Azərbaycan qlobal iqtisadi layihələri daxili imkanları hesabına gerçəkləşdirir

 

Azərbaycanın son illərdə dinamik inkişafını təmin edən başlıca amillərdən biri məhz milli iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi, habelə prioritet istehsal sahələrinin uzlaşdırılması, inkişaf potensialının qarşılıqlı kömək mexanizmi əsasında realizə edilməsidir. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış, özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir.

Konkret zaman intervalında qarşıda duran hədəflərin düzgün müəyyənləşdirilərək dövrün gerçəkliklərinə cavab verən çevik iqtisadi siyasətin həyata keçirilməsi, mütərəqqi yeniliklərin tətbiqi yolu ilə çoxvektorlu inkişaf strategiyasının reallaşdırılması, infrastrukturun bütün sahələrdə müasirləşdirilməsi, vətəndaşların sosial rifah halının yüksəldilməsi Azərbaycan hökumətinin qarşıya qoyduğu məqsədlər sırasında mühüm yer tutur. Modernləşməyə əsaslanan bu strategiya respublikanın perspektiv inkişaf modelinin əsasını təşkil edən başlıca amilə çevrilmiş, iqtisadi, siyasi və hüquqi islahatların paralelliyi prinsipinin gözlənilməsi səmərəli nəticələrə yol açmışdır.

Uğurla gerçəkləşdirilən yeni neft strategiyasının 2003-cü ildən başlayaraq daha yüksək nəticələrə yol açması, respublikamızın regionda analoqu olmayan inkişaf mərhələsinə qədəm qoyması - ümumi daxili məhsulun artım tempi, büdcə gəlirlərinin ildən-ilə əhəmiyyətli dərəcədə çoxalması iqtisadi sektorda islahatların genişləndirilməsinə imkan yaratmışdır. Belə mərhələdə mövcud uğurların qorunub saxlanılması üçün idarəçilikdə yüksək səmərəliliyin, məqsədyönlülüyün və çevikliyin təmin edilməsi, strateji əhəmiyyətli sahələrin inkişafında tarazlığın saxlanılması vacib məsələlərdəndir.

Azərbaycan Prezidenti İlham Əliyevin ötən 8 ildə praqmatizmə və real əməli siyasətə söykənən siyasətinin qayəsində insan və şəxsiyyət amili dayanmışdır. "Hər bir məmur xalqının xidmətçisi olmalıdır" - deyə hakimiyyəti xalqa layiqli xidmət məramı kimi dəyərləndirən dövlət başçısının qətiyyəti və prinsipiallığı hökumətin daha çevik və məsuliyyətli fəaliyyətini şərtləndirməklə yanaşı, həyata keçirilən islahatların səmərəli nəticələr verməsini təmin etmişdir. Cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq hökumətin fəaliyyəti ilə bağlı müntəzəm hesabat verməsi isə cəmiyyətdə şəffaflığın və sosial ədalət normalarının qorunmasını təmin edir, dövlət məmurlarının xalq və Prezident qarşısında məsuliyyətini artırır, onları qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi üçün daha səylə çalışmağa sövq edir.

Nazirlər Kabinetinin 2011-ci ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclası Avratlantik məkana inteqrasiya kursunu uğurla davam etdirən, transmilli enerji və kommunikasiya layihələrinin əsas təminatçılarından birinə çevrilən, demokratikləşmə yolunda atdığı ardıcıl addımlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan respublikamızın iqtisadi sahədə yeni nailiyyətlərə imza atdığını göstərir. Bir çox dünya ölkələrində qlobal maliyyə-iqtisadi böhranın mənfi təsirlərinin hələ tam aradan qalxmadığı şəraitdə Azərbaycanın valyuta ehtiyatlarının 38 milyard dollara çatmasını, ümumilikdə son 3 ildə 30 milyard, hesabat dövründən isə 9 milyard dollardan çox artmasını mühüm uğurlar sırasında xüsusi qeyd etmək lazımdır. Nazirlər Kabinetinin bu ilin 6 ayının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı İlham Əliyev bunu hökumətin fəaliyyətinin mühüm nəticələrindən biri kimi dəyərləndirmişdir: "Ölkəmizin strateji valyuta ehtiyatları artır. İlin əvvəlindən ehtiyatlarımız 9 milyard dollar artmışdır. Bu da çox gözəl göstəricidir. Biz həm əldə edilmiş gəlirləri ölkə iqtisadiyyatının inkişafı üçün lazım olan sahələrə məqsədyönlü şəkildə xərcləyirik, eyni zamanda, ehtiyatları daha da artırırıq. Bütövlükdə, hazırda ölkəmizin strateji valyuta ehtiyatları 38 milyard dollar səviyyəsindədir. Bu, çox böyük rəqəmdir və əminəm ki, bu rəqəm ilin sonuna qədər artacaqdır. Bu, bizə imkan verir ki, ölkə iqtisadiyyatının inkişafını təmin edək, insanların sosial problemlərinin həlli üçün əlavə maliyyə resursları cəlb edək. Bir sözlə, ölkə iqtisadiyyatının hərtərəfli inkişafına nail olaq".

Müasir dövrdə dövlət büdcəsi hər bir dövlətin inkişafının mühüm göstəricisi sayılır. 2011-ci ilin dövlət büdcəsinə dəyişikliklər bu baxımdan Azərbaycanın dünyanı bürüyən qlobal böhran şəraitində dinamik inkişaf edən, məqsədlərinə doğru inamla addımlayan, qlobal layihələri daxili imkanları hesabına gerçəkləşdirən dövlət olduğunu bir daha təsdiqləyir. 2011-ci ilin ötən dövrü ərzində ölkə iqtisadiyyatının inkişaf dinamikası, əldə edilmiş iqtisadi göstəricilər, artan real vergi bazası, dövlət və icmal büdcələrin gəlir proqnozunun yenidən hesablanması ilin sonunadək dövlət və icmal büdcələrinə təsdiq edilmiş həcmdən artıq vəsaitin daxil olmasına zəmin yaratmışdır. Dünya bazarlarında Azərbaycan neftinin qiyməti 2011-ci il dövlət büdcəsinin hesablamalarında istifadə olunmuş qiyməti - 60 dolları xeyli müddətdir ki, üstələyir. Dünya maliyyə qurumlarının ən pessimist proqnozlarında isə bu il neftin 1 barelinin orta qiymətinin 95 dollar olacağı göstərilir. Bütün bunları nəzərə alan hökumət 2011-ci ilin may ayında büdcəyə dəyişiklik edərək neftin qiymətini 80 dollar müəyyənləşdirərkən həm reallığı nəzərə almış, həm də konservativ yanaşma ilə ehtiyatlığı qoruyub saxlamışdır. Büdcədə neftin bir barelinin 80 ABŞ dolları səviyyəsində hesablanması nəticəsində 2011-ci ilin dövlət büdcəsinə əlavə olaraq 770 milyon, Azərbaycan Respublikası Dövlət Neft Fonduna isə 3,7 milyard manat vəsaitin daxil olması gözlənilir.

Hesabat dövrünün ən mühüm göstəricilərindən biri büdcə gəlirlərinin əhəmiyyətli dərəcədə artmasıdır. Ümumiyyətlə, hər ilin ortalarında dövlət büdcəsinə yenidən baxılması, gəlir və xərclərin artırılması dinamik inkişaf göstəricisi kimi təqdirəlayiqdir. Bu cür sürətli artıma və büdcə dəqiqləşdirmələrinə dünyanın çox az ölkələrində rast gəlinir. Azərbaycan hökuməti isə ilk növbədə şəffaflıq, ədalətlilik, dürüstlük, sosial ədalət prinsipini rəhbər tutaraq, habelə vətəndaşların rifah halının davamlı şəkildə yüksəldilməsi məramını qarşıya məqsəd qoyaraq bu təcrübədən məqsədyönlü şəkildə bəhrələnir. Dövlət büdcəsinə dəyişikliklərin edilməsi hökumətin fəaliyyətinin effektivlik əmsalını daha da artırır, qarşıya qoyulmuş məqsədlərin realizəsinə yaxşı imkanlar açır. Yalnız bir faktı demək kifayətdir ki, son 8 ildə büdcə gəlirləri 12 dəfədən çox artmış, 1,2 milyard manatdan 15 milyard manata yüksəlmişdir. İlk dəfə olaraq Azərbaycanın dövlət büdcəsi 20 milyard ABŞ dollarını keçmişdir. Respublikamızın büdcə gəlirlərinin illik artım tempinin orta hesabla 20-40 faiz təşkil etməsi də diqqətəlayiq faktlardan biri kimi vurğulanmalıdır.

Yenidən baxılma ilə 2011-ci ilin dövlət büdcəsinin gəlirləri 3493,2 milyon manat artırılaraq 15554,2 milyon manata çatdırılmışdır. Bu, təsdiq edilmiş proqnoza nisbətən 29 faiz, 2010-cu ilin faktiki icra göstəricilərinə nisbətən 4151,2 milyon manat çoxdur. Büdcə gəlirlərinin artımının 770 milyon manatı vergi və gömrük daxilolmaları, 2,7 milyard manatı Dövlət Neft Fondundan transfert hesabına təmin ediləcəkdir. Bundan başqa, 2011-ci ilin dövlət büdcəsi xərcləri 3193,2 milyon manat artırılaraq 155941,2 milyon manata çatdırılmışdır. Bu, 2011-ci il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərclərinə nisbətən 25 faiz, 2010-cu ilin faktiki icra göstəricilərinə nisbətən 4175,3 milyon manat və ya 35,5 faiz çoxdur. Dəqiqləşdirmələrdən sonra büdcə kəsiri 300 milyon manat və yaxud 43,7 faiz azalmışdır. Nəticədə dövlət büdcəsinin kəsiri ilin sonuna gözlənilən ümumi daxili məhsulun 0,9 faizini təşkil edəcəkdir.

Ümumilikdə, artımdan sonra xərclərin 48,4 faizini və ya 7716,5 milyon manatını cari, 49,4 faizini və ya 7878,0 milyon manatını əsaslı, 2,2 faizini və ya 346,7 milyon manatını dövlət borclarına xidmətlə bağlı xərclər təşkil edir. Dəqiqləşdirmələrdən sonra 698 milyona yüksələn cari xərclərin 462,7 milyon manatı və ya 66,3 faizi əhalinin sosial müdafiəsi tədbirlərinin həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. Bu fakt Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin sosialyönümlü olduğunu və vətəndaş mənafeyinə xidmət etdiyini bir daha təsdiqləyir.

2011-ci ilin ötən 6 ayında Azərbaycanda ümumi daxili məhsul istehsalı 0,9, qeyri-neft sektoru 7,2, kənd təsərrüfatı 6,2, əhalinin pul gəlirləri 17 faiz artmışdır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu, Azərbaycanda neftdən asılılığın azaldılması istiqamətində həyata keçirilən tədbirlərin səmərəli nəticələr verdiyini göstərir: "...Sevindirici hal ondan ibarətdir ki, Azərbaycanda qeyri-neft sektoru artmışdır. Artım 7,2 faiz təşkil etmişdir. Bu, əslində son illər ərzində apardığımız islahatların nəticəsidir. Çünki əsas məqsədimiz qeyri-neft sektorunun inkişafıdır, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin təmin edilməsidir. 7,2 faiz səviyyəsində artan qeyri-neft sektorunun göstəriciləri bizi çox sevindirir. Bu, onu göstərir ki, ölkə dinamik inkişaf edir. Azərbaycan iqtisadiyyatının enerji amilindən asılılığı azalır. Eyni zamanda, bizə ümid verir ki, növbəti aylarda və illərdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün əlavə də imkanlar yaradılacaqdır".

2011-ci ilin birinci yarısı hökumətin ötən illərdən üstünlük verdiyi iqtisadi strategiyaya - sosialyönümlü siyasətə sadiqliyini bir daha nümayiş etdirir. Azərbaycan dövlətinin sosial siyasəti bütövlükdə cəmiyyətin və ayrılıqda hər bir vətəndaşın rifahının yüksəldilməsinə, onların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin olunmasına, habelə şəxsiyyətin azad inkişafı üçün bərabər imkanlar yaradılmasına yönəlmişdir. Sosialyönümlü siyasətin məqsədi heç də sosial bərabərsizliyi aradan götürmək deyil, onu tarazlaşdırmaq, vətəndaşların maddi vəziyyətindəki kəskin fərqliliyi aradan qaldırmaq, kəskin təbəqələşməyə yol verməmək, cəmiyyətin bütün üzvlərini layiqli həyat səviyyəsi ilə təmin etmək üçün fərdin ictimai statusunu yüksəltməkdir. Başqa sözlə, bazar iqtisadiyyatı prinsiplərinin sürətlə bərqərar olması Azərbaycanda dövlətin sosial funksiyalarının həyata keçirilməsinə qətiyyən mane olmur. Dövlət azad iqtisadi münasibətlərə, azad rəqabətə, özəl mülkiyyətçiliyə və sahibkarlığın inkişafına hər cür kömək göstərməklə yanaşı, cəmiyyətdə himayəyə, dəstəyə ehtiyacı olan təbəqəni qətiyyən nəzərdən qaçırmır.

Hesabat dövründə büdcə xərclərinin 30,9 faizi və ya 1 milyard 508,1 milyon manatı sosialyönümlü olmuşdur və bu da ötən ilin eyni dövrü ilə müqayisədə 152,6 milyon manat və ya 11,3 faiz çoxdur. Ötən 6 ayda təhsil xərclərinə 50,9 milyon manat (9,9 faiz), sosial müdafiə və sosial təminat xərclərinə isə 62,1 milyon manat (10,2 faiz) çox vəsait yönəldilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 8 aprel tarixli fərmanı ilə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərinə görə 2011-ci il 1 fevral tarixinə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə olan 294,2 milyon manat məbləğində borclarının silinməsi də ötən dövrün sosialyönümlü tədbirləri sırasında mühüm yer tutur.

Keçid dövrünün başlanğıcında Azərbaycanın üzləşdiyi ciddi sosial təhlükələr əhalinin sosial vəziyyətinin ağırlaşmasında özünü göstərmiş, həmçinin sovet dönəmindən qalmış sosial müdafiə institutlarının bazar iqtisadiyyatı ilə ciddi uyğunsuzluğu ölkəmiz üçün qlobal problem olmuşdur. Lakin həmin dövrdə ümummilli lider Heydər Əliyevin müdrikliyi, təcrübəsi və gərgin əməyi sayəsində ictimai-siyasi və iqtisadi həyatın bütün sahələrində həyata keçirilən tədbirlərlə ölkədə hökm sürən böhran dayandırılmış, inkişaf elementlərinin əhalinin sosial müdafiəsinə yönəldilməsinə başlanmışdır. Həyata keçirilən davamlı sosial müdafiə tədbirləri nəticəsində, ölkə əhalisinin daha həssas təbəqəsi olan pensiyaçılar, keçmiş sovet sisteminin iqtisadi məzmununa daha çox bağlı olan, qısa vaxt ərzində isə dəyişdirilməsi çətinliklər törədən pensiya sisteminin bazar iqtisadiyyatı ilə ciddi uyğunsuzluğunun təsirini kəskin hiss etməmişdir. Buna paralel olaraq, Avropaya inteqrasiya yolunu seçmiş ölkəmizdə beynəlxalq standartlara uyğun yeni sosial müdafiə institutlarının yaradılması əsas prioritetlərindən biri kimi müəyyənləşdirilmişdir.

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə çox ciddi iqtisadi islahatların aparılmasının məntiqi nəticəsi olaraq müasir qloballaşma dövrünün reallıqlarına cavab verən müstəqil milli iqtisadiyyat formalaşdırılmış, bu əsasda beynəlxalq standartlara uyğun yeni sosial müdafiə modeli təşəkkül tapmışdır. Həmin modelin mühüm tərkib hissəsi olan sığorta-pensiya sistemində islahatların davam etdirilməsinin dövlət başçısının xüsusi diqqət mərkəzində saxlaması bütün uğurların başlıca təminatçısı olmuşdur. Xatırlatmaq lazımdır ki, Prezident İlham Əliyev hökumətin 2011-ci ilin birinci rübündə sosial-iqtisadi inkişafın yekunları ilə bağlı keçirilən iclasında 2006-cı ilədək pensiyaya çıxmış vətəndaşların pensiyalarının yenidən hesablanması ilə bağlı göstəriş vermiş, beləliklə, sosial bərabərsizliyin aradan qaldırılması istiqamətində mühüm addım atmışdır. Bununla əlaqədar büdcədə Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərcləri də dəqiqləşdirilmişdir: dövlət büdcəsindən DSMF-yə ayırmaların məbləği 691000,0 min manatdan 886000,0 min manata çatdırılmışdır. Bu, ilkin məbləğlə müqayisədə 195000,0 min manat və ya 28,2 faiz artım deməkdir. Artım nəticəsində fondun büdcəsində transfertin xüsusi çəkisi təqribən 5 faiz bəndi yüksələrək 40,9 faizə çatmışdır. Dəyişiklik nəticəsində fondun ümumi xərcləri 2165540,0 min manata çatdırılmışdır. Bu ilkin müəyyən edilmiş məbləğlə müqayisədə 195000,0 min manat və ya 9,9 faiz artım deməkdir.

Dövlət başçısının verdiyi tapşırığın icrası ilə əlaqədar Milli Məclis vətəndaşların pensiya ilə təminatını nəzərdə tutan mövcud qanunlara müəyyən əlavə və dəyişikliklər etmişdir. Nəticədə 2011-ci il iyulun 1-dən 900 minədək pensiyaçının pensiyası 40 faiz artmışdır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bunu Azərbaycan hökumətinin iqtisadi siyasətinin sosialyönümlü olması ilə izah etmişdir: "Bu, bir daha onu göstərir ki, Azərbaycan iqtidarının siyasəti sosialyönümlüdür. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bütün iqtisadi uğurlar bizə imkan verir ki, sosial sahədə daha da ciddi addımlar ataq. Mən əminəm ki, pensiyaçıların sosial təminatının yaxşılaşdırılması nəticəsində bir milyona qədər Azərbaycan vətəndaşı maddi vəziyyətini böyük dərəcədə yaxşılaşdıracaqdır".

Azərbaycanın milli sığorta-pensiya modelinin insanpərvər və humanist səciyyə daşıması özünü həm də pensiyaların artırılması mexanizminin bazar iqtisadiyatının tələbləri ilə uzlaşdırılmasında qabarıq göstərir. 2006-cı il yanvarın 1-dən tətbiq edilən sığorta-pensiya sisteminə əsasən, pensiyaların baza hissəsinin artırılması zamanı istehlak qiymətləri indeksinin illik səviyyəsinın nəzərə alınması, habelə sığorta hissəsinin istehlak qiymətləri indeksinə uyğun indeksləşdirilməsi mövcud maliyyə resurslarının əmək pensiyaçıları arasında ədalətli bölgüsü məqsədinə xidmət edir. Son 5 ildə Azərbaycan Prezidenti yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 7, sığorta hissəsinin artırılması ilə bağlı 5 sərəncam imzalamışdır. Prezident İlham Əliyevin 2011-ci il 15 fevral tarixli "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" sərəncamı əsasında Azərbaycanda ilk dəfə olaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə, yəni inflyasiyaya uyğun indeksləşdirmənin aparılması təmin edilmişdir. Artımlar pensiyaların sığorta hissəsinin məbləği əsasında hesablanmaqla 617 min 347 nəfər pensiyaçıya şamil olunmuşdur.

Sosialyönümlü tədbirlər sırasında ünvanlı sosial yardım proqramının əhəmiyyətini xüsusi vurğulamaq lazım gəlir. Ünvanlı sosial yardım sisteminin tətbiqi üçün ilkin tədbir kimi qanunvericilik bazası formalaşdırılmış, "Ünvanlı sosial yardım haqqında" Azərbaycan Respublikasının Qanunu hazırlanaraq qüvvəyə minmişdir. Hazırda 125 min ailə hər ay orta hesabla 104 manat ünvanlı sosial yardım alır. Həmin ailələrin 60 faizinin sosial proqramlar çərçivəsində dövlətdən heç bir yardım almaması yeni sistemin səmərəliliyini təsdiqləyir. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır.

Aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi və ünvanlı dövlət sosial yardımı mexanizminin təkmilləşdirilməsi məqsədilə "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununa 2008-ci il 13 iyun tarixdə edilmiş dəyişikliklərə əsasən, həmin yardımın verilməsi müddəti 6 aydan 1 ilədək artırılmış, yardım almaq hüququ əcnəbilərə də şamil edilmişdir. Ünvanlı sosial yardımların verilməsində dövlətin məqsədi heç də insanları ələbaxımlığa, dövlətin himayəsinə öyrətmək deyil, əksinə, işlə təmin etmək, maddi rifah halının yüksəldilməsinə nail olmaqdır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin bu ayın 12-də keçirilən iclasında bununla bağlı demişdir: "Ünvanlı sosial yardım proqramı aparılır. Bu proqram hazırda 125 min ailəni əhatə edir. Hər ay orta hesabla hər bir ailəyə 104 manat kömək göstərilir. Bu da yoxsul təbəqəyə Azərbaycan dövləti tərəfindən göstərilən qayğıdır. Məqsədimiz ondan ibarətdir və bu məqsədi bir neçə il bundan əvvəl qarşıya qoymuşdum ki, Azərbaycanda yoxsulluq kimi sosial bəla aradan qaldırılsın. Son illərin təcrübəsi göstərir ki, biz bu məqsədə çatırıq. Son 7 il ərzində yoxsulluq şəraitində yaşayanların sayı 5 dəfə aşağı düşmüşdür. Mən ümid edirəm ki, bu ilin yekunlarına görə bu rəqəm yenə də aşağı düşəcəkdir".

Həmin iclasda səslənən fikirlər bir daha göstərir ki, hökumət davamlı və tarazlı iqtisadi tərəqqinin təmini baxımından ölkədə sahibkarlığın inkişafı tədbirlərinin davam etdirilməsini, iş adamlarının fəaliyyətinə mane olan bürokratik amillərin aradan qaldırılmasını son dərəcə vacib sayır. Çünki özəl sektorun inkişafı, halal yolla maddi imkanlarını artıran vətəndaşlarımızın sayının çoxalması dünyanın bütün demokratik ölkələrində olduğu kimi, Azərbaycan cəmiyyətində də sabitlik və tərəqqinin, demokratikləşmə prosesinin hərəkətverici qüvvəsi sayılan milli burjaziyanın, orta təbəqənin əhatəsini genişləndirir.

Prezident İlham Əliyevin ötən müddətdə sahibkarlığın inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər də ardıcıllığı, səmərəliliyi və sistemliliyi ilə diqqəti cəlb edir. Hələ 2004-cü ilin fevralında Bakı Biznes Mərkəzində yerli sahibkarlarla görüşən dövlət başçısı onları narahat edən məsələləri diqqətlə dinləmiş, sahibkarları dəstəklədiyini, iş adamlarına gələcəkdə də lazımi kömək göstərəcəyini bəyan etmişdir. Dövlət rəhbəri inhisarçılığı, sahibkarlara süni maneələrin yaradılmasını, hüquq-mühafizə orqanlarının iş adamlarının fəaliyyətinə müdaxiləsi hallarını pisləmiş, belə münasibət konkret qərarlarla müşayiət olunmuşdur. Antiinhisar fəaliyyətinin gücləndirilməsi, inflyasiyanın qarşısının alınması üçün əsaslı tədbirlərin görülməsi, qeydiyyat sisteminin sadələşdirilməsi, yerlərdə regional iqtisad məhkəmələrinin yaradılması və s. kimi tədbirlər buna misal ola bilər. Dövlət başçısı iqtisadiyyatın liberallaşdırılması, bazarın inhisardan, haqsız rəqabətdən azad olunması, özəl sektorun dəstəklənməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi sahəsində ciddi addımlar atmış, bütün vədlərinə sadiqlik nümayiş etdirmişdir.

Ölkə rəhbərinin imzaladığı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı, Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər), "Korrupsiyaya qarşı mübarizə haqqında", "Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər haqqında", "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikasında azad iqtisadi zonaların yaradılması haqqında", "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" və s. fərman, sərəncam və qanunlar sahibkarlığın inkişafına təkan vermiş, qeyri-neft sektorunun inkişafını stimullaşdırmışdır.

Respublikamızda sahibkarlığın inkişafına mane olan süni maneələrin aradan qaldırılması istiqamətindəki fəaliyyətinin ardıcıl və davamlı səciyyə daşıdığını Prezident İlham Əliyevin 30 aprel 2007-ci il tarixdə imzaladığı "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" fərman bir daha təsdiqləmişdir. Bu fərmanla indiyə qədər çoxpilləli biznesə başlamaq sahəsində mövcud problemlər həllini tapmış, o cümlədən süründürməçilik halları, bürokratik əngəllər aradan qaldırılmışdır. Sərəncam əsasında vahid kodlaşdırmanın aparılması, biznes strukturlarının "bir pəncərə" - vahid qeydiyyat orqanı tərəfindən qeydə alınması məsələləri əksini tapmışdır. Yeni dövrün tələbləri ilə tam səsləşən bu fərman sahibkarlar tərəfindən dəstəklənərək böyük rəğbətlə qarşılanmışdır.

Mərkəzdə və regionlarda infrastrukturun yeniləşdirilməsinin, respublikanın ən müxtəlif bölgələrində modul tipli elektrik stansiyaların qurulmasının, əyalətlərin mavi yanacaqla təchizatının özü də dövlətin özəl sektora dəstəyinin tərkib hissəsidir. Sahibkarlığa Kömək Milli Fonduna dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə daha böyük rəqəmlərlə ifadə olunması, fermerlərin zəruri texnika ilə təchizatı üçün "Aqrolizinq" Səhmdar Cəmiyyətinin yaradılması və bu quruma böyük həcmdə maliyyə vəsaitinin ayrılması da hökumətin sahibkarlara münasibətinin əsas göstəricilərindən sayıla bilər. Son illər iş adamlarına güzəştli kreditlərin verilməsi sahəsində mövcud olan problemlər də əsaslı şəkildə aradan qaldırılmışdır.

2011-ci ilin birinci yarısında Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 823 sahibkarlıq subyektinə ayrılan 72 milyon manat güzəştli kreditlərin 72 faizi respublikanın regionlarının, 24 faizi isə Bakı qəsəbələrinin payına düşür. Vəsaitlərin 70 faizindən çoxu aqrar sektorun inkişafına yönəldilmişdir. Həmin kreditlər hesabına yaradılan yeni iş yerlərinin sayı 3500 olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə güzəştli kredit alan sahibkarların sayı və kreditlərin məbləği 1,5, yeni iş yerlərinin sayı 1,6 dəfə artmışdır. Ötən dövr özəl sektorun sabit iqtisadi münasibətlər qurması ilə də səciyyəvi olmuş, qeyri-dövlət sektorunun vergi daxilolmalarında xüsusi çəkisi 72,9 faizə çatmışdır.

Dövlət başçısı İlham Əliyevin şəffaflığın təmini və korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində vergitutma bazasının genişləndirilməsi, kiçik və orta sahibkarlığın təşviq edilməsi, vergidən yayınma hallarına qarşı ciddi və məqsədyönlü mübarizənin aparılması barədə tapşırıqlarının icrası da hesabat dövründə hökumətin diqqət mərkəzində olmuşdur. Dövlət büdcəsinə vergi daxilolmalarının ahəngdarlığının təmini, həmçinin vergidən yayınma hallarının qarşısının alınması, vergitutma bazasının genişləndirilməsi məqsədilə sahibkarlıq fəaliyyəti göstərən vergi ödəyiciləri və təsərrüfat subyektlərinin uçot məlumatlarının dürüstləşdirilməsi istiqamətində də tədbirlər həyata keçirilmişdir. 2011-ci ilin ötən 6 ayı ərzində qeydiyyata alınmış obyektlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 58,2 faiz artmış, vergi uçotundan yayınan 2 mindən artıq vergi ödəyicisinin, 2126 təsərrüfat subyektinin uçota alınması təmin edilmişdir.

Vergitutma bazasının genişləndirilməsini, habelə kiçik və orta sahibkarlığa dəstəyi şərtləndirən əsas amillərdən biri də sahibkarlıq subyektləri üçün qeydiyyat sisteminin sadələşdirilməsidir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası sayəsində hesabat dövründə "bir pəncərə" sistemi ilə qeydiyyata alınmış 32,5 mindən çox sahibkarın 57,2 faizi regionların payına düşür.

Prezident İlham Əliyevin "Dövlət orqanlarında elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 2011-ci il 23 may tarixli fərmanının icrası ilə əlaqədar 2011-ci il iyul ayının 1-dən etibarən yeni elektron xidmətin göstərilməsinə başlanmışdır. Belə ki, həmin tarixdən sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirmək istəyən fiziki şəxslər vergi orqanlarına gəlmədən - İnternet Vergi İdarəsi vasitəsilə birbaşa on-line rejimində qeydiyyata alınırlar və bu da qeydiyyat sahəsində mütərəqqi bir üsuldur.

Şəffaflığın təmini baxımından qarşıda duran əsas vəzifələrdən biri də sahibkarlıq subyektlərinin fəaliyyətində hesabatlılığın artırılması, nağdsız hesablaşmalara üstünlük verilməsi, müasir dünyanın istifadə etdiyi ödəniş alətlərinin tətbiqinin genişləndirilməsidir. Bu məqsədlə Mərkəzi Bank və digər aidiyyəti qurumlar ticarət və xidmət sahələrində pos-terminalların quraşdırılması işini daha da sürətləndirmişlər. Eyni zamanda, stasionar telefon rabitəsinin olmadığı obyektlərdə mobil rabitə vasitəsilə çalışan pos-terminalların ölkəmizə gətirilməsi üçün banklarla danışıqlara başlanılmışdır.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin ötən 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında bununla bağlı demişdir: "Elektron hökumət prinsiplərinə keçməyimiz də korrupsiyaya qarşı mübarizədə çox təsirli amil olacaqdır. Bütövlükdə çalışmalıyıq ki, nə qədər mümkündür, məmur-vətəndaş təmaslarını aradan qaldıraq. İndi internet vasitəsilə, elektron xidmət vasitəsilə müxtəlif məlumatları da, arayışları da əldə etmək olar. Qeydiyyat məsələləri də internet vasitəsilə aparılmalıdır. Mənim tərəfimdən imzalanmış xüsusi sərəncamda bütün bu məsələlər göstərilibdir. Hər bir nazirlik və dövlət qurumu həmin sərəncama uyğun olaraq təkliflər verməlidir ki, onların nəzdində hansı xidmətlər elektron variantda aparılmalıdır. Bunu heç kim yubatmasın və uzatmasın. Bu sərəncam və onun icrası bilavasitə mənim nəzarətim altındadır. Tezliklə təkliflər verilməlidir. Ondan sonra daha da ciddi addımlar atılacaqdır. Korrupsiya və rüşvətxorluqla mübarizənin nəticələri var, nəticələr yaxşıdır".

İqtisadiyyatda keyfiyyət və kəmiyyət dəyişikliklərinə nail olmaq üçün dövlət strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi, onların işinin beynəlxalq idarəetmə sisteminə və funksional siyasətin həyata keçirilməsinə imkan verən tələblərə çatdırılması ümumilikdə ötən illər ərzində bazar iqtisadiyyatının inkişafına impuls verən yeni idarəetmə strukturlarının yaradılması ilə müşayiət olunur. Bütün dövlət təşkilatlarının fəaliyyətində şəffaflığın təmin edilməsi və çevik idarəetmə mexanizmlərinin yaradılması üçün beynəlxalq mühasibatlıq uçotu prinsiplərinə keçid başa çatdırılmaq üzrədir. Bir sözlə, Azərbaycan hökuməti azad sahibkarlığın inkişafı, investisiyaların qorunması, rəqabət mühitinin formalaşdırılması və xarici sərmayəçilərin fəaliyyətinin genişləndirilməsi məqsədilə kompleks islahatlar həyata keçirməyə nail olmuşdur.

İldən-ilə əhəmiyyətli dərəcədə artan maliyyə imkanları Azərbaycanın həm də sərmayədar ölkəyə çevrilməsini, digər dövlətlərin iqtisadiyyatına kapital yatırmasını şərtləndirir. Türkiyə, Gürcüstan, Moldova ərazisində inşa edilən nəhəng sənaye obyektləri respublikamızın həmin ölkələrin bu məhsullara olan təminatında həlledici rol oynaması ilə bərabər, sərmayədar dövlət kimi dünya bazarında rəqabət imkanlarını artırır. Türkiyənin nəhəng sənaye sütunu olan "Petkim"in və "Tekfen" Holdinqin səhmlərinin böyük bir hissəsinin ARDNŞ tərəfindən alınması respublikamızın iqtisadi qüdrətinin bariz nümunəsidir. Şübhəsiz, digər ölkələrin iqtisadiyyatına yatırılan investisiyalar yaxın perspektivdə respublikamıza böyük iqtisadi dividendlər qazandıracaqdır. Eyni zamanda, azərbaycanlı iş adamları artıq Türkiyədə, Gürcüstanda və Orta Asiya respublikalarında öz bizneslərini qurur, fəaliyyət dairələrini genişləndirirlər.

Bununla yanaşı, respublikamız regional və beynəlxalq əhəmiyyətli layihələri də daxili imkanları hesabına maliyyələşdirmək iqtidarındadır. Təkcə bir faktı demək kifayətdir ki, Azərbaycan Şərqlə Qərbi birləşdirəcək strateji əhəmiyyətli Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin maliyyələşdirilməsi üçün Gürcüstana 25 il müddətinə əvvəlcə 200 milyon, sonra isə 575 milyon ABŞ dolları məbləğində kredit vermişdir. Dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin bu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bunu ölkəmizin iqtisadi qüdrətinin əhəmiyyətli dərəcə artması ilə izah etmişdir: "Azərbaycanda icra edilən infrastruktur layihələri nəinki ölkəmiz üçün, bölgə üçün də böyük əhəmiyyət daşıyır. Xüsusilə, indi uğurla icra edilən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini misal kimi gətirmək olar. Bildiyiniz kimi, birinci mərhələdə Azərbaycan Gürcüstana 200 milyon dollar kredit ayırmışdı. Ondan sonrakı mərhələdə 575 milyon dollar əlavə kredit ayrılmışdır. Yəni, biz bu imkanları əldə etmişik. Əgər bu imkanlar olmasaydı, heç vaxt Bakı-Tbilisi-Qars dəmir yolu tikilməzdi".

Hələ 2003-cü ilin oktyabrında keçirilmiş andiçmə mərasimində "Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da Vətənimizin uğurlu inkişafı üçün, Azərbaycanın çiçəklənməsi üçün mən əlimdən gələni əsirgəməyəcəyəm, Azərbaycan xalqına bundan sonra da xidmət edəcəyəm" - deyən dövlət başçısı İlham Əliyev ötən 8 ildə bunu əməli fəaliyyəti ilə sübuta yetirmişdir. Ümumilikdə, 2011-ci ilin ötən 6 ayının yekunları bir daha təsdiqləyir ki, xalqa layiqli xidmət məramı dövlət başçısının yürütdüyü siyasətin ana xəttini təşkil edir. Bu siyasət, eyni zamanda hər bir vətəndaşın layiqli və firavan həyat tərzinin təminatına, ölkənin taleyi üçün strateji qlobal layihələrin davamlılığına, ölkədə demokratik-hüquqi islahatların genişləndirilməsinə xidmət edir.

 

 

Müşfiq ATAKİŞİYEV,

iqtisad elmləri doktoru,

professor

 

Azərbaycan.- 2011.- 26 iyul.- S. 6.