Azərbaycan Prezidenti İlham Əliyev Çinin kommersiya nazirinin müavini, Azərbaycan-Çin hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının həmsədri Conq Şanı qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Çin Xalq Respublikasının kommersiya nazirinin müavini, Azərbaycan-Çin hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının həmsədri Conq Şanı qəbul etmişdir.

Dövlətimizin başçısı Çin ilə Azərbaycan arasında əlaqələrin bütün sahələrdə inkişafından məmnunluğunu bildirdi. İki ölkə arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın da razılıq doğurduğunu söylədi. İqtisadi əlaqələrə toxunan dövlətimizin başçısı energetika, kənd təsərrüfatı, turizm və infrastruktur layihələrinin reallaşdırılması sahələrində əməkdaşlığı inkişaf etdirmək üçün yaxşı potensialın olduğunu vurğuladı. Dövlətimizin başçısı Azərbaycan-Çin hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının iclaslarının mütəmadi keçirilməsinin əlaqələrin genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi baxımından əhəmiyyətini qeyd etdi.

Conq Şan Çin Xalq Respublikasının sədri Hu Szintaonun salamlarını dövlətimizin başçısına çatdırdı. Qonaq ölkəmizdəki yüksək iqtisadi inkişaf proseslərinin onda böyük təəssürat yaratdığını söylədi. Azərbaycanın Cənubi Qafqazda Çin üçün çox mühüm tərəfdaş olduğunu vurğulayan Conq Şan ölkəsinin Azərbaycanın müxtəlif sahələrinə, o cümlədən qeyri-neft sektoruna investisiya qoyuluşunda maraqlı olduğunu dedi.

Prezident İlham Əliyev Çin Xalq Respublikasının sədri Hu Szintaonun salamlarına görə minnətdarlığını bildirdi, özünün də salamlarını Çinin dövlət başçısına çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 19 iyul.- S. 1.