Rusiya Gənclərinin İctimai Palatasının nümayəndələri Bakı Slavyan Universitetində olmuşlar

 

Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəvəti ilə Bakıya gəlmiş Rusiya Gənclərinin İctimai Palatasının nümayəndələri iyulun 19-da Bakı Slavyan Universitetində (BSU) olmuşlar.

BSU-dan AzərTAc-a bildirmişlər ki, əvvəlcə qonaqlar universitetin muzeyində ümummilli lider Heydər Əliyevin Rusiya Federasiyasının sabiq prezidenti V.Putinə BSU-nun Fəxri Doktoru diplomunu təqdim etməsi ilə bağlı təntənəli mərasimdə professor-müəllim heyəti ilə görüşünə həsr olunmuş filmə baxmışlar.

Görüşdə BSU-nun rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Kamal Abdullayev rəhbərlik etdiyi ali təhsil müəssisəsinin yaranma tarixi, fəaliyyəti və beynəlxalq əlaqələri barədə ətraflı məlumat vermişdir.

Rusiya universitetləri ilə əməkdaşlığın genişləndiyini bildirən rektor qeyd etmişdir ki, belə görüşlər əlaqələri daha da dərinləşdirəcəkdir. Bizim məqsədimiz tələbələrimizi dövlət üçün, cəmiyyətimiz üçün layiqli vətəndaşlar kimi formalaşdırmaqdır.

Qonaqlar səmimi qarşılandıqlarına və BSU-nun Azərbaycanda rus dilinin tədrisi ənənəsini qoruyub saxladığına görə K.Abdullayevə minnətdarlıqlarını bildirmişlər.

Sonra qonaqlar universitetdə fəaliyyət göstərən Rusiya, Ukrayna, Polşa, Çexiya, Yunanıstan, Türkiyə, Bolqarıstan və Belarus tədris-mədəniyyət mərkəzləri, kitabxana, zəngin texniki avadanlıqla təchiz edilmiş linqafon zalları, elmi-tədqiqat laboratoriyaları ilə tanış olmuş, tələbələrlə xatirə şəkli çəkdirmişlər.

 

 

Azərbaycan.- 2011.- 20 iyul.- S.5.