Haşım bəy Vəzirovun nəşrləri və jurnalistikası

 

Azərbaycan ictimai-mədəni fikir tarixində özünəməxsus yeri olan ədib, naşir və jurnalistlərdən biri də Haşım bəy Vəzirovdur. Hər şeydən əvvəl qüvvətli milli təəssüb hissinə, mübariz ruhlu iradəyə, yorulmaq və usanmaq bilməyən bir fəallığa malik olan Haşım bəy milli ədəbi və mədəni fikrimizin inkişafı yolunda dramaturq, tərcüməçi, publisist, naşir və jurnalist, müəllim, ictimai xadim (Şuşa şəhər Dumasının üzvü, "Səfa" Xeyriyyə Cəmiyyətinin sədri və s.) kimi qızğın fəaliyyət göstərmiş, zəngin və çoxçeşidli irs qoyub getmişdir. Ədəbi və jurnalistlik fəaliyyətinə hələ İrəvan Müəllimlər Seminariyasında tələbə ikən başlayan H.Vəzirov XIX əsrin 80-90-cı illərində "Kəşkül" qəzetinə, SMOMPK-a (Sbornik Materialov Opisanie Mestnostey i Plemen Kafkaza) orijinal və xalq ədəbiyyatından toplama materialları göndərmiş (onların bəzisi çap olunmuş), XX əsrin əvvəllərindən başlayaraq "Kafkaz", "Novoe obozrenie" (Tiflis), "Kaspi", sonralar "İrşad" (Bakı) qəzetləri ilə əməkdaşlıq etmişdir. "İrşad"da işləyərkən Haşım bəyə bir müddət həmin qəzetin müvəqqəti redaktoru kimi çalışmaq fürsəti də düşmüş və bu hadisə H.Vəzirovun gələcək fəaliyyət istiqamətinin müəyyənləşməsində mühüm rol oynamışdır. Filologiya elmləri doktoru Ağarəfi Zeynalzadə öz tədqiqatında yazmışdır: "1906-cı il dekabr ayının 5-də "İrşad"ın redaktoru Əhməd bəy Ağayev səyahətə çıxır və 1907-ci il yanvarın 23-də səyahətdən qayıdır. Bu müddət ərzində, demək, 1906-cı il dekabrın 5-dən 1907-ci il yanvarın 23-dək (1906-cı ildə 18, 1907-ci ildə isə 15) qəzet Haşım bəyin redaktorluğu ilə çıxmışdır.

...Redaktorluğu ilə qəzet texnikasına bələd olduqdan sonra o, müstəqil qəzet çıxarmaq fikrinə düşmüş və bu məqsədlə rəsmi dairələrə müraciət etmişdir". Milli mətbuat tariximizdə "Tazə həyat", "İttifaq", "Səda", rus dilində "Kavkazes", "Sədai-Vətən", "Sədai-həqq" və s. qəzetlərin, "Məzəli" satirik jurnalının redaktor və naşiri kimi tanınan H.Vəzirov (1911-ci ildə "Nida" adlı bir qəzetin də nəşrinə icazə almış, lakin həmin qəzetin icazəsi ləğv edildiyi üçün çıxmamışdır) öz qəzetinin mətbəəsində ədəbi, publisistik və elmi kütləvi xarakterli həm orijinal, həm də tərcümə kitabları da nəşr etmişdir. H.Vəzirov "Səda" mətbəəsində özünün "Döymə qapımı, döyərlər qapını" (1911) komediyasını və "Rus-müsəlman məktəbinin 25 illik yubileyi münasibətilə" (1913) əsərlərini də kitabça şəklində çap etmişdir.

Onun kitab nəşri sahəsində fəaliyyəti 1908-ci ildən başlayıb. Həmin ildə Haşım bəy 115 səhifədən ibarət "Qafqaz şüərası Molla Pənah Vaqifin ələ düşən şeirlərinin məcmuəsi" kitabını tərtib edərək, "Vaqifin tərcümeyi-halından məlumumuz olanlar" (1908) adlı ön sözlə çap edib "Tazə həyat" qəzetinin 1908-ci il müştərilərinə hədiyyə göndərmişdir. Adından da göründüyü kimi, həmin kitabçada M.P.Vaqifin "ələ düşən şeirləri" toplanmışdır. Ön sözdə isə Ağa Məhəmməd Şah Qacarın Şuşaya hücumu, ikinci dəfə qala şəhəri alması, qətli, həmçinin o dövrdə Qarabağ xanlığında cərəyan edən digər hadisələr və xanlığın ictimai-siyasi həyatında mühüm xidmətləri olan görkəmli Azərbaycan şairi M.P.Vaqifin "bir cüzi ədavət səbəbinə" oğlu Əli bəylə birlikdə Batmanqılınc ləqəbli Məhəmməd bəy Cavanşirin əmri ilə Cıdır düzündə öldürülməsi məsələlərindən söhbət açılmışdır. H.Vəzirov M.P.Vaqifin şəxsiyyəti və yaradıcılığı haqda danışarkən yazırdı: "Vaqifin adı Molla Pənahdır. Özü də əslən Qazax mahalından olub, Qarabağda sükunət ediyordu...

Molla Pənah şirinkəlam, fəsahətli və bəlağətli kişi idi...

Təqazayi zaman götürdükcə öz türki dilində şeir deməyə artıq həvəsi var idi. Bu şairin əbyat və qəzəliyyatında əksər ittifaqda bir para rəmzli və cinas sözlər müşahidə olunur".

Qarabağ xanlığını İranın tabeliyindən xilas etmək məqsədi ilə İbrahimxəlil xanın göstərdiyi cəhdlər - Türkiyədən kömək istəməsi və s. haqda ön sözdə Haşım bəy yazırdı: "1212 tarix hicridə ki Ağa Məhəmməd xan Qacar dübarə Qarabağın üstünə gəldi. İbrahim xan onun müqavimətinə tab gətirə bilməyib Caru-Bəlakənə qaçdı. Ağa Məhəmməd xan Şişə qalasını alan kimi Molla Pənah Vaqifi, onun oğlu Əli ağanı və İbrahimxəlil xan tərəfindən Türkiyə dövləti Qarabağ xanlığını təhti-himayəsinə almaq müşavirəsi üçün səfir göndərilmiş Mirzə Əli Məhəmməd ağayı dustaq etdirdi. Vədə verdi ki, bunları növbə ilə öldürtdürəcək. Bu dustaq olunanlardan Mirzə Əli Məhəmməd ağayi ki əlan Qarabağda sükunət edən Vəzirovların cəddi idi, öldürtdü. Amma Molla Pənahla oğlunun qətli ikinci günə təxir olundu. Lakin əz qəza həman Mirzə Əli Məhəmməd ağanı öldürtdürən gecəsi Ağa Məhəmməd xanın özünü də öldürdülər. Camaat arasında belə əştəhar tapdı ki, (şayiə yayıldı - A.B.) Ağa Məhəmməd xanın ölümünün ümdə səbəbi Seyid Mirzə Əli Məhəmməd ağanın nahaq qanı oldu...

Ağa Məhəmməd xanın vəfatından sonra xanın (İbrahim xanın - A.B.) yerin dolandıran Mehralı bəyin oğlu Məhəmməd bəy ki ləqəbi Batmanqılıncdı, bir cüzi ədavət səbəbinə Molla Pənahı və oğlu Əli ağanı öldürtdü".

Bu sətirlərdən bir daha aydın olur ki, Azərbaycanın ictimai-siyasi və mənəvi-mədəni tarixi ilə bağlı hadisə və proseslər Haşım bəy Vəzirovu daim maraqlandırmış, bir vətəndaş kimi narahat etmişdir...

Haşım bəy Vəzirovun publisistik fəaliyyətinə və bu sahədə qoyub getdiyi zəngin irsə gəlincə, o, bütövlükdə İslam dünyasını Qərb (və rus) zülmündən, işğal və qarətindən, hər cür böhtan, şər və alçaltmalarından qorumağı, bunun üçün öz millət və dindaşlarını tərəqqiyə və islam ideyaları, onun ədalətli, humanist, saf və mükəmməl tarixi-əxlaqi, dəyərləri ətrafında təşkilatlanmaya, səfərbər olmağa çağırmışdır. H.Vəzirov "Tazə həyat" qəzetinin 1 aprel 1907-ci il tarixli 1-ci nömrəsində "Məsləkimiz" başlıqlı proqram xarakterli məqaləsində yazırdı: "İslam dini həqq bir dindir. Bu dini mübin zəmanənin hər bir təqazasına lazımınca mütabiqdir. Gərdişi-ruzigar nə qədər dəyişilirsə də, bu dinin əsl ruhu, əsl binası bir zərrəcə dəyişilməyir. Həm dəyişilməyir, həm də hər bir tərəqqi və irəli getmək ilə düz gəlir. İslam dininin bu qabiliyyətinin, bu hər əsrin öz təqazasına görə kifayət verib əsl ruhun dəyişdirməməyinin özü bu dinin haqq və Allah tərəfindən məhz insanların xoşbəxtliyindən ötrü göndərilmiş olmağına qüvvətli bir dəlildir".

O yazırdı ki, islam dininin insanları insanlığa, haqqa, ədalət və tərəqqiyə, humanizm və qayğıkeşliyə, qəhrəmanlıq və rəşadətə, elm və maarifə və digər bəşəri duyğu və düşüncəyə yönəltməsini, ona görə də qısa vaxt ərzində Ərəbistan yarımadasına sığışmayıb Asiya, Afrika, Sibir və Qafqazın qarlı-buzlu dağlarından, Avropanın Alp dağlarının ətəklərindən ona "Ləbbeyk" sədaları yüksəlir, İslam anbaan tərəqqi edir, möhkəmlənir və öz qanunları ilə insanlığı səadətə qovuşdurur. Bütün bunların müqabilində sonrakı dövrlərdə tərəqqi və inkişaf tənəzzül və səfalətlə əvəz olunmağa üz qoydu. Nə qədər sürətlə islamiyyət tərəqqi edib irəli getmişdisə, ona bənzər bir sürət ilə dağılmağa, tar-mar olmağa üz qoydu" deyən H.Vəzirov onunla təsəlli tapırdı ki, "amma əsl bina, əsl ruh özü o qədər qüdrətlidir ki, bir bu qədər afət (burada, bəla - A.B.), bir bu qədər təfriqə ilə genə bugünkü günə kimi davam ediyor".

İslamiyyətin bu davamlılığını onun kamilliyində və haqq din olmağında görən Haşım bəy onun işıqlı sabahına, şan-şövkətinin yenidən parlayacağına dərin ümid və inam bəsləyir. Ona görə hər bir kəsin darda qalan, zəlalət, fəlakət və tənəzzülə düçar olana yardım göstərməyə borclu olduğunu xatırladıb, nopərəst (yenilik tərəfdarı) millətdaşlarını, dindaşlarını islam xalqlarına yardıma səsləyirdi. Ancaq onu da diqqətə çatdırırdı ki, biz ancaq öz millətini sevən dargözlərdən, öz millətinin xoşbəxtliyini digərlərinin bədbəxtlikləri üzərində qurmağa çalışan nopərəstlərdən deyilik, biz bütün millətlərin diriliyinə və xoşbəxtliyinə tərəfdarıq. O yazırdı ki, "bu nəzərə görə biz özümüzü millətpərəstlər silkindən hesab ediriz. Biz təngceşm (darğoz - A.B.), "ancaq mənim millətim xoşbəxt olsun, mənim millətimin xoşbəxtliyi qeyri millətlərin bədbəxtliyində binalansın" deyənlərdən deyiliz. Biz hamı millətlərin, hamı insanların və onlar ilə bahəm öz millətimizin xoşbəxtliyinin tərəfdarıyız".

H.Vəzirov bununla yanaşı, "əvvəl evin içi, sonra çölü" prinsipinə uyğun olaraq hər kəsin birinci növbədə öz soydaşlarının tərəqqi və inkişafına çalışmalı olduğunı xatırladıb yazırdı ki, biz bu yolda "...bir yol səyimizi, təlaşımızı, hətta diriliyimizi də buna sərf etməyə, bu millətin arasında baş göstərən nifaq və təfriqənin vəfaq ittihadə mübəddəl olmağına can və mal ilə xidmət etməyə söz veririk". Haşım bəy bu yolda soydaşlarının hamısını eyni gözdə, eyni mərtəbədə görür, heç bir sinfi ayrı-seçkilik tanımırdı. Ona görə sözünə belə davam edirdi: "Hər bir millətpərəst üçün millətinin tək-tək şəxslərin hamısı qiymətli bir üzvdür. Millətin hər bir əhli-sərvət, sərmayədarın, xanın, bəyin, tacirin, sahibmənsəbin, rəiyyətin və rəncbərin biz millətimizdən ötrü bir mənzələdə, bərabər bir mizanda lazım bilirik. Necə ki, millətin adına bəzi sərfi-mal edən sahib təhnəxüvatları, həmçinin də əlinin əməyi ilə, alnının təri ilə çörək qazanıb millətin sərəfrazlığına (qabağa düşməsinə - A.B.) bais olan əhli-kəşbi, fəhlə və əkinçini biz millətimizə fəxr hesab edirik".

Məhz bu cəhətlərinə - millətdaşları arasında dünyabaxışına, silkinə, təhsilinə, hansı sinfə, əqidəyə və s. aid olmasına baxmayaraq onları eyni gözdə görməsinə görə sovet ideologiyası, bolşevizm tərəfindən qəbul edilməyən, sovet humanitar elmi tərəfindən zorən inkar edilən Haşım bəy əqli, fiziki qabiliyyəti, maliyyə və iqtisadi imkanları olduğu halda millətə xidmət etməyənləri də, yalandan özünü millətpərəst göstərib yaxa yırtanları, əslində isə millətpərəstlik maskası altında şəxsi ambisiyalarını irəli aparmağa çalışanları da millətin düşmənləri hesab edirdi...

H.Vəzirovun başlıca məqsədi millətin, islam xalqlarının tərəqqi və istiqlalının, xoşbəxtlik və firavanlığının daha səmərəli yolla getməsinə yardım etmək olduğu üçündür ki, zamanın yeni ritmini tutmağa, soydaşlarını və dindaşlarını əsrə uyğun mənəvi, əqli, siyasi və hüquqi keyfiyyətlərə sahib olmağa səfərbər etməyə çalışırdı. Ona görə bildirirdi ki: "Siyasi cəhətdən ruznaməmiz tərəqqipərəstlik yolunda olub müsəlmanların haqqında indiyə kimi hər nə təcavüzat və sıxıntı olubsa, onların rəfinə çalışacaq, Rusiyada olan rus millətinə verilən hüquq imtiyazlarin hamısını biz dəxi öz millətimiz üçün tələb edəcəyik və hər bir işdə bu halda dövlət dumasında müsəlman firqəsi tutduğu məramnamə ilə müstabiq gedəcəyik və təqazayi vəqt ilə haman mərəmnamənin nəfdar və təbdil olmalı yerlərin göstərib bəlkə tələb də edəcək, dil məsələsinə gəldikdə, mümkün olan qədər cəmaətin çoxuna aşina olmayan ləfzlərdən, istilahlardan qaçacağıq".

Əlbəttə, burada, "mümkün qədər cəmaətin çoxuna aşina olmayan ləfzlərdən, istilahlardan qaçacağıq" deyəndə Haşım bəy dil bəsitliyindən tamam uzaq olub, sadəliyi, fikir aydınlığını, məzmun dərinliyini, Azərbaycan ədəbi dilinin saflaşdırılması və daha da inkişaf etdirilməsini nəzərdə tuturdu. Ona görə sözünə belə davam edirdi: "Əlbəttə, bu o demək deyil ki, ruznaməmiz sırf çohan dilində olsun. Özümüz dilimizin yaxşılaşmaq, tərəqqi etməsi fikrində olmayaq. Xeyr!!! Ancaq bu yolda yavaş-yavaş asandan başlayıb çətinə gedəcəyik".

Doğrudan da H.Vəzirov redaktor və jurnalist fəaliyyətində bədii və publisistik sözün saflığına, fikir tutumuna, səlisliyinə və ideya-estetik dəyərlərinə məsuliyyətlə yanaşmış, redaksiyaya şeir, felyeton adına gələn şit və bayağı yazılara özünün məqalə və "Keyfim gələndə"lərində tənqidi münasibət bildirmiş, belələrini sözə məsuliyyətlə yanaşmağa dəvət etmiş, dövrünün M.Hadi, İ.T.Musayev, M.Ə.Sabir və digər tanınmış istedadlı şairlərini onlara örnək göstərmişdir. Bədii və publisistik sözə vətəndaşlıq məsuliyyəti və tələbkarlığı ilə yanaşıb, ədəbi dilimizi daha da inkişaf etdirmək üçün "asandan başlayıb çətinə getmək" prinsipini əsas tutmaqda Haşım bəyin redaktorluğu, ədəbi zövqü ilə yanaşı, pedaqoji və metodiki səriştəsi də mühüm rol oynamışdır.

O ki qaldı H.Vəzirovun "ruznamələrinin siyasi cəhətinə", "Məsləkimiz" məqaləsində elan edildiyi kimi, onun mətbu nəşrlərində müsəlmanlara qarşı edilən hər cür mədəni, mənəvi, siyasi, hüquqi, maddi, iqtisadi və digər təzyiqlərə, onlara göstərilən təhqiredici etinasızlıqlara, bəslənən hər cürə həqarətli və məkrli münasibətlərə qarşı barışmaz və fəal mübarizə aparılmışdır.

"Bu da müsəlman vəkilləridirmi?" başlıqlı məqalədə Rusiyada yaşayan xalqların dini inancları ilə bağlı məsələlərə baxmaq üçün seçilən komissiyanın tərkibinin bura (Rusiya) müsəlmanlarının mənafelərinə tamamilə zidd olmasına, həmçinin həmin qeyri-obyektivliyin islahı məqsədilə III Dövlət Duması deputatlarının müsəlman fraksiyasının verdiyi ərizəyə komissiya sədri yepiskop Povoloqinin qəzəbli və təhqiredici bir tərzdə şovinistcəsinə verdiyi reaksiya, cavab tənqid olunmuşdur. H.Vəzirov həmin dini komissiyanın tərkibindəki xristian çoxluğunun və onlara yarınan müsəlman nümayəndələrdən birinin rus polkovniki və oktyabristlərin, əslində rusların tərəfdarı olan Müftizadənin (Krımdan seçilib) İslam dininə və xalqlarına düşmən münasibət bəslədiklərini nəzərə çatdıraraq yazırdı: "Bunda heç bir şəkk və şübhə yeri yoxdur ki, bu keşişlər bacarsalar, islamiyyətin Rusiyadan bir günün içində məhv olunması yolunda mollalardan deyil, canlarından da keçməyə hazırdırlar".

Haşım bəy "Rusiyada hürriyyəti-vicdan mümkündürmü?" başlıqlı məqaləsində dumada dini etiqad azadlığı ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı komissiya sədri keşiş Yivluqinin səyi ilə ölkədə ancaq pravoslav dininin təbliğinə icazə verilməsi, digər məzhəblərin isə sıxışdırılıb zəiflədilməsi haqda olan qərarına kəskin etiraz edir. Məqalədə belə qənaətə gəlinir: "Nə qədər ki Rusiyada mütləq hürriyyəti-ədyan və vicdan verilməyib, orada əmək və imanə xəvatircəm (xatircəm - A.B.) olmaq bir xəyali-xamdır".

Rusiyada təkcə dini deyil, həm də milli ayrı-seçkiliyin bütün qabarıqlığı ilə özünü göstərməsinə "Ögey oğul" məqaləsində rast gəlirik. Burada göstərilir ki, 1907-ci ildə ölkənin aclıq və qəhətliyə düçar olanlarına dövlət tərəfindən dəstək verilməsi məsələsi müzakirə edilərkən "...Ümumrusiya qəhətzədəkanlarına imdad etmək məsələsi kəmali-məlamət ilə keçib, Qafqaz zədəkanlarına gəldikdə bir para bağırtı ilə münaqişəyə meydan açıldı". H.Vəzirov Qafqaz müsəlmanlarına qarşı bu cür düşmən, qeyri-insani münasibət bəsləyən millətçi siyasət adamlarının əsl xislətlərini, şeytan sifətlərini belə təqdim edir: "Rusiyada bir qəhətlik zühur edərsə, ya əksi surətdə əcnəbi məmləkətlərin birində qəhətlik olub Rusiyada firavanlıq olursa, Rusiya cəmaəti əcnəbilərə və əcnəbilər rusiyalılara yardım etməyi özlərinə insaniyyət vəzifəsi bilib bacardıqları müavinətdən çəkinməzlər. Böylə ittifaqlar az olmadığı hamıya məlumdur". Ancaq bütün bunların müqabilində eyni ölkənin sakinlərinin birinə doğma, digərlərinə ögey və düşmən münasibətinin insanlıqdan kənar olduğunu bildirir. H.Vəzirov Qafqaz müsəlmanlarını bu cür adamların (siyasətçilərin) təkcə maddi cəhətdən deyil, həm də mənən müflisləşdirib onların tənəzzülünə çalışmalarına dair belə bir fakta diqqəti cəlb edir ki, dövlət dumasında "...Qafqazın nəinki maddi zindəganlığına, hətta mənəvi həyatına da bir dairə çəkib oranı mənəviyyat cəhətinə də müflis etmək fikrinə düşürlər. Həman məclisdə izhar olunub ki, Qafqazdan ali məktəblərdə oxuyan uşaqlara dövlət müstəmərisi (stipendiya) həddən ziyadə verilir və bunun azalmasını təsbit etmək təklif olunub". Haşım bəy bu cür adamlarda Qafqaz müsəlmanlarına qarşı necə kin və küdurət olduğuna diqqət cəlb etməklə yanaşı, bildirir ki, əslində, "Qafqaz uşaqlarının", yəni azərbaycanlı müsəlmanların bu cür dövlət təqaüdünün hazırkı məbləğindən 10 qatdan da çox artığına ethiyacları vardır... Ona görə də o, "Bakı dövlətlilərinə açıq məktub"unda onları maliyyə çətinliyi ucbatından gimnaziyanı tərk etmək məcburiyyətində qalan millət balalarına maddi dəstək verməyə çağırırsa, "Müsəlman müəllimlərinə açıq məktub"da Azərbaycan müəllimlərinin boynunda hazırda çox böyük tarixi vətəndaşlıq məsuliyyəti durduğunu xatırladaraq, onları milli müqəddəratımızın uğurlu gələcəyi naminə hər cəhətdən səfərbər olmağa çağırırdı.

 

 

(ardı var)

 

Alxan BAYRAMOĞLU,

filologiya elmləri doktoru,

 professor 

 

Azərbaycan.- 2011.- 22 iyul.- S.6.