Dağlıq Qarabağ probleminin həlli danışıqlar yolu ilə həll edilməlidir və məcburi köçkünlər evlərinə qayıtmalıdırlar

 

İyulun 20-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Avropa Xalq Partiyasının (AXP) üzvləri ilə görüşmüşdür.

Görüşdə Əli Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülən işlər barədə danışmışdır. Bildirmişdir ki, 1988-1992-ci illərdə Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağ, ona bitişik 7 rayonun ərazisi işğal olunmuş, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə münaqişənin sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 822, 853, 874, 884 nömrəli qətnamələr qəbul etmişdir. Lakin Ermənistan bu qətnamələrə əməl etmir.

Ə.Həsənov Azərbaycan dövlətinin məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, hüquqlarının qorunması istiqamətində həyata keçirdiyi tədbirləri diqqətə çatdırmış və vurğulamışdır ki, ölkəmizdə son 20 ildə qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üçün 4,5 milyard ABŞ dolları məbləğində vəsait sərf olunmuşdur. Bunun 2,6 milyard dolları büdcə vəsaiti, 1 milyard dolları Dövlət Neft Fondunun vəsaiti, 900 milyon dolları isə beynəlxalq humanitar təşkilatların vəsaitidir. Qaçqın və məcburi köçkünlər üçün 67 yeni qəsəbə tikilmiş, hər cür şərait yaradılmış, 100 min qaçqın və məcburi köçkün həmin qəsəbələrə köçürülmüşdür.

Baş nazirin müavini qaçqın və məcburi köçkünlərimizin doğma yurd-yuvalarına qayıdacaqlarına əminliyini bildirmişdir.

AXP-nin sədri Luka Volonte Azərbaycandakı qaçqın və məcburi köçkünlərin həyat şəraiti ilə maraqlandıqlarını diqqətə çatdırmışdır. Bildirmişdir ki, Dağlıq Qarabağ probleminin həlli danışıqlar yolu ilə həll edilməlidir və məcburi köçkünlər evlərinə qayıtmalıdırlar.

Görüşdə maraq doğuran digər məsələlər müzakirə edilmiş, suallar cavablandırılmış, qonaqlara Dağlıq Qarabağ münaqişəsindən bəhs edən disk təqdim edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2011.-21 iyul.-S.2.