Azərbaycanda kapital bazarının modernləşdirilməsı

 

İnkişaf etmiş bazar iqtisadiyyatı şəraitində qiymətli kağızlar investisiya prosesində aparıcı rol oynayır. Qiymətli kağızların köməyi ilə investorların sərbəst pul vəsaitlərindən iqtisadiyyatın ən müxtəlif sahələrində istehsal məqsədləri üçün istifadə edilir. Xarici ölkələrin təcrübəsi göstərir ki, qiymətli kağızların, ilk növbədə səhmlərin və istiqrazların emissiyaları ənənəvi olaraq korporasiyaların maliyyələşdirilməsinin xarici mənbələrinin strukturunda mühüm yer tutur.

Bazar dəyişiklikləri ilə əlaqədar Azərbaycan iqtisadiyyatında da səhmdar müəssisələri əhəmiyyətli yer tutmağa başlamışdır. Bu gün səhmdar cəmiyyəti iqtisadiyyatın bütün sənaye və maliyyə sahələrində müəssisənin hüquqi forması kimi üstünlük təşkil edir.

Azərbaycanda şirkətlər səhmi adi və ya imtiyazlı növundə buraxa bilər. Adi səhm sahibinə emitentin mənfəətinin bir hissəsini dividendlər şəklində almaq, emitentin fəaliyyətinin idarə olunmasında iştirak etmək və emitentin ləğvindən sonra qalan əmlakının bir hissəsini əldə etmək hüququnu verir.

İmtiyazlı səhm emitentin təsərrüfat fəaliyyətinin nəticəsindən asılı olmayaraq, sahibinə bir qayda olaraq səhmin nominal dəyərinin sabit faizi şəklində dividend almasına təminat, emitentin ləğvindən sonra qalan əmlakının bir hissəsini almaqda digər səhmdarlara nisbətən üstünlük hüququnu, habelə səhmlərin buraxılış şərtlərində və emitentin nizamnaməsində nəzərdə tutulan digər hüquqlar verən səhm növüdür.

 

Səhmlərin ilkin ictimai təklif üsulu ilə yerləşdirilməsi (İPO)

 

Ən geniş yayılmış fikrə görə, səhmlərin ilkin ictimai təklif üsulu ilə yerləşdirilməsi (İPO) kapital cəlb etməyin müasir bazar mexanizmidir. Bu halda şirkət öz səhmlərini qiymətli kağızlar bazarında geniş əhatə dairəsinə malik olan investorlara təklif edir. Səhmlərin ilkin ictimai təklif üsulu ilə yerləşdirilməsi emitentin qiymətli kağızlarının ilk sahiblərinə özgəninkiləşdirilməsidir. Emitent investisiya qiymətli kağızlarının yerləşdirilməsi hüququnu onlar dövlət qeydiyyatından keçdiyi andan əldə edir.

Kütləvi təklif üsulu ilə yerləşdirilən səhmlərin dəyəri yalnız pulla ödənilir. Elmi ədəbiyyatda İPO termininin qısa və geniş tərifləri çoxdur. Bununla bərabər, İPO-nun əsas səciyyəvi cəhəti onun açıqlığıdır. Bu o deməkdir ki, İPO tədbirləri həyata keçirən şirkət öz səhmlərini investorlara təklif etmək üçün fond birjasından istifadə edir.

Ümumiyyətlə, beynəlxalq təcrübədə İPO tədbirlərinin həyata keçirilməsi prosesinin ardıcıllığı belədir: birjaya çıxış haqqında qərar qəbul edilməsi; şirkətin yenidən təşkil edilməsi; audit aparılması; emissiya prospektinin hazırlanması; sindikatın formalaşması; buraxılışın qeydiyyatı; fond birjasında hərracların başlanması.

İPO tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul ediləndən sonra şirkət səhmlərin yerləşdirilməsi əməliyyatları üçün anderrayter (adətən, investisiya bankı) və məsləhətçilər seçir. Anderrayterin əsas vəzifələri İPO prosedurunu seçmək, başqa məsləhətçilərin fəaliyyətini əlaqələndirmək, səhmlərin yerləşdirilməsi parametrlərini (cəlb edilən vəsaitlərin həcmini, yerləşdirmə qiymətini) müəyyən etmək, səhmlərin yerləşdirilməsi sahəsini seçməkdən ibarətdir.

Fikrimizcə, İPO prosesində ən mühüm mərhələlərdən biri yeni təşkilati formaya hazırlıqdır. Çünki məhz bu dövrdə şirkət uçot sisteminin Beynəlxalq Maliyyə Hesabatı Sisteminə (BNHS) müvafiq şəkildə qurulması, korporativ idarəçiliyin yenidən təşkil edilməsi kimi genişmiqyaslı təşkilati dəyişikliklər aparmalıdır. Beləliklə, səhmlərin ilkin açıq yerləşdirilməsi həm kapital mənbəyi, həm də şirkətin genişlənməsinin idarə edilməsi üçün mükəmməl mexanizmdir.

 

Fond birjasının fəaliyyəti

 

Azərbaycanda fond birjası qiymətli kağızlarla əqdlərin bağlanması üçün zəruri şəraitin yaradılması, qiymətli kağızlarla ticarətin təşkili, eləcə də tələb və təklifin əlaqələndirilməsi, qiymətli kağızların tələbi, təklifi, kotirovkası və ticarətinə dair məlumatların ictimaiyyətə açıqlanması, eləcə də şəffaf, ədalətli və effektiv ticarətin təmin edilməsi kimi vəzifələri həyata keçirir.

Bakı Fond Birjasında 2010-cu ildə səhmlərin ilkin bazarında artım müşahidə olunmuş və həyata keçirilmiş məqsədyönlü tədbirlər əsasında 2009-cu ildən başlanan səhm ticarətinin mütəşəkkil bazara doğru istiqamətlənməsi tendensiyası davam etmişdir. Belə ki, hesabat ili ərzində səhm bazarı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 37 faiz artmışdır. Nəticədə səhmlərin yerləşdirilməsində 2 dəfədən çox artım müşahidə olunmuşdur. Həyata keçirilmiş tədbirlər nəticəsində səhmlərlə əməliyyatların 95,5 faizi mütəşəkkil bazarda (Bakı Fond Birjasında) bağlanmışdır ki, bu da 2009-cu ilin göstəricisindən 4,5 faiz yuxarıdır.

Səhmlərin qiymətinə təsir edən makro və mikro amillər

Ölkəmizin rəqabət qabiliyyətliliyinin yüksəldilməsində uğurlu pul və büdcə siyasətinin mühüm rolu danılmazdır. 2008-2009-cu illər "Qlobal rəqabətqabiliyyətlilik hesabatı"nda Azərbaycan "Büdcə balansı" subindeksinə görə 134 ölkə sırasında 31-ci yeri tuturdu. 2009-2010-cu illər hesabatında ölkəmiz bu göstəriciyə görə 133 ölkə sırasında 6-cı, 2010-2011-ci illər hesabatında isə 4-cü mövqeyə yüksəlmişdir.

Azərbaycanda aparılan iqtisadi islahatların və həyata keçirilən yeni neft strategiyasının nəticəsi kimi iqtisadi həyatımızın bütün sahələrində uğurlar əldə edilmişdir. 2008-ci ildən başlayan dünya maliyyə böhranı şəraitində Azərbaycan iqtisadiyyatı xarici təsirlərə dayanıqlı olduğunu göstərmişdir. Belə ki, 2009-cu ildə dünya üzrə ümumi daxili məhsul 0,6, MDB ölkələrində 7 faiz azaldığı halda, Azərbaycanda bu göstərici 2009-cu ildə 9,3, 2010-cu ildə isə 6 faizə qədər artmışdır. Həmçinin iqtisadi böhranla əlaqədar dünyada məcmu tələbin həcminin azaldığı bir vaxtda, Azərbaycanda analoji göstərici artmaqda davam etmişdir. Məsələn, 2009-cu ildə ölkədə son istehlak xərcləri 2008-ci ilə nisbətən 15,2 faiz artaraq 19,4 milyard manata bərabər olmuş, 2010-cu ildə də bu meyil davam etmişdir.

 

Əmək bazarı, gəlirlik və məşğulluq

 

Azərbaycanda iqtisadi artım tempinin yüksək olması məşğulluq səviyyəsinin də yüksəlməsinə səbəb olmuşdur. Hazırda ölkəmiz əhalinin məşğulluğunun təmin olunması ilə əlaqədar ən gərgin dövrə qədəm qoymuşdur. Belə ki, əhalinin ümumi sayında əmək qabiliyyətli yaşda olanların xüsusi çəkisi 1999-cu ildə 56,8 faizdən 2009-cu ildə 68,0 faizə qədər yüksəlmişdir. Nəticədə əmək qabiliyyətli yaşda olan əhalinin sayı qeyd edilən dövrdə 1 milyon 550 min nəfər artmışdır. Odur ki, yeni iş yerlərinin açılması dövlətin iqtisadi siyasətinin prioritet istiqaməti kimi qəbul edilmiş, bununla əlaqədar bir sıra dövlət proqramları qəbul edilərək icra olunmuşdur. Bu proqramlarla yanaşı, Prezidentin sərəncamları ilə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Proqramı", "2006-2015-ci illər üzrə Azərbaycan Respublikasının Məşğulluq Strategiyası", "2007-2010-cu illər Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı" qəbul edilmişdir. Həyata keçirilmiş tədbirlər nəticəsində 1 milyondan çox yeni iş yeri açılmış, işsizliyin səviyyəsi xeyli azalmışdır. Müqayisə üçün qeyd edək ki, sözügedən dövrdə işsizliyin səviyyəsi ABŞ-da və Avropa İttifaqı ölkələrində 7-10 faiz civarında yüksəlmişdir.

Bunlardan əlavə, son 7 il ərzində Azərbaycanda əməkhaqqı və pensiyalar orta hesabla 5 dəfə artmışdır. Hazırda ölkəmizdə orta aylıq pensiya məbləği 150 dollar təşkil edir ki, bu da respublikamızın həmin göstərici üzrə MBD ölkələrinin əksəriyyətini üstələdiyini təsdiqləyir.

 

Tədiyyə balansı

 

İnvestisiya təhlilinin həyata keçirilməsində tədiyyə balansının cari əməliyyatların saldosu, xalis investisiya gəliri, ölkədə və xaricdə olan birbaşa, yaxud portfel investisiya, həmçinin digər investisiyaların strukturu və dinamikası kimi mövqeləri önəm kəsb edir. Onu da qeyd etmək lazımdır ki, xarici investisiya yalnız səmərəli istifadə olunduğu zaman tədiyyə balansına müsbət təsir göstərir. Səmərəli istifadə yalnız əmtəə və xidmət sahəsində ixracın artdığı, idxalın isə azalmağa doğru getdiyi halda olur. Belə ki, portfel investisiyası köhnə borcların yenidən maliyyələşdirilməsi üçün istifadə edildiyindən onların artırılması gec-tez maliyyə iflasına gətirib çıxarır.

Ölkəmizdə neft strategiyasının reallaşması nəticəsində tədiyyə balansının "Cari əməliyyatlar hesabı"nda da müsbət nəticələr əldə edilir. Dövlət tərəfindən həyata keçirilən məqsədyönlü iqtisadi siyasət nəticəsində Azərbaycana cəlb edilən xarici kapitalın artması hesabına investisiyaya yönəldilmiş malların və xidmətlərin idxalı artır.

 

Pul və valyuta siyasəti

 

Azərbaycanda dərin makroiqtisadi təməllərin yaradılması və maliyyə sabitliyinin möhkəmlənməsi istiqamətində çevik iqtisadi addımların atılması, eləcə də Mərkəzi Bank tərəfindən həyata keçirilən pul-kredit siyasətinin səmərəliyinin artırılması milli valyuta olan manatın yerli maliyyə bazarı ilə yanaşı, regionda aktiv pul aləti kimi çəkisinin yüksəlməsinə səbəb olmuşdur. Bütün dövlətlərin milli valyutası dəyərini itirdiyi halda, Azərbaycan hökumətinin həyata keçirdiyi monetar siyasət nəticəsində milli valyutanın məzənnəsi əhəmiyyətli dərəcədə möhkəmlənmişdir.

Azərbaycan yeganə ölkələrdəndir ki, denominasiyadan sonra milli valyutası dəyərini artırmaqda davam edir. 5 il əvvəl pul islahatları başlayanda və ilk yeni banknotlar dövriyyəyə buraxılanda manatın dollarla nisbətdə dəyəri 0, 92 qəpik təşkil edirdi və həmin dövrdə ABŞ pulu ümumilikdə dünya maliyyə bazarlarında əsas aparıcı valyuta növü idi. Yəni həmin illərdə dünya iqtisadiyyatında böhran meyilləri olmadığından və dollar dünya pulu kimi aparıcı dönərli valyuta hesab olunduğundan yenicə tədavülə buraxılmış Azərbaycan manatının məzənnəsini sabit qoruyub saxlamaq asan məsələ deyildi. Amma Azərbaycan hökumətinin ölkədə güclü sabitlik potensialı yaratması və mükəmməl məzənnə siyasəti yürütməsi denominasiyanın ilk ilindəcə öz effektiv nəticələrini göstərdi. Manat digər xarici valyutalarla nisbətdə nəinki öz mövqeyini sabit qoruyub saxladı, hətta 2 faizə yaxın nisbi dəyər qazandı.

Azərbaycanın yeni milli valyutası son 5 ildə həm dollar, həm də avro və digər valyutalar qarşısında öz məzənnəsini möhkəmləndirərək ən yüksək templə aktiv pul alətinə çevrilib. Bu müddət ərzində milli valyuta dollarla nisbətdə 20 faizdən çox möhkəmlənib. Avro da son 5 ildə manat qarşısında dəyərini itirib. Ümumiyyətlə, son illərdə valyuta bazarında çoxseqmentli proseslər gedib və onların heç biri milli valyutanın dəyərinin dəyişməsinə gətirib çıxarmayıb. Əksinə, bu proseslər milli valyutanın möhkəmlənməsinə əsaslı zəmin yaradıb.

Manatın məzənnəsinin sabitliyi idxalın və daxili istehsalda istifadə olunan xarici mənşəli əmtəələrin kəskin bahalaşmasının qarşısını almış, habelə əhalinin əmanətlərinin dəyərsizləşməsinin, xarici valyutada borc yükünün artmasının, manata etimadın azalmasının və iqtisadiyyatda yüksək dollarlaşmanın qarşısını almışdır.

Azərbaycan hökumətinin həyata keçirdiyi monetar siyasət təsdiqləyir ki, respublikamızda güclü iqtisadiyyat və düşünülmüş iqtisadi strategiya ən çətin dövrlərdə belə iqtisadi fəallığın aşağı düşməsinin qarşısını alır, maliyyə sisteminin sağlam və dözümlülüyünü gücləndirir. Ölkəmizdə həyata keçirilən pul siyasətinin makro və mikroiqtisadi diaqnostikasının gücləndirilməsi, makromodellər vasitəsilə iqtisadiyyatın gözlənilən vəziyyəti üzrə zəruri simulyasiyalar aparılması, eləcə də monetar siyasətin balanslaşdırılmış sistem üzrə həyata keçirilməsi manatın davamlığını möhkəmləndirir.

 

Maliyyə siyasəti, büdcə və vergi

 

Azərbaycanda 2011-ci il dövlət büdcəsinin gəlirləri (dövlət büdcəsinə may ayında olunan dəyişikliklər nəzərə alınmamışdır - red.) 12061 milyon, xərcləri isə 12748 milyon manat təşkil edir. 2011-ci ildə büdcənin gəlirləri 2009-cu ilə nisbətən 16,8, 2010-cu ilə nisbətən 4,8, büdcənin xərcləri isə müvafiq olaraq 3,9 və 21,4 faiz artmışdır. Dövlət büdcəsinin kəsiri 687 milyon manat məbləğində müəyyən edilmişdir ki, bunun da ümumi daxili məhsula nisbəti 1,7 faiz təşkil edir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, son illər dövlət büdcəsinin kəsiri Avropa Birliyi ölkələri üçün müəyyən olunmuş 3 faizlik normadan yüksək olmamışdır. Həmçinin 2011-ci ildə büdcə kəsirinin əvvəlki illərdən fərqli olaraq inflyasiya yaratmayan mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulmuşdur. Bu mənbələrə özəlləşdirmədən, daxili və xarici borclanmadan daxilolmalar və 2011-ci il 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı aiddir.

Həmçinin qeyri-neft sektorunun inkişafı da bu sahədən daxil olan vergi gəlirlərinin artmasına səbəb olacaq. Son illər həyata keçirilən tədbirlər ölkədə investisiya və sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına gətirib çıxarmışdır. Belə ki, vergi ödəyicilərinin hüquqlarının artırılması və mənafelərinin qorunması, vergi yükünün aşağı salınması, vergi inzibatçılığının və vergi nəzarətinin təkmilləşdirilməsi ilə əlaqədar ardıcıl tədbirlər həyata keçirilmişdir.

Dövlət büdcəsinin qısa şərhini tamamlayaraq onu da qeyd etməyi vacib sayırıq ki, Azərbaycan Cənubi Qafqazda ən güclü iqtisadiyyata malik ölkədir və sözün əsl mənasında, regionun iqtisadi güc mərkəzinə çevrilmişdir. Rəqəmlərlə ifadə edilsə, 2011-ci ildə dövlət büdcəmizin həcmi digər iki qonşu dövlətin birlikdə büdcəsini üstələyir. Ölkəmizin 2011-ci ildə büdcə gəlirləri və xərcləri təkcə Ermənistanın müvafiq göstəricilərindən 6,3 və 5,7 dəfə çoxdur. Yalnız onu demək kifayətdir ki, 2011-ci ildə Azərbaycanın ümumilikdə hərbi xərcləri Ermənistanın bütövlükdə büdcəsindən xeyli yüksəkdir.

 

Qlobal iqtisadi böhranın Azərbaycanın qiymətli kağızlar bazarına təsiri

 

Dünyanın bir çox ölkələrində qiymətli kağızlar bazarında böhran yaşandığı halda, Azərbaycanda bu sahədə sabit artım baş vermişdir. 2010 ilin yekununda qiymətli kağız bazarında dinamik inkişaf qeydə alınmışdır. Belə ki, maliyyə sektorunda təmsil olunan şirkətlərin dinamik kapitallaşması prosesi nəticəsində korporativ qiymətli kağızların artımı müşahidə olunmuşdur. Həmçinin il ərzində sözügedən sahədə bazara yeni alətlər çıxarılmışdır.

Qlobal iqtisadi böhran şəraitində digər sahələrdə olduğu kimi, Azərbaycanın maliyyə sektorunda da dinamik inkişaf tempi qorunub saxlanılmışdır. Bu isə öz növbəsində digər sahələrdə inkişaf tendensiyasına müsbət təsir göstərir.

Bütün bunlar dünyanın bir çox ölkələrindən fərqli olaraq, qlobal böhran şəraitində də dinamik iqtisadi inkişafın mümkünlüyündən xəbər verir və bunun ən bariz nümunəsi kimi məhz Azərbaycan çıxış edir. Elə bu səbəbdən beynəlxalq aləmdə qlobal iqtisadi böhranın təsirlərindən qorunmaq baxımından Azərbaycan təcrübəsinə diqqət artır. Çünki uğurla həyata keçirilən inkişaf və modernləşmə strategiyası sayəsində Azərbaycan iqtisadiyyatı qlobal böhrana yüksək dayanıqlıq nümayiş etdirərək müvazinətini itirmədi, artım dinamikasını və sosial inkişaf səviyyəsini qoruya bildi. Ölkədə güclü sabitlik potensialının yaradılması şəraitində gerçəkləşdirilən antiböhran siyasəti maliyyə sabitliyinin qorunmasına da imkan yaratdı.

Məlum olduğu kimi, Prezidentin 2011-ci il 16 may tarixli sərəncamı ilə "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı Dövlət Proqramı" təsdiq edilmişdir. Dövlət Proqramının başlıca məqsədi müasir, beynəlxalq standartlara uyğun, iqtisadiyyata geniş kapitalizasiya imkanları təqdim edən və risklərin etibarlı idarə olunmasını təmin edən, yüksək səmərə ilə fəaliyyət göstərən qiymətli kağızlar bazarının formalaşdırılmasıdır. Bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur:

- qiymətli kağızlar bazarının tənzimlənməsi mexanizmlərinin qabaqcıl beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, qiymətli kağızlar bazarının institusional inkişaf səviyyəsinin yüksəldilməsi və onun beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi;

- ölkə iqtisadiyyatında kapitallaşma dərəcəsinin yüksəldilməsinə nail olunması, iqtisadi layihələrin maliyyələşdirilməsində qiymətli kağızlar bazarı vasitəsilə cəlb edilən qeyri-inflyasiya mənşəli investisiya vəsaitlərindən istifadənin genişləndirilməsi;

- iqtisadi subyektlərin və əhalinin yığımlarının fond bazarında səmərəli yerləşdirilməsi üçün investisiyaların qorunduğu və risklərin etibarlı idarə olunduğu müvafiq şəraitin yaradılması;

- ölkənin qiymətli kağızlar bazarının tədricən beynəlxalq kapital bazarlarına inteqrasiya olunması üçün müvafiq şəraitin formalaşdırılması.

Dövlət Proqramı çərçivəsində qiymətli kağızlar bazarının inkişafı üçün müəyyən olunmuş vəzifələrin mərhələlərlə həyata keçirilməsi nəzərdə tutulur və sənəddə ölkənin qiymətli kağızlar bazarının tədricən beynəlxalq kapital bazarlarına inteqrasiya olunması üçün müvafiq şəraitin formalaşdırılması bir vəzifə kimi qarşıya qoyulur.

 

Zahid MƏMMƏDOV,

iqtisad elmləri doktoru, professor

 

Azərbaycan.-2011.-24 iyul.-S.4.