Bölgələrin inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoyur

 

Xalqımız dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü ərəfəsindədir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" 21 yanvar 2011-ci il tarixli sərəncamına əsasən müstəqilliyimizin 20 illiyi təntənəli şəkildə qeyd ediləcək. 20 illik tarixə nəzər salanda görürük ki, xalqımızın müstəqillik yolu hamar olmayıb. 1991-1992-ci illərdə hakimiyyətdə olan siyasi qruplar müstəqilliyimizin möhkəmləndirilməsi üçün "Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı"ndan irəli gələn vəzifələri yerinə yetirməyiblər. Yalnız Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan xalqı əsl müstəqilliyin nə olduğunu hiss etdi. Ulu öndərin hakimiyyətə qayıdışı ölkəmizdə vəziyyəti köklü surətdə dəyişdi. Hüquqi dövlət quruculuğuna başlanıldı, demokratik dəyərlərin cəmiyyətdə bərqərar olması üçün mühüm addımlar atıldı, inkişafın təməli qoyuldu.

Məlum olduğu kimi, 1991-ci ildən başlayaraq Azərbaycanda aqrar sektor da tənəzzülə uğramışdı. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlanan islahatlar, ən əsası torpağın kəndliyə verilməsi bu sahədə inkişafa doğru ciddi dönüş yaratdı. Bu gün isə Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanda kənd təsərrüfatı daha sürətlə inkişaf edir. İndi Azərbaycan özünü kənd təsərrüfatı məhsulları ilə təmin edir. Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən olan ölkəmizin ərzaq təhlükəsizliyinin təmini məsələsi də uğurla həllini tapır. Bu mənada 20 illik müstəqillik tariximizin ən böyük nailiyyətlərindən biri də ölkəmizdə aqrar sahənin inkişafına nail olunmasıdır.

"Azərbaycan" qəzetinin Cəlilabad Rayon İcra Hakimiyyəti ilə birgə Heydər Əliyev Mərkəzində təşkil etdiyi "dəyirmi masa"da ölkəmizdə aqrar sektorun inkişafına Cəlilabad rayonunun timsalında nəzər salındı.

 

"Dəyirmi masa"nı giriş sözü ilə açan "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV dedi:

 

- Hörmətli "dəyirmi masa" iştirakçıları!

İstənilən ölkənin siyasi, iqtisadi, sosiomədəni və digər vacib sahələr üzrə ümumi inkişafının istiqamətini, mahiyyətini müəyyən edən ən önəmli faktor müstəqillik, öz hüquqlarını suveren şəkildə reallaşdırmaq imkanıdır. Dünyanın mövcud siyasi xəritəsinə nəzər salmaq kifayətdir ki, müstəqillik faktorunun tərəqqi prosesinə bilavasitə təsir göstərən əsas amil olduğunu aydın görəsən. Başqa sözlə, müstəqil və qeyri-müstəqil ölkələr arasında ən müxtəlif sahələr üzrə inkişaf dərəcəsi birmənalı şəkildə fərqli olur. Bu mənada təsadüfi deyil ki, adı bəşər tarixinə həkk edilmiş bütün xalqlar azad və müstəqil yaşamağı hər zaman ən böyük sərvət olaraq dəyərləndiriblər.

Dünyanın ən qədim tarixə malik sakinlərindən olan Azərbaycan xalqı da daim suveren şəkildə öz hüquqlarını reallaşdırmağa can atıb, müstəqilliyi uğrunda əzmlə, mətanətlə mübarizə aparıb. Elə bunun nəticəsidir ki, ziddiyyətlərlə, çəkişmələrlə, cahan savaşları ilə zəngin olan XX əsrdə xalqımız iki dəfə dövlət müstəqillyini bərpa edib. İlk müstəqillik dövrü məlum səbəblərdən uzunömürlü olmasa da, tariximizin ən şanlı səhifələrindən sayılır. Ötən əsrin son onilliyində isə Azərbaycanın yenidən dövlət müstəqilliyinə qovuşması həm bir xalq olaraq qarşımızda yeni mərhələ açdı, həm də inkişafın tamamilə yeni, mahiyyət etibarı ilə fərqli dövrünü başlatdı. Düzdür, bu müstəqilliyin ilk illəri hakimiyyətdə olan müxtəlif qüvvələrin yarıtmaz və yanlış siyasəti üzündən formal xarakter daşıdı. Hətta yenicə əldə edilmiş müstəqilliyin itirilmə təhlükəsi yarandı. Həmin ağrılı-acılı illər bütün Azərbaycan kimi Cəlilabadın da orta və yaşlı sakinlərinin yaxşı yadındadır. Daim doğru zamanda doğru qərar verməyi bacaran müdrik xalqımız müstəqillik havasını yenicə ciyərlərinə çəkdiyi vaxt onun itirilməsi ilə barışa bilməzdi. Bu müstəqilliyin möhkəm özüllər üzərində intişar tapması, Azərbaycanın işıqlı gələcəyinin təmin olunması, intibah dövrünə qədəm qoyması məqsədilə xalqın arzusu və təkidli tələbilə ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı. Məhz ulu öndərin gərgin fəaliyyəti, həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan həqiqi, əbədi və dönməz dövlət müstəqilliyinə qovuşdu. Bu, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz tarixi xidmətlərindən biri oldu.

Ulu öndər yeni ictimai-iqtisadi formasiya şəraitində inkişaf prioritetlərini də çox böyük uzaqgörənliklə müəyyən edərək ölkəmizin beynəlxalq hüquq məkanında güclü mövqelərə malik müstəqil subyekt kimi çıxış etməsinin müəllifinə çevrildi. Ölkə daxilində etibarlı zəminə söykənən sabitliyin yaranması, cəbhədə atəşkəs elan olunması, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsi, vətəndaş təhlükəsizliyinin təmini və bu qəbildən olan digər hallar azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılması prosesinə müsbət yöndə təsirsiz ötüşmədi. Həyata keçirilən irimiqyaslı islahatlar, insanların maddi rifah halının yüksəlməsinə hesablanmış tədbirlər ölkəmizdə həyat səviyyəsinin yaxşılaşması ilə xarakterizə olundu.

Ümummilli liderin təşəbbüsü ilə imzalanan və yeni tariximizə "Əsrin müqaviləsi" adı altında daxil olan möhtəşəm transmilli sazişin imzalanması, üçüncü minilliyin ən nəhəng mühəndis layihələrdən sayılan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlinın atılması Azərbaycanın yüksək dinamikaya malik inkişafının dayaq nöqtəsinə çevrildi. Çoxmilyardlı xarici sərmayənin Azərbaycana gəlişi təkcə enerji yox, iqtisadiyyatın digər sahələrinin tərəqqisinə böyük təsir göstərdi. Karbohidrogen ehtiyatlarının satışından əldə olunan vəsaitlərin səmərəli idarə edilməsi, prioritet sferaların inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsi iqtisadiyyatın diversifikasiyalaşmasını təmin etdi. Aparılan aqrar islahatlar, özəlləşdirmə prosesi, sosial-iqtisadi tərəqqi xəttini müəyyən edən bir çox irimiqyaslı konsepsiya, strategiya və proqramların qəbulu, sahibkarlığın, kənd təsərrüfatının, sənayenin inkişaf etdirilməsi Azərbaycanın tərəqqi tempinin daha yüksək olmasına rəvac verdi.

Ulu öndərin ən layiqli siyasi davamçısı olduğunu əməldə göstərən, Azərbaycanı daha qüdrətli və söz sahibi olan dövlət halına gətirən Prezident İlham Əliyev dövrünün alternativsiz lideri olaraq ölkəmizin inkişafını daha mütəhərrik hala gətirib. Təsadüfi deyil ki, son 7 il ərzində Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb və bu, dünya miqyasında analoqu olmayan hadisədir. Yoxsulluq şəraitində yaşayanların sayı 5 dəfədən çox azalıb, sosialyönümlü iqtisadiyyatın formalaşması prosesində böyük uğurlara imza atılıb. Bütün ölkə boyu yeni infrastruktur yaradılıb, əvvəl mövcud olanlar modernləşdirilib. Təbii-iqtisadi, elmi-texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunması yeni istehsal sahələrinin yaranmasına rəvac verib. Milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli şəkildə inteqrasiyası davam etdirilib. Enerji resurslarının səmərəli hasilatı və satışı, elektroenergetika və digər sənaye sahələrinin tərəqqisinə xidmət edən əməli tədbirlər nəticə etibarı ilə Azərbaycanın ümumi inkişafının sürət dinamikasını daha da yüksəldib.

Paytaxtdan tutmuş ən ucqar regionlara qədər Azərbaycanın siması müasirləşib, gözəlləşib və bu proses uğurla davam edir. Əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi və maddi gəlirlərinin məcmu həcminin çoxalması isə insanların layiqli həyat tərzinin təminində böyük rol oynayır. Təcrübə göstərir ki, iqtisadi tərəqqinin müxtəlif sferalarının inkişafını özündə ehtiva edən qısamüddətli və uzunmüddətli prioritetlərinə söykənən dövlət proqramlarının hazırlanması və uğurla icraya yönəldilməsi əldə edilən müvəffqiyyətlərin miqyasının davamlı olaraq genişlənməsinə böyük töhfələr verib. Məhz belə proqramlar bu gün paytaxt və regionların tarazlı, davamlı inkişafına, onların potensialının bir-birinə kömək mexanizmi üzərində qurulmasına, qeyri-neft sektorunun daha da möhkəmlənməsinə gətirib çıxaran mühüm amilə çevrilib.

Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində iqtisadi sahədə keçid dövrünü uğurla başa vuran Azərbaycan enerji, nəqliyyat təhlükəsizliyini təmin edə bilib. Ərzaq təhlükəsizliyinin təmini sahəsində qarşıya qoyulan məqsədlərin böyük əksəriyyətinə nail olunub. Əvvəllər xaricdən idxal edilən məhsulların bir çoxuna olan tələb indi yerli istehsal hesabına ödənilir. Bu, həm də ölkəmizdə aqrar sahənin, kənd təsərrüfatının inkişaf göstəricisidir. Fermerlərə verilən subsidiyalar, sahibkarlara ayrılan güzəştli kreditlər, regionlarda cənab Prezidentin göstərişi ilə yaradılan infrastruktur, soyuducu anbarların inşası son illər ərzində kənd təsərrüfatı məhsullarının daha böyük həcmdə istehsalını şərtləndirib. Elə aqrar rayonlardan biri kimi ölkə miqyasında kifayət qədər yaxşı tanınan Cəlilabadın timsalında da bunu aydın görmək mümkündür. Lakin məhsuldarlıq səviyyəsi təkcə kənd təsərrüfatında yox, digər mühüm sahələrdə, məsələn, sənayedə, qeyri-neft sektorunun digər sferalarında da özünü qabarıq büruzə verir.

Bununla yanaşı, bütün ölkədə olduğu kimi, Cəlilabadda da sosial infrastruktur müasirləşdirilir, yeniləri yaradılır. Bu da daha keyfiyyətli və yüksək səviyyəli təhsil, tibbi xidmət deməkdir. Sözügedən sahədə ümummilli liderin nəcib və humanist əməllərini layiqincə yaşadan və onun adını daşıyan Heydər Əliyev Fondunun yerinə yetirdiyi xoşməramlı missiya xüsusi qeyd olunmalıdır. Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyilə təkcə Bakıda yox, ən ucqar regionlarda yüzlərlə məktəb, səhiyyə ocağı, sağlamlıq mərkəzləri inşa olunaraq sakinlərin ixtiyarına verilib.

Bütün bunlar bir daha Azərbaycanın dinamik inkişaf yolunda olmasının göstəricisidir və ölkəmizdə belə bir tərəqqinin yaşanması bilavasitə 20-ci ildönümünü qeyd etməyə hazırlaşdığımız dövlət müstəqilliyinin töhfəsidir.

İndi isə söz Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz ƏZİZOVa verilir.

 

Əziz ƏZİZOV:

- Müasir Azərbaycanın müstəqilliyinin 20 illiyi münasibətilə belə bir mötəbər tədbirin rayonumuzda keçirilməsinə görə "Azərbaycan" qəzetinə minnətdarlığımızı bildirirəm.

Cəlilabad rayonu 1988-1990-cı illərdə milli-azadlıq hərəkatının ön sıralarında getmiş, Azərbaycanın müstəqillik əldə etməsində mühüm rol oynamışdır. Təəssüf ki, müstəqilliyin ilk illərində rayonun iqtisadiyyatı bərbad vəziyyətə düşmüş, sərvəti ayrı-ayrı səriştəsiz rəhbərlər tərəfindən talan edilmişdi. Rayon özlərini "xalq cəbhəsi" adlandıran cinayət qrupunun poliqonuna çevrilmişdi. Anarxiya və başıpozuqluq kulminasiya nöqtəsinə çatmışdı.

Dövlətçiliyin müqəddəratının həll edildiyi həmin günlərdə Heydər Əliyev yenidən hakimiyyətə gələrək Azərbaycanı dəhşətli fəlakətlərdən xilas etdi. Ulu öndər qısa müddət ərzində ölkədəki siyasi hərc-mərcliyi, itaətsizliyi, anarxiyanı, siyasi çəkişmələri aradan qaldırdı. 1993-cü ilin avqustunda - respublikamız vətəndaş müharibəsi vəziyyətində olduğu bir vaxtda cəlilabadlılar da ulu öndərin çağırışı ilə ayağa qalxaraq üzdəniraq "Talış-Muğan Respublikası"na son qoydular.

1993-cü ildən sonra rayonumuzda əldə olunan nailiyyətlər birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev həmişə cəlilabadlıların əməyini yüksək qiymətləndirmiş, qabaqcıl əmək adamlarını, mədəniyyət və incəsənət xadimlərini fəxri adlar və mükafatlarla təltif etmişdir.

Cəlilabad rayonu ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğı nəticəsində keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Cənab Prezidentin 2007-ci ilin aprelində, 2008-ci ilin sentyabrında və 2010-cu ilin aprelində rayonumuza tarixi səfərləri Cəlilabadın əsl intibahına təkan vermişdir. Prezident İlham Əliyevin bu səfərlər zamanı verdiyi tapşırıqlar nəticəsində regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarında nəzərdə tutulan tədbirlərdən qat-qat artıq işlər görülmüşdür. Misal üçün, 2010-cu ildə ümumi daxili məhsulun həcmi 2003-cü ilə nisbətən 3,3 dəfə, 2009-cu ilə nisbətən 1,2 dəfə artaraq 398,2 milyon manata çatmışdır. İstehsal olunan sənaye məhsulunun həcmi 3,4 milyon manat olmuşdur ki, bu da bütövlükdə 2003-cü ildəkindən 5,3 dəfə çoxdur.

Rayonumuzun iqtisadiyyatının əsasını aqrar sahə təşkil edir. Ulu öndər Heydər Əliyev MDB məkanında analoqu olmayan torpaq islahatı aparmaqla torpağı kəndliyə qaytarmış və yenidən onun sahibi etmişdir. Prezident İlham Əliyev isə aqrar bölməni toxum, gübrə, texnika, damazlıq heyvan və yanacaqla təmin edərək kəndlilərə bol məhsul istehsal etmək üçün stimul vermişdir. Bütün bunların nəticəsidir ki, son beş ildə Cəlilabadda görünməmiş miqdarda məhsul toplanmış, orta illik taxıl istehsalı 130 min tona, kartof istehsalı 120 min tona, süd istehsalı 50 min tona, ət istehsalı isə 10 min tona çatmışdır. Təkcə 2010-cu ildə rayon üzrə 107,5 milyon manatlıq kənd təsərrüfatı məhsulları, o cümlədən 58,7 milyon manatlıq bitkiçilik, 48,8 milyon manatlıq heyvandarlıq məhsulları istehsal olunmuşdur. Kənd əməkçiləri keçən il 87,8 min ton taxıl istehsal etmişlər. Cari ilin məhsulu üçün əkilən 61170 hektar taxıl sahəsinin biçini hazırda sürətlə davam etdirilir. İlkin nəticələr bu il keçənilkindən daha çox məhsul götürüləcəyinə təminat verir.

Dövlət proqramlarına müvafiq olaraq rayonumuzda üzümçülüyün inkişafına xüsusi diqqət yetirilir. Son beş ildə üzüm bağlarının sahəsi 1500 hektara çatdırılmışdır. Keçən il üzümçülər bağlardan 4257 ton məhsul istehsal etmişlər ki, bu da 2009-cu ildəkindən 2465 ton çoxdur. Hazırda yeni üzüm bağlarının salınması üçün aqrotexniki tədbirlər görülür, xaricdən keyfiyyətli tinglər gətirilir. 2010-cu il aprelin 29-da Prezident İlham Əliyevin açılışında iştirak etdiyi müasir tipli şərab zavodunun istifadəyə verilməsi üzümçülüyə marağı daha da artırmışdır.

Vaxtilə ənənəvi taxılçılıq və üzümçülük diyarı kimi tanınan Cəlilabadda indi faraş kartof istehsalı da mühüm yer tutur. Bu sahəyə son vaxtlar artan meylin əsas səbəbi bir tərəfdən dövlətin yaratdığı şərait nəticəsində məhsulun maya dəyərinin aşağı düşməsi, digər tərəfdən isə istehsal olunan kartofun 70-75 faizinin MDB ölkələrinə ixrac olunması hesabına yaxşı gəlir gətirməsi ilə bağlıdır.

Heyvandarlığın inkişaf etdirilməsi üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində təkcə keçən il 10,9 min ton ət, 50,7 min ton süd və 18,5 milyon ədəd yumurta istehsal olunmuşdur. İstehsal edilən kənd təsərrüfatı məhsullarının saxlanılması üçün cari ildə müasir standartlara cavab verən 20 min tonluq regional gübrə bazası, hər biri 10 min tonluq 2 taxıl anbarı və sutkada 120 ton un istehsal edən son modelli un dəyirmanı tikilib istifadəyə verilmişdir. Hazırda hər biri 2 min tonluq 2 soyuducu kameranın tikintisi başa çatmaq üzrədir.

Əkin sahələrinin suvarılması bol məhsul üçün həlledici şərtdir. Rayonumuzda 9 min hektardan çox suvarılan torpağın mövcudluğu nəzərə alınaraq açılışında cənab Prezidentin iştirak etdiyi ümumi tutumu 3,7 milyon kubmetrlik Göytəpə su anbarının istifadəyə verilməsi nəticəsində 681 hektar əkin sahəsinin suvarılmasına imkan yaranmışdır.

Ayrılmış vəsait və yerli imkanlar hesabına 2006-cı ilin avqustundan sonra rayonumuz öz simasını dəyişərək abad bir diyara çevrilmişdir. Əhalinin mədəni istirahətini təmin etmək məqsədilə Cəlilabad şəhərində 9 hektar sahəni əhatə edən 3 park salınmış, Xatirə parkı əsaslı təmir olunmuşdur. Heydər Əliyev seyrəngahı indi cəlilabadlıların əsl istirahət mərkəzinə çevrilmişdir. Heydər parkında ucaldılmış ümummilli liderimizin əzəmətli abidəsi cəlilabadlıların ulu öndərə göstərdikləri ehtiramın parlaq təzahürüdür. Bundan başqa, Cəlilabad şəhərində xalçaçılıq, tikiş, konserv, çörək, mebel və dəmir-beton məmulatları sexləri, müalicə-diaqnostika mərkəzi, şahmat məktəbi, tarix-diyarşünaslıq muzeyi, gənclər üçün istirahət mərkəzi inşa edilib. İdarə və təşkilatlar üçün tikilən 15-dən artıq yeni inzibati bina son illərin yadigarıdır. Bu il tikilən Heydər Əliyev adına yaradıcılıq mərkəzi və Dövlət Bayrağı Meydanı öz əzəməti və arxitektura görünüşü ilə şəhərimizə xüsusi yaraşıq verir. Hazırda Cəlilabad şəhərində olimpiya idman kompleksi, rayon baytarlıq idarəsi, Göytəpə yanğın xidməti bölməsi üçün inzibati binalar inşa olunur.

Ötən dövr ərzində yolların və küçələrin təmir olunması da diqqət mərkəzində saxlanılmışdır. Belə ki, Ələt-Astara şosesinin Cəlilabad rayonu ərazisindən keçən 37 kilometrlik hissəsinə, Cəlilabad şəhərinin 345 min kvadratmetrlik 52 küçəsinə yüksək keyfiyyətli asfalt vurulmuş, səkilərə 2 min kvadratmetrdən çox üzlük daşı və 15 min metr məsafəyə bardur döşənmişdir. Heydər Əliyev prospekti və Ələt-Astara şosesinin Cəlilabad rayonu ərazisindən keçən hissəsi genişləndirilərək asfaltlaşdırılmış, şose boyu 2,5 kilometr kanalizasiya xətti çəkilmiş, avtomobil tıxaclarını aradan qaldırmaq məqsədilə köməkçi avtomobil yolu və piyadalar üçün səki düzəldilmişdir.

Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə həmişə yüksək qayğı ilə yanaşılmış, onların həyat səviyyəsinin və mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına hər cür kömək göstərilmişdir. Son beş il ərzində həmin kateqoriyadan olanlar üçün Cəlilabad şəhərində 36 mənzilli və iki 16 mənzilli yaşayış evləri tikilib istifadəyə verilmişdir. Keçən il Azərbaycanın Milli Qəhrəmanı Arif Qubadovun doğulduğu Əliqasımlı kəndində abidə kompleksi, bu il isə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Fərid Əhmədovun və Əhməd Abdullayevin təhsil aldıqları Cəlilabad şəhər 1 saylı orta məktəbin həyətində barelyef tikilmişdir.

Müstəqillik dövründə rayonun təhsil sistemində də köklü dəyişikliklər edilmişdir. Dövlət proqramlarının həyata keçirilməsi nəticəsində uzun illər diqqətdən kənarda qalmış və qəza vəziyyətinə düşmüş məktəblərin əksəriyyəti üçün yeni binalar tikilmiş, digərləri əsaslı təmir olunmuşdur. Bundan əlavə, Heydər Əliyev Fondunun dəstəyi ilə də mühüm işlər görülmüşdür. Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə "Yeniləşən Azərbaycana - yeni məktəb" proqramı çəpçivəsində Kövüzbulaq, Bəcirəvan, Çünzəli, Cəlayir və Ağdaş kəndlərində 1680 şagirdlik orta məktəb binaları tikilmişdir. Fondun təşəbbüsü ilə Cəlilabad şəhərində tikilən akademik Zərifə Əliyeva adına 1100 şagirdlik möhtəşəm məktəb binasının açılışında cənab Prezidentin iştirak etməsi təkcə müəllimlərin və şagirdlərin deyil, bütün rayon ictimaiyyətinin hədsiz sevincinə səbəb olmuşdur.

Ümumiyyətlə, 2004-cü ildən sonrakı 7 il ərzində 30-a yaxın məktəb binası tikilib istifadəyə verilmişdir. Bir rayonun timsalındakı bu fakt bütövlükdə respublikada məktəb tikintisinin ümumi mənzərəsini xarakterizə edir.

Dövlət proqramlarına müvafiq olaraq rayonda elektrik və qaz təchizatı sisteminin yenidən qurulmasına başlanılmış, Cəlilabad şəhərində 58,5 kilometr SİP tipli kabel çəkilmiş, 8356 ədəd SMART tipli sayğac quraşdırılmış, 3200 elektrik dirəyi dəyişdirilmiş, yeni yaşayış massivində 4 transformator yarımstansiyası tikilib istifadəyə verilmişdir.

Prezident İlham Əliyevin tapşırığına əsasən Cəlilabad rayonu da su və kanalizasiya sisteminin yenidən qurpulması nəzərdə tutulan rayonların siyahısına daxil edilmişdir. Dünya Bankının vəsaiti hesabına Almaniya, Türkiyə və Azərbaycan mütəxəssislərinin həyata keçirəcəyi bu mühüm tədbir nəticəsində 2013-cü ilədək Cəlilabad şəhərində yeni su və kanalizasiya sistemi çəkiləcək.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası, habelə sahibkarlığın inkişafına və yeni iş yerlərinin açılmasına xüsusi diqqət yetirilməsi Cəlilabad rayonunda da əhalinin məşğulluğuna müsbət təsir göstərmişdir. Bütün bunların nəticəsində 2003-cü ilin oktyabr ayından indiyədək 23810 nəfər işlə təmin olunmuşdur.

Göründüyü kimi, müstəqillik illərində Azərbaycanın digər bölgələri ilə yanaşı Cəlilabad rayonu da iqtisadi cəhətdən sürətlə inkişaf etmiş, insanların həyat səviyyəsi durmadan yüksəlmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: "İndi biz Cəlilabada yeni həyat veririk. Hər yer abadlaşır, hər yer gözəlləşir. Bütün bunlar Cəlilabadın ümumi inkişafının dinamikasını göstərir".

Həqiqətən, indi Cəlilabad rayonu öz xoşbəxt günlərini yaşayır, əhali müdrik Prezidentin rəhbərliyi altında böyük ümid və inamla sabaha doğru addımlayır. Cəlilabadlılar dünəni ulu öndərimizin, bugünü və sabahı möhtərəm Prezidentimizin adı ilə bağlı olan müstəqil Azərbaycanın tərəqqisi naminə bundan sonra da bütün qüvvə və bacarıqlarını sərf edəcəklər.

 

Bəxtiyar SADIQOV: - Son illərdə qazandığımız ən böyük nailiyyətlərdən biri də kənd təsərrüfatında müşahidə edilən sürətli inkişafdır. Bu məsələ dövlət başçısının xüsusi diqqət mərkəzindədir. Bu gün fermerlərimiz, kənd təsərrüfatında çalışan iş adamları dövlətin qayğısını daim hiss edirlər. Ayrılan subsidiyalar, yanacaq və motor yağlarının, gübrələrin, xaricdən gətirilən cins mal-qaranın güzəştlə satılması məhz bir məqsədə - kənd təsərrüfatının inkişafına xidmət edir. Cəlilabad aqrar sektorda əldə edilən yüksək göstəricilərlə öndə gedən rayonlardan biridir. Dövlətin qayğısının nəticəsi olaraq burada kənd təsərrüfatındakı keçmiş ənənələr bərpa olunur. Bu mövzuda danışmaq üçün söz Cəlilabad rayon fermerlər şurasının sədri, respublikanın əməkdar aqronomu Mikayıl XUBALIYEVə verilir.

 

Mikayıl XUBALIYEV:

- Gündən-günə inkişaf edən respublikamız özünün yeni, çiçəklənən növrağını yaşayır. Bu tərəqqinin, analoqu olmayan dinamik inkişafın əsasını Heydər Əliyevin müdrik ideyaları və bu ideyaların Prezident İlham Əliyev tərəfindən layiqincə həyata keçirilməsi təşkil edir.

Azərbaycanın hərtərəfli, dinamik inkişafını Cəlilabadın timsalında da aydın görmək olar. Ölkəmizin bütün regionları kimi, rayonumuz da həyata keçirilən iqtisadi islahatlardan, irimiqyaslı layihələrdən, dövlət proqramlarından bəhrələnərək sürətlə inkişaf edir. Bu inkişafda və yüksəlişdə aqrar sektorun özünün xüsusi yeri və payı var.

Öncə qeyd etmək istəyirəm ki, Cəlilabad rayonu relyef, iqlim və torpaq müxtəlifliyinə görə dörd yarımzonadan ibarətdir. Bu xüsusiyyətlərə malik olan ərazidə kənd təsərrüfatının hər hansı sahəsinin inkişafına hər cür əlverişli şərait var. Xüsusilə üzümçülük və taxılçılıq rayonda aparıcı sahələrdən hesab olunur. Təsadüfi deyil ki, hələ sovetlər dövründə ulu öndər Heydər Əliyev rayonumuzun torpaq, iqlim xüsusiyyətlərini nəzərə alıb üzümçülük və şərabçılıq üzrə ixtisaslaşmasına göstəriş vermişdi. O zaman qısa müddətdə 30 min hektara qədər üzüm bağları salınmışdı. Həmin bağlardan hər il 200-240 min ton məhsul toplanırdı. Sonralar keçmiş SSRİ-nin bədnam rəhbəri M.Qorbaçovun avanturist siyasəti nəticəsində min bir əziyyətlə salınmış üzümlüklər məhv edildi.

Ötən əsrin 90-cı illərinin əvvəllərində isə ölkəmizdə bütün sahələr kimi kənd təsərrüfatı da tənəzzülə uğradı. Həm də o dövrdə respublikaya rəhbərlik edənlərin səriştəsizliyi üzündən kənddə yaradılmış bütün infrastrukturlar, xüsusilə üzüm sahələri tamamilə məhv edildi. Yalnız ulu öndər Heydər Əliyev 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra aqrar sahənin inkişafında dönüş yaradıldı, MDB məkanında analoqu olmayan torpaq islahatları aparıldı. Bu islahat nəticəsində pay torpaqlarına sahib olmuş əkinçilər aqrotexniki tədbirlər tətbiq edərək hər hektardan orta hesabla 26 sentner taxıl toplamağa başladılar.

Bu gün isə Prezidenti İlham Əliyevin uğurlu aqrar siyasəti, ölkəmizin maliyyə imkanlarının artması rayonumuzda kənd təsərrüfatının bütün sahələrinin inkişaf etdirilməsinə böyük stimul vermişdir. Fermerlərə subsidiyaların ayrılması, "Aqrolizinq" Səhmdar Cəmiyyəti rayon filialının yaradılması, kəndlilərə güzəştli qiymətlərlə mineral gübrələrin, toxumun, cins mal-qaranın satılması kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına əlverişli şərait yaratmışdır.

Fərəhlisi odur ki, indi Cəlilabadda vaxtilə rayonumuz üçün ənənəvi olmuş üzümçülük sahəsi də bərpa edilmişdir. Son 5 ildə 1500 hektar üzümlük salınmış, məhsul istehsalı 4260 tona çatdırılmışdır. Hazırda mövcud üzümlüklər əsasən Avropa mənşəli sortlardan ibarətdir. Keçən il rayonda Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan "Cəlilabad-Şərab-2" ASC şərab zavodu da üzümçülüyün inkişafını stimullaşdırır. Ümumiyyətlə, yaxın 10 ildə rayonumuzda üzüm sahələrinin 15 min hektara çatdırılmasına dair tədbirlər planı hazırlanmışdır. Yeni üzümlüklər əsasən calaq tinglərlə əkiləcəkdir. Calaq tinglərin rayonda fəaliyyət göstərən tinglik təsərrüfatı müəssisəsində hazırlanması nəzərdə tutulmuşdur ki, bu da xaricdən baha qiymətə alınan tingləri əvəzləyəcəkdir.

Cəlilabadda məhsul istehsalında ekstensiv üsulla yanaşı intensiv inkişafa da diqqət yetirilir. Bunun sayəsində taxılın hər hektardan məhsuldarlığı 26 sentnerə, kartofun məhsuldarlığı isə 170 sentnerə kimi yüksəldilmişdir. Tam məhsula düşmüş üzümlüklərdə hər hektardan 10-12 ton məhsul götürülür.

Fərəhlə qeyd etməliyik ki, kənd təsərrüfatında istehsalın artımı nəticəsində Cəlilabadda əhalinin ərzaq məhsulları ilə təminatı yüksək səviyyədədir. Hətta hər il sahələrdən yığılan kartofun 50 min tondan çoxu Rusiya Federasiyasına göndərilir. Bu da əhalinin maddi rifah halının yaxşılaşmasına xeyli kömək göstərir.

Cəlilabadda taxıl, kartof və üzümlə yanaşı bostan bitkiləri də yetişdirilir. Son illərdə ən gəlirli məhsullardan olan və ilboyu məhsul verən çiyələk əkini xeyli genişləndirilmişdir. Rayonun iqlim xüsusiyyətləri bir ildə 2 dəfə qarğıdalı, tərəvəz bitkiləri, kartof yetişdirilməsinə imkan verir. Bunlarla yanaşı Cəlilabadda arıçılıq da inkişaf edir. Hazırda rayonun arıçılarında mindən çox pətək var.

Əldə olunmuş nailiyyətlər rayonumuzun fermerlərini, torpaq mülkiyyətçilərini qətiyyən arxayınlaşdırmır. Aqrar sahədə müasir texnika və texnologiyaların tətbiqi, bilik və informasiya şəbəkəsinin genişləndirilməsi bu sahədə istifadə olunmamış yeni mənbələrin üzə çıxarılmasına şərait yaradır. Söz yox ki, kənd əməkçilərimiz bu imkanlardan və mənbələrdən istifadə edərək ölkəmizdə ərzaq bolluğunun yaradılmasına yeni-yeni töhfələr verəcəklər.

 

Bəxtiyar SADIQOV: - Ölkəmizdə qazanılan sosial-iqtisadi uğurlarda təbii ki, sahibkarların da böyük xidmətləri var. Bu gün sərbəst biznes fəaliyyəti üçün münbit şərait yaradılıb. Sahibkarlar hər addımda dövlətin qayğısını hiss edirlər. Bunun nəticəsidir ki, ölkə üzrə ümumi daxili məhsul istehsalında özəl bölmənin çəkisi son illərdə xeyli artıb. İş adamları Cəlilabad rayonunun da sosial-iqtisadi inkişafına böyük töhfələr verirlər. Bu barədə danışmaq üçün söz sahibkar Xuraman ƏLİYEVAya verilir.

 

Xuraman ƏLİYEVA:

- Xalqımızın ümummilli lideri Heydər Əliyev özəl sektorun inkişafını ölkənin iqtisadi cəhətdən güclənməsində mühüm amil hesab edirdi. Sevindirici haldır ki, Prezident İlham Əliyev ulu öndərin yolunu uğurla davam etdirərək ölkəmizdə azad sahibkarlığın inkişafına, güclü və sağlam sahibkarlar sinfinin formalaşmasına qayğı ilə yanaşır. Biz dövlət başçısının iş adamlarının etibarlı dayağı olduğunu gündəlik həyatımızda hər an hiss edirik. Əsassız yoxlamaların aradan qaldırılması, cənab Prezidentin Nazirlər Kabinetinin rüblük və illik iclaslarında bu məsələyə geniş yer ayırması ölkəmizdə sahibkarlığın inkişafına güclü stimul verir. Bütün bunların məntiqi nəticəsi olaraq müstəqilliyimizin bəhrələrindən olan özəl sektorun sürətli inkişafı göz önündədir. Biz sahibkarlar ölkədə sağlam rəqabət mühitinin yaradılmasına, biznes fəaliyyətinə mane olan əngəllərin aradan qaldırılmasına, sahibkarlıq subyektlərinin vahid pəncərə sistemi ilə qeydiyyata alınmasına görə ölkə başçısına minnətdarıq. Yaradılmış əlverişli biznes mühiti bizi daha yüksək nəticələr əldə etməyə ruhlandırır, iş adamı kimi fəaliyyətimizi genişləndirməyə təkan verir.

Sahibkarlara dövlət qayğısını Cəlilabad rayonunun timsalında da aydın görmək olar. Ümumilikdə ölkəmizdə əlverişli biznes mühitinin formalaşdırılması nəticəsində son illər Cəlilabadda məhsul istehsalında sahibkarlar aparıcı qüvvəyə çevrilmişlər. Bunun nəticəsində rayonumuzun iqtisadi inkişafında yüksək nəticələr əldə olunmuşdur. Rəqəmlərin dili ilə desək, ötən il rayon üzrə istehsal olunan ümumi daxili məhsulda özəl bölmənin payı 88 faizə çatmışdır. Bilavasitə sahibkarların əməyi nəticəsində sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı durmadan artır, tikinti-quruculuq işləri geniş vüsət alır.

Sahibkarlığın inkişafı nəticəsində yaşayış səviyyəsi də yüksəlmiş, yeni iş yerləri açılmış, əhalinin məşğulluğu təmin olunmuş, gənclərin iş dalınca paytaxta və xarici ölkələrə axını kəskin azalmışdır.

Sevinirəm ki, bütün bu uğurların qazanılmasında rəhbərlik etdiyim "Namiq-84" kiçik müəssisəsinin də payı var. İstehsal etdiyimiz müxtəlif çeşidli mebel dəstlərinə, plastik qapı və pəncərələrə respublikanın hər tərəfində böyük tələbat var. Son illərdə ölkəmizdə sahibkarlığın inkişafına dövlət qayğısının artması nəticəsində müəssisəmizin fəaliyyətində geniş keyfiyyət dəyişiklikləri baş vermişdir. Ən əsası müasir texnologiyaların tətbiqi və ali məktəblərimizdə ixtisaslı kadrların hazırlanması məhsullarımızın çeşidinin və coğrafiyasının genişlənməsinə səbəb olmuşdur. Müəssisəmizdə 40 nəfərdən çox daimi, 70 nəfərə yaxın isə mövsümi işçi çalışır. İşçilərin orta aylıq əməkhaqqı hər il yüksələrək normal yaşayış səviyyəsini təmin etmək səviyyəsinə çatıb.

Müəssisəmiz bayram günlərində imkansız ailələrə maddi yardım edir, tələbələrin təhsil almasına və xəstələrin müalicə olunmasına hər cür kömək göstərir. Eyni zamanda müəssisəmizin yerləşdiyi Göytəpə şəhərinin abadlaşdırılmasında və səliqə-sahman yaradılmasında əlimizdən gələni əsirgəmirik. Maliyyə imkanlarımız genişləndikcə xeyriyyəçilik tədbirlərini davam etdirməyi, şəhərin sosial-iqtisadi problemlərinin həllinə köməyimizi genişləndirməyi, yeni istehsal sahələrini işə salmağı nəzərdə tutmuşuq.

Ümumiyyətlə, çalışırıq ki, gördüyümüz işlər əhalinin məşğulluğunun təmin olunmasına, onların rifahının yaxşılaşmasına, doğma vətənimizin iqtisadi qüdrətinin artmasına xidmət göstərsin. Bunun üçün fəaliyyətimizi daha çox istehsal üzərinə yönəldirik. Bu sahədə rayonumuzun sərvətləri əvəzsiz xammaldır. Onları müasir texnologiyalar əsasında son məhsula çevirmək niyyətindəyik. Artıq bu istiqamətdə bir sıra layihələr hazırlamışıq və yaxın günlərdə onların həyata keçirilməsinə başlayacağıq.

Özəl sektorun inkişafına dövlətin göstərdiyi diqqət və qayğı barədə danışarkən bir faktı qeyd etməyi vacib sayıram. Son bir il ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına maliyyələşən investisiya layihələrinə aşağı faizlə yüksək məbləğdə kreditlər ayrılmışdır. Bunun nəticəsində rayonumuzda taxıl anbarları, un dəyirmanı, soyuducu kameralar tikilib istifadəyə verilmişdir. Artıq sahibkarlar öz məhsullarını satmaq üçün bazar axtarmaq və onların satılmayan hissəsini saxlamaq problemindən xilas olmuşlar.

Biz ölkə başçısının diqqət və qayğısından bəhrələnərək ümumi evimiz olan Azərbaycanın daha da tərəqqi etməsi, mövcud sosial-iqtisadi problemlərin həll olunması üçün əlimizdən gələni əsirgəməməliyik. Ölkənin bütün sahibkarları kimi Cəlilabad rayonunun iş adamları da möhtərəm Prezidentimizin qarşımızda qoyduğu vəzifələrin sözsüz yerinə yetirilməsi, biznes fəaliyyətinə yaradılan münbit şəraitdən istifadə edərək müstəqil Azərbaycanın iqtisadi cəhətdən qüdrətlənməsi üçün bütün bilik və bacarığımızı sərf edəcəyik.

 

Bəxtiyar SADIQOV: - Ölkəmizdə həyata keçirilən sosial siyasətin bir istiqamətini də müharibə əlillərinin, veteranların və şəhid ailələrinin yüksək dövlət qayğısı ilə əhatə olunması təşkil edir. Son illərdə artan maliyyə imkanları bu sahədə çoxsaylı dövlət proqramlarının həyata keçirilməsinə imkan verib. İndi elə bir rayon yoxdur ki, orada bu kateqoriyadan olan insanlar üçün hər cür şəraiti olan yaşayış binaları tikilməsin. Qayğıya ehtiyacı olan bu insanların müalicəsi, istirahəti, minik avtomobilləri ilə təmin olunmaları da daim diqqət mərkəzindədir. Cəlilabad rayonunda bu sahədə görülən işlər barədə danışmaq üçün söz "20 Yanvar" Cəmiyyəti Cəlilabad rayon şöbəsinin sədri Mirşamil MÜRSƏLOVa verilir.

 

Mirşamil MÜRSƏLOV:

- Bu il xalqımız dövlət müstəqilliyimizin bərpasının 20 illiyini böyük təntənə ilə qeyd edəcək. Bu 20 il bizə çox şeyi öyrətdi. 1991-1993-cü illərdə baş verən proseslər göstərdi ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir. Əslində o illərdə hakimiyyətdə bir-birini əvəz edən siyasət dəllalları müstəqilliyimizi formallıqdan o yana keçirə bilmədilər. Bu mənada Azərbaycanın həqiqi dövlət müstəqilliyi xalqımızın dahi oğlu Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra qazanıldı. Bu gün isə ümummilli liderin layiqli siyasi davamçısı olan Prezident İlham Əliyevin apardığı uğurlu siyasət sübut edir ki, müstəqil Azərbaycanın gələcəyi etibarlı əllərdədir.

Heydər Əliyevin müəllifi olduğu ölkəmizin inkişaf strategiyasını özünəməxsus uzaqgörənliklə davam etdirən, yeni keyfiyyət göstəriciləri ilə zənginləşdirən Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi genişmiqyaslı tədbirlər Cəlilabad rayonunun tərəqqisinə də böyük töhfələr verməkdədir. Son illər rayonumuz sürətlə inkişaf etmiş, öz görünüşünü büsbütün dəyişərək respublikanın ən abad rayonlarından birinə çevrilmişdir. Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının həyata keçirilməsi nəticəsində on il bundan əvvəlki Cəlilabaddan əsər-əlamət qalmamışdır. İqtisadiyyatın bütün sahələrində dinamik inkişaf və yüksəliş tempi müşahidə edilir.

Rayonumuzda digər sahələrlə yanaşı sosial sahə də daim diqqət mərkəzində saxlanılmış, sosial layihələrin həyata keçirilməsi, məşğulluq problemlərinin həll olunması, xüsusi kateqoriyadan olan insanların mənzillə təmin edilməsi, sosial yardıma ehtiyacı olan şəxslərin müəyyənləşdirilməsi üçün ardıcıl iş aparılmışdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən və ən böyük sosial layihələrdən olan ünvanlı sosial yardımın verilməsi Cəlilabad rayonunda da uğurla icra edilməkdədir. Hazırda bu proqram rayonumuzda 3116 ailəni və ya 15768 nəfəri əhatə edərək onlara dövlətin qayğısından maksimum bəhrələnmək və yoxsulluğu azaltmaq imkanı vermişdir. Rayonda yaşayan 98 nəfər tək və kimsəsiz ahıl vətəndaşa müxtəlif növ sosial xidmətlər göstərilir.

Dövlətimiz həmişə şəhid ailələrinə, müharibə əlillərinə lazımi qayğı göstərmiş, onların maddi və mənəvi rahatlığı üçün ən zəruri tədbirləri görmüşdür. Ümummilli lider Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində bu kateqoriyadan olan insanlara özünün ən əziz adamı kimi baxmış, onların problemlərinin həllinə xüsusi diqqət yetirmişdir. Fərəhli haldır ki, bu kursu uğurla davam etdirən Prezident İlham Əliyevin təşəbbüsü ilə son illərdə ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin sosial rifahını daha da yaxşılaşdırmaq üçün çoxşaxəli tədbirlər həyata keçirilməkdədir. Bu gün ölkəmizin hər yerində şəhid ailələrinin, müharibə və 20 Yanvar əlillərinin müasir tipli yaşayış evləri ilə təmin olunmaları, əlillərə minik avtomobillərinin verilməsi, onların pensiya təminatının yaxşılaşdırılması olduqca təqdirəlayiqdir.

Azərbaycan dövlətinin şəhid ailələrinə, veteranlara qayğısı Cəlilabad rayonunun timsalında da aydın görünür. Son beş ildə Cəlilabad şəhərində şəhid ailələri və müharibə əlilləri üçün 16 mənzilli iki və 36 mənzilli yaşayış binaları tikilib istifadəyə verilmiş və həmin mənzillər hər cür avadanlıqlarla təmin edilmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev 2010-cu il aprelin 29-da rayonumuza səfəri zamanı 36 mənzilli yaşayış binasının açılışında iştirak etmiş və mənzillərin açarlarını sahiblərinə təqdim etmişdir. Bu hadisə şəhid ailələri və müharibə əlillərinin yaddaşına əbədi həkk edilmiş, onların sevincinə və ruh yüksəkliyinə səbəb olmuşdur. Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 8 nəfər Qarabağ müharibəsi və 1 nəfər 20 Yanvar əlilinə yaşadıqları kəndlərdə müasir tipli və bütün məişət şəraiti olan fərdi evlər inşa edilmişdir.

Biz Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın da qayğısını daim hiss edirik. Buna bariz nümunə olaraq Cəlilabad şəhərində yaşayan əlil vətəndaşımızın bir yaşlı qızı Günay Verdiyevanın anadangəlmə ürək qüsurunun aradan qaldırılması üçün cərrahiyyə əməliyyatının keçirilməsi məqsədilə Heydər Əliyev Fondu tərəfindən 18 min ABŞ dolları məbləğində yardımın ayrılmasıdır. Bu, təkcə həmin ailənin deyil, bütün cəlilabadlıların böyük sevincinə səbəb olmuş və minnətdarlıq hissilə qarşılanmışdır.

Cəlilabadda məcburi köçkün ailələrinin də sosial-məişət problemlərinin həlli istiqamətində müntəzəm iş aparılır. Rayonumuzda məskunlaşmış 1307 nəfər məcburi köçkünün yaşadığı binalar təmir edilmiş, su və enerji təchizatı yaxşılaşdırılmışdır. Onlara müntəzəm olaraq tibbi xidmət göstərilir və pulsuz dərman preparatları verilir. Məcburi köçkünlərə əkin üçün bələdiyyə mülkiyyətindən 130 hektar torpaq ayrılmış, onların 81 nəfəri daimi işlə təmin olunmuşdur.

Bütün bunlar vətən uğrunda canlarından keçən və sağlamlıqlarını itirən şəxslərin dövlət tərəfindən xüsusi qayğı ilə əhatə olunduğunu bir daha sübut edir. Göstərdiyi diqqətə görə rayonumuzun şəhid ailələri, müharibə və 20 Yanvar əlilləri Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya ürəkdən minnətdardırlar.

 

Bəxtiyar SADIQOV: - Dinamik sosial-iqtisadi inkişafın mühüm göstəricilərindən biri də ölkənin hər yerində geniş vüsət alan abadlıq və quruculuq işləridir. İndi artıq nəinki rayon mərkəzləri, hətta ən ucqar kəndlərimiz son dərəcə abad yaşayış məskəninə çevrilib. Sovetlər dövründə yalnız atla gedilən kəndlərə asfalt çəkilib. Bu mənada Cəlilabad rayonu da özünün yüksəliş və quruculuq dövrünü yaşayır. Rayon mərkəzinə daxil olanda diqqəti ilk növbədə yüksək səviyyədə aparılan abadlıq işləri çəkir. Bu barədə danışmaq üçün söz Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının memarlıq və tikinti şöbəsinin müdiri Ağadadaş ABBASOVa verilir.

 

Ağadadaş ABBASOV:

- Son illərdə bütün ölkə üzrə həyata keçirilən quruculuq, abadlıq, yenidənqurma və bərpa işləri Cəlilabad rayonunda da geniş vüsət alıb. Bunun nəticəsində rayonumuz tamamilə müasirləşərək respublikamızın dilbər guşələrindən birinə çevrilmişdir.

Etiraf etmək lazımdır ki, 5-6 il bundan əvvəl Cəlilabad şəhəri arxitektura görünüşünə və səliqə-sahmanına görə ən geri qalmış əyalət rayonlarından biri idi. Səliqəsiz və primitiv tikililər, palçıqlı küçələr, zövqsüz kommersiya obyektləri ilk baxışdan rayon haqqında mənfi təsəvvür yaradırdı. İnsanların dincəlməsi və asudə vaxtlarının keçirilməsi üçün heç bir məkan yox idi. İşıqlandırma sistemi zəif olduğuna görə gecələr küçələrə çıxmaq mümkün deyildi.

Lakin Prezident İlham Əliyevin tapşırığına əsasən 2006-cı ilin avqustundan sonra rayonumuzda geniş quruculuq və abadlıq işlərinə başlanıldı. Ölkə başçısının ayırdığı vəsait və yerli imkanlar hesabına bir-birinin ardınca tikilən istirahət parkları, inzibati binalar, sosial-məişət obyektləri şəhərin simasını tamamilə dəyişdi. Cənab Prezidentin təşəbbüsü ilə salınan 5 hektarlıq Heydər Əliyev seyrəngahı indi təkcə cəlilabadlıların deyil, respublikanın digər rayonlarından gələn turistlərin də sevimli istirahət yerinə çevrilmişdir. Parkın tərtibatında milli ornamentlərdən geniş istifadə olunmuş, xaricdən gətirilmiş ağac və bəzək kolları əkilmişdir. Parkın ərazisindəki süni göl gənclərin və yeniyetmələrin əylənməsində xüsusi yer tutur.

Son illərin yadigarı olan əzəmətli Heydər Əliyev muzeyi, Heydər Əliyev adına yaradıcılıq mərkəzi, avtovağzal, otel, tarix-diyarşünaslıq muzeyi, şahmat məktəbi, müalicə-diaqnostika mərkəzi, yeraltı keçid, gənclərin istirahət parkı, çoxlu inzibati binalar şəhərimizə xüsusi yaraşıq verir. Sevindirici haldır ki, onların əksəriyyətinin açılışında Prezident İlham Əliyev iştirak etmişdir. Əvvəllər bərbad vəziyyətdə olan bütün binalar sökülərək müasir tipli yeni binalarla əvəz edilmiş, kommunal yaşayış binalarının dam örtükləri və fasadları təzələnmişdir. Rayonun ən hündür guşəsində Dövlət Bayrağının ucaldılması, Ələt-Astara yolunun Cəlilabad şəhəri ərazisindən keçən hissəsində yaraşıqlı hasar çəkilməsi, dörd yolayrıcında simvolik abidənin, giriş və çıxışda ad göstəricilərinin quraşdırılması rayon ərazisinə daxil olan hər kəsdə xoş təəssürat yaradır.

Müstəqilliyimizin rayonumuza verdiyi ən böyük töhfələrdən biri də 70 illik sovet hakimiyyəti dövründə asfalt üzünə həsrət qalmış küçə və yolların asfaltlaşdırılmasıdır. 5-6 il bundan əvvələ qədər Cəlilabad şəhərindəki küçələrin bir hissəsi və rayon mərkəzi ilə kəndləri birləşdirən yollar torpaqdan ibarət idi. Ona görə payız-qış aylarında ucqar dağ kəndlərinə gediş-gəliş çətinləşir, nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşırdı. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində artıq bu problem aradan qaldırılmış, Cəlilabad şəhərindəki küçələrin 90 faizi və kənd yollarının əksər hissəsi asfaltlanmışdır. Prezident İlham Əliyevin göstərişi əsasında salınan Cəlilabad-Yardımlı yolu beynəlxalq standartlara uyğun inşa olunur. Həmin yol istifadəyə verildikdən sonra rayonun yol problemi birdəfəlik aradan qalxacaqdır.

Yollarla yanaşı kəndlərin müasirləşməsi də diqqət mərkəzindədir. Yaşayış məntəqələrindəki bütün sosial-məişət obyektləri əsaslı təmir olunmuş, yeni təhsil, səhiyyə və mədəniyyət ocaqları, poçt şöbələri, inzibati binalar tikilib istifadəyə verilmişdir. Əhalinin pul gəlirləri çoxaldığına və yaşayış səviyyəsi yüksəldiyinə görə köhnə və primitiv yaşayış evlərini daha müasir binalar əvəz edir. İndi rayonun Privolnoye, Uzuntəpə, Üçtəpə, Alar, Qarazəncir, Günəşli və digər iri yaşayış məntəqələri rayon tipli şəhər görkəmindədir. Ölkə başçısının yeniləşmə ideyalarından ruhlanan kənd sakinləri öz güzəranlarını daha yaxşı qurmağa, küçələrində və həyətlərində səliqə-sahman yaratmağa səy göstərirlər.

Tikinti-abadlıq işlərinin əsas hissəsini yeni məktəblərin inşası təşkil edir. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına əsasən və Heydər Əliyev Fondunun təşəbbüsü ilə Cəlilabad şəhərində, Alar, Günəşli, Xəlilabad, Zopun, Gülməmmədli, Şiləvəngə, Ağdaş, Çünzəli, Bəcirəvan, Komanlı, Cəlayir, Kövüzbulaq kəndlərində hər cür şəraiti olan müasir tipli orta məktəb binaları istifadəyə verilmişdir. 2013-cü ilədək qəzalı və uyğunlaşdırılmış binalarda yerləşən bütün məktəblər üçün yeni binaların inşa olunması nəzərdə tutulmuşdur.

Bu gün Cəlilabad rayonu nəhəng tikinti meydanını xatırladır. Həyata keçirilən tədbirlər belə deməyə əsas verir ki, yaxın illər ərzində rayonumuz davamlı inkişaf yolu keçəcək, şəhər və kəndlərimiz daha da müasirləşəcək, insanların rifah halı durmadan yüksələcəkdir.

 

Bəxtiyar SADIQOV: - 7 ildir fəaliyyət göstərən Heydər Əliyev Fondu ulu öndərin ideyalarını, xeyirxah və müqəddəs əməllərini yaşatmaq üçün müxtəlif sahələrdə fundamental və çoxşaxəli layihələr həyata keçirir, hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin həllinə həm maddi, həm də mənəvi dəstək verir. Fondun layihələri Cəlilabad rayonunu da əhatə edir. Son illərdə burada həyata keçirilən quruculuq işlərinə, təhsilin inkişafı, tibbi xidmətin yüksəldilməsi ilə bağlı görülən işlərə Heydər Əliyev Fondu özünün layiqli töhfələrini verir. Bu mövzuda danışmaq üçün söz "Yeni gün" qəzetinin redaktoru Böyükxan BAĞIROVa verilir.

 

Böyükxan BAĞIROV:

-Yarandığı 2004-cü ildən bəri Heydər Əliyev Fondu respublikamızın ictimai, sosial və mədəni həyatında fəal iştirak edir. Bu gün ölkəmizin hər bir guşəsində Heydər Əliyev Fondunun nişanələrini, yadigarlarını görmək olar. Təsadüfi deyil ki, ölkəmizdə Mehriban xanımın adı xeyirxahlıq, nəciblik, vətənpərvərlik rəmzinə çevrilmişdir.

Respublikamızın hər yerində olduğu kimi, Cəlilabad rayonunda da Heydər Əliyev Fonduna böyük sevgi və ehtiram var. Bu sevgi və ehtiram Fondun rayonumuza bəxş etdiyi layiqli töhfələrdən qaynaqlanır. Fondun köməyi, xeyir-duası ilə "Yeniləşən Azərbaycana - yeni məktəb" proqramı çərçivəsində rayonda 5 ümumtəhsil məktəbi - Akademik Zərifə Əliyeva adına 1100 yerlik Cəlilabad şəhər 7 saylı orta məktəbi, 240 yerlik Bəcirəvan və Kövüzbulaq kənd tam orta məktəbləri, 100 yerlik Cəlayir və Çünzəli kənd tam orta məktəbləri tikilib istifadəyə verilmişdir. Bundan başqa, Fondun yaxından köməyi ilə mədəni-maarif müəssisələrimizdə xeyli təmir, yenidənqurma işləri görülmüş, Cəlilabad şəhərində Heydər Əliyev adına yaradıcılıq mərkəzi inşa edilmişdir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva çətinliyə düşmüş soydaşlarımızın ümid yeri, güvənci, pənahıdır. O, xeyriyyəçi, insanpərvər və humanist bir şəxsiyyət kimi xəstələrə, şikəst körpələrə, talassemiya və hemofiliya xəstəliyinə tutulmuş soydaşlarımıza daim diqqət və qayğı göstərir. Elə bu yaxınlarda, 1 iyul 2011-ci il tarixdə Fondun dəstəyi və təşkilatçılığı ilə xəstə uşaqlara yardım məqsədi ilə rayonumuzda qanvermə aksiyası keçirilmiş, bu aksiyada 200 nəfər cəlilabadlı qan vermişdir. Bundan başqa, müxtəlif xəstəliklərdən əziyyət çəkən rayonumuzun sakinlərindən 4 nəfəri üzərində Fondun hesabına respublikamızın ayrı-ayrı tibb müəssisələrində cərrahi əməliyyatlar aparılmışdır. Fürsətdən istifadə edib, göstərdiyi bütün bu diqqət və qayğıya görə Heydər Əliyev Fonduna, onun prezidenti Mehriban xanım Əliyevaya cəlilabadlıların təşəkkürünü çatdırmaq istəyirəm.

Heydər Əliyev Fondu həmçinin milli mədəniyyətimizin, incəsənətimizin, xüsusən muğam sənətimizin inkişafı və təbliği sahəsində böyük layihə həyata keçirir, festival və müsabiqələr təşkil edir. Sevindirici haldır ki, rayonumuzdan olan xüsusi istedadlı gənclər bu festivallarda müvəffəqiyyətlə çıxış edirlər. Cəlilabad şəhər uşaq incəsənət məktəbinin muğam sinfinin şagirdləri respublika muğam müsabiqəsində müvəffəqiyyətlə çıxış edərək mükafata layiq yer tutmuşlar.

Burada səslənən çıxışlarda da qeyd edildi ki, böyük ədibimizin adını daşıyan Cəlilabad şəhəri son illərdə dinamik inkişaf etmiş, tanınmaz dərəcədə dəyişmişdir. Quruculuq və abadlıq işləri indi də böyük həvəslə davam etdirilir, həyata yeni-yeni ünvanlar vəsiqə alır. İnsanların istifadəsinə verilən bu ünvanların ərsəyə gəlməsində Heydər Əliyev Fondunun köməyi və dəstəyi göz önündədir. Cəlilabadlılar bu qayğını və dəstəyi yüksək qiymətləndirir, Heydər Əliyev Fonduna öz səmimi minnətdarlıqlarını bildirirlər.

 

Bəxtiyar SADIQOV:

- Hörmətli "dəyirmi masa" iştirakçıları!

Azərbaycanın dinamik inkişafı, yaşanan tərəqqinin bütün ölkə boyu proporsional qaydada paylanması qazanılan uğurların miqyasının bundan sonra da davamlı şəkildə genişlənəcəyini göstərir. Bütün bunlar kifayət qədər dəqiqliklə, uzaqgörənliklə düşünülmüş və konkret məqsədlərə hesablanmış inkişaf strategiyasının məntiqi nəticəsi olaraq müstəqil dövlətimizin inkişaf tarixinə yazılacaq. Sözügedən strategiyanın müəllifi isə tarixə ən böyük şəxsiyyətlərdən biri kimi daxil olmuş ulu öndər Heydər Əliyevdir.

Ümummilli liderin siyasi kursunun ən görkəmli nümayəndəsi olan Prezident İlham Əliyev mövcud inkişaf strategiyasını özünəməxsus mütərəqqi və innovativ əlavələrlə, zamanın çağırışlarına adekvat olan yeniliklərlə daha zəngin hala gətirib. Elə bu da ölkəmizə daha böyük müvəffəqiyyətlər qazandırır, Azərbaycanın dünya liderləri cərgəsində mövqelərini mütəmadi olaraq möhkəmləndirir. Dövlət başçısının rəhbərliyi altında həyata keçirilən səmərəli islahatlar ilk növbədə sosialyönümlü problemlərin kompleks həllinə geniş imkanlar açır. Həmçinin imzalanan mühüm fərman və sərəncamlar ölkəmizdə müşahidə olunan iqtisadi inkişafın daha yüksək templərlə xarakterizə edilməsinə səbəb olur. Bunun nəticəsidir ki, ölkəmizdə özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü, çoxşaxəli milli iqtisadiyyat formalaşıb.

Bu səpkili iqtisadiyyatın yaradılması prosesində ölkə regionlarının payı və xüsusi çəkisi yüksək olub. Zaman göstərir ki, Prezident İlham Əliyev regionların inkişafına dair dövlət proqramlarını hazırlatmaqla çox böyük uzaqgörənlik etmişdir. Çünki bu proqramların icrası nəticəsində Azərbaycanın iqtisadi potensialı hərəkətə gətirilib və xüsusən regionların inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Zamanın nəbzini düzgün tutmaqla mövcud iqtisadi potensialdan və resurslardan, bütün imkanlardan səmərəli şəkildə istifadə etməklə ölkə iqtisadiyyatının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına nail olan Prezident İlham Əliyev bununla həm də ulu öndər Heydər Əliyevin ideyalarını uğurla həyata keçirir.

Burada səslənən fikirlərdən aydın oldu ki, ölkəmizin digər regionları kimi, Cəlilabadda da son illərdə sosial-iqtisadi inkişaf istiqamətində böyük uğurlara imza atılıb. Rayonun inkişaf tempi dinamizmə, modernizmə əsaslanır. İstər aqrar sahədə, istər sənaye istehsalında sürətli inkişaf var. Vaxtilə kənd təsərrüfatının inkişaf səviyyəsinə görə ölkəmizin qabaqcıl rayonlarından olan Cəlilabad artıq əvvəlki şöhrətini özünə qaytarıb. Ən maraqlısı odur ki, dövlət qayğısından, yaradılan əlverişli biznez mühitindən yararlanan iş adamları, fermerlər istehsal prosesində ən qabaqcıl texnologiyaları tətbiq edirlər.

Dövlət müstəqilliyimizin bərpasının 20 illiyinə həsr olunmuş bu "dəyirmi masa"da biz Azərbaycanın sosial-iqtisadi inkişafına Cəlilabad rayonunun timsalında nəzər saldıq. Çıxışlarda deyilən faktlar, rəqəmlər, bütövlükdə qazanılan bütün uğurlar hər birimizdə fərəh hissi yaradır. Ölkəmizin ən sürətlə tərəqqi edən rayonlarından biri kimi Cəlilabadın növbəti illərdə əldə olunacaq nailiyyətlərdə xüsusi çəkisini artıracağı şübhəsizdir. Bu mənada əminik ki, Cəlilabad bundan sonra da dinamik inkişafı ilə ölkəmizin iqtisadiyyatına, ən əsası dövlət müstəqilliyimizə özünün sanballı töhfələrini verəcək, daim qabaqcıl rayon kimi seçiləcəkdir. Bu yolda sizin hər birinizə uğurlar arzu edirik.

 

 

Azərbaycan.- 2011.- 19 iyul.- S. 4-5.