Müharibə xarabalıqları üzərində ucalan yeni abad şəhər - HORADİZ

 

 Yaralı Qarabağın bir parçası olan Horadiz şəhəri çağdaş günlərimizin sürətli inkişafını özündə çox aydın əks etdirir. Güzarı bu yerlərə düşən hər kəs üçün burada dəyərləndiriləsi, məntiqi nəticə çıxarılası çox şey var. Qarabağ savaşının odu-alovu bu yerləri iki dəfə qarsılayıb. Birinci dəfə Ermənistan silahlı qüvvələri işğal edəndə, sonradan Milli Ordumuz Horadizi və ətraf yaşayış məntəqələrini azad edəndə. Müharibə bu yerlərə özünəməxsus şəkildə "sığal" çəkib.

Horadiz müharibənin xarabalıqları üzərində qurulan gənc şəhərdir. Bir yaşayış məskəni kimi tarixi qədim olsa da, şəhər kimi vur-tut 4 yaşı var. Prezident İlham Əliyevin 7 noyabr 2007-ci il tarixli sərəncamı ilə şəhər statusu alıb. Dövlət başçısının böyük qayğısı ilə yenidən dirçələn Horadizin üzərinə sanki gün doğub.

Bu cəbhə bölgəsində sosial-iqtisadi inkişafa yeni sürət vermək, əhalinin dolanışığını yaxşılaşdırmaq, yaşayış məntəqələrində güclü infrastruktur yaratmaq, adamları narahat edən sosial problemlərin ən qısa müddətdə aradan qaldırılmasını təmin etmək üçün vaxtaşırı zəruri tədbirlər görülür.

İndi Füzuli rayonunun Azərbaycan tərəfindən nəzarət edilən ərazilərində genişmiqyaslı abadlıq-quruculuq işlərinə start verilib. Gənc Horadiz şəhəri də tikinti-quruculuq işlərinin baş meydanına çevrilib. Son bir neçə ay ərzində burada görülən işlərdən məmnun olmamaq, qürur duymamaq qeyri-mümkündür. Əlbəttə, heç bir möcüzə baş verməyib. Amma ən önəmlisi odur ki, adamların psixologiyasında köklü dəyişikliklər olub. Qısa müddət ərzində formalaşan sağlam mənəvi-psixoloji mühit hər kəsin, xüsusilə aparıcı qüvvə olan rayon fəallarının həyata baxışında, tutduqları mövqedə ciddi düzəlişlər edib. Hər hansı bir işdə zərərli kampaniyaçılıq ənənələrinə son qoyulub. Bir görülməlidirsə, bir ərazidə ağac əkilməlidirsə, yaşıllıq salınmalıdırsa, bu, səssiz-küysüz, heç bir reklama ehtiyac duyulmadan icra edilir. Ən çox diqqətçəkən isə odur ki, indi Füzulidə yaşayan ən adi sakin belə minlərə, yüz minlərə nümunə olası əsl vətənpərvər obrazıdır. Bunu min bir həvəslə daş üstə daş qoyub ucaldılan binalardakı canyanğısında, dolu sünbüllü taxıl zəmilərində məhsul bolluğunu təmin edən halal zəhmətdə, alın tərində, yeni-yeni abad küçələri, yaraşıqlı prospektləri, güllü-çiçəkli xiyabanları ərsəyə gətirən fəal vətəndaş mövqeyində görmək olar.

Prezident İlham Əliyevin cəbhə bölgəsinə xüsusi qayğısının konkret ifadələrindən olan Olimpiya İdman Kompleksi, bənzərsiz Muğam Mərkəzi, müasir tələblərə cavab verən yeni Tibb Mərkəzi Füzuli camaatının rahatlığına hesablanmışdır.

Bu güclü potensialı bacarıqla səfərbər edib zəruri istiqamətə yönəltmək böyük uğurların, heyrət doğuran nailiyyətlərin mayasına çevrilir. Bu yerlərin torpağı münbit, adamları əməksevər və mehribandırlar. Dövlətin aqrar sahənin inkişafına verdiyi dəstək rayonda taxılçılığa böyük maraq yaradıb. Bu il 32 min hektar sahədə bol taxıl yetişdirilib. İndi taxıl biçininin qızğın çağıdır. "Aqroservis"in rayon filialının rəhbəri Hüseyn Abbasov bizimlə söhbətində zəmilərin bol məhsulundan, adamların yüksək əhval-ruhiyyəsindən söhbət açdı:

- Zəmilərdə 35 kombayn işləyir. Hər gün 500-550 hektar sahədə biçin aparırıq. Birinci növbədə düşmənlə təmas xəttinə yaxın ərazilərdə biçin işləri görülür. Əhmədalılar, Qazaxlar, Alıxanlı kəndləri, Zobucuq qəsəbələri ərazisində taxıl biçini demək olar ki, başa çatmışdır. Zəmilərin məhsuldarlığı da yaxşıdır. Hər hektardan 25 sentnerdən çox məhsul götürürük. Nankor qonşularımız, namərd düşmənlərimiz olan ermənilər həmişə olduğu kimi, yenə də fitnəkarlıqlarından, mərdimazarlıqlarından əl çəkmirlər. Qaraxanbəyli kəndi erməni işğalında olsa da, kəndin xeyli ərazisi bizdədir. Ora taxıl əkmişik. Adamlar gecə-gündüz zəmilərə keşik çəkirlər. Bir də xəbər tutduq ki, ermənilər həmin sahəyə od vurublar. Fövqəladə Hallar Nazirliyinin yerli əməkdaşları əhalinin fəal köməyi ilə yanğını çox qısa zamanda söndürdülər. İtki isə çox cüzi oldu. Bu il taxılımızın rekord miqdarda olacağı şübhəsizdir. Bir sünbülün də itkiyə getməsinə yol verməyəcəyik.

Füzuli kəndlisinin təknəsində çörəyin bol olması dövlətin əsas qayğılarındandır. Bununla yanaşı, cəbhə bölgəsi olan bu aqrar rayonda üzümçülüyün inkişafı üçüngeniş imkanlar var. Odur ki, rayonda üzümçülüyü inkişaf etdirmək üçün zəruri tədbirlər görülür. Təbii ki, bu sahədə yerli əhalinin uzun illər boyu qazandığı təcrübə əsas rol oynayır. Bu ilin payızında 1000 hektar ərazidə üzüm bağları salmaq üçün hazırlıq görülür. Tezliklə bölgədə üzümün ilkin emalı zavodu tikilib istifadəyə veriləcəkdir.

 Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında Füzuli rayonunun yüksəlişi üçünmühüm tədbirlər nəzərdə tutulur. Bu tədbirlərin icrasına artıq start verilmişdir. Rayon ərazisində 25 meqavat gücündə su elektrik stansiyasının tikintisi sürətlə davam edir. İlin sonunadək müəssisənin istifadəyə verilməsi nəzərdə tutulur.

Dövlət siyasətinin tərkib hissəsi olaraq rayonda sahibkarlığın inkişafı üçün münbit şərait yaradılmışdır. Bunun məntiqi nəticəsidir ki, adamları, sözün həqiqi mənasında, Füzuliyə üz tuturlar. 5 min ton tutumu olan soyuducu anbarın inşası kəndlilərin ürəyincədir. Meyvənin bol olduğu bu bölgədə belə bir anbarın tikilib istifadəyə verilməsi meyvəçiliyin inkişafına yeni stimul yaradacaq. Əhalinin sıx məskunlaşdığı Zobucuq qəsəbəsində yeni yerləri açılmasına böyük ehtiyac var. Tikintisi reallaşmış keramika zavodunda 70 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Qəsəbədə inşa edilən çörək-bulka məmulatları zavodunda isə 12 nəfər işləyəcək.

Həyata keçirilməkdə olan layihələr Horadiz şəhərinin simasına yeni naxışlar vurur. Müasir tələblərə cavab verən yeni avtovağzal kompleksinin layihə-smeta sənədləri artıq hazırdır. Yaxın günlərdə inşaat işlərinə başlanacaq. 100 çarpayılıq çoxprofilli şəhər xəstəxanası da yeni tikiləcək sosial obyektlər sırasındadır. Üç yerdə uşaq bağçası, Horadizdə daha bir məktəb, eyni zamanda, müharibədə yerlə yeksan edilmiş Mollaməhərrəmli kəndində yeni məktəb tikintisi də gündəliyə salınmışdır. Böyük Bəhmənli kəndində isə "Aqroservis" kompleksinin tikintisi sürətlə davam etdirilir.

 Müharibə zamanı dağılmış evlərin, müxtəlif sosial obyektlərin bərpası Dövlət Proqramına uyğun olaraq diqqət mərkəzində saxlanılır. İndiyədək 124 ev bərpa edilərək öz sakinlərinin istifadəsinə verilmişdir. Dövlət Bərpa Agentliyi bu sahədəki işlərinə yenidən zərbəçi ahəng vermək əzmindədir. Dövlət Proqramında bütövlükdə 1500 evin bərpası nəzərdə tutulur.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev söhbət zamanı dedi ki, Füzuli camaatı cəbhə bölgəsinə Prezident İlham Əliyevin xüsusi qayğı və diqqətini yüksək qiymətləndirir. Həmsöhbətim onu da vurğuladı ki, qarabağlılar ulu öndər Heydər Əliyev siyasi kursuna həmişə, tarixin bütün məqamlarında sədaqətli olublar. İndi isə bu qalib siyasi kursun layiqli davamçısı olan Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər. Onlar öz müdrik rəhbərlərinin qətiyyətinə, Qarabağ düyününü məharətlə açacağına inanırlar. Əmindirlər ki, Prezident İlham Əliyevin Qarabağ siyasəti tezliklə qələbə ilə, torpaqlarımızın işğaldan azad olunması ilə sonuclanacaqdır. Bu yenilməz inam isə hər kəsdə nikbinlik, yüksək əhval-ruhiyyə yaradır.

Dövlət başçısının tövsiyəsi ilə cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrinə təbii qaz çəkilməsi sürətlə davam etdirilir. Artıq bu istiqamətdə uğurlu addımlar atılmışdır. İndi rayon mərkəzinə çevrilmiş Horadizdə və daha 5 kənddə təbii qaz yanır. Növbədə isə Əhmədalılar, Qazaxlar, Mirzənağılı kəndləri və yeni salınmış Zobucuq qəsəbələridir. Qaz çəkilişinin sürəti deməyə əsas verir ki, növbəti qışa qədər bu yaşayış məntəqələri də qazlaşdırılacaqdır.

Cəbhə bölgəsində yaşayan əhalinin həyat tərzini hər vasitə ilə yaxşılaşdırmağa yönələn dövlət qayğısı ən zəruri sosial problemlərin aradan qaldırılmasına böyük önəm verir. Horadiz şəhərində su-kanalizasiya sisteminin yenidən qurulması əhalidə hədsiz razılıq və minnətdarlıq doğurur. Bu yerlərdə quruculuq, abadlıq işlərini genişləndirmək, sosial-iqtisadi inkişafı sürətləndirmək üçün yüksək əhval-ruhiyyə çox lazımdır. Cəbhə bölgəsinə, bu bölgədə yaşayan əhaliyə dövlətin gündən-günə artan qayğısı isə adamlara, sözün həqiqi mənasında, qol-qanad verir, hər kəsi ürəyinin odu, əllərinin hərarəti ilə doğma yurdun hər qarışını cənnətə döndərməyə ruhlandırır. Horadizin qəhrəman övladları ulu öndər Heydər Əliyevə sonsuz məhəbbət və ehtiramlarını əməli işləri ilə sübut etməyə çalışırlar. Şəhərin böyük bir ərazisində salınan Heydər parkı ümumxalq tikintisinə çevrilib. Hər kəs çalışır ki, bu müqəddəs məkanın ərsəyə gəlməsində onun da əməyi olsun. Bu tikintidə çalışan usta da, fəhlə də ürəklərinin hökmü ilə işləyir, qeyri-adi gözəllik yaratmağa can atırlar.

 

 

Lazım QULİYEV

 

Azərbaycan.-2011.-17 iyul.- S.2.