Elmə həsr olunmuş ömür

 

Xalqımızın ideya mənəvi sərvətlərinə yaradıcı münasibətilə fərqlənən dəyərli ziyalılar müxtəlif dövrlərdə yaşasalar da, milli ləyaqət hissinə daim sadiq qalmış, maarifçilik hərəkatının önündə getmişlər. Ömrünün 85-ci pilləsinə qədəm qoyan, 65 ildən artıq müddətdə pedaqoji fəaliyyətlə məşğul olan, müdriklik yaşında belə qeyri-adi enerji ilə çalışan Hüseyn Mustafa oğlu Əhmədov da məhz belə nəcib ziyalılardandır.

Yüksək elmi potensialı və yaradıcılıq diapazonu ilə seçilən alim XIX əsr Azərbaycan pedaqoji fikrinin, xalq maarifi və məktəb təhsilinin inkişaf mərhələlərinin mahir tədqiqatçısı olmaqla yanaşı, elmi fəaliyyətində heç zaman aktuallığını itirməyən təlim-tərbiyə məsələlərinə də geniş yer ayırmışdır. Pedaqogika sahəsində özünəməxsus elmi cərəyanın yaradıcısı kimi tanınan Hüseyn Əhmədov Azərbaycanın son iki əsrlik tarixini əhatə edən məktəb və pedaqoji fikir, təlim-tərbiyə nəzəriyyəsi sahəsində sanballı monoqrafiyaların, dərsliklərin və proqramların, yüzlərlə məqalənin müəllifidir. Dərin elmi faktlara, mənbələrə əsaslanan alim indiyədək araşdırmalarında bir çox mürəkkəb və mübahisəli məsələlərin həllinə nail olmuşdur. Xalqın mənəvi yaddaşını, onun millilik, vətəndaşlıq, insansevərlik barədə görüşlərini, bitkin tərbiyə sistemini, milli-mənəvi dəyərlərini, pedaqoji qaynaqlarını müasir ictimai-pedaqoji fikrin hərəkətverici qüvvəsinə çevirərək təhsil sisteminə tətbiq etmək akademik Hüseyn Əhmədovun tədqiqatlarının başlıca elmi-praktik istiqamətini təşkil edir.

O, 1926-cı il iyulun 17-də Göyçə mahalının Toxluca kəndində sadə və zəhmətkeş bir ailədə anadan olmuşdur. 1943-cü ildə təhsil aldığı orta məktəbdə müəllim kimi çalışmağa başlamış, bu çətin və şərəfli missiyanın öhdəsindən uğurla gəlmişdir. Bir faktı qeyd edək ki, müharibə illərində pedaqoji kadrlar çatışmadığı üçün biliyi, bacarığı və çalışqanlığı ilə fərqlənən orta məktəb məzunları ibtidai siniflərdə dərs deməyə göndərilirdilər. H.Əhmədovun da burada üç il çalışması onun müəllim kimi yetişməsinə, eyni zamanda bənzərsiz pedaqoji aləmə daxil olaraq bu sahəyə marağının artmasına mühüm təsir göstərmişdir. Sonra o, arzusunu gerçəkləşdirmək üçün Gəncə şəhərinə üz tutmuş, 1946-cı ildə Pedaqoji Texnikumun III kursuna daxil olmuş, təhsil və tərbiyə işinin sirlərinə həvəslə yiyələnmişdir. 1947-ci ildə texnikumu fərqlənmə diplomu ilə bitirən Hüseyn Əhmədov elə həmin il sənədlərini H.Zərdabi adına Pedaqoji İnstituta vermişdir. 1951-ci ildə institutu bitirdikdən sonra burada bir müddət baş laborant vəzifəsində çalışmış və pedaqogika sahəsində təhsilini davam etdirmək qərarına gəlmişdir. Gənc pedaqoq taleyini bu dəfə Azərbaycan Dövlət Pedaqoji İnstitutu ilə bağlamışdır. 1952-ci ildə həmin institutun pedaqogika ixtisası üzrə aspiranturasının əyani şöbəsinə daxil olmuş, bununla da elmi fəaliyyətlə məşğul olmaq istəyini gerçəkləşdirmişdir.

Pedaqogika sahəsində görkəmli alim və mütəxəssis Əhməd Seyidovun rəhbərliyi altında gərgin tədqiqat işi aparan gənc tədqiqatçı 1958-ci ildə namizədlik dissertasiyasını uğurla müdafiə edərək elm sahəsində ilk böyük uğuruna imza atmışdır. O, 1972-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək elmdə təsadüfi insan olmadığını bir daha təsdiqləmişdir.

Ötən əsrin 60-cı illərindən milli məktəb və pedaqoji fikir sahəsində gərgin axtarışlara başlayan alim Moskva, Sankt-Peterburq, Tbilisi, Həştərxan, Bakı və İrəvan dövlət arxivlərində mədəniyyət tariximiz üçün olduqca qiymətli sənədləri üzə çıxarmış, zəngin material toplamış, düzgünobyektiv qənaətlərə, dərin mühakiməyə, tədqiqatçı fəhminə əsaslanan orijinal əsərləri bir-birinin ardınca işıq üzü görməyə başlamışdır. Azərbaycan, rus, gürcü, özbək və digər dillərdə müxtəlif nəşriyyatlarda, mətbuat orqanlarında dərc olunmuş monoqrafiya, kitabça, dərs vəsaiti, metodiki tövsiyə və 500-dən artıq silsilə məqalələri yuxusuz gecələrinin, narahat gündüzlərinin sevinc payına çevrilmişdir. Professor Hüseyn Əhmədov məktəb və pedaqoji fikir tarixinin aktual problemlərinin araşdırılması ilə kifayətlənməmiş, bir çox həmkarlarından fərqli olaraq, onun təbliği və tədrisi sahəsində xeyli əziyyət çəkmişdir. Alimin təşəbbüsü ilə 1977-ci ildə "Azərbaycan məktəb və pedaqoji fikir tarixi" adlı proqram hazırlanaraq Azərbaycan və rus dillərində nəşr olunmuşdur. İlk dəfə məhz Hüseyn Əhmədovun təşəbbüsü ilə hazırlanmış bu proqram keçmiş SSRİ-nin Maarif Nazirliyi tərəfindən bəyənilmiş, uğurla sınaqdan keçirilmiş, qabaqcıl təcrübə kimi yayılması məsləhət bilinmişdir. O, Moskvada nəşr olunan "Azərbaycan pedaqoji fikir antologiyası" adlı fundamental əsərin, iki cildlik "Rus Pedaqoji Ensiklopediyası"nın, həmçinin on cildlik Azərbaycan Sovet Ensiklopediyasının əsas müəlliflərindən biridir.

Professor Hüseyn Əhmədov klassiklərimizin yaradıcılığının tədqiqinə, onların pedaqoji fikirlərinin təhlil edilib ümumiləşdirilərək gənc nəslə çatdırılmasına geniş yer vermişdir. Təsadüfi deyildir ki, alimin 1972-ci ildə SSRİ PEA-nın akademiki M.Mehdizadənin rəhbərliyi altında müdafiə etdiyi doktorluq dissertasiyası "XIX əsrdə Azərbaycanda məktəb təhsilinin inkişafı tarixi" mövzusuna həsr olunmuşdur. Klassik pedaqoji irsə böyük hörmət və ehtiramla yanaşan tədqiqatçı M.Ş.Vazeh, M.F.Axundzadə, S.Ə.Şirvani, H.Zərdabi, C.Məmmədquluzadə, N.Nərimanov və digər görkəmli şəxsiyyətlərin pedaqoji fikirlərini araşdırıb ümumiləşdirmiş, onların maarifçilik fəaliyyətlərini obyektiv şəkildə qiymətləndirmişdir. bu da onun milli irsə nə qədər bağlı ziyalı, yeni nəslə soykökünü, mədəni bütövlüyünü tanıdan alim olduğunu bariz şəkildə aşkara çıxarır. İctimai-sosial problemlərin dialektikasında bu konsepsiya xalqın dünyagörüşünün necə təşəkkül tapıb formalaşmasını, həmin xalqın mədəni inkişafı ilə bağlılığını göstərir.

H.Əhmədov həm də pedaqogika fənninin tədrisində mükəmməl dərsliklərin, maraqlı kitab və monoqrafiyaların müəllifi kimi tanınır. Onun bu sahədəki dəyərli tədqiqatları pedaqogika elminin incəliklərinə dərindən yiyələnmək istəyən hər bir kəs üçün zəngin mənbədir. "Pedaqogikaya giriş", "Pedaqogika tarixindən mühazirələr", "XIX əsr Azərbaycan məktəbi", "Azərbaycan pedaqoji tarixi" və digər dərslikləri bu gün də həmin fənni öyrənən tələbələrin stolüstü kitabına çevrilmişdir. Mübaliğəsiz, bütün bunları Azərbaycan məktəb tarixinin qızıl fonduna daxil olan dəyərli dərs vəsaitləri kimi dəyərləndirmək olar. Pedaqoji Universitetdə və digər institutlarda istifadə edilən pedaqogika tarixi, pedaqogika, Azərbaycan məktəb və pedaqoji fikir tarixindən olan proqramlar məhz professor Hüseyn Əhmədovun rəhbərliyi və bilavasitə iştirakı ilə yazılmışdır.

Görkəmli alimin tədqiqatçı kimi fəaliyyəti geniş və əhatəlidir. Onun araşdırmaları Azərbaycanın nüfuzlu mütəfəkkirlərinin məktəb və pedaqoji fikir tarixi ilə bağlı baxışlarının dərin elmi əsaslarla öyrənilməsinə istiqamətlənmişdir. Bu baxımdan alimin N.Tusi, A.A.Bakıxanov, M.Ş.Vazeh, M.F.Axundzadə, M.Ə.Elxanov, H.Zərdabi, S.Ə.Şirvani, S.M.Qənizadə, A.O.Çernyayev, N.Nərimanov, Ü.Hacıbəyli, K.D.Uşinski, Y.A.Komenski ilə bağlı tədqiqatlarını xüsusi qeyd etmək olar.

Hüseyn Əhmədov Azərbaycanın görkəmli ziyalısı və ictmai-siyasi xadimi N.Nərimanovun pedaqoji fəaliyyətinin araşdırılmasına gərgin əmək sərf etmiş, ardıcıl və sistemli tədqiqat apararaq mühüm nəticələrə imza atmışdır. Professor uzunmüddətli araşdırmalarının əsasında iki kitab, Azərbaycan, gürcü, rus və digər dillərdə məqalələr yazmış, N.Nərimanovun pedaqoji irsi ilə bağlı sistemli, sanballı və dolğun tədqiqata nail olmuşdur.

Professor Hüseyn Əhmədovun pedaqoji tədqiqatlarında milli irsə, adət-ənənələrə istinad etməsi, pedaqoji təlim-tərbiyə məsələləri ilə bağlı elmi-nəzəri axtarışlarını bu meyarlar ətrafında ümumiləşdirməsi onun həm də milli ruhlu ziyalı olduğunu göstərir. Şübhəsiz, sovet ideologiyasının hakim olduğu bir dövrdə bu məsələləri elmə gətirmək asan deyildi. Amma Hüseyn müəllim heç nədən çəkinmədən, elmi axtarışlarını hansısa ideoloji qəlibə salmadan xalqımızın bu sahədə qərinələr boyu formalaşan zəngin mənəvi irsinə istinad etmişdir. Hələ 1958-ci ildə nəşr olunmuş "İbtidai sinif şagirdlərinin əxlaq tərbiyəsində nümunənin roluondan istifadə etməyin yolları" adlı kitabında ailənin zəngin tərbiyəvi imkanları önə çəkilmiş, valideynin şəxsi nümunəsi tərbiyənin mühüm metodu kimi nəzərdən keçirilmişdir.

Görkəmli pedaqoqun ailə tərbiyəsi ilə bağlı əsərlərində ana-atanın yalnız uşağa bir valideyn kimi yox, həm də tərbiyəçi kimi yanaşması, övladlarına tələbkar olması xüsusilə vacib sayılmışdır. Professora görə, valideyn tələb etməzdən əvvəl özünə başqalarının gözü ilə baxmağı bacarmalıdır. 1962-ci ildə nəşr olunmuş "Uşaqların tərbiyəsində valideynin şəxsi nümunəsi" kitabında bu məsələlər daha ətraflı və geniş təhlil olunmuşdur. Bundan əvvəlki kitabda irəli sürülmüş ideyaları inkişaf etdirən pedaqoq diqqəti belə bir ümdə məsələyə yönəldir ki, valideyn özündə olmayan hansısa keyfiyyəti nəsihətlə övladında tərbiyə edə bilməyəcəkdir. Ən böyük məktəb olan həyat isə Hüseyn müəllimin bu fikrinin həqiqət olduğunu tamamilə sübuta yetirir. Bu kitabları oxuyan hər kəsin gözləri önündə istər-istəməz azərbaycanlı ailəsi, onun zəngin mənəvi dəyərləri canlanır.

Hüseyn Əhmədovun görkəmli rus tədqiqatçısı K.D.Uşinskinin pedaqoji ideyalarının Azərbaycan pedaqoji fikrinə təsiri ilə bağlı dəyərli araşdırmaları respublikamızdan kənarda da böyük maraqla qarşılanmışdır. Onun "Uşinski və Azərbaycan" adlı kitabı Rusiya pedaqoqlarının və ümumilikdə geniş oxucu auditoriyasının rəğbətini qazanmışdır. Hüseyn Əhmədov indinin özündə MDB respublikalarında təşkil olunan beynəlxalq elmi-praktik konfrans və simpoziumların təkcə iştirakçısı deyil, həm də təşkilatçısıdır.

Bir müddət əvvəl alimin elmi əsərlərinin 15 cildliyinin rus dilində də çapdan çıxması onun necə yüksək erudisiyaya malik olduğunu bir daha təsdiqləyir. Eyni zamanda, Hüseyn Əhmədovun Moskva, Sankt-Peterburq, Kiyev, Riqa, Saratov, Həştərxan, Daşkənd, Səmərqənd, Bişkek, Tbilisi və digər şəhərlərdə rus, gürcü dillərində nəşr olunan əsərləri Azərbaycanın pedaqoji fikrinin xaricdə təbliği baxımından vacib əhəmiyyətə malikdir.

Son illərdə görkəmli alim Bakı, Tbilisi, Təbriz və İstanbul şəhərlərində XIX əsrdə çap edilmiş ərəb əlifbalı dərsliklərin tərcümə edilməsi, transliterasiyası və latın qrafikalı Azərbaycan əlifbası ilə çapı sahəsində mühüm işlər görmüşdür. Bütün bu kitablarda həmçinin aydınlaşdırıcı məqalə və şərhlər də yerləşdirilmişdir. Bu sırada H.Dementyevin "Qalalar və əfsanələr" (Tiflis,1839), İ.QriqoryevM.Ş.Vazehin "Azərbaycan əbədiyyatı müntəxəbatı" (Təbriz,1855), A.O.Çernyayevin "Ana dili" (Tiflis,1882), S.Vəlibəyovun "Qüdrəti-Xuda" (Tiflis, 1888), Ü.Hacıbəylinin "Hesab məsələləri" (Bakı, 1907), R.Əfəndiyevin "Uşaq bağçası" (İstanbul,1898), "Uşaq dünyası" (Bakı,1901) kitablarını qeyd etmək olar. Beləliklə, müasir müəllim bir vaxtlar onun üçün naməlum olan bu kitabları indi asanlıqla əldə etmiş olur.

Hüseyn Əhmədov 1952-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışır və 35 ildir ki, kafedra müdiridir. Onun ərsəyə gətirdiyi yüksək ixtisaslı alim-pedaqoqların bir çoxu Gəncədə, Lənkəranda, Naxçıvanda, hətta Səmərqənddə fəaliyyət göstərir. Yüksək intellekti, elmi potensialı ilə Azərbaycanın hüdudlarını adlayan professor Hüseyn Əhmədovun Orta Asiyanın türkdilli xalqları üçün elmi-pedaqoji kadr hazırlığı sahəsində xidmətləri az olmamışdır. H.Əhmədov bu illərdə aydın mövqeyi olan ziyalı kimi tanınmış, özünəməxsus elmi məktəb yaratmışdır. Akademik Hüseyn Əhmədov 50-dən çox alimin dissertasiya işinin rəhbəri olmuşdur.

H.Əhmədovun əməyi hər zaman yüksək qiymətləndirilmişdir. 1981-ci ildə ona Azərbaycan SSR-in "Əməkdar ali məktəb işçisi" fəxri adı verilmiş, 1986-cı ildə isə "Qələbənin 40 illiyi medalı" ilə təltif olunmuşdur. 1985-ci ildə alim SSRİ-nin məktəb və pedaqoji fikir tarixi problemləri üzrə Elmi Şurasının üzvü seçilmişdir. Elmi-pedaqoji kadr hazırlığındakı xidmətlərinə görə Hüseyn Əhmədov 1990-cı il dekabrın 20-də SSRİ PEA-nın həqiqi üzvü, 1993-cü il mayın 19-da Azərbaycan Milli Yaradıcılıq Akademiyasının akademiki, 1993-cü il iyunun 18-də isə Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir, 1999-cu ildən Rusiya Dövlət Təhsil Akademiyasının xarici üzvüdür.

Hüseyn Əhmədov 2000-ci ildə "Y.A.Komenski adına Böyük Qızıl Medal"a layiq görülmüş, 2005-ci ildə Böyük Vətən müharibəsinin 60 illiyi münasibətilə yubiley medalı ilə təltif olunmuşdur. 2006-cı ildə Amerikanın beynəlxalq Bioqrafik Tədqiqatlar və Ekspertiza İnstitutu pedaqoji sahədəki xidmətlərinə görə onu yüksək bilik sertifikatı ilə təltif etmişdir.

Rusiya-Azərbaycan elmi əməkdaşlığının möhkəmləndirilməsi və birgə pedaqoji tədqiqatların aparılmasında fəal iştirakına görə Hüseyn Əhmədov 80 illik yubileyi ərəfəsində Rusiya Təhsil Akademiyasının Fəxri fərmanı ilə təltif olunmuşdur. Bundan başqa, Rusiyanın təhsil və elm naziri A.Fursenko 2007-ci il 28 may tarixli əmri ilə görkəmli alimi dünyanın və Rusiyanın mütərəqqi pedaqoji ideyalarının öyrənilməsi, yayılması, habelə Rusiya-Azərbaycan elmi-pedaqojiictimai əlaqələrinin genişləndirilməsi sahəsindəki müstəsna xidmətlərinə görə K.D.Uşinski medalına layiq görmüşdür. Akademik Hüseyn Əhmədov bu gün həm də Prezidentin fərdi təqaüdçüsüdür.

Görkəmli alimin elmi-pedaqoji fəaliyyəti və kitabları haqqında oçerk, resenziya və rəylər Azərbaycan və rus dillərində "Hüseyn Əhmədovun müasirləri" adlı 9 kitabda toplanmışdır.

Elmi fəaliyyətinin yetkin çağında da akademik Hüseyn Əhmədov yetirmələrinə verdiyi bir tövsiyəyə sadiqdir: alim yetərincə öyrənməli, arayıb-axtarmalı, müqayisə etməli, sübuta yetirməli, doğrunun tərəfində olmalı, müdafiə etdiyini isbata yetirməlidir. Bəli, mütərəqqi fikirli, müasir düşüncəli, xalqını, dövlətini sevən ziyalı kimi cəmiyyətdə böyük hörmət qazanmış Hüseyn Əhmədov 85 yaşında da gənclik şövqü ilə yorulmadan çalışır.

 

Zahid QARALOV,

pedaqoji elmlər doktoru, professor

 

Azərbaycan.-2011.-16 iyul.-S.5.