Təhsilə yüksək diqqət

 və qayğı nümunəsi

 

 

Ümummilli liderin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması müasir qloballaşma dövründə xüsusi əhəmiyyət kəsb edir. Heydər Əliyev Fondu yarandığı gündən bu ali məqsədi qarşıya qoymuş, mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan, saf ideyaların ictimai şüurda möhkəmlənməsinə çalışmış, millətin gələcəyi naminə bir çox strateji əhəmiyyətli layihələr həyata keçirmişdir. Fondun diqqət yetirdiyi sahələr cəmiyyətin olduqca həssas qütbləridir. Bunların mərkəzində isə milli genefondun inkişafı, xalqın minilliklərdən keçirib bu günə çatdırdığı mədəni estetik dəyərlər sistemi dayanır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva fəaliyyətini müasir dövrün tələblərinə uyğunlaşdırmaqla ictimai həyatda uzun illərdən bəri yığılıb qalan, insanları narahat edən problemləri dəqiq müəyyənləşdirməyə, onların həlli üçün səmərəli tədbirlər həyata keçirməyə və qısa müddətdə maksimum nəticələr əldə etməyə çalışır. Fondun müxtəlif layihələrini birləşdirən ortaq nöqtə isə məhz milli genefondun, gənc nəslin qorunması, onların ölkənin layiqli vətəndaşları kimi yetişdirilməsidir. Bu ali mərama xildmət edən hər addım Fond üçün eyni səviyyədə prioritet əhəmiyyət daşıyır.

Heydər Əliyev Fondu qısa müddət ərzində həyata keçirdiyi iri layihələrlə dövlətin təhsil strategiyası çərçivəsində qarşıya qoyduğu bir sıra vacib məsələlərin gerçəkləşdirilməsinə də öz töhfəsini verir. Qurumun milli maarifçilik xəttinin həyata keçirilməsi sahəsindəki əzmkar fəaliyyəti hansısa konkret çərçivə ilə məhdudlaşmır - məktəb tikintisindən tutmuş müxtəlif təhsil proqramlarının həyata keçirilməsinədək geniş bir spektri əhatə edir. Qısa müddət ərzində uğurla gerçəkləşdirilən bu layihələr cəmiyyətdə böyük rezonansa səbəb olmuş, rəğbət və etimadla qarşılanmışdır. Fondun bilavasitə diqqət və qayğısı sayəsində ölkəmizdə yeni təhsil ocaqlarının istifadəyə verilməsi artıq ənənəyə çevrilmişdir. "Yeniləşən Azərbaycana yeni məktəb layihəsi" bu baxımdan cəmiyyətdə daha böyük əks-səda doğurmuşdur. Layihənin əsas məqsədi təhsil sahəsində mövcud problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, yerlixarici şirkətlər, beynəlxalq təşkilatlarla bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirmək olmuşdur. Layihə çərçivəsində yalnız 2005-2009-cu illərdə 75 mindən artıq şagird yerlik 283 məktəb binası inşa olunmuş və yenidən qurulmuşdur. Hazırda Fondun dəstəyi ilə fəaliyyət göstərən 350-yə yaxın yeni məktəb binası müasir avadanlıq, istilik sistemi, zəngin kitabxanalar, əyani vəsait və kompyuterlərlə təchiz olunmuşdur. Heydər Əliyev Fondu belə yüksək göstəricilərə nail olmaqla sübut edir ki, əzm və iradə, ən əsası isə vətənpərvərlik milli inkişafda son dərəcə vacib amildir.

Bu yaxınlarda Fondun təşəbbüsü ilə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Kəlbəcər rayonunun 23 nömrəli məktəbi üçün tikilmiş yeni bina istifadəyə verilmişdir. Açılış mərasimində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin, Kəlbəcər və Suraxanı rayon icra hakimiyyətlərinin məsul əməkdaşları, həmçinin tədris ocağının tikintisini aparan təşkilatın işçiləri, müəllim və şagirdlər iştirak etmişlər. Tədbirdə çıxış edənlər müasir tələblərə cavab verən, hər cür avadanlıqlarla təmin edilmiş yeni məktəbin istifadəyə verilməsini ölkə rəhbərinin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Kəlbəcər rayonunun məcburi köçkünlərinə, ümumiyyətlə, əraziləri işğal olunmuş rayonların sakinlərinə göstərdikləri diqqət və qayğının nümunəsi kimi qiymətləndirmiş, bu gözəl hədiyyəyə görə minnətdarlıqlarını bildirmişlər.

Bir faktı qeyd edək ki, vaxtilə 170 şagirdin təhsil aldığı, 30 müəllimin çalışdığı 23 nömrəli tam orta məktəbin yerləşdiyi əvvəlki bina tədris üçün uyğunlaşdırılmış kiçik otaqlardan ibarət idi. Fondun dəstəyi ilə inşa olunmuş yeni məktəbdə hazırda 240 şagird təhsil alır. Məktəbdə 11 sinif otağı, o cümlədən kimya, fizikabaşqa fənlər üçün kabinetlər, kompyuter otağı, Azərbaycan ədəbiyyatına, tarixinə, mədəniyyətinə dair kitablardan, dərslik və tədris materiallarından ibarət müasir kitabxana vardır. Məktəbin foyesində yaradılmış stenddə ümummilli lider Heydər Əliyevin ömür yolunu və zəngin fəaliyyətini əks etdirən fotoşəkillər nümayiş olunur.

Müasir istilik sistemi ilə təchiz olunmuş məktəbin həyətyanı sahəsində abadlıq işləri aparılmış, mini-futbol meydançası inşa edilmişdir. Azərbaycan Texniki Universitetinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin professorları vaxtaşırı burada müxtəlif fənlər üzrə açıq dərslər keçirlər. Ümumiyyətlə, məktəbdə təhsil alan gənclər, ilk növbədə məcburi köçkünlərin uşaqları dövlətin onlara göstərdiyi qayğını hər an hiss edirbuna yaxşı əməlləri ilə cavab verməyə çalışırlar.

Bakının Yasamal rayonu ərazisində fəaliyyət göstərən 22 saylı Kəlbəcər tam orta məktəbinin müəllim və şagirdləri də onlar üçün yaradılan şəraitdən məmnundurlar. Müxtəlif tədbirlərdə fəallıq göstərir, aksiyalarda iştirak edirlər. Məktəbin kollektivi Yaponiyadakı dəhşətli zəlzələdən zərər çəkmiş əhaliyə kömək göstərmək üçün vəsait toplamış və dövlətin hər ay onlara ödədiyi bir aylıq məbləği və öz həmyaşıdlarına dəstək məktubunu Yaponiyanın ölkəmizdəki səfiri cənab Suşuke Vatanabeyə təqdim etmişdir. Xeyriyyəçilik insani münasibətlərin ən həssas sahəsidir. Buna doğru ilk addımlarını atan hər kəs anlamalıdır ki, həmin əməlin arxasında müəyyən səbəblərə görə həyatda çətin vəziyyətə düşmüş insanların problemləri dayanır. Böyüməkdə olan gənc nəslin xeyirxahlıq, mərhəmət, nəciblik, yüksək humanizm ruhunda tərbiyəsi isə sağlam mənəvi dəyərlərin qorunması deməkdir.

Bu gün Heydər Əliyev Fondunun qarşıya qoyduğu məqsədləri incələyərkən aydın görünür ki, maarifçilik xəttini uğurla davam etdirməyə qabil olan təşkilat artıq özünü təsdiqləmiş, çoxşaxəli fəaliyyəti ilə cəmiyyətdə böyük nüfuz qazanmışdır. Bu xoşməramlı missiya isə Azərbaycana gələcək üçün yüksək səviyyəli, intellektual kadrların yetişdirilməsinə, millətin nurlu sabahına xidmət edir.

 

Azərbaycan.-2011.-16 iyul.-S.5.