xidmət etmişdir.

Rus dilinin az qala rəsmən dövlət dili səviyyəsində qəbul edilmək üzrə olduğu bir zamanda respublikaya rəhbər təyin olunan Heydər Əliyev keçmiş Azərbaycan SSR Ali Sovetinin plenumlarında azərbaycanca çıxış etməklə cəmiyyətə milliləşmənin zəruriliyi mesajını vermiş, ana dilinə, dinə, milli dəyərlərə bağlı olmağı, tarixi irsi yaşatmağı ictimai fikrə böyük müdrikliklə əxz etmişdir. Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin varlığını təsdiqləyən rəmzlərə və atributlara münasibəti də hər zaman həssas və birmənalı olmuşdur. Hələ 1978-ci ildə Azərbaycan SSR-in konstitusiya layihəsi qəbul edilərkən ulu öndərin Azərbaycan dilinin bu ali sənəddə dövlət dili kimi təsbitlənməsi sahəsində nümayiş etdirdiyi rəşadəti xüsusi xatırlatmaq lazımdır. Eyni zamanda, ümummilli liderin təşəbbüsü və köməyi ilə həmin illərdə nəşr edilən 3 cildlik "Müasir Azərbaycan dili" dərsliklərinə dövlət mükafatı verməsi də xalqın milli şüurunun formalaşmasına mühüm töhfə olmuşdur.

Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanın korifey şəxsiyyətlərinin adlarını əbədiləşdirməklə, əsərlərinin təkrar nəşrini təşkil etməklə, heykəllərini ucaltmaqla, muzeylərini yaratmaqla xalqın tarixini, mədəniyyətini, ədəbiyyatını yaşatmaq, bütövlükdə isə milli yaddaşın qorunub gələcək nəsillərə çatdırmaq məqsədini güdmüşdür. Ulu öndərin vətənpərvər fəaliyyətinin nəticəsidir ki, respublikada milli ruhlu ziyalı təbəqəsi formalaşmış, Azərbaycan tarixçiləri şanlı keçmişimizin mümkün qədər obyektiv tədqiqi və qələmə alınması istiqamətində ilk addımlarını atmağa başlamışlar. Yaranmış əlverişli imkanlardan istifadə edərək Atabəylər dövlətinin tarixini yazan mərhum akademik Ziya Bünyadov ötən əsrin 70-ci illərinin ortalarında ümummilli lider tərəfindən dövlət mükafatına layiq görülmüşdür.

Ulu öndərin həmin illərdə milli ruhun qorunması, milli özünüdərk prosesinin güclənməsi istiqamətində gördüyü işlər çoxşaxəli olduğu qədər də saysız-hesabsızdır. İndi bu həqiqəti əksəriyyət etiraf edir ki, əgər ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin əzmkarlığı və qətiyyəti ilə xalqın sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı istiqamətində görülən işlər olmasaydı, bu gün Azərbaycanın müstəqil xəttə malik dövlət kimi mövcudluğundan danışmaq şübhə altında olardı.

Ümummilli liderin Azərbaycanda ikinci dəfə hakimiyyət olimpinə yüksəlməsi də eynən birinci dəfə olduğu kimi, respublikanın üzləşdiyi ağır sosial-iqtisadi, mənəvi mühitlə şərtlənmişdir. Ümummilli lider 1993-cü ilin iyununda böhranlı və ağır bir dövrdə xalqın çağırışına cavab verərək Azərbaycanın idarəçilik sükanı arxasına keçmiş, qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürərək onun sürətli icrasına başlamışdır.

Heydər Əliyevin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi, siyasi, iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətlənmişdir. Ulu ondər, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas edilmişdir. Heydər Əliyev bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə dünyanın qabaqcıl dövlətlərinin təcrübəsindən uğurla çıxmış, müsbət nəticələr vermiş inkişaf kursunun tətbiqinə nail olmuşdur.

Yeni minilliyin başlanğıcında formalaşan mürəkkəb və ziddiyyətli dünya nizamı böyük siyasət ustadının məharətlə əsaslandırdığı bu inkişaf modelinin respublikamız üçün müstəsna əhəmiyyətini tam sübuta yetirir. Ölkəmizin son 17 ildə iqtisadi və demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazandığı böyük nailiyyətlər də məhz ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır. Son illərdə bu inkişaf modelinin yeni dövrün tələblərinə uyğun daha da təkmilləşdirilməsinə xidmət edən kompleks islahatlar Azərbaycanı yeni davranış normaları və stereotipləri, davamlı siyasi sistemi və mərhələlər üzrə formalaşmaqda olan demokratik təsisatları, bazar sisteminə xas iqtisadi strukturu olan əlverişli geopolitik məkana çevirməyə imkan vermişdir. Bu gün dünyanın ən müxtəlif iqtisadi mərkəzləri ölkəmizin davamlı iqtisadi yüksəlişi timsalında XXI əsrin yeni iqtisadi fenomenini görür, Azərbaycan modelinin mahiyyətini öyrənməyə çalışırlar.

Ulu öndər Heydər Əliyevin böyüklüyü ondadır ki, bu dahi şəxsiyyət yalnız Azərbaycanın davamlı inkişaf strategiyasının möhkəm təməlini qoymaqla kifayətlənməmiş, həm də bu strateji kursu qloballaşma dövrünün diktə etdiyi şərtlər müqabilində davam etdirməyə qadir siyasi davamçı yetişdirmişdir. Son 8 illik fəaliyyəti ilə Azərbaycanda dinamik iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaratmış dövlət başçısı cənab İlham Əliyev digər sahələrdə olduğu kimi, elm və təhsilin problemlərini də daim diqqət mərkəzində saxlamış, ulu öndərin müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin etmişdir.

Ölkə rəhbərinin bu sahəyə xüsusi qayğı ilə yanaşması, ilk növbədə, müstəqil respublikamızın sürətli iqtisadi inkişaf yolunda olması, ildən-ilə daha geniş maliyyə imkanları qazanması zəruriliyi ilə şərtlənmişdir. Belə mühüm bir mərhələdə mövcud uğurların qorunub saxlanılması üçün idarəçilikdə yüksək elmi-intellektual səviyyənin təmin edilməsi son dərəcə vacibdir. Bu zərurətdən çıxış edən cənab İlham Əliyev prezidentlik fəaliyyətinin ilk günlərindən elm və təhsildə böyük yüksəlişin təmin olunmasını başlıca prioritetlərdən biri kimi götürmüşdür. Elmin, təhsilin inkişafı üçün dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin ildən-ilə artırılması, müəllimlərin əməkhaqlarında, tələbə, magistr və aspirantların təqaüdlərində özünü göstərən əsaslı artımlar, habelə məktəblərin dərsliklərlə pulsuz təminatı dövlət rəhbərinin bu əhəmiyyətli sahəyə xüsusi diqqət və qayğısının bariz ifadəsidir.

İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, insan potensialının formalaşdırılmasında əsas ağırlıq məhz ali təhsil sisteminin üzərinə düşür. Ali təhsil əhalinin həyat səviyyəsinin yüksəldilməsinin, insan inkişafı indeksinin mühüm amillərindən biri olmaqla ölkənin sosial-iqtisadi inkişafının sürətlənməsinə hərtərəfli təsir göstərir. Müstəqil Azərbaycanda bütün idarəetmə səviyyələrində, o cümlədən dövlət idarəçiliyi sahəsində müasir idarəetmə təfəkkürünə malik ixtisaslı mütəxəssislərin yetişdirilməsi məsələsi mühüm aktuallıq kəsb edir. Respublikanın dinamik inkişaf səviyyəsinə uyğun olaraq Qərb dəyərlərini dərindən mənimsəyən, qabaqcıl ölkələrin elmi-texniki yeniliklərini əxz edən, müasir idarəçilik məktəbi keçən gənc və vətənpərvər kadrların hazırlanması məsələsi tarixi zərurətə çevrilir. Prezident İlham Əliyevin ali təhsil sisteminə və kadr hazırlığına xüsusi diqqətlə yanaşması da respublikada demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan mükəmməl, çevik və mütərəqqi dövlət idarəçilik sistemi formalaşdırmaq niyyətindən irəli gəlir.

Azərbaycan Prezidentinin 19 oktyabr 2006-cı il tarixli "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında" sərəncamı da bu sahədə həyata keçirilən dövlət siyasətində ardıcıllığın və sistemliliyin təmin olunması məqsədi daşımışdır. Dövlət Proqramı məhz azərbaycanlı gənclərin müəyyən elmi istiqamətlər üzrə dövlət hesabına xaricdə təhsil almalarını nəzərdə tutur. Sənəd əsasında "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" hazırlanaraq Azərbaycan Prezidentinin 16 aprel 2007-ci il tarixli sərəncamı ilə təsdiq olunmuşdur. Proqrama əsasən, dövlət 2015-ci ilədək 5 min azərbaycanlı gəncin xarici ölkələrdə təhsil almasını maliyyələşdirəcəkdir.

Avratlantik məkana inteqrasiya kursu seçməklə dinamik inkişaf yoluna qədəm qoyan Azərbaycanda ali təhsilin müasirləşdirilməsi və problemlərinin mərhələli həlli, inkişaf etmiş dövlətlərin bu sahədəki zəngin təcrübəsinin dərindən mənimsənilməsi, Bolonya prosesinə keçidin təmini, universitetlərdə tədris prosesinin maddi-texniki bazasının yaxşılaşdırılması, kompyuter və informasiya texnologiyalarının geniş tətbiqi, yeni tədris korpuslarının inşası kimi fundamental problemlərin həlli də xüsusi diqqət mərkəzində saxlanılır. Ötən illərdə bu məqsədlə imzalanmış mühüm fərman və sərəncamlar, dövlət proqramları da Azərbaycanda ali təhsil sisteminin təkmilləşdirilməsinə və müasirləşdirilməsinə xidmət etmişdir.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" 31 yanvar 2008-ci il tarixli sərəncamı bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Sərəncama əsasən, "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı" layihəsi, habelə YUNESKO və digər beynəlxalq qurumların qəbul etdiyi sənədlərə uyğun hazırlanmış ixtisasların yeni siyahısı hökumətə təqdim edilmişdir.

Dövlət başçısının 22 may 2009-cu il tarixli "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə sərəncamı da ali təhsil sistemində islahatlar üçün əsaslı baza rolunu oynayır. Dövlət Proqramının məqsədi ölkənin ali təhsilinin Avropa təhsil məkanına inteqrasiyası, onun məzmununun Bolonya prosesinin prinsiplərinə uyğun qurulması, cəlbedici və rəqabətqabiliyyətliliyinin təmin edilməsi, ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun ali təhsilli kadrlara yaranan tələbatın ödənilməsi, habelə informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğun olaraq kadr potensialının yaradılması, əhalinin müasir tələblərə cavab verən ali təhsil almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli ali təhsil sisteminin formalaşdırılmasıdır.

Respublikanın təhsil sistemində davamlı inkişafa yönəlmiş əsaslı infrastruktur dəyişikliklərin baş verməsi, bu sahənin daha da təkmilləşməsi üçün proqram və layihələrin həyata keçirilməsi, təhsil sahəsində çalışan işçilərin əməkhaqlarının, aspirantların, tələbələrin və şagirdlərin təqaüdlərinin vaxtaşırı qaldırılması, yeni məktəb binalarının tikintisi və digər tədbirlər bütövlükdə bu sahəyə və bu sahədə çalışan, təhsil alan insanlara dövlət qayğısının getdikcə artırılmasının göstəriciləridir.

Ölkədə elm və təhsilin inkişafında yaranmış keyfiyyətcə yeni mərhələnin reallıqları, həyata keçirilən islahatların istiqaməti Bakı Dövlət Universitetinin fəaliyyətində də ciddi nəzərə alınır. Gələcək həyata məhz bu ali məktəbdən qədəm qoyan on minlərlə Azərbaycan gəncinin müasir biliklərə yiyələnməsi, elmi təşəbbüskarlığının artması, kompyuter və informasiya texnologiyalarını dərindən mənimsəməsi üçün görülən işlər ardıcıl və sistemli səciyyə daşıyır. Bakı Dövlət Universiteti bu gün çağdaş dünyanın standartlarına uyğun intellektual, yüksək ixtisaslı kadrların hazırlanması işini uğurla həyata keçirməklə burada tətbiq edilən tədrisin keyfiyyətinə, universitetin müasir tələblərə cavab verən yüksək maddi-texniki bazasına, beynəlxalq əlaqələrinə, ölkə hüdudlarından kənardakı mövqeyinə görə MDB məkanının liderlərindən biridir.

Hər bir elm-təhsil müəssisəsinin qarşısında konkret məqsədlər var: BDU-nun da əsas məqsədi gələcəyin vətənpərvər, ziyalı vətəndaşını, yüksək səviyyəli mütəxəssisini hazırlamaqdan ibarətdir. Bunu dərindən dərk edən universitetin professor-müəllim heyəti məqsədə çatmaq üçün strateji istiqamətləri dəqiq müəyyənləşdirmişdir. Onlar gələcəyin yetkin gəncliyini formalaşdırmaq üçün daim əzmkarlıqla işləyir, xalqımızın sabahı naminə layiqli vətəndaşların, savadlı kadrların hazırlanması üçün tədrisin keyfiyyətini ildən-ilə yaxşılaşdırmağa çalışırlar. Hazırda sivil dünyanın ən mütərəqqi yeniliklərinin BDU-ya gətirilməsi, bu yeniliklərin Azərbaycanın elm, təhsil sahəsində tətbiqi universitetin Elmi Şurasını düşündürən başlıca məsələlərdəndir.

Elm və təhsil ictimaiyyətinə göstərilən yüksək diqqət və qayğını, ümumilikdə, ölkəmizin bütün sahələrdə qazandığı böyük nailiyyətləri respublikamızın nüfuzlu ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin çoxsaylı tələbə-müəllim heyəti də yaxından hiss edir və dərin rəğbət hissi ilə qarşılayır. Birmənalı qənaət bundan ibarətdir ki, Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli xidmət amalı üzərində qurulmuşdur. Dövlət başçısı hər addımında milli maraq və mənafeləri uca tutmaqla, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan xalqını firavan gələcəyə aparan bu siyasətin davamlılığı qarşıdakı illərdə də təmin olunacaq, müstəqil respublikamız cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf tempini sürətləndirərək dünyanın qabaqcıl dövlətləri sırasında layiqli yerini tutacaqdır.

 

 

 

Abel MƏHƏRRƏMOV,

Bakı Dövlət Universitetinin rektoru,

akademik, Milli Məclisin deputatı

 

Azərbaycan.- 2011.- 14 iyul.- S.3.