Akademikin xatirəsi yad edildi

 

Akademik Məmmədtağı Cəfərov qısa bir fasilə ilə iyirmi il Kənd Təsərrüfatı Akademiyasına (indiki Dövlət Aqrar Universiteti) rəhbərlik edib. Görkəmli alim əsl el fədaisi idi. Onun bir sıra əsərlərindən, ilk növbədə isə "Torpaqşünaslıq" monoqrafiyasından indi də dərs vəsaiti kimi istifadə olunur. M.Cəfərov ölkənin ictimai həyatında fəal iştirak edirdi. Uzun illər respublika Ziyalılar Cəmiyyəti idarə heyətinin sədri olub.

Bu günlərdə Dövlət Aqrar Universitetində akademik Məmmədtağı Cəfərovun 75 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilmişdir. Əvvəlcə Məmmədtağı Cəfərovun xatirəsinə həsr olunmuş film nümayiş etdirildi. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, əməkdar elm xadimi Mirdaməd Sadıqov təcrübəli təhsil təşkilatçısının xidmətlərindən, torpaqşünaslıq elminin inkişafındakı rolundan danışdı. Torpaqşünaslıq, aqrokimya və ekoloji kənd təsərrüfatı kafedrasının müdiri, professor, əməkdar müəllim Amin Babayev akademikin həyat və fəaliyyəti haqqında məruzə ilə çıxış etdi.

Sonra akademik Siddiqə Məmmədova, universitetin məzunu Günel Əliyeva, Hacı Ələsgər, qocaman təhsil işçisi Nəcəf Nəcəfov, kafedra müdiri Cəmil Babayev, Gəncə Dövlət Universitetinin rektoru Elman Məmmədov, Regional Elm Mərkəzinin direktoru Fuad Əliyev və başqaları alim haqqında xatirələrini söylədilər.

 

 

Azərbaycan.- 2011.- 19 iyul.- S. 8.