Türkiyəli jurnalistlərin Azərbaycana səfərinin əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələrinin ölkə ictimaiyyətinə daha dolğun çatdırılmasıdır

 

İyulun 20-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ölkəmizdə səfərdə olan Türkiyə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşmüşdür.

Ə.Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən, ermənilərin törətdikləri vəhşiliklərdən danışmış, Azərbaycan ilə Türkiyənin uğurlu münasibətlərinə toxunmuşdur. Diqqətə çatdırmışdır ki, erməni problemi bütün türk dünyasının problemidir. Azərbaycan ilə Türkiyənin diasporları ermənilərə qarşı birgə mübarizəni daha da gücləndirməlidir.

Əli Həsənov Azərbaycan dövlətinin məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirləri qeyd edərək vurğulamışdır ki, ölkəmizdə son 20 ildə qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə 4,5 milyard ABŞ dolları məbləğində vəsait sərf olunmuşdur. Bunun 2,6 milyard dolları büdcə vəsaiti, 1 milyard dolları Dövlət Neft Fondunun vəsaiti, 900 milyon dolları isə beynəlxalq humanitar təşkilatların vəsaitidir.

Humanitar təşkilatlara Azərbaycan hökuməti adından minnətdarlığını bildirən Əli Həsənov demişdir ki, hökumət bu gün qaçqın və məcburi köçkünlərin sosial problemlərini tam həll etmək iqtidarındadır. Buna baxmayaraq, qaçqın və məcburi köçkünlərin beynəlxalq qurumlarla ünsiyyət qurması, xarici mütəxəssislərin ölkəmizlə tanışlıq imkanı və çoxtərəfli inteqrasiya prosesləri baxımından Azərbaycan hökuməti beynəlxalq donorların fəaliyyətini əlverişli hesab edir. Türkiyənin Azərbaycanda fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatlarına təşəkkür edən Baş nazirin müavini vurğulamışdır ki, 1995-2010-cu illərdə bu qardaş ölkənin humanitar təşkilatları Azərbaycana 6 milyon dollar məbləğində yardım etmişlər. Ə.Həsənov qaçqın və məcburi köçkünlərin yaşayış yerləri, onların sosial problemlərinin həlli istiqamətində görülən işlər barədə də məlumat vermişdir.

Görüşdə iştirak edən Türkiyənin "Radikal", "Hürriyyət", "Todays Zaman", "Zaman", "Milliyyət" və "Haber Türk" kimi nüfuzlu qəzetlərinin nümayəndələri diqqətə çatdırmışlar ki, səfərin məqsədi ölkəmizin tarixi, mədəniyyəti, dövlətçilik ənənəsi, iqtisadi potensialı barədə məlumatların, ən əsası isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələrinin Türkiyə ictimaiyyətinə daha dolğun çatdırılmasına, daha çox informasiya mübadiləsinə və qarşılıqlı əlaqələrin daha da genişlənməsinə dəstək göstərməkdir.

Görüşdə maraq doğuran digər məsələlər müzakirə edilmiş, suallar cavablandırılmış, qonaqlara Dağlıq Qarabağ münaqişəsindən bəhs edən disk təqdim edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2011.-21 iyul.-S2.