Qüdrətli, inkişaf etmiş müstəqil Azərbaycan 50 milyon həmvətənimizin əsl istinad yeridir

 

Ümummilli lider Heydər Əliyev dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi istiqamətində misilsiz xidmətlər göstərmişdir. Ulu öndərdən sonra da Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması, müxtəlif ölkələrdə dilimizin, tariximizin, mədəniyyətimizin yüksək səviyyədə təbliği, Ermənistanın təcavüzkarlıq siyasətinin ifşası, bədnam erməni lobbisinə qarşı sistemli və ardıcıl əks hücumun təşkili məsələləri başlıca vəzifələr kimi qarşıya qoyulmuşdur.

Dünya azərbaycanlılarının Bakı şəhərində keçirilən I və II qurultayları diaspor quruculuğu işinə yeni nəfəs verməklə, ən əlamətdar hadisələrdən biri kimi yadda qalmışdır. Həmin qurultayların keçirilməsində məqsəd diaspor quruculuğu istiqamətində görülmüş işləri dəyərləndirmək, habelə xaricdə yaşayan soydaşlarımızın üzləşdiyi bəzi problemləri, yaşadıqları ölkələrin siyasətinə təsir imkanlarını öyrənmək, onların tarixi Vətənlə daha geniş əlaqələrinin qurulmasına xidmət edən tədbirlərin hazırlanmasını təmin etməkdən ibarət olmuşdur. I və II qurultaylar dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi üçün şərait yaratdı.

2002-ci ildə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması xaricdəki Azərbaycan cəmiyyətlərinin, birliklərinin və dərnəklərinin fəaliyyətinin vahid mərkəzdən koordinasiyasına, habelə onların dövlət qayğısı ilə əhatə olunmasına geniş imkanlar verdi. Dövlət komitəsinin yaradılması dünya azərbaycanlılarının konsolidasiyasında, diaspordan lobbiyə doğru inkişafında yeni bir mərhələnin başlanğıcını qoydu. Komitə qısa müddətdə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası və Azərbaycan dövləti ətrafında birləşməsi istiqamətində xeyli iş görməyə müvəffəq oldu.

Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev də diaspor və lobbi quruculuğuna mühüm məsələlərdən biri kimi yanaşır. Ötən 8 ildə bununla bağlı ardıcıl və sistemli tədbirlərin həyata keçirilməsini təmin edən Prezident İlham Əliyev müxtəlif ölkələrə səfərləri çərçivəsində soydaşlarımızla keçirdiyi görüşlərdə milli diaspor təşkilatlarının vahid, mütəşəkkil qüvvə kimi təşkilatlanması zərurətini önə çəkmiş, onun ideoloji-siyasi konturlarını müəyyənləşdirmişdir. Dövlət başçısı müasir dövrdə bu sahəyə xüsusi diqqət ayırmadan xarici siyasətdə ciddi uğur qazanmağın qeyri-mümkünlüyünü çıxışlarında da dəfələrlə vurğulamışdır.

16 mart 2006-cı il tarixdə keçirilmiş II qurultayda Azərbaycan diasporunun mövcud vəziyyəti müzakirə edilmiş, bu sahədə çalışan təşkilatların fəaliyyətinin əlaqələndirilməsi işinin təkmilləşdirilməsi, ölkə həqiqətlərinin, xalqımıza qarşı törədilmiş terror və soyqırımı aktları ilə əlaqədar çoxsaylı faktların dünya ictimaiyyətinə çatdırılmasının daha müasir metodlarının hazırlanması, digər xalqların diaspor təşkilatları ilə əlaqələrin gücləndirilməsi məsələləri xüsusilə önə çəkilmişdir. Yüksək mütəşəkkillik və ruh yüksəkliyi ilə başa çatan qurultayın nəticəsi kimi Azərbaycan diasporunun fəaliyyət konsepsiyasının hazırlanması barədə qərarın qəbul edilməsi, dünya azərbaycanlılarına müraciətin, habelə Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı xüsusi bəyanatın, işğal olunmuş ərazilərdə tarixi abidələrimizin, mədəni irsimizin dağıdılması ilə bağlı beynəlxalq təşkilatlara müraciətlərin və digər sənədlərin qəbulu istər təbliğati, istərsə də səmərəli əks-hücumun təşkili baxımından böyük əhəmiyyətə malikdir.

Bu ayın 5-də Bakı şəhərində keçirilən Dünya azərbaycanlılarının III qurultayı da mühüm hadisə kimi uzun müddət yaddaşlarda qalacaqdır. Prezident İlham Əliyev qurultayda proqram xarakterli çıxış edərək ayrı-ayrı ölkələrdə məskunlaşmış azərbaycanlı diaspor təşkilatlarının səylərinin birləşdirilməsi, dövlətimizi xaricdə daha yaxından tanıtdırmaq üçün müxtəlif tədbirlər həyata keçirməyə çağırmışdır. Son 8 ildə iqtisadi tərəqqi və demokratikləşmə xəttini milli inkişafın dəyişməz formulu kimi önə çəkən dövlət başçısı İlham Əliyev respublikamızın qlobal siyasi arenada müsbət imiclə tanınmasından, regional və beynəlxalq iqtisadi əməkdaşlıq mərkəzinə çevrilməsindən geniş bəhs etmişdir. Azərbaycanın ərazisindən keçən enerji dəhlizlərinin təkcə ölkəmizin deyil, eyni zamanda region dövlətlərinin də inkişafına öz müsbət təsirini göstərdiyini qeyd etmişdir.

Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin işə düşməsi, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin reallaşması mövcud iqtisadi rotensialımızı daha da artırır. Azərbaycanın Avroranın enerji təhlükəsizliyində mühüm yerə malik olacağı artıq heç kəsdə şübhə doğurmur. Enerji strategiyamızın uğurla həyata keçirilməsi daha yeni layihələrin üzərində işlənilməsini vacib edir. Nazırda Xəzər dənizi-Qara dəniz-Baltik dənizi arasında regional əməkdaşlıq üzərində iş gedir. Bu layihənin də gerçəkləşdirilməsi layihədə iştirak edən ölkələrin iqtisadi imkanlarının daha da artmasına gətirib çıxaracaqdır. Bütövlükdə Azərbaycanın qüdrətlənməsi ölkəmizə olan marağı artırmaqla yanaşı, beynəlxalq və regional əməkdaşlıq sahəsində bundan sonra da onun ararıcı rola malik olacağını deməyə əsas verir.

Azərbaycanın zəngin enerji resursları həm ölkəmizin iqtisadi potensialını gücləndirir, həm də regional əməkdaşlıqda çox mühüm rol oynayır. Tikilib istifadəyə verilmiş neft kəmərləri Azərbaycan neftini dünya və Avrora bazarlarına çıxarır. Respublikamız qlobal miqyasda artıq qaz ixrac edən ölkəyə çevrilib, öz enerji rroblemlərini uğurla həll edib. Regional əməkdaşlıq müstəvisində həm nəqliyyat, həm də enerji sektorundakı təşəbbüslərin artrılması isə daha böyük uğurlara gətirib çıxaracaqdır.

Tərəfdaş ölkələrlə birgə çəkilən neft və qaz kəmərləri Azərbaycana təchizat marşrutlarını şaxələndirməyə, iqtisadi və sosial tələbatlarımızı ödəməyə, iqtisadi və siyasi islahatları daha sürətlə aparmağa imkan yaradır. Azərbaycanın enerji siyasəti ölkəmiz, xalqımız və bütöv region üçün böyük fayda verir. Ölkəmizin Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığı, "Cənub dəhlizi" çərçivəsində nəzərdə tutulan layihələr daha böyük perspektivlərə yol acacaqdır.

Dünya miqyasında əsas enerji mənbələrinə nəzarət uğrunda rəqabətin gücləndiyi, enerji təhlükəsizliyi məsələsinin ciddi şəkildə gündəmə gəldiyi indiki şəraitdə respublikamızın bu sahədə öncül mövqelərə çıxması faktı artıq danılmaz reallıqdır. İndi Azərbaycan qazı İran, Rusiya, Türkiyə, Gürcüstan, Yunanıstan, İtaliya kimi ölkələrə ixrac edilir. Eyni zamanda, rəsmi Bakı "Azərbaycan-Gürcüstan-Rumıniya İnterconnector", "Nabukko" kimi qlobal enerji layihələrinin reallaşdırılmasında əsas söz sahiblərindən biri kimi çıxış edir.

Əldə olunan yüksək makroiqtisadi nailiyyətlər Azərbaycan rəhbərliyinin düzgün iqtisadi siyasət xətti yürütdüyünü təsdiqləyir. Azərbaycanın böyük qaz hasilatçısı ölkəsinə çevrilməsi yeni ixrac imkanlarının artmasına və buna müvafiq olaraq daha irimiqyaslı layihələri reallaşdırmağa imkan yaradır. Xəzərin zəngin karbohidrogen ehtiyatlarının daha böyük həcmdə dünya bazarlarına çıxarılması ölkəmizin iqtisadi potensialını gücləndirməklə qarşıda yeni perspektivlərə yol açır. Prezident İlham Əliyev Dünya azərbaycanlılarının III qurultayında demişdir: "Ulu öndər Heydər Əliyevin neft strategiyası çərçivəsində irəli sürdüyümüz təşəbbüslər gözəl nəticələrini verməkdədir. Azərbaycan çox uğurlu enerji siyasəti aparır. Enerji təhlükəsizliyi məsələlərinə gəldikdə, son aylar daha çox Azərbaycanın adı çəkilir və bu da təbiidir. Çünki Azərbaycanda görülən işlər və infrastruktura qoyulan vəsait bu gün yeni vəziyyətin yaranmasına gətirib çıxarmışdır. Biz bundan sonra da bu siyasətə sadiq qalacağıq. Azərbaycanın inkişafı təkcə iqtisadi addımlarla məhdudlaşmamalıdır. Biz istəyirik ki, bütün istiqamətlərdə ən qabaqcıl texnologiyalar, ən qabaqcıl təcrübə Azərbaycanda tətbiq olunsun və insanların yaşayış səviyyəsi ildən-ilə artsın. Buna nail olmaq üçün bütün imkanlar vardır. Bizim düşünülmüş strategiyamız vardır və taktiki addımlarımız da çox uğurludur. Azərbaycan nə xarici, nə daxili siyasətdə, nə də icra etdiyi proqramlarda bir dəfə də olsun səhv etməmişdir. Hesab edirəm ki, bunun nəticəsində bu gün ölkəmizin dünyadakı hörməti böyük dərəcədə artmışdır".

Azərbaycan Prezidenti iqtisadiyyatın birqütblü inkişafını yolverilməz hesab edərək respublikanın neft gəlirlərindən asılılığının aradan qaldırılması istiqamətində ardıcıl addımlar atır. Dövlətimizin başçısı iqtisadi inkişafa yalnız neft amili hesabına nail olmağı məqbul saymır, tarazlı və davamlı tərəqqi naminə qeyri-neft sektoruna xüsusi diqqət yetirilməsi vacibliyini önə çəkir. "Biz öz siyasətimizi elə aparmalıyıq ki, guya, Azərbaycanda neft yoxdur. İqtisadiyyatın bütün sahələrində və ilk növbədə qeyri-neft sektorunda mövcud strukturlar inkişaf etdirilməlidir. Biz yalnız bu yolla Azərbaycanı hərtərəfli inkişaf etmiş dövlətə çevirə bilərik" deyən dövlət başçısı neft gəlirlərini digər strateji sahələrə yönəltməklə qeyri-neft sektorunun, istehsal sahibkarlığının, sənayenin inkişafına, infrastrukturun müasirləşməsinə çalışır. Bu siyasət neftdən asılılığı azaltmaqla ölkədəki dinamik iqtisadi inkişaf tempini sabit saxlamağa imkan verən fundamental əsasların yaradılmasını nəzərdə tutur. Prezident İlham Əliyev bu əvəzsiz təbii sərvətin ixracından qazanılan böyük vəsaitlərin, ilk növbədə insan faktorunun inkişafına yönəldilməsini, elmi-texniki tərəqqinin son nailiyyətlərinin tətbiqi yolu ilə dayanıqlı milli inkişafın təmin edilməsini zəruri sayır.

Yeni neft strategiyasının uğurları bu gün artıq hər bir vətəndaşın həyatında hiss edilir və Azərbaycanın davamlı yüksəlişinə geniş imkanlar açır. Bir çox dövlətlərdə qlobal böhranın mənfi təzahürlərinin hələ tam aradan qalxmadığı şəraitdə Azərbaycanda son illərdə müşahidə olunan yüksək artım tempi ilk növbədə qeyri-neft sektoruna, regionların inkişafına qayğı siyasətinin real nəticəsidir. Hökumətin son 8 illik iqtisadi siyasətində regional inkişaf məsələlərinə xüsusi diqqət yetirilməsi, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramlarının, fərman və sərəncamların imzalanması məhz bu reallığa əsaslanmışdır. Regionların inkişafına 2004-cü ildən etibarən bütün maliyyə mənbələri hesabına 15,5 milyard dollar, o cümlədən 2010-cu ildə 3,4 milyard dollar məbləğində investisiya yönəldilmiş, bunun sayəsində yüzlərlə əhəmiyyətli layihə icra olunmuşdur.

Ölkə rəhbəri Dünya azərbaycanlılarının III qurultayında demişdir: "Son yeddi il ərzində ölkə iqtisadiyyatı üç dəfə artmışdır. Yəni ümumi daxili məhsul 300 faiz artmışdır. Bu da dünya praktikasında analoqu olmayan bir təcrübədir. Siyasətimizin təməlində insan amili dayanıbdır və bir neçə il əvvəl elan edilmiş "Biz neft kapitalını insan kapitalına çevirməliyik" şüarı bu gün reallaşır. Bunun nəticəsində iqtisadiyyatmızın bütün istiqamətlərində bir canlanma və inkişaf görürük. Maliyyə imkanlarmız genişlənir. Azərbaycanda çox böyük quruculuq işləri aparılır. Azərbaycana xarici və daxili investisiyalar qoyulur. Təkcə keçən il ölkəmizə 16 milyard dollar sərmayə qoyulmuşdur. Ümid edirəm ki, bu il bu rəqəm daha da böyük olacaqdır".

Azərbaycan Prezidenti İlham Əliyevin inamla davam etdirdiyi yeni neft strategiyasının nəticəsi olaraq müstəqil respublikamız nəinki enerji müstəqilliyini təmin etmiş, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçılarından birinə çevrilmişdir. Bunun nəticəsi kimi ölkəmizin dünya miqyasında geosiyasi önəmi və beynəlxalq nüfuzu yüksəlmişdir.

 

 

E.HACIALIYEV

 

Azərbaycan.-2011.-17 iyul.-S.3.