Siz həmişə bizimləsiz...

 

Hər gün onların qarşısından keçib gedirik. Hərdən ayaq saxlayırıq. Baxışlarımız toqquşur. Bu lal sükutun özü saysız xatirələrin qaysağını qoparır, hər yada düşən xatirə üzümüzün əzalarını mum kimi əridərək ya təbəssüm, ya da hüzn "peyzajı" çəkir. Onlar qocalmadılar. Zaman elə bu yaşlarındaca saxladı onları. Biri 50-yə çatmadı, o biri 60-ı təzəcə kəməndləmişdi, kimisi 70-dən təzəcə "xərcləyirdi", kimi də indiki zamanda bu yaşa çatmağın müşküllüyü və mümkünlüyü barədə "fəlsəfi" fikirlərini bölüşürdü. Hamısını birləşdirən bir məsləkdi... onlar jurnalist idilər. Bu dünyaya sözdən naxış vuran, hər ağrı-acısını söznən ovudan, qayğı-problemini sözlə yola verən, qarnını sözlə doyuran, aza qane olmağa öyrəşmiş jurnalist... qələm adamı.

Redaksiyamızın dəhlizində bir guşə var. Vaxtilə onu necə adlandırmaq barədə söhbət düşüb fikirlər haçalananda "Dünya bir pəncərədir" - məşhur şairin məşhur misrası üzərində dayanıldı. Olumlu dünyadan ölümlü dünyaya adlayan yolda itirdiyimiz dostlarımızın, iş yoldaşlarımızın şəkilləri həkk olunub ora. "Azərbaycan" qəzeti bir vəfa, səmimiyyət örnəyi göstərərək dünyasını dəyişmiş həmkarlarının xatirəsini yad etməyin nümunəsini bu cür qoydu ortaya. İndi onlar bizimlədirlər. Heç elə bil bu doğma divarları tərk etməyiblər də. Hər səhər bizimlə salamlaşır, axşamlar vidalaşırlar. Hər gecə redaksiyadan sonuncu adam çıxdıqdan sonra işıqlar sönür, hər yan zülmət qarışıq həzin bir sükuta qərq olur. Lakin yan-yana dursalar da, dinib-danışmırlar, sabahı "dirigözlü" açırlar, yenidən bizimlə olsunlar deyə.

Şəkillər... Əslində, fotoşəkillər bircə anın ovqatını, görüntüsünü həkk edir tarixə. Amma illər, onillər sonrası həmin şəkil əlinə keçəndə tək o anın deyil, bütövlükdə lentə alınmış həmin zaman məsafəsinin ətrafında cərəyan edən saatların, günlərin, ayların müşayiət etdiyi xoş xatirələrə dalırsan... və illərin qovub gətirdiyi həmin xatirə küləklərinin içində nə qədər tanış, doğma, içinə işıq salan, ovqatına sığal çəkən hadisələr, görüşlər yada düşür.

Başdan birinci şəkil doqquz il baş redaktorumuz olmuş Əmir müəllimindir. Rəhmətlik istedadlı yazıçı, tanınmış publisist, sadə və ziyansız bir adam idi. Amma deyim ki, bu sadəliyin arxasında böyük bir prinsipiallıq da gizlənmişdi. Və Əmir müəllimin daha çox yaradıcılıq məsələlərində, qəzetdə hər hansı bir tənqidin verilməsi ilə bağlı ortaya qoyduğu bu cür "davakar" qətiyyətini xarakterinin ötkəmliyi bir yana, həm də yazıçılığı ilə bağlayırdıq. O, söz adamı olduğu üçün sözü qiymətləndirməyi də bacarırdı. Xoşuna gələn yazıların üstündə müəllifə ürək sözlərini yazar, təşəkkürünü bildirərdi. Əmir müəllim, sözün əsil mənasında, ağsaqqal, ağır taxtalı kişi idi. "Azərbaycan" qəzetinin oturuşmasında, populyarlaşmasında, aparıcı qəzetə çevrilməsində böyük əməyi keçdi.

Haqq dünyası hamı üçün var. Amma o yolun yolçusu olandan sonra səni yaxşılıqla anacaq, xatırlayacaqlarmı, xeyirxah əməllərindən söz açıb, -Allah rəhmət eləsin!- deyəcəklərmi? Bax, budur əsas məsələ! Əmir müəllim öz işinə, işçisinə münasibəti ilə, səmimiyyəti və insanpərvərliyi ilə hamımızın rəğbət və rəhmətini qazana bildi.

Aslan Kəmərli, Əlyar Mürsəlzadə, Sərdar Əliyev və Xanlar Əliyev "Azərbaycan"ın bölgə müxbirləri idilər. Redaksiya üçün respublikanın nəbzi onların qələmində döyünürdü. Qəzetə operativliyi, dinamikliyi onların yazıları verirdi. Bu peşəkar insanlar bütövlükdə ölkə üçün çox məsuliyyətli, siyasi və iqtisadi dəyərlərin, belə deyək, transformasiyası dövründə, bölgələrin silkələnib islahatlara "ayaq verdiyi" çətin məqamda redaksiyanı bölgənin gündəlik həyatı, görülən işlər, qarşıda duran problemlər, kənd adamının qayğı və əmək uğurları ilə bağlı yazılarla "təchiz" edirdilər. Onlar müxtəlif illərdə kollektivi "tərk" etdilər; kimisi mərəzdən, kimisi əcəldən. Amma iş yoldaşları onları bu gün də xoş sözlə xatırlayırlar.

Bəlkə də "Azərbaycan" qəzetinin ən sakit, üzüyola, ciddi əməkdaşları Validə İsmayılova, Füzuli Məmmədov, Bariz Əsədov idi. Amma bu təbiəti etibarilə sakitliyin arxasında bir ağayanalıq, təmkin, təcrübə vardı. Validə xanım bütöv bir redaksiyanın əlindən tutub işini aşıra biləcək adam idi. Haçan, hansı bir mövzuda yazı lazım oldumu, başqaları özünü "naza qoyanda" o, "təcili yardım" kimi dərhal dadımıza yetişirdi. Universal dünyagörüşü, püxtə qələmi, yüksək intellekti vardı. Mətanətli qadın idi. Haqsızlıqlara sinə gərdi, əsəblərinə zülüm verdi, amma əyilmədi. Olub-qalanını Kəlbəcərdə qoyub gələndən sonra məhz zəhməti, çalışqanlığı hesabına özünə ev-dirrik qurdu, balalarını böyütməyə başladı. Zalım xəstəlik aman verdimi?

Bariz müəllim Azərbaycan mətbuatının "mogikan"larından biri idi. Vaxtilə "Kommunist" qəzetində işləmişdi. Qəzetin baş redaktoru onu "təqaüdçülüyün" məngənəsindən xilas edib işə dəvət etməklə həm kollektivi peşəkar bir qələm adamı ilə gücləndirdi, həm də əlində domino deyil, qələm tutmağı əfzəl sayan bir qəzet vurğununun darıxmaqdan gödələn ömrünə ömür caladı. Peşəkar kimi çoxlarına örnək idi. Yazıları da özü kimi düşüncəli, ciddi, səmimi idi. Kim zamanında ondan bir şey öyrənə bilmədisə, vay halına! İndi belələri çox azdı. Qalanlar da ki, mətbuatdan iraq düşüb. Yenə nə yaxşı ki, Mətbuat Şurasının nəzdində bir Ahıl jurnalistlər birliyi yaradıblar.

Füzuli kollektivimizə nisbətən təzə gəlsə də, peşəkar, taleyi mətbuatla bağlı birisi idi. Təmkin və alicənablığın nə demək olduğunu öyrənmək üçün eləcə Füzuli ilə bir neçə dəqiqə ünsiyyətdə olmaq kifayət edərdi. Onlar jurnalist ailəsi idilər. Qardaşı, "İnşaatçı" qəzetində redaktor müavini işləmiş Arif müəllim, mənim mətbuatdakı ilk hamilərimdən olub. Füzuli az yazdı. Cavan vaxtında gəlib onu tapmış zəhrimar xəstəlik aman vermirdi. Kişi üçün 50 yaş nədi ki?!

- Nədi, yer axtarırsan? - Şəkillərin qarşısında fikrə daldığımı görən iş yoldaşlarımdan biri zarafatla atmaca atdı.

- Onsuz da hamımızın şəklini bəri başdan yığıblar, hamımız buralığıq - mən də zarafatımdan qalmadım.

İndi bu xatirə lövhəsinin qarşısında ha çalışırdım, pərən düşmüş fikirlərimi dəstələyib bir məcraya yönəldə bilmirdim. Eyzən balıq kimi sürüşüb hərəsi bir səmtə üz tuturdu. Famil, Seyidağa, Raqif, Eldar, Məmməd... Həmsöhbət tapdıqlarına sevinirmişlər kimi gözləri ilə məni ovsunlayıb tərpənməyə qoymurlar. Hər biri haqqında dadlı, şirin, baməzə xatirələr yaddaş dənizimin sahilə qaçışan dalğaları tək bir-birini qovur.

Qəribədir, bu dostlarımızı hər itirdikcə hələ xeyli müddət uzaqdan dəhlizdə ləngərlə yeriyən birini görəndə elə bilirdim Famil müəllimdir. Kimsə yanımdan yel kimi şığıyıb keçdimi, Seyid olduğunu düşünürdüm. Elə o günləri biri əlində çanta redaksiyanın qapısını açıb içəri girəndə sövq-təbii - Ay Məmməd, bu istidə buz kimi Naxçıvanı qoyub təndir kimi yanan Bakıda nə gəzirsən? - deyə zarafat etmək istədim. Heyhat! Oxşatmışdım. Bilsəniz, bu insanların yoxluğu içimizi nə qədər acıdır!

60 yaşını təzəcə qeyd etdiyimiz Familin ölümü biz dostlarını yamanca sarsıtdı, ağrıtdı, ağlatdı. Sal qaya kimi idi, səhhətindən şikayətləndiyini eşitməmişdim. Amma jurnalist olasan, dərd-sərin, qayğın, problemin və onların da üstündə hər ədalətsizliklə qarşılaşanda yay kimi gərilib birdən şahə qalxan əsəblərin olmaya?! Ürəyi apardı Famili! Qubadlısı üçün bir tikə olub göyərçin kimi yollara qonmuş ürəyi! Bölgə müxbiri idi. Hər görüşəndə, zəngləşəndə hamımızı rayona dəvət edər - Şamaxıdan üzü Balakənə haçan gəlsəz, qonağımsız - deyərdi. Familin çox şirin, duzlu qələmi vardı. İstənilən mövzu onun içindən keçib qəlbinin, qələminin şirəsini özünə hopdurandan sonra ərsəyə gəldiyi üçün oxunaqlı olurdu. Ömrünü-gününü rayonlarda keçirməsinə rəğmən yaman evcanlı idi. Yəqin ailəsini az gördüyündəndi. Bir də görürdün nərdin şirin yerində evdən zəng gəldi. Tələsdiyinə görə zər də müxənnətlik eləyib vermirdi. - Di yaxşı, mənnən sizinki qalsın sonraya! - deyib qaçırdı ikicə metrlikdəki evlərinə. Famil özgə Famil idi!

Bəs Seyidağa? Vallah, o bizi tərk eliyəli elə bir tədbirimiz olmur ki, gözlərimiz qapıda qalmasın. Elə bilirik - Bu saat gəleyrəm! - deyə-deyə hər şeyi düzüb-qoşub, rahatlayandan sonra yenə də üşüyürmüş kimi, əlini əlinə sürtə-sürtə özü də girəcək içəri, o ürəkdən qaynayıb gələn təbəssümü buğdayı sifətinə yayılıb məclisi bir az da işıqlandıracaq. Bacarıqlı təşkilatçı idi Seyid. Həmkarlar təşkilatının sədri kimi əvəzi yox idi; bayramlarda məclis təşkil etsin, Qurban bayramında "həmkarların" hesabına redaksiyanın hər bir əməkdaşına qurbanlıq payı tədarük etsin, hüzrü düşənin qayğılarına çiyin versin, toy eləyənin məclisində qol götürüb oynasın. Jurnalist kimi də son dərəcə intizamlı, çalışqan idi. Tapşırıq aldımı, gözünü yumub açınca görürdün ki, yazı şöbə redaktorunun masasının üzərindədir. İki qızı ilə nəfəs alırdı, onların müvəffəqiyyətləri ilə qanadlanırdı. Sağ olsun böyük qızı Afəti, Seyidin zəhmətini yerə vurmadı. Yüksək balla Tibb Universitetinə daxil oldu, Prezident təqaüdünə layiq görüldü. Nə yazıq Seyidə ki, qızının bu gün həkim kimi çalışdığını, atası tək insanlara yaxşılıq etdiyini görə bilmədi.

Pəhləvan cüssəli Raqıf Şirinov yuxa kimi bir adam idi. Əvvəllər - kollektivimizə təzəcə gələndə, elə bilirdim ki, bir qədər qaraqabaq adam təsiri bağışlayan bu adam zarafat-zad nədir, bilməz. Amma onu tanıdıqca necə səmimi, xoş məcazlı, xeyirxah və... incə yumorlu insan olduğunu gördüm. Peşəkar jurnalist idi Raqif. İstənilən mövzunu "ram eləməyi", yeri gələndə qələmini külüngə çevirməyi bacarırdı. Ürəyi işdə "tutmuşdu". Eləcə gülə-gülə həkimlərin arabasına minib getdi. Ciddi müalicə olundu. İşə qayıtmağa hazırlaşırdı. Və bir gün gəldi. Hamı ilə görüşdü, dedi ki, kefi kökdü, özünü yaxşı hiss edir. Zarafatından da qalmadı: - Nərddə kim at oynadır? Gəlirəm, ha!..

Kaş Raqif gələydi. Hamımızın "dərsini" verəydi. Demə, qismət onu fırlayıb dostları, iş yoldaşları ilə halallaşmağa gətiribmiş. Bir gün sonra eşitdik ki, ürəyi Şirinova xəyanət eləyib.

 

Hər zaman ömrümdən, günümdən kəsib,

Caladım dediyim sözün ömrünə.

Yolunu bağlayıb tamahın, nəfsin

Mən dözüm öyrətdim, dözüm ömrümə,

Qəlbimin telləri çəkildi tarım,

Bax, belə yaşadım mən, balalarım.

 

Eldar Nəsibli Sibirel. Heç şübhəsiz, Eldarın dünya, həyat, olum və ölümlə bağlı öz yorumu, öz fəlsəfəsi vardı. Axı, o, şair idi.

Eldarla bir şöbədə çalışırdıq. İnsanlığına söz yoxdu; həlim, qılıqlı, xoşniyyət... onun kimi ruh şairi daha necə olası idi ki?.. Eldarın da ürəyi sözünə baxmırdı. Bu jurnalist tayfasının sözünə nəyi baxır ki?! Cibimi, bəxtimi, əsəbimi, qayğısımı? O da ki, qaldı ürəyi ola. İnsafən, Baş redaktor ona hər cür şərait yaratmışdı, tez-tez doğma Qazaxa baş çəkib havasını dəyişirdi. Səfərqabağı yanıma gəlib bir "nəzakət viziti" verməyi vardı: - Müdür, gedirəm. Oralarda nədən yazım?- soruşanda - Elə Qazaxdan yaz. Kəndlərindən, ziyalılarından, bu günündən - deyərdim. Bilirdim ki, ürəyincədir. Sanki torpaq çəkirdi onu. Bu dəfə də getdi. Amma zalım əcəl geriyə qayıtmağa möhlət vermədi ona, aldı əlimizdən.

Şerlərindən birində Eldar yazırdı ki,

 

Həsrəti, möhnəti yorub gələrəm,

Bütün bənd-bərəni qırıb gələrəm,

Ölsəm, məzardan da durub gələrəm,

Təki ilk məhəbbət çağıra məni.

 

Onun əzəli-əbədi məhəbbəti doğma torpağı idi, balaları idi, poeziyası idi, könül verdiyi söz sənəti idi... Və nə qədər ki, bu məhəbbət var, Eldar onu sevib xatırlayanların qəlbində yaşayacaq.

Fikirləşirdik ki, son doqquz ildə doqquz əməkdaşımızı əlimizdən alan əcəl bir az bizə macal verər. Deyir, sən saydığını say...

Telefonla arayan dostum idi. Hal-əhvaldan sonra Məmməddən söhbət saldı. Doğrusu, bir az təəccübləndim. Axı, haradasa bir həftə əvvəl kabinetində oturub çay içə-içə vaxtilə Məmmədin ona Şərurun Çərçiboğan kənd məktəbində tarixdən dərs dediyini, baməzə əhvalatlarından danışıb gülmüşdük. Hələ bir yanından zəng edib özü ilə də danışmışdıq. Nə isə, dostum söhbəti hərləyib-fırlayıb birdən qayıtdı ki, bilirsən, iki-üç saat bundan əvvəl rayonda avtoqəza baş verib, Məmməd müəllim həlak olub. Deyilənə görə, ürəyindəndi.

İki gün sonra Baş redaktorumuz, İxtiyar və mən Naxçıvana uçası idik. Axşam birdən xatırladım ki, görəsən ora şəxsiyyət vəsiqəsi götürməliyik, yoxsa ümumvətəndaş pasportu. Kimə zəng elədimsə, konkret söz deyən olmadı. Birdən ağlıma Məmməd gəldi. Tez nömrəsini yığdım. Cavab gəlmədi. O birini yığdım. Xətt inadla susurdu. Və birdən... ey dili-qafil, mən hüzr məclisinə getdiyimiz Məmməddən ora hansı sənədlə gəlməli olduğumuzumu soruşacaqdım?!

Qəzetimizin Naxçıvan müxbiri, muxtar respublikanın deputatı Məmməd Məmmədov belə insan idi; oraya yolun düşdümü, qarşılayacaq, hər əziyyətinə qatlanacaq, bir-iki saatın içində bu diyarın tarixi ilə bu günü haqqında səndə ətraflı təsəvvür yaratmağa çalışacaq... Zatən, Məmmədin yazıları elə müstəqillik dövrü Naxçıvanın müfəssəl salnaməsi sayılmağa layiqdi. Hərdən mənə belə gəlir ki, Naxçıvan barədə daha heç kim Məmməd kimi sevgi ilə, təndirdən təzəcə çıxmış lavaş tək isti, ətirli, kövrək yazılar yazmayacaq.

Doğrudan da, jurnalist ömrü qısadır. Onu çox vaxt yarı yolda qoyan ürəyi, ürəyin "dədəsini yandıran" isə əsəbidir. Bu ötən illərdə sonradan yeri qaysaq bağlasa da, itkilərimizin hamısı bizi ağrıdıb. Zaman məlhəm kimi bu itkilərin acısını içimizdən çəkib çıxarmağa cəhd göstərdikcə, yerini başqaları tutub. Ancaq hər dəfə xatirələrimizi köhnə qəzet səhifələri kimi çevirdikcə, yenə də dostlarımızın siması gözlərimiz önündə canlanır, yenə də həmin şux zarafatlar, dadlı söhbətlər yada düşür, gözlərimiz bilaixtiyar gülür. Heç nəyə baxmayaraq, həyat davam edir.

Mətbuat adlı söz qatarının bugünkü sarbanları bizik - taleyini, qədər və qismətini sözə bağlayan, səfasını oxucularına halal edib cəfasını şükranlıqla çəkən insanlar. Bizlər üçün qəzetçilik təkcə iş yeri, çörək təknəsi olaraq qalmayıb, daha ülvi, daha ali, sıradan birinin bəlkə də dərk edə bilməyəcəyi bəşəri bir məna, mətləb kəsb edir.

Bu gün Milli Mətbuat Günüdür. Jurnalistlərin həyatındakı az-çox yaddaqalan, sevincli günlərdən biridir. "Azərbaycan" qəzetinin kollektivi bu bayramı qeyd eləməyə həyatdan getmiş iş yoldaşlarının, söz fədailərinin xatirəsini anmaqla başlayır.

 

 

Xalid NİYAZOV

 

Azərbaycan.- 2011.- 22 iyul.- S.4.