Sabirabad Muğanın ən abad şəhərinə çevrilir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sürətli tərəqqiyə xidmət edən məqsədyönlü siyasəti sayəsində ölkənin bütün bölgələri kimi, Sabirabad da sosial-iqtisadi inkişaf istiqamətində böyük uğurlar qazanır. Sabirabadda tikinti, quruculuq və abadlıq işlərinə yenidən start verilib.

Yarım ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş rayon fəallar yığıncağı məhz bu motivə söykənmişdi. Rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov yığıncaqda geniş məruzə ilə çıxış etdi. Bütün inkişafın mayasında dövlət başçısının gərgin işi, yorulmaz fəaliyyəti olduğunu deyən icra başçısı ölkə Prezidentinin bölgəyə son səfərindən ətraflı bəhs etdi.

O bildirdi ki, Prezident İlham Əliyevin rayona bu il mayın 5-dəki gəlişi öz əlamətdarlığı ilə əbədi yaddaşlara həkk olundu. Dövlət başçısı daşqına məruz qalmış Qasımbəyli kəndində yeni çəkilmiş 15 kilometrlik asfalt yolun açılışında iştirak etmiş və həmin kənddə əsaslı təmir edilmiş tam orta məktəbin binası ilə tanış olmuş, ictimaiyyətin nümayəndələri ilə görüşərək əhalini qayğılandıran problemlərlə maraqlanmış, onları aradan qaldırmaq üçün lazımi tapşırıq və tövsiyələrini vermişdir.

Bu səfərin nəticəsi olaraq rayonda böyük canlanma yaranmış, abadlıq, tikintiquruculuq işləri geniş vüsət almış, infrastrukturun yeniləşməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilməyə başlanmışdır. Dövlət başçısının diqqət və qayğısı sayəsində təbii fəlakətin törətdiyi dağıntıların aradan qaıdırılması istiqamətində xeyli görülmüşdür. Subasmaya məruz qalan əksər evlərin yerində möhkəm özüllü 1010 yeni ev tikilmiş, 100 evdə bərpa-gücləndirmə işləri aparılmış, dəymiş ziyana görə əhaliyə 10 milyon manatdan çox kompensasiya verilmiş, 10 sosial obyektdə əsaslı təmir işləri başa çatdırılmışdır. Ölkə başçısının göstərişi ilə daşqından ziyan çəkmiş 1164 nəfər əhaliyə daha 1,5 milyon manat kompensasiya verilmişdir. 276 yeni evin tikintisi nəzərdə tutulmuşdur. 318 evdə isə bərpa-gücləndirmə işləri görüləcək, 33 sosial obyektdə tikinti-təmir işləri aparılacaqdır ki, artıq bu tipli obyektlərdən 14-də inşaat işləri başlanmışdır. Dövlət başçısının tapşırığı ilə daşqına məruz qalmış Əsgərbəyli kənd məktəbinin tam orta məktəbə çevrilməsi üçün əlavə korpusun və həmin kənddə yeni tibb məntəqəsinin binasının tikintisi başa çatmaq üzrədir. Kür çayının Cavad kəndi ərazisindən keçən hissəsində rayon mərkəzi ilə olan məsafəni dəfələrlə qısaldacaq yeni körpünün tikintisi barədə dövlət başçısının 25 may 2011-ci il tarixli sərəncamı sabirabadlıların illərdən bəri qəlblərində bəslədikləri arzuları həqiqətə çevirmişdir. Bu körpü Cavad, Yolçubəyli, Narlıq, Türkədi, Həsənli, Əlicanlı və Zəngənə kəndlərinin 16 min nəfərdən çox əhalisi üçün və ümumilikdə sabirabadlılar üçün həyat deməkdir.  Artıq bu nəhəng körpünün tikintisinə ilkin hazırlıq işləri görülür.

Sabirabad şəhərinin əhalisi üçün uzun illər problemə çevrilmiş, həm də yoluxucu xəstəlik mənbəyi olan "Axmaz" adlanan su hövzəsinin qurudulmasına bu günlərdə başlanacaq. Nazirlər Kabinetinin qərarı ilə bu məqsəd üçün bir milyon manat vəsait ayrılmışdır.

Sabirabad şəhərinin sukanalizasiya sisteminin yenidən qurulmasına artıq start verilmişdir. Sutəmizləyici qurğuların və tikiləcək nasos stansiyalarının yerləri müəyyənləşdirilmiş, bu məqsədlə müxtəlif yerlərdə torpaq sahəsi ayrılmışdır.

Ötən yarım il ərzində abadlıq, quruculuq sahəsində diqqətəlayiq işlər görülmüşdür. Şəhərin görünüşünə xələl gətirən tikililər qaydaya salınmışdır. Heydər Əliyev prospekti boyu yerləşən ictimai yaşayış binalarının üzlənməsi, plastik pəncərələrin qoyulması, dam örtüklərinin müasir formada əsaslı təmiri və blokların suvanması, hasarların yenidən çəkilməsi işləri sürətlə davam etdirilir.

Rayon ərazisində yolların yenidən qurulması işlərinə də başlanmışdır. Hazırda Muradbəyli-Qasımbəyli və Narlıq-Qaraqaşlı istiqamətində yolların əsaslı təmiri davam etdirilir. Yaxın aylarda Hacıqabul-Bəhrəmtəpə-Horadiz magistral avtomobil yolunun Sabirabad rayonundan keçən hissəsinin yenidən tikintisinə başlanacaq.

Rayonun bütün yaşayış məntəqələrinə təbii qazın verilməsi işlərinin sürətləndirilməsi yığıncaqda minnətdarlıqla vurğulandı. Şəhərdə 16 çoxmərtəbəli yaşayış binasının qazlaşdırılması tamamlanmaq üzrədir. Şəhərin qaz xətti olmayan 27 küçəsindən 15-nə təbii qaz verilməsi üçün layihə-smeta sənədləri hazırlanmışdır. Kürkəndi kəndinin 420 evinə təbii qazın verilməsi təmin edilmişdir. Qalaqayın kəndinə qaz çəkilişi davam etdirilir. Artıq 5 kənddə - Nərimankənd, Ulacalı, Şıxlar, Bulduq və Mürsəllidə qazlaşdırma işləri aparılır. Yaxın günlərdə isə daha 8 kənddə - Azadkənd, Beşdəli, Yaxa Dəllək, Minbaşı, Qarağac, Quruzma, Qaraqaşlı və Qəzlidə bu işə başlanacaq.

Əhalini mütəmadi elektrik enerjisi ilə təmin etmək məqsədilə xüsusi tədbirlər planı hazırlanıb həyata keçirilir. Cavad yarımstansiyası vasitəsilə elektrik enerjisi ilə təmin olunan 14 kəndin elektrik təsərrüfatının yenidən qurulması ilə bağlı layihənin icrasına başlanmışdır.

Yığıncaqda təhsil və səhiyyə obyektlərinin əsaslı təmir edilməsi və yenilərinin tikilməsi, həmçinin onların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində geniş tədbirlərin həyata keçirildiyindən də ətraflı danışıldı. Bildirildi ki, M.Ə.Sabir adına məktəb həm görünüşünə, həm də istismar müddətini başa vurduğuna görə artıq sökülüb. Yerində Heydər Əliyev Fondunun dəstəyi ilə üçmərtəbəli 1200 şagird yerlik ən müasir formada məktəb inşa ediləcəkdir. Yuxarı Axtaçı kəndində 250 şagird yerlik yeni məktəb binasının tikintisi sürətlə aparılır. Bu təhsil ocağının yeni dərs ilinədək istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Muradbəyli kənd tam orta məktəbinin əsaslı təmiri də başa çatmaq üzrədir. Zəngənə kənd tam ortaSurxayoba kənd ümumi orta məktəblərində də əsaslı təmir işləri yeni dərs ilinədək yekunlaşacaq. Şəhərin 4 saylı və Azadkənd uşaq bağçaları binalarının əsaslı təmiri də yaxın vaxtlarda başa çatdırılacaqdır. Nərimankənd kəndində 540 şagird yerlik yeni məktəb binasının tikintisi, həmçinin N.Gəncəvi adına 5 saylı və H.Z. Tağıyev adına 6 saylı tam orta məktəblərin əsaslı təmiri də nəzərdə tutulmuşdur.

Ötən altı ay ərzində tibb ocaqlarının təmir-tikintisinə diqqət artırılmışdır. MRX-dapoliklinika şöbəsində, Qaratəpə kənd sahə xəstəxanasında bir sıra təmir işləri görülmüş, Yolçubəyli kənd həkim məntəqəsi Yaponiya səfırliyinin maliyyə vəsaiti ilə yeni üslubda tikilmişdir. Səhiyyə müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmişdir. Prenetal Mərkəz, əksər kənd sahə xəstəxanaları və tibb məntəqələri müasir avadanlıq və cihazlarla təmin edilmişdir.

Fəallar yığıncağında rayon iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının inkişafından da ətraflı danışıldı. Deyildi ki, hazırda rayonda kənd təsərrüfatı yönümlü 7 kooperativ, 116 kiçik müəssisə, 79 fermer təsərrüfatı, ümumilikdə 260 təsərrüfat subyekti fəaliyyət göstərir. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq iri təsərrüfatların təşkili istiqamətində tədbirlər görülmüşdür. Rayonun Çöl Beşdəli və Axısxa kəndlərində 500 hektara yaxın pay torpağı könüllülük əsasında birləşdirilməklə yeni kooperativlər təşkil edilmişdir.

Rayonda 55470 hektarda əkin aparılmışdır ki, ondan da 17838 hektarını taxıl zəmiləri təşkil edir. Bu il hər hektardan 30,3 sentner olmaqla cəmi 54,1 min ton taxıl məhsulu toplanmışdır. Bu da 2010-cu illə müqayisədə 19 min ton çoxdur.

Məruzəçi , yığıncaqda çıxış edən ayrı-ayrı natiqlər Sabirabada, onun sadə əməksevər insanlarına göstərdiyi böyük qayğı diqqətə görə Prezident İlham Əliyevə səmimi minnətdarlıqlarını dönə-dönə vurğuladılar. Onlar əmin etdilər ki, Sabirabadı Muğanın ən abad mərkəzinə çevirmək üçün dövlətin dəstəyi ilə başladıqları böyük quruculuq işini bundan sonra da əzmlə davam etdirəcəklər.

 

Lazım QULİYEV,

 

Azərbaycan.-2011.-24 iyul.-S.3.