Moskvada Xəzərin hüquqi statusu barədə Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupunun növbəti iclası başa çatmışdır

 

Moskvada Xəzər dənizinin hüquqi statusu barədə Konvensiyanın hazırlanması üzrə beş Xəzəryanı dövlətin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun ikigünlük iclası başa çatmışdır. Ekspert qrupunun işində Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov başda olmaqla, mötəbər nümayəndə heyəti iştirak etmişdir.

İclas çərçivəsində 2010-cu il noyabrın 18-də Bakıda keçirilmiş Üçüncü Xəzər zirvə görüşünün qərarlarının icrası, Xəzər dənizinin hüquqi statusu barədə Konvensiya layihəsinin müddəalarının razılaşdırılması üzrə işlər davam etdirilmişdir. Tərəflər Bakı zirvə görüşünün qərarlarının yerinə yetirilməsinə dair işlərin sürətləndirilməsinin əhəmiyyətini vurğulamışlar. Rusiyada keçiriləcək dördüncü Xəzər zirvə görüşünə hazırlıq məsələləri müzakirə edilmişdir.

Tərəflər xüsusi işçi qrupunun dostluq və qarşılıqlı anlaşma şəraitində keçmiş, Xəzərin hüquqi statusu üzrə ümumi razılaşmaların əldə olunmasına layiqli töhfə vermiş 29-cu iclasının yekunlarını müsbət qiymətləndirmişlər.

Xüsusi işçi qrupunun növbəti iclası növbəlilik əsasında Astanada keçiriləcəkdir. Keçirilməsi tarixi diplomatik kanallarla razılaşdırılacaqdır.

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.-2011.-21 iyul.- S.2.