Xəzər neftçiləri

 

"Qum-dəniz" yatağı sahilə nisbətən yaxın, "Bahar" isə Xəzərin ortasındadır. Onları ümumiləşdirib, sadəcə, "Qum adası" da deyirlər. Ola bilsin bu yataqları istismar edən idarənin Qum adasında yerləşdiyi, bəlkə də əvvəllər həmin müəssisənin adının da məhz belə olduğu üçün. İndi isə idarə Bahar Enerji Əməliyyat Şirkəti adlanır.

Estakadalar baş alıb dəniz boyu uzanır. Bir topa boru kəməri onlarla sanki qoşa yol gedir. Borular sarı, narıncı, rəngdədir. Nabələd insan üçün bu, yalnız bir mənzərədir. Neftçilər isə nefti, qazı, kondensatı, lay suyunu nəql edən kəmərləri bir-birindən dərhal seçirlər.

Estakadalar boyu irəlilədikcə vaxtaşırı qarşıya çıxan buruqlar, bu buruqların yerləşdiyi meydança adlanan ərazilər sanki bir-birindən fərqlənmir. Amma əslində belə deyil. Hər birinin özünün quyuları, hasilat həcmi, "yaşı", "tərcümeyi-halı", nəhayət, işçiləri var.

Bu işçilərin adları soyadları, peşə vəzifələri müxtəlifdir. Lakin onların hamısı Xəzər neftçisinin ömrünü yaşayır. Xəzər neftçisi olmaq isə qasırğalara sinə gərmək, dənizlə güc yarışına girmək, suyun dərin qatlarından damla-damla "qara qızıl" çıxarmaq deməkdir...

 

 

Azərbaycan.-2011.-24 iyul.-S.1.