Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının nümayəndə
heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev iyulun 20-də Avropa Şurası
Parlament Assambleyasının nümayəndə heyətini qəbul
etmişdir.
Dövlət başçısı qonaqlara
müraciətlə dedi:
- Sizi görməyimə çox
şadam, Azərbaycana xoş gəlmisiniz. Çox şadam
ki, ölkəmizə səfər edirsiniz. Bu, həmçinin
münasibətlərimizə aid ciddi məsələləri
müzakirə etmək fürsətidir. Ümumiyyətlə,
biz çox məmnunuq ki, Azərbaycan ilə Avropa
strukturları arasında olan münasibətlər inkişaf
edir. Bu münasibətlərin uzun tarixi var. On ildən
çoxdur ki, Azərbaycan Avropa Şurasının
üzvüdür, özü də fəal üzvüdür.
Bildiyiniz kimi, biz Avropa İttifaqının "Şərq tərəfdaşlığı"
proqramında iştirak edirik. Avropa İttifaqının təsisatları
ilə Azərbaycan arasında olan təmaslar çox
dinamikdir.
Bu ilin əvvəlində sədr
Barrozunun Azərbaycana çox uğurlu səfəri baş
tutdu. Biz olduqca mühüm sənədə imza atdıq.
Ötən ay mən Brüsselə səfər etdim və
Avropa Komissiyasının sədri Barrozu, Avropa
İttifaqının sədri Van Rompey və Avropa Parlamentinin sədri
Buzeklə görüşlərim oldu. Bu,
görülmüş işləri bir daha nəzərdən
keçirmək imkanı yaratdı və ən vacibi isə o
idi ki, gələcək üçün məqsədlər
müəyyən edildi.
Çox şadam ki, bu gün Avropanın
əsas siyasi partiyalarının nümayəndələri
qonaqlarımız arasındadır. Bu, əməkdaşlığın
yaxşı formatıdır. Azərbaycan ilə Avropa təsisatları
arasında əməkdaşlıq müxtəlif formatlarda
inkişaf edir. Əminəm ki, gələn illər ərzində
olduqca mühüm nailiyyətlər əldə ediləcəkdir.
Sizin səfəriniz həm də Azərbaycanı
daha yaxşı tanımaq, ölkəni real şəkildə
görmək üçün çox yaxşı fürsətdir.
Çünki hər hansı nəticəyə gəlmək
üçün həmişə şəxsi təəssüratlara
arxalanmaq ən münasib yoldur.
Azərbaycan müstəqillik
baxımından gənc ölkədir, cəmi 20 ildir ki, biz
müstəqilik. Lakin bu ölkənin böyük tarixi və
adət-ənənələri vardır. Müxtəlif tarixi
mərhələlərdə biz digər ölkələrin və
imperiyaların hissəsi olmuşuq. Yalnız 20 il öncə
biz müstəqilliyimizi əldə etmişik. Həmin illər
dünyəvi, demokratik və inkişaf etmiş ölkənin
qurulmasında çox mühüm olmuşdur. İyirmi il uzun
dövr deyil, lakin həmin vaxt ərzində əsas çətinliklərin
aradan qaldırılmasına nail olduq.
Müstəqilliyimizin ilk illərində
vətəndaş müharibəsi, Ermənistanın
işğalı ilə üzləşdik. Eyni zamanda, biz
siyasi sistemi və demokratik təsisatları qura bildik, bir
sıra Avropa təsisatlarına qəbul olunduq, region ölkələri
ilə güclü əlaqələr qurduq və çox
perspektivli iqtisadi inkişafa nail olduq.
Son 7 il bizim üçün çox
uğurlu olub, iqtisadiyyatımız 3 dəfə
artıbdır. Azərbaycan BMT-nin İnsan İnkişafı
İndeksində ən sürətli artıma nail oldu. Bu, ən
sürətli inkişaf tempi idi.
Əlbəttə ki, biz bütün
Avropa təsisatları ilə əlaqələrimizi siyasi
partiyalar formatında, Avropa Parlamenti-Azərbaycan, Avropa
Şurası- Azərbaycan səviyyəsində inkişaf
etdirməliyik. Həmçinin, insanlar arasında da təmasları
daha sıx etməliyik. Çünki biz özümüzü
hələ də təqdim etməyə ehtiyac duyuruq. Bizi
Avropanın ictimai rəyində o qədər
tanımırlar. Bu, obyektiv səbəblərlə
bağlıdır. İyirmi il o qədər də uzun
dövr deyil. Buna görə bizə vaxt lazımdır.
Biz avropalı qonaqlarımızı Azərbaycana
səfərə dəvət etməkdə olduqca
maraqlıyıq. Burada nəinki paytaxt şəhərlə, həm
də rayonlarla da tanışlıq, eləcə də
uzunmüddətli tərəfdaşlıq münasibətlərinin
qurulması nəzərdə tutulur. Avropa ölkələri
ilə ikitərəfli əlaqələrimizə gəldikdə
bizim çox yaxşı nailiyyətlərimiz var. Avropa
İttifaqına üzv olan bütün ölkələrlə,
demək olar ki, güclü siyasi və iqtisadi münasibətlərimiz
var. Bu da çox əhəmiyyətlidir.
NATO-nun tərəfdaşı kimi, Azərbaycan
nəinki öz hərbçiləri ilə, o cümlədən
daşıma marşrutları ilə Əfqanıstanda
sülhməramlı əməliyyatlara töhfə verir. NATO
üçün daşımaların dörddəbir hissəsindən
çoxu Azərbaycan vasitəsilə həyata keçirilir.
Bu, ilk növbədə bizim məramımızı
nümayiş etdirir, ikincisi isə, Azərbaycan ilə
Avratlantik təsisatları arasında münasibətlərin
göstəricisidir.
***
Avropa Şurası Parlament
Assambleyasında Avropa Xalq
Partiyasının sədri, prosedur
qaydaları, toxunulmazlıq və təsisat məsələləri,
monitorinq, sosial, səhiyyə
və ailə məsələləri komitələrinin üzvü Luka VOLONTE təmsil
etdiyi partiyanın Azərbaycanla əməkdaşlığına
toxunaraq dedi:
- Siz Avropa Xalq
Partiyasının sədri cənab Martenslə görüşmüsünüz.
Yeni Azərbaycan Partiyası ilə Avropa Xalq Partiyası
arasında sıx dostluq münasibətlərinin
qurulması arzusu vardır. Avropa Şurasında apardığımız iş göstərir ki,
birgə işləmək mümkündür.
Xristian Demokrat
Partiyası və bir sıra digər partiyalar əməkdaşlıq etmək
fikrindədir, çünki bizim insan hüquqları,
ailə dəyərləri, azad cəmiyyət,
liberal iqtisadiyyat kimi mühüm
meyarları müdafiə və təşviq etməkdə
maraqlarımız eynidir. Təbii ki, biz cənab Martensə
təklif edə bilərik ki, Avropa Xalq Partiyası ilə
Avropadan kənarda fəaliyyət göstərən
siyasi partiyalar
arasında güclü dostluq
əlaqələri yaratmaq imkanını
dəyərləndirsin.
Prezident İlham ƏLİYEV
Azərbaycanda həyata keçirilən siyasi,
sosial-iqtisadi islahatlardan
danışaraq dedi:
- Əminəm ki, həyata keçirdiyimiz
istər siyasi, istərsə də iqtisadi islahatlar artıq uğurlu inkişafa
aparmaqdadır. Azərbaycanda siyasi
və iqtisadi islahatlar
paralel şəkildə həyata keçirilir. Əminəm ki,
Avropa Şurasına üzvlüyümüz
siyasi sistemimizin
meyarlarını Avropa İttifaqına üzv olan və uzun demokratiya ənənələri
tarixi ilə seçilən dövlətlərdə
olan meyarlara daha da
yaxınlaşdırmaqda bizə çox
yardım etdi. Əslində, bu, bizim məqsədimizdir.
Dövlət
başçısı Azərbaycanda qəbul edilən
qanunların ölkədə yeni siyasi mühit
yaratdığını bildirdi. Prezident İlham Əliyev
ölkədə mətbuat azadlığının və
internetə azad
çıxışın təmin olunduğunu,
internet istifadəçilərinin əhalinin
50 faizini təşkil etdiyini
dedi. Siyasi və demokratik inkişafın
Azərbaycan qarşısında duran əsas
prioritetlərdən biri olduğunu
deyən dövlət başçısı genişmiqyaslı
uğurlu siyasi
islahatların aparıldığını xatırlatdı. Prezident İlham Əliyev
Azərbaycanda əsas azadlıqların tam
təmin olunduğunu, bütün
millətlərin və dinlərin nümayəndələrinin
azad şəraitdə
yaşadıqlarını vurğuladı.
Dövlət
başçısı daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs
edərək dedi:
- Dağlıq Qarabağ münaqişəsinin uzun tarixi vardır. Bu, nəinki
Azərbaycan üçün,
bütövlükdə region üçün əsas problemdir.
Əslində, bu münaqişə Sovet İttifaqının son
illərində başladı. Müstəqilliyimiz belə bir ağır və qanlı münaqişə
ilə çətinləşdi və bu,
Azərbaycan ərazilərinin 20 faizinin
işğalı ilə nəticələndi. Azərbaycanlılara
qarşı aparılan etnik təmizləmə
siyasəti nəticəsində bizim 1 milyon qaçqın və məcburi köçkünümüz vardır.
Dağlıq Qarabağ tamamilə monoetnik struktura çevrilib, orada bir nəfər də azərbaycanlı
qalmayıbdır. Münaqişədən əvvəl isə
orada əhalinin 25 faizini
azərbaycanlılar təşkil edirdi.
Onların hamısı qovulub,
Dağlıq Qarabağın heç vaxt hissəsi olmayan və
ermənilərin heç vaxt
yaşamadıqları ətrafdakı yeddi
rayondan təxminən 700 min
azərbaycanlı didərgin düşübdür.
Bu il ATƏT-in
missiyası həmin yerlərə aid qiymətləndirmə
hesabatı hazırlayıbdır. Həmin missiya
işğal olunan ərazilərə
səfər edib və hər şeyin - binalarımızın, qəbiristanlıqlarımızın,
məscidlərimizin viran qoyulduğunu
qeyd edibdir. Orada həyat yoxdur. Beynəlxalq
təşkilatlar qərar və qətnamələr qəbul edibdir. Ən ali beynəlxalq
orqan - BMT-nin Təhlükəsizlik
Şurası erməni qüvvələrinin
çıxarılmasını tələb edən 4 qətnamə
qəbul edibdir. Avropa
Şurası da 2005-ci ildə qətnamə
qəbul edib, Avropa Parlamentinin və ATƏT-in qərarları olubdur. Lakin məsələ
hələ də həll edilməyibdir.
Əsas səbəb isə
odur ki, Ermənistan status-kvonu daim saxlamaq istəyir. Onlar işğal edilən ərazilərdən çəkilmək
istəmirlər və
danışıqlar prosesi
zamanı Dağlıq
Qarabağ üçün
müstəqillik əldə
etməyə çalışırlar.
Lakin Dağlıq Qarabağ tarixən heç vaxt Ermənistanın hissəsi olmayıb.
İkincisi, o, Azərbaycanın mərkəzində yerləşir.
Hazırda ora
nəzarətsiz bir ərazidir. Vasitəçilər
və Azərbaycanın təkliflərinə gəldikdə, bu, güzəştlərə əsaslanan ədalətli
yanaşmadır. Bunun nəticəsində Dağlıq Qarabağda
yaşayanlara yüksək
özünüidarə statusu verilə
bilər və eyni zamanda
Azərbaycanın ərazi bütövlüyü
bərpa olunar. Ümidvarıq ki, Ermənistan bu səslərə,
xüsusən də ən qüdrətli dövlətlərin
liderlərinin status-kvonun qəbuledilməz
olması haqqında çağırışlarına qulaq asacaqdır.
***
Sonra görüşdə Avropa Şurası Parlament
Assambleyasının nümayəndələri ilə fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2011.-21
iyul.-S.1.