Qaçqın və məcburi köçkünlər mövzusu medianın diqqət mərkəzindədir

 

Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının əsas xarakterik xüsusiyyətlərindən biri yaşanan tərəqqinin hər bir vətəndaşının həyatında öz əksini tapması, insanların rifah halının günü-gündən yaxşılaşmasıdir. Əhalinin pul və digər maddi gəlirlərinin davamlı şəkildə çoxalması, əməkhaqqı və pensiyaların, eləcə də büdcədən maliyyələşən insanlara ödənilən vəsaitlərin Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən vaxtaşırı artırılması və bu qəbildən olan digər amillər ölkədə sosial sferada vəziyyətin daha da yaxşılaşmasını xarakterizə edən mühüm parametrlərdəndir.

Əldə edilən bu uğurlar Ermənistanın işğalçılıq siyasəti üzündən öz doğma yurd-yuvalarını tərk edərək qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olan insanların yaşayış durumunasosial vəziyyətinə də təsirsiz ötüşmür. MDB, eləcə də Avropa məkanında qaçqın və məcburi köçkünlərin sayına görə ilk yerlərdə gələn dövlətlərdən biri olmasına baxmayaraq, Azərbaycan bu kateqoriyadan olan insanların həyat səviyyəsinin yaxşılaşdırılması baxımından ən fəal siyasət yürüdən və yüksək nəticələr əldə edən ölkələrdən hesab olunur. Bu gün də qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması dövlətin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən birini təşkil edir və göstərilən istiqamətdə uğurlu nəticələrin əldə olunduğu beynəlxalq miqyasda da açıq etiraf edilir.

Qaçqın və məcburi köçkünlərin sosial problemlərin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına paralel olaraq onların məşğulluq problemlərinin həllində də kompleks addımlar atılır. Bu kontekstdə Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiqlənmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" xüsusi qeyd olunmalıdır. 2007-ci ildə həmin sərəncama əlavələr edilibbuna müvafiq olaraq qaçqınların və məcburi köçkünlərin sosial durumunun, yaşayış şəraitinin daha da yaxşılaşdırılması məqsədilə xeyli sayda tədbirlər həyata keçirilib və keçirilməkdədir. Ümumiyyətlə, görülən tədbirlər nəticəsində son 10 ildə ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 70-ə qədər yeni qəsəbə salınıb. Qəsəbələrdə 20 min mənzil, yüz minlərlə kilometr su, elektrik, qaz xətti, yollar çəkilib, 100 min nəfərdən çox soydaşımız yeni evlərə köçürülüb, 130 təhsil, 50-yə yaxın səhiyyə, onlarla rabitə və mədəniyyət ocağı tikilib istifadəyə verilib. Hazırda məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər ardıcıl olaraq davam etdirilir.

Eyni zamanda, yaşayış üçün yararlı olmayan ictimai binalarda, yataqxanalarda və digər müvəqqəti məskunlaşma yerlərində ağır şəraitdə yaşayanciddi sosial çətinliklərlə üzləşən məcburi köçkünlərin qarşılaşdıqları problemlərin həlli istiqamətində işlər davam etdirilir.

Qaçqın və məcburi köçkünlərə göstərilən dövlət himayəsi geniş ictimaiyyət tərəfindən təqdir olunur, ölkə mediasında da mütəmadi olaraq işıqlandırılır. Bu mövzuda "Azərbaycan" qəzeti başda olmaqla, digər mətbu orqanlar müxtəlif səpkidə yazılar dərc edir.

İyulun 15-də Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Mətbuat Şurası və Laçın Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Qaçqın və məcburi köçkünlər mövzusu mediamızda: tarixilik, müasirlik" mövzusunda konfrans da bu məsələyə həsr olunmuşdur. Tədbirdə Mətbuat Şurası idarə heyətinin üzvləri, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, respublikanın aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri, köçkün rayonların qəzet redaktorları iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı büstünü və şəhidlərin xatirə kompleksini ziyarət etmiş, önünə çiçək dəstələri qoymuşlar.

Konfransda çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov qaçqın və məcburi köçkünlərin problemlərinin mətbuatda geniş işıqlandırılmasına görə media nümayəndələrinə təşəkkürünü bildirmiş və belə bir tədbirin məhz Taxta Körpü qəsəbəsində keçirilməsinin mühüm əhəmiyyətindən danışmışdır:

- Konfransın təşkili çox mühüm bir vaxta təsadüf edir. Söhbət ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 42-ci ildönümünün tamam olmasından gedir. Mətbuatın daim dostu olan ulu öndər istər SSRİ dövründə, istərsə də müstəqillik illərində milli mətbuatın inkişafına öz töhfələrini vermişdir. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət müasir beynəlxalq tələblərə tam cavab verir.

Daha sonra belə bir tədbirin milli mətbuatın 136-cı ildönümü ərəfəsində təşkil edilməsinin əhəmiyyətindən danışan Mətbuat Şurasının sədri Əflatun Amaşov mətbuatın vətənpərvərlik ənənələrinə sadiq qaldığını xüsusilə qeyd etmişdir. Əflatun Amaşov həmçinin ölkə mətbuatının qaçqın və məcburi köçkünlərin problemlərinə yanaşma üslubunun xarakteristikasını da vermişdir:

- Bu sahədə çoxsaylı işlər görülsə də, problemlər tamamilə aradan qaldırılmamışdır. Məhz mövcud problemləri köklü şəkildə həll etmək üçün media peşəkarlığının artırılmasına ehtiyac var.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təmsilçisi Sənan Hüseynov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev və başqaları tədbirdə çıxış edərək qaçqın və məcburi köçkün mövzusunun KİV-də işıqlandırılmasından, mövcud olan problemlərdən danışmışlar.

Qeyd edək ki, sözügedən tədbir həm də "Laçın" qəzetinin 80 illik yubileyinə təsadüf etmişdir. Baş nazirin müavini, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun yubiley münasibətilə qəzetin kollektivinə təbrik məktubu oxunmuş, bu münasibətlə sözügedən qəzetə Mətbuat Şurası və Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təsis etdiyi diplomkompyuter verilmişdir. Eyni zamanda, qaçqın və məcburi köçkün rayonlarında çıxan qəzetlərin hər biri 500 manat pul mükafatı və diplomlarla təltif edilmişdir.

Tədbirdə "Azərbaycan" qəzeti də qaçqın və məcburi köçkün mövzusunu mütəmadi və dolğun işıqlandırdığına görə diplomla təltif edilmişdir.

 

 

Elçin CƏFƏROV

 

Azərbaycan.-2011.-17 iyul.-S.4.