Avstriyanın nüfuzlu "Virtşaftsblatt" qəzetində Dağlıq Qarabağ münaqişəsinə dair məqalə dərc olunmuşdur

 

Avstriyanın nüfuzlu "Virtşaftsblatt" qəzetində "Dağlıq Qarabağ münaqişəsi regionun iqtisadiyyatını iflic edir" başlıqlı məqalə dərc olunmuşdur.

Məqalənin müəllifi Cənubi Qafqazı təbii sərvətlərlə zəngin, lakin siyasi cəhətdən həssas bir region kimi xarakterizə edir. Diqqətə çatdırılır ki, münaqişənin həllində maraqlı tərəf ilk növbədə Ermənistan sayılmalıdır, çünki bu ölkə münaqişə nəticəsində ağır iqtisadi çətinliklərlə üzləşmişdir. Hazırda Ermənistanın xarici ticarət dövriyyəsində ixrac cəmi 10 faiz təşkil edir. Bu isə heç bir təbii sərvətlərə malik olmayan Ermənistan kimi kiçik dövlətin iqtisadi inkişafı üçün acı göstəricidən başqa bir şey deyildir.

Sonra müəllif diqqəti regionun ən inkişaf etmiş ölkəsi Azərbaycana yönəldərək bildirir ki, regionun təbii sərvətlər baxımından nəhəngi olan bu ölkədə ümumi daxili məhsulun həcmi ildən-ilə artmaqdadır. Azərbaycan hökuməti hərbi sənayenin inkişafına da xüsusi diqqət ayırdığını gizlətmir və ölkə rəhbərliyi ötən günlərdə hərbi büdcənin 3,3 milyard dollar təşkil etdiyini elan etmişdir. Azərbaycanın zəngin neft və qaz ehtiyatları xarici sərmayəçiləri ölkəyə cəlb edir və birbaşa xarici sərmayə yatırımına görə Azərbaycan MDB ölkələri arasında öncül yerlərdə qərarlaşmışdır.

Azərbaycanla Ermənistan arasında davam edən münaqişə və hər iki ölkənin bir-birini blokada şəraitində saxlaması Gürcüstanla münasibətlərə öz təsirini göstərir. Avropa bazarına çıxan bütün kəmərlər, eləcə də planlama mərhələsində olan Nabukko layihəsinin marşrutu Gürcüstandan keçir.

Həssas müşahidə qabiliyyətinə malik müəllif Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazır ki, bu regional münaqişədə Ermənistan iqtisadi cəhətdən ən çox uduzmuş tərəfdir, Gürcüstanın strateji rolu isə getdikcə öz dəyərini artırmaqdadır.

Cənubi Qafqaz strateji region olaraq Avropa İttifaqının da xarici siyasətinin diqqət mərkəzindədir. Avropa İttifaqı Xəzər dənizinin Azərbaycana aid hissəsində yerləşən enerji yataqlarından öz enerji təchizatının şaxələndirilməsi üçün istifadə etməkdə maraqlıdır. Nabukko qaz kəməri vasitəsilə 2017-ci ilədək Xəzər qazı Avropa bazarına çıxacaqdır və bunun sayəsində Rusiyanın Aİ enerji bazarına təsirini azaldacaqdır. Bu səbəbdən də Moskva regiondakı öz maraqlarını əldən vermək niyyətində deyildir. Məqalədə Sülh və Münaqişə Tədqiqatı üzrə Hessen Fondunun azərbaycanlı tədqiqatçısı Azər Babayeva istinadən bildirilir ki, Gürcüstan müharibəsindən sonra Rusiya Cənubi Qafqazda aktiv siyasət yürütməkdədir və bu inkişaf regional intizam yaradıcısı düşüncəsini əks etdirən yeni xarici siyasət məntiqi ilə birgə baş verir.

Məqalənin sonunda vurğulanır ki, hər şeydən öncə, Dağlıq Qarabağ münaqişəsi regionda böyük qeyri-sabitlik amili kimi qalmaqdadır.

 

 

Elgün NiftƏliyev,

AzərTAc-ın xüsusi müxbiri

 

Azərbaycan.- 2011.- 14 iyul.- S.5.