Elin böyük sərvəti

 

Neçə vaxtdır ki, Dövlət Aqrar Universitetinin əsaslı surətdə yenidən qurularaq işıqlı və yaraşıqlı zalı maraqlı görüşlər mərkəzinə çevrilib. Bu günlərdə həmin mərkəzdə "Heydər Əliyev irsi və milli-mənəvi dəyərlərin qorunması" mövzusunda "dəyirmi masa" keçirilmişdir. Tədbirdə şəhərdəki ali məktəblərin nümayəndələri, ziyalılar, YAP-ın fəalları iştirak etmişlər.

Əvvəlcə universitetin rektoru, əməkdar elm xadimi, professor Mirdaməd Sadıdovun "Milli-mənəvi dəyərlərimizin qorunması Heydər Əliyev siyasətində aparıcı istiqamətdir" mövzusunda geniş məruzəsi dinlənilmişdir. O, müstəqil həyatımızın hər sahəsində, eləcə də milli dəyərlərin mühafizəsində və onların daha da zənginləşdirilməsində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışmış, bu böyük şəxsiyyətin respublikamıza rəhbərlik etdiyi illərdə gördüyü misilsiz işləri xronoloji ardıcıllıqla xatırlatmışdır. Qeyd olunmuşdur ki, elimizin dahi oğlu hələ sovetlər dövründə milli mədəniyyətimizə xüsusi qayğı göstərirdi. Sənətkarlarımızın əsərləri Ümumittifaq miqyasına çıxarılır, şanlı keçmişimiz, müqəddəs ana dilimiz, adət-ənənələrimiz geniş təbliğ olunurdu.

Dahi rəhbərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev milli-mənəvi dəyərlərin YUNESKO miqyasında geniş təbliğinə xüsusi diqqət yetirir. Bununla bağlı Dünya azərbaycanlılarının III qurultayındakı nitqində ölkə rəhbəri demişdir: "Azərbaycanda müasir dövlət quruculuğu prosesi uğurla gedir. Eyni zamanda, biz milli mənəvi dəyərlərimizə də çox sadiqik, onları qoruyuruq. Azərbaycan dəyərləri bizim üçün müstəsna əhəmiyyət daşıyır. Əsrlər boyu Azərbaycan xalqı milli-mənəvi dəyərlərini, ana dilini - Azərbaycan dilini qoruya bilmişdir. Bu gün Azərbaycan dövləti bu möhkəm təməl üzərində yaranır, güclənir və bölgədə, regionda artıq çox mühüm amilə çevrilibdir".

Universitetin dosenti Nizami Əlizadə, YAP Gəncə şəhər təşkilatının sədri, professor İsrafil İsmayılov, icra hakimiyyətinin məsul işçisi Kənan Tahirov və başqaları çıxış edərək həyatımızın ən müxtəlif sahələrində xalqımızın xilaskarı Heydər Əliyevin milli-mənəvi irsimizin qorunmasına göstərdiyi misilsiz xidmətlərindən və onun ədəbi irsinin gənclər tərəfindən dərin maraqla öyrənilməsindən danışdılar.

Gəncə Regional Elm Mərkəzinin direktoru, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Fuad Əliyevin "Gəncədə Nizami mərkəzinin yaradılması Heydər Əliyev ideyalarının təntənəsidir" mözusundakı məruzəsi də maraqla qarşılandı. F.Əliyev qeyd etdi ki, bu gün Gəncədə Nizami Mərkəzinin yaradılması, dünya söz səltənətinin böyük ustadının məqbərəsi ətrafında 37 hektar ərazidə Xəmsə motivləri əsasında canlı muzeyin təşkili ulu öndərin ideyalarının təntənəsinin təsdiqidir. İcra hakimiyyətinin təşəbbüsü ilə Gəncə şəhəri başdan-başa milli üslubda yenidən qurulur. İmamzadə kompleksi əsaslı surətdə təzələnir. Şah Abbas məscidi təmir olunur. Dövlət Filarmoniyası üçün müasir üslubda yeni bina inşa edilir. Qədimi binalar öz əzəli görkəmində bərpa olunur. Bir sözlə, dövlətə və dövlətçiliyə minnətdar olan gəncəlilər ulu öndərin milli-mənəvi dəyərlərin qorunması sahəsindəki ənənələri uğurla davam etdirir, daha da zənginləşdirirlər.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2011.-14 iyul.- S.5.