Xocalılılar üçün qəsəbə salınır

 

Goranboy şəhərinin yanında geniş bir sahədə qızğın inşaat işləri gedir. Bir yanda müasir görkəmli beşmərtəbəli evlər, yaxınlıqda isə daha 9 bina tikilir. Nəhəng kranlar, beton ötürənlər, müxtəlif yük maşınları, ustalar, fəhlələr aramsız işləyir. Burada 688 məcburi köçkün üçün iri bir qəsəbə salınır. Ortada isə Xocalı soyqırımı üçün xatirə abidəsi ucaldılıb.

Bu ilin fevral ayında ölkə başçısı İlham Əliyev bu yeni yaşayış məhəlləsinin açılışında iştirak etdi, sakinlər üçün yaradılan şəraitlə ətraflı tanış oldu, həmin gün 165 ailəyə orderlər verildi. Məcburi köçkünlərin vəziyyəti ilə ətraflı tanış olan Prezident dedi ki: "Burada bütün şərait yaradılıb, hər şey, bütün imkanlar var, gözəl binalardır. Burada rahat yaşamaq mümkündür. Siz buna layiqsiniz, uzun illərdir ki, erməni təcavüzkarlarının işğalçı siyasətindən əziyyət çəkirsiniz, uzun illər yararsız binalarda yaşamısınız. İndi isə bizim soydaşlarımız bu gözəl binalarda, gözəl mənzillərdə yaşayacaqlar".

Sonra dövlət başçısı məcburi köçkün, şəhid ailəsi Sədaqət Ağayarovanın evində oldu, Xocalı ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Prezident İlham Əliyev bildirdi: "Azərbaycan dövləti məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün böyük işlər görür. Hər il binalar, fərdi evlər tikilir. Bu siyasət davam etdiriləcəkdir. Elə etməliyik ki, hazırda hələ də çətin vəziyyətdə yaşayan soydaşlarımız da yaxşı evlərə köçürülsünlər. Əlbəttə, bu, böyük vəsait, böyük peşəkarlıq tələb edir. Bilirsiniz ki, Dövlət Proqramı icra olunur. Azərbaycan dövləti bundan sonra da əlindən gələni edəcək ki, sizin vəziyyətinizi yaxşılaşdırsın. Çünki bir daha demək istəyirəm ki, siz buna layiqsiniz, siz yaxınlarınızı itirmisiniz".

Xocalı faciəsi bütün aləmə bəllidir. Erməni quldurlarının törətdikləri bu müdhiş soyqırımı artıq bütün dünya birlikləri tərəfindən tanınır. Erməni cəlladlarının əli ilə bir gecənin içində 613 nəfər məhv edildi, 1275 nəfər dinc sakin girov götürüldü. Onlardan 150 nəfərinin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 106 nəfəri qadın, 83 nəfəri azyaşlı uşaq, 70 nəfəri ahıl və qocalardır. Şikəst olanların 76 nəfəri yetkinlik yaşına çatmamış oğlan və qızlardır. 8 ailə tamamilə məhv edilib. O qanlı gecədə 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, diri-diri yandırılıb, başlarının dərisi soyulub, bədən əzaları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilib.

Hazırda 12733 xocalılı məcburi köçkün 49 şəhər və rayonda məskunlaşıb. Onlar xüsusi ehtiramla deyirlər ki, dövlət başçısı daim məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına qayğı və kömək göstərir. Prezidentin imzaladığı "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" uğurla yerinə yetirilir. Məcburi köçkünlərin 3784 nəfəri yaşayış evləri ilə təmin edilib. Bu da rayon əhalisinin 29,7 faizini təşkil edir.

Xocalılılar üçün Goranboy rayonunun ərazisində 4 yeni qəsəbə salınıb. Səfalı dağların qoynunda Aşağı Ağcakənd, Yuxarı Ağcakən, Börü və Meşəli yaşayış məntəqələri elə uzaqdan diqqəti cəlb edir. Goranboydakı Xocalı məhəlləsi də günü-gündən böyüyür, genişlənir. Xocalı köçkünlərinin kütləvi şəkildə məskunlaşdıqları Mərdəkandakı "Günəşli", Sabunçudakı "Qızıl qum" sanatoriyaları, evtikmə komibatının Binəqədidəki pansionatı, Gəncə Dövlət Universitetinin, humanitartexniki kolleclərin yataqxanaları əsaslı təmir edilib.

Bakı Dövlət Universitetinin və digər təhsil müəssisələrinin yataqxanalarında, təcili tibbi yardım stansiyasının yarımçıq qalmış binasında, fərdi evlərdə və başqa yerlərdə məskunlaşmış məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə Abşeron rayonundakı Masazır qəsəbəsinin ərazisində müvafiq sahələr ayrılıb.

Müxtəlif yerlərdə yeni qəsəbələr salınmaqla yanaşı sosial problemlər də uğurla həll olunur. Təzə yaşayış yerlərində 5 orta məktəb, 2 həkim ambulatoriyası, 1 klub icma-mərkəzi, bir neçə inzibati bina, habelə yanğından mühafizə deposu istifadəyə verilib.

Aşağı Ağcakənd qəsəbəsində, Börü və Meşəli kəndlərində hər ailəyə 10, Yuxarı Ağcakənd qəsəbəsində isə 4 sot hesabı ilə həyatyanı torpaq sahəsi və hər ailə üçün 10 sot biçənək yeri ayrılıb.

Digər problemlər uğurla həll olunur. Aşağı Ağcakəndə ətraf məntəqələrə təbii qaz xətti çəkilir. Meşəlidə isə 98 ailəyə artıq təbii qaz verilir. Yaxın günlərdə Aşağı Ağcakənd qəsəbəsinin Börü kəndinin sakinləri təbii qazla təmin ediləcəklər. Yeni yaşayış məntəqələrinin hamısına telefon, su elektrik xətləri çəkilib, Aşağı Ağcakənd qəsəbəsində elektrik yarımstansiyası istifadəyə verilib.

Bu yerlərdə yollara da xüsusi diqqət yetirilir. Qısa müddət ərzində bu sahədə xeyli görülüb. İndi isə Yuxarı Ağcakənd avtomobil yolunun əsaslı təmiri üçün layihə smeta sənədləri hazırlanır.

Goranboyda Xocalının məcburi köçkünləri ilə görüş zamanı Prezident İlham Əliyev demişdir: "Qaçqınların məcburi köçkünlərin problemlərinin həllinə Azərbaycan dövləti bundan sonra da bu istiqamətdə öz səylərini göstərəcəkdir. Biz bu il investisiya proqramı Dövlət Neft Fondunun proqramı çərçivəsində daha da böyük işlər görəcəyik. Eyni zamanda Prezidentin Ehtiyat Fondundan vaxtaşırı vəsait ayrılır. Bax, bu binalar məhz Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına tikilmişdir. Bizim soydaşlarımız narahat olmasınlar, köçkünlər üçün tikilmiş bütün binalar - istər mənzillər, istərsə fərdi evlər bu səviyyədə olacaqdır".

 

 

Azərbaycan.-2011.-23 iyul.-S.1.