Ağdam Qarabağın dayağı idi

 

İşğal tariximizin daha bir gününə gəlib çatdıq - 23 iyul 1993-cü il. İşğalçı - erməni-sovet hərbi birləşmələri, işğala məruz qalan isə Qarabağın bir parçası olan Ağdamdır.

Ağcabədi, Tərtər, Bərdə, Kəlbəcər, Əsgəran və Xocavənd, eləcə də Füzuli rayonu ilə həmsərhəd olan Ağdam Qarabağın ən qədim yaşayış məntəqələrindəndir.

Ərazisi 1094 kv.km, əhalisi isə 01 yanvar 2010-cu il tarixə kimi 177,6 min nəfər.

Bir şəhər, iki qəsəbə və 123 kəndi birləşdirən Ağdam paytaxt Bakıdan 362 km məsafədə, Qarqar çayından 3 km aralıda yerləşir.

Güclü kənd təsərrüfatına malik olan Ağdam işğala qədər eyni zamanda ağır və yüngül sənayesi inkişaf etmiş rayon kimi də xarakterizə olunub.

 

Bu şəhərin bizəqədərki tarixi

 

Bizəqədərki tarixində də bu ərazi həmişə bizim olub. Tarixin dərinliklərindən - əsrlərin, minilliklərin kəşməkəşlərindən keçərək bugünümüzə qədər gələn Ağdam ərazisində insanlar təxminən 8-10 min il bundan əvvəl məskunlaşmağa başlayıblar. Bu ərazi son antikilk orta əsrlərdən yerli avtoxon türkdilli tayfaların məskəni olubolaraq da qalmaqdadır. Yüzillər boyu bu tayfa birlikləri Qarabağ atlarının üstündə uzaq Hindistandan tutmuş İraqa, Kərkükə qədər uzanan yolları qət eləyib şərəfli bir tarix yaradıblar.

 

Bu şəhərin bizimlə olan tarixi

 

Bizimlə olan tarixi yaxşı xatırladığımız, bildiyimiz tarixdir - kitablardan, dərsliklərdən öyrəndiyimiz, ayrı-ayrı səyyahların, tarixçilərin gördükləri, söylədikləri tarixdir. Onu bütün dövrlərdə əcdadlarımız həm qılıncla, həm sözlə yazıblar. Onlar yazıblar - biz oxumuşuq.

Bu tarix isə şahidlik edir ki, Azərbaycanın bütün dövrlərində Qarabağın, Şuşanın, Ağdamın xüsusi yeri olub. Bu şəhərlərsiz Qarabağın, eləcə də bütöv Azərbaycanın tarixi natamamdır, yarımçıqdır, mümkünsüzdür. XVIII əsrdə Qarabağ xanlığının təşəkkül tapmasında, inkişafında, regionda güc sahibinə çevrilməsində də hər iki şəhərin - Şuşanın və Ağdamın əvəzsiz rolu vardı. 1918-1920-ci illərdə erməni-bolşevik təcavüzünə qarşı mübarizədə də hər iki şəhər bir-birinin yanında idi. Onda da hər iki şəhər dəfələrlə ermənilərin arzularını gözlərində qoyub dizlərini qırmışdı, dəfələrlə Əsgəranda, Keşişkənddə, onların göz dikdikləri müxtəlif yaşayış məskənlərində gözlərinin odunu alaraq diz çökdürmüşdülər

1918-ci il sentyabrın 15-də Bakını erməni-bolşevik qüvvələrindən təmizlədikdən sonra hərbi hissələr dərhal Qarabağa üz tutdu. Həmin vaxt Nuru paşa Ənvər paşaya teleqramla bildirirdi ki, Qarabağ məsələsini üç həftə ərzində başa vurmağa çalışacağıq. Əməliyyata birbaşa rəhbərlik etmək üçün oktyabrın 1-də Nuru paşa özü Ağdama gəldi.

Oktyabrın 4-də başlayan əməliyyat uğurla başa çatdı, oktyabrın 8-də Qafqaz İslam Ordusunun hissələri böyük təntənə ilə Şuşaya daxil oldu.

Elə həmin vaxtlar "Azərbaycan" qəzeti Qafqaz İslam Ordusu hissələrinin Şuşaya daxil olmasını xəbər verirdi: "Məhərrəm ayının 1-də qoşunlar şəhərə yaxınlaşdılar. Onları qarşılamaq üçün qara çərkəzi geyimdə olan yerli gənclərdən ibarət 30 nəfərlik fəxri qarovul göndərildi. Şəhərin girişində məktəblilərdən ibarət orkestrlə bərabər yerli könüllü hissələr dayanmışdı. Birinci zəfər qapısı yanında isə ruhanilər və beynəlmiləl komitə üzvləri əllərində şəhərin açarlarını tutmuşdular. Səhər saat 10-da qoşunlar aşağıdakı tərkibdə şəhərə daxil oldular: qabaqda süvarilər, arxasınca topçularpulemyotçular. Qoşunların arxasınca isə Qaladərəsi qəhrəmanları Sultan bəy və İldırım bəy Qarabağ süvariləri ilə hərəkət edirdilər" (S.Əlibəyli. "Ağdamım - qibləgahım". Bakı, 2005).

Tarix təkrarlanır. 1988-ci ildə Qarabağ hadisələri yenidən alovlanmağa başlayanda Əsgəranın üstünə ilk yeriyən yenə Ağdam və ağdamlılar oldu. Qarabağın yeni tarixində ilk şəhidlər də bu şəhərin qismətinə yazıldı - Bəxtiyar və Əli.

Nəzərə alsaq ki, təkcə Ağdamın əhalisi bütün Dağlıq Qarabağın əhalisi qədərdi və bütün dövrlərdə Ağdam camaatı Dağlıq Qarabağda xüsusi söz sahibi idi, onda Ağdamın Qarabağ savaşındakı yerini, az da olsa, təsəvvür etmək olar. Dəqiq deyə bilərik: ermənilər Sovet hökumətindən çox Ağdamdan, ağdamlılardan qorxurdular.

Dağlıq Qarabağın azərbaycanlı kəndlərinin qaçan yeri, güman yeri, silah yeri, kömək yeriAğdam idi.

O vaxt Qarabağın Bakıdan - ali hakimiyyətdən əli üzülən şəhərləri - Şuşa, Laçın, Xocalı, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Kəlbəcər vuruşurdu, döyüşürdü, bir-birinin ardınca yaralanırdı, şəhid olurdu. Amma onların hamısının Bakıdan daha çox umduqları, gözlədikləri Ağdam idi. Bir də Ağdamı onlara yaxın edən təkcə məsafə yaxınlığı deyildi...

Qısaca da olsa şəhərin işğalına qədərki hadisələrə nəzər salaq:

1992-ci il martın 12-də bir-birinin ardınca rayonun 6 kəndinin - Sırxavənd, Qaraşlar, Bəşirlər, Manikli, Xatınbəyli, Baş Güneypəyə kəndlərinin işğalı ilə Ağdamın ən ağır günləri başlayır. Sentyabrda Abdal, Gülablı kəndləri erməni silahlılarının əlinə keçir.

1992-ci il avqustun 16-da Ağdam şəhərinin ermənilər tərəfindən güclü atəşə tutulması 15 yaşlı uşağın, bir nəfər Gülablı sakininin ömrünə nöqtə qoydu. Avqustun 24-nə keçən gecə rayonun Şelli, Qasımlı kəndləri toplardan atəşə tutuldu, həmin gün Mərzilidə - dünya şöhrətli alim, vətəndaş Xudu Məmmədovun kəndində iki nəfər qətlə yetirildi. Bilməyənlər üçün: Xudu müəllim Qarabağ hadisələrinin ilk qurbanlarından biri oldu...

1992-ci il oktyabrın 13-də ermənilər Əsgəran istiqamətindən Ağdamın Xıdırlı, Qiyaslı, Yuxarı Hacılı, Bağbanlar, Mərzili kəndlərini intensiv şəkildə atəşə tutdular, 6 nəfər həlak oldu, 48 nəfər isə ağır yaralandı. Bir gün sonra rayonun Qullar kəndindən 2 nəfər də ermənilərin "Qrad" qurğusu ilə həlak oldu.

Həmin ilin qışında, daha doğrusu, dekabr ayının 15-də Ağdam şəhərinin atəşə tutulması nəticəsində daha 3 nəfər həlak oldu...

Sonra hələ də araşdırılıb başa çatmayan müxtəlif hadisələr oldu. Lap nağıllardakı kimi: namərdlər mərdləri endilər, xəyanət baş kəsdi, çoxlu günahsız qanlar axdı və indi də inanılası mümkün olmayan bir faciə yaşandı: 23 iyul 1993-cü ildə Şuşanın ardınca Ağdam da işğal olundu. Bu, həm də taleyini bu şəhərə bağlayan yüz minlərlə insanın ümid, güman, pənah yerinin işğalı idi...

Bu işğal nəticəsində minlərlə insan öz doğma yurd-yuvasından perik düşdü. Bu işğalda 28 min hektar sahəsi, 38 kolxozsovxoz, 24 tikinti-quraşdırma idarəsi, 12 sənaye obyekti, 74 məktəb, 105 səhiyyə ocağı, 271 mədəniyyət müəssisəsi, 67 idarə, 99 klub məhv edildi.

Bu, statistik məlumatlardır. Hansısa yanlışlıq ola bilər və bu, başa düşüləndir.

Beş ildən artıq davam edən döyüşlərdə 5897 nəfər şəhid, 3531 nəfər əlil oldu, 1871 nəfər uşaq yetim qaldı, 126 min nəfər isə doğma yurd-yuvasından didərgin düşdü.

Bu, artıq heç bir şərhə və düzəlişə ehtiyacı olmayan həqiqətlərdir.

 

Ağdamın işğalından... 18 il keçir

 

1996-cı il idi. Yazıçı-publisist Bəxtiyar Sadıqov yazırdı: "Üç ildir Ağdam düşmən əlindədir. Üç ildir ki, Şuşa, Laçın, Kəlbəcər... kimi Ağdamın da üzərində erməni bayrağı dalğalanır. Düz üç ildir ki, ağdamlılar Ağdama, bütün Azərbaycan isə Qarabağın "qeyri-rəsmi paytaxtına" həsrətdir.

Görəsən bu həsrət çoxmu çəkəcək!!!

Görəsən torpaqlarımız əsirlikdə çoxmu qalacaq!!!

Görəsən millət bu həqarətə və rəzalətə çoxmu dözəcək!!!

(Bəxtiyar Sadıqov. "İnsan Zaman". Bakı, 2001).

 

Biz olmayanda da bizimlə olan şəhər

 

İndi əllərinə fürsət düşüb, erməni tarixçiləri işğalda olan ərazilərimizdə qazıntılar aparır, özlərinə aid "tarixi faktlar" toplayırlar. Bu qədim yurda - Pənah xanın, Natəvanın, Qasım bəy Zakirin, Üzeyir bəyin, Əhməd bəy Ağaoğlunun, Xanın, Bülbülün... ruhu bizi bağışlasın - onların o gözəl şəhərinə isə indi qəsbkarlar "Tiqranakert" adı qoyub sevinirlər. Bu "sevinci" bölməyə isə özlərindən başqa kimsələri yox.

Ancaq özgə evinə soxulmağın da məsuliyyətini cəzasını hiss etməmiş, bilməmiş deyillər - ona görə son günlər, xüsusilə Azərbaycan Silahlı Qüvvələrinin 26 iyun paradından sonra xeyli "fəallaşaraq" müxtəlif bəyanatlar verirlər. Bir növ həm qorxurlar, həm yeri gəldi-gəlmədi bizi - qarşı tərəfi qorxutmağa çalışırlar. Axı xain həmişə xoflu olur xainliyin, xəyanətin cəzasının yaxınlaşdığını da hiss etməkdədirlər.

Ölkə başçısı İlham Əliyev ermənilərin hazırkı vəziyyətini, bu qeyri-adi durumunu elə həmin tarixi paradda çıxışı zamanı olduqca maraqlı gözəl bir dillə ifadə edib: "Onlar, əslində, bizi müharibə ilə hədələyirlər. Bizə qarşı müharibə aparan, azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini aparan, Xocalı soyqırımını törədən vəhşilər indi yenə Azərbaycanı müharibə ilə hədələyirlər. Özləri müharibədən qorxa-qorxa, əsə-əsə bizi müharibə ilə hədələyirlər".

Son olaraq: Ağdam-Şuşa arası o qədər gözəl, o qədər əziz, o qədər qısadır ki, onu payi-piyada yarım günə adlamaq olar...

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.-2011.-23 iyul.-S.4.