Misirin milli bayramı şərəfinə

 

İyulun 18-də Misirin Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - 23 iyul İnqilab Günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.

Misirin Azərbaycandakı səfiri Sabir Əbdülqədir Mənsur çıxış edərək inqilabdan ötən 59 ildə ölkəsinin keçdiyi inkişaf yolundan danışmışdır.

Diplomat Azərbaycan ilə Misir arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin dinamik inkişaf etdiyini söyləmişdir.

Həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin və müxtəlif sahələrdə imzalanmış çoxsaylı sənədlərin əhəmiyyətini vurğulayan səfir əmin olduğunu bildirmişdir ki, ənənəvi dostluq və əməkdaşlığa söykənən münasibətlərimiz bundan sonra da ikitərəfli əlaqələrin inkişafına və möhkəmlənməsinə təkan verəcək, xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

İqtisadi inkişaf naziri Şahin Mustafayev çıxış edərək əlamətdar bayram münasibətilə Misir xalqını Azərbaycan Prezidenti İlham Əliyevin adından təbrik etmiş, dövlətimizin başçısının salamlarını və xoş arzularını çatdırmışdır.

Nazir demişdir ki, ölkələrimiz arasında mədəni əlaqələr hələ qədim dövrlərdən mövcud olmuşdur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr digər sahələr üzrə də yüksələn xətlə inkişaf etməyə başlamışdır. Son illər iqtisadi və mədəni sahələrdə əməkdaşlığın inkişafını özündə əks etdirən bir sıra mühüm sənədlər imzalanmışdır.

Ş.Mustafayev Azərbaycan ilə Misir arasında genişlənən əlaqələrdən məmnunluğunu bildirərək qeyd etmişdir ki, yüksək səviyyəli görüşlər ikitərəfli münasibətlərin daha sürətlə inkişafına təkan verəcəkdir.

Qəbulda Azərbaycanın dövlət və hökumət rəsmiləri, xarici ölkələrin Bakıdakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 19 iyul.- S. 2.