Polşa Prezidenti Bronislav Komorovskinin Azərbaycana rəsmi səfəri

 

Azərbaycan-Polşa biznes forumu

 

Xəbər verdiyimiz kimi, iyulun 25-də Bakı Biznes Mərkəzində Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Bronislav Komorovskinin iştirakı ilə Azərbaycan-Polşa biznes forumu keçirilmişdir.

Dövlətimizin başçısı Polşa Prezidenti Bronislav Komorovskini qarşıladı.

Kənd təsərrüfatı və qida sənayesi, maliyyə, sənaye, bankçılıq, sığorta və digər sahələrdə fəaliyyət göstərən hər iki ölkə sahibkarlarının iştirak etdiyi biznes forumunun keçirilməsindən məqsəd Azərbaycan və Polşanın iş adamları arasında müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirmək, respublikaların iqtisadi potensialından yararlanaraq ticarət dövriyyəsinin səviyyəsini artırmaqdır.

Dövlət başçıları forumda çıxış etdilər.

 

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

 

- Hörmətli cənab Prezident, hörmətli qonaqlar, xanımlar və cənablar!

Sizin hamınızı ürəkdən salamlayıram. Bu gün Polşa Prezidentinin Azərbaycana rəsmi səfəri günüdür. Deyə bilərəm ki, səfər çox uğurla keçir və bu gün səhər apardığımız danışıqlar və etdiyimiz qarşılıqlı təkliflər, əminəm ki, gələcəkdə Polşa-Azərbaycan əlaqələrinin uzunmüddətli inkişaf strategiyasını müəyyən edəcəkdir.

Bizim əlaqələrimiz çox gözəl tarixə malikdir və çoxşaxəlidir. Əlbəttə ki, bu gün biz eyni zamanda iqtisadi sahədə əlaqələr haqqında geniş fikir mübadiləsi apardıq. Hesab edirəm ki, iqtisadi sahədə, biznes sahəsində qarşılıqlı əməkdaşlıq üçün çox gözəl perspektivlər vardır. Əlbəttə ki, biznes dairələri ilk növbədə siyasi cəhətdən məqbul olan ölkələrə üz tuturlar. Azərbaycan biznesmenləri də bu mövqedən yanaşırlar və siyasi əlaqələrimiz yüksək səviyyədə olduğu halda, əlbəttə ki, biznes dairələrinin də əməkdaşlığı uğurlu ola bilər. Biz çox maraqlıyıq ki, həm dövlət, həm də özəl biznes strukturları bir-biri ilə əlaqədə olsunlar. Bu gün keçirilən biznes forumunun əsas məqsədi bundan ibarətdir ki, bir-birimizi daha da yaxından tanımalıyıq, imkanlarımızı bilməliyik, araşdırmalıyıq. Əlbəttə, ciddi təhlil aparılmalıdır və mən əminəm ki, bunun nəticəsində konkret biznes layihələri də üzə çıxacaqdır. Bu layihələrin icrası nəticəsində həm iqtisadi əlaqələrimiz möhkəmlənəcək, həm də bütövlükdə bu təşəbbüslərin bizim əlaqələrimizə də çox böyük xeyri olacaqdır.

Biz çox istərdik ki, Polşa şirkətləri Azərbaycanda daha da geniş təmsil olunsunlar. Bunu etmək üçün imkanlar var və mənə verilən məlumata görə, bu gün artıq burada müxtəlif layihələrin təqdimatı keçirilmiş, Azərbaycan və Polşanın iqtisadi göstəriciləri ifadə edilmişdir. Beləliklə, hesab edirəm ki, mövcud vəziyyət biznes forumunda iştirak edən iş adamları üçün daha da aydın olubdur. Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində çox mühüm addımlar atılmışdır. İqtisadi sahədə liberallaşma siyasəti aparılır, Azərbaycanda biznes strukturları güclənir. Həm böyük şirkətlər, həm də kiçik və orta həcmli şirkətlər öz fəaliyyətlərini gücləndirir. Özəl sektorun Azərbaycanın ümumi daxili məhsulundakı payı 80 faizə çatıbdır. Nəzərə alsaq ki, cəmi iyirmi il bundan əvvəl Azərbaycanda özəl sektor faktik olaraq mövcud deyildi, hesab edirəm, bu, çox gözəl göstəricidir. Yəni qısa müddət ərzində həm siyasi və eyni zamanda iqtisadi islahatlar nəticəsində Azərbaycanda liberal iqtisadiyyat tam formalaşıb, bazar iqtisadiyyatı prinsipləri tam qüvvəyə minibdir. Bu, bizə öz iqtisadi imkanlarımızı əhəmiyyətli dərəcədə artırmağa imkan verdi.

Əlbəttə ki, müstəqilliyimizin ilk illərində iqtisadi inkişafın təkanvericisi neft-qaz sektoru olmuşdur. Bu da təbiidir və indi də belədir. Amma eyni zamanda, biz enerji sahəsində apardığımız təşəbbüslər nəticəsində qeyri-neft sektorunun inkişafına da nail ola bilmişik və bu gün Azərbaycan iqtisadiyyatı artıq çoxşaxəlidir. Məhz buna görə iki-üç il bundan əvvəl dünyada neftin qiymətləri kəskin şəkildə aşağı düşəndə biz böyük çətinliklərlə üzləşməmişdik. Hətta o illərdə ki dünyada neftin qiyməti 4-5 dəfə aşağı düşmüşdü, Azərbaycan iqtisadiyyatı 8-9 faiz artmışdı. Nəyin hesabına, - məhz qeyri-neft sektorunun inkişafı hesabına. Bu, bizim siyasətimizdir və gələcək illərdə çalışacağıq ki, qeyri-neft sektorunun inkişafına daha da güclü təkan verək. Deyə bilərəm ki, bunu etmək üçün dövlət proqramları həlledici rol oynayır. 2004-cü ildən bu günə qədər artıq ikinci dövlət proqramı icra edilir. Eyni zamanda, xarici investorların Azərbaycana olan marağı və qoyulan investisiyalar da az rol oynamır. Xüsusilə 90-cı illərin ortalarında iqtisadi inkişafımızın təmin edilməsi üçün həlledici rolu xarici sərmayələr oynamışdır.

Biz bu gün də xarici sərmayələrin cəlb edilməsinə çalışırıq. Azərbaycan birbaşa xarici sərmayələrin həcminə görə MDB məkanında ənənəvi olaraq birinci sıralardadır. Təkcə keçən il ölkə iqtisadiyyatına 16 milyard dollardan çox vəsait qoyulmuşdur. Onun əksəriyyəti daxili sərmayələrdir, ancaq xarici sərmayələr də mühüm yer tutur. Xarici sərmayələr Azərbaycanda lazımi səviyyədə qorunur, o cümlədən qanunvericilik bunu təmin edir. Bu gün biz xarici sərmayələri eyni zamanda qeyri-neft sektorunda da görürük. Azərbaycanda kənd təsərrüfatının inkişafında xarici sərmayələr rol oynayır, turizmin inkişafında onların rolu kifayət qədər böyükdür. Deyə bilərəm ki, bütövlükdə Azərbaycanda turizmin inkişafı prioritet məsələlərdən biridir. Təkcə bu il Bakıda 6 beşulduzlu hotelin açılışı nəzərdə tutulur və bu, özlüyündə bir göstəricidir.

Biz, əlbəttə ki, Polşa şirkətlərini investorlar kimi görmək istərdik. Eyni zamanda, Azərbaycanda müxtəlif mənbələr, o cümlədən dövlət vəsaiti hesabına reallaşan böyük infrastruktur layihələrinin icrasında Polşa şirkətləri fəal iştirak edə bilər. Əminəm ki, bu gün bu barədə də danışıldı.

Eyni zamanda, artıq Azərbaycan şirkətləri də xarici bazarlara çıxır. Bizim dövlətimizin siyasəti də bundan ibarətdir. Biz özəl sektorun inkişafına diqqət verməklə, çalışırıq ki, özəl qurumlar xarici bazarlara da çıxsın. Azərbaycanın dövlət şirkətləri də xarici bazarlara böyük həcmdə investisiya qoyulmasına başlamışdır və bu investisiyalar artıq milyardlarla dollar səviyyəsindədir.

Azərbaycanın enerji resurslarının işlənilməsi nəticəsində əldə edilən gəlirlər də ədalətli şəkildə bölünür və bu gəlirlər ölkə iqtisadiyyatının inkişafına xidmət göstərir. Eyni zamanda, indi Azərbaycan Dövlət Neft Fondu da xarici bazarlara investisiya qoyulması ilə məşğuldur və mən hesab edirəm ki, bu imkanlar da nəzərdən keçirilməlidir.

Əlbəttə, prezidentlər kimi biz bütövlükdə özəl qurumlara ancaq tövsiyə verə və öz fəaliyyətimizlə elə şərait yarada bilərik ki, qarşılıqlı biznes maraqları daha da artsın. Biz bunu etməyə çalışırıq. Ümid edirəm ki, bu biznes forumunun nəticələri yaxın vaxtlarda özünü göstərəcək və Polşa-Azərbaycan iqtisadi əlaqələri də sürətlə inkişaf edəcəkdir.

Qeyd etdiyim kimi, Azərbaycanda biz qeyri-neft sektorunun inkişafına xüsusi əhəmiyyət veririk. Azərbaycanda kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edir. Hazırda Azərbaycanda İnternet istifadəçilərinin sayı 50 faizə çatmışdır, gələn il biz birinci telekommunikasiya peykini orbitə buraxacağıq. Digər sahələrdə də böyük planlarımız var.

Ancaq eyni zamanda enerji sektoru da bizim üçün ənənəvi olaraq həmişə çox vacibdir və Polşa-Azərbaycan əlaqələrinin inkişafında neft-qaz sahəsindəki əməkdaşlıq mühüm yer tutur. Biz bu gün bu barədə də geniş fikir mübadiləsi apardıq. Əminəm ki, bizim şirkətlərimiz yaxın vaxtlarda bu sahədə yeni təşəbbüslər irəli sürəcəklər.

Azərbaycanın zəngin neft və qaz yataqları vardır, bunlar Azərbaycan xalqına xidmət edir. Eyni zamanda, bu resursların, bu sahədə layihələrin regional əməkdaşlığın dərinləşməsi üçün də böyük əhəmiyyəti var. Azərbaycan enerji siyasəti baxımından çox etibarlı tərəfdaşdır. Avropa İttifaqı ilə bu istiqamətdə əməkdaşlıq formatımız var və bu ilin yanvarında Avropa İttifaqı ilə Azərbaycan arasında "Cənub qaz dəhlizi haqqında" bəyannamə imzalanmışdır. Bizim qaz ehtiyatlarımızın hazırda təsdiq edilmiş səviyyəsi 2,2 trilyon kubmetrdir və bu imkan verir ki, bundan sonra ən azı 100 il ərzində Azərbaycan özünü və qonşu ölkələri, Avropa ölkələrini təbii qazla lazımi səviyyədə təmin edə bilər. Əlbəttə ki, bu sahədə də biz əməkdaşlığın dərinləşməsinə çalışırıq. Müəyyən nəticələr var və əminəm ki, biznes qurumları da bu işlərə fəal şəkildə qoşulacaqlar.

Bir daha demək istəyirəm ki, biz Polşa-Azərbaycan əlaqələrinin inkişafına çox böyük əhəmiyyət veririk və özəl sektorun bu əlaqələrin inkişafında xüsusi rolu var. Mən bir daha əminliyimi ifadə etmək istəyirəm ki, bugünkü biznes forumu yaxın vaxtlarda gözəl nəticələrə gətirib çıxaracaqdır.

Diqqətinizə görə təşəkkür edirəm.

 

Polşa Prezidenti Bronislav Komorovskinin çıxışı

 

- Hörmətli xanımlar və cənablar!

Bizi qəbul edən tərəfə, xüsusən də Prezident İlham Əliyevə burada birgə çıxış etmək imkanı yaratdığına görə təşəkkürümü bildirmək istəyirəm. Gördüyünüz kimi, burada, sizin qarşınızda iki prezident - Polşa və Azərbaycan prezidentləri çıxış edir. Siz biznes dairələrinin nümayəndələrisiniz və biz sizin qarşınızda çıxış edirik. Bu, əslində, yeni zəmanənin bir işarəsidir.

Son illər ərzində Azərbaycan və Polşa eyni yolları keçmişdir və bütün səylərimizi göstəririk ki, əldə olunmuş azadlıqdan lazımi şəkildə istifadə edək. Biz görürük ki, bu gün Azərbaycanda lazımi səviyyədə fəaliyyət aparılır və bu, əsasən biznes inkişafının perspektivlərinə yönəlibdir. Biz, əslində, Avropa İttifaqında yeganə ölkəyik ki, 20 il ərzində böhrandan heç bir əziyyət çəkməmişik, bizim ölkədə resessiya müşahidə olunmayıbdır. Bizim bütün göstəricilərimiz yalnız və yalnız yüksələn xətlə artıbdır. Əgər siz bizim iqtisadi göstəricilərə nəzər salsanız, görərsiniz ki, onlar Avropa İttifaqının digər ölkələrindən müsbət mənada fərqlənir. Əslində, bu iqtisadi nailiyyətləri bir də ona görə qeyd edirik ki, bu gün Polşa həm də Avropa İttifaqında sədrlik edən ölkədir. Bu onu göstərir ki, bizim ardıcıl addımlarımız bütün xalqların rifahına xidmət edir.

Mən çox şadam ki, Azərbaycan ilə Polşa arasında olan əlaqələr lazımi şəkildə inkişaf edir. Biz tez-tez siyasi səviyyədə, ən yüksək səviyyədə görüşlər keçiririk. Görürük ki, daha çox imkanlar var ki, biz fəaliyyətimizin yeni sahələrini müəyyən edək.

Cənab Prezident! Siz burada bildirdiniz ki, enerji sektoru hələ də çox mühüm rol oynayır. Bu onu göstərir ki, biz növbəti, digər əməkdaşlıq vektorlarını araşdırmalıyıq, müəyyən etməliyik və bunlar əsasən Polşa biznesinin Azərbaycanda və Azərbaycan biznesinin Polşada inkişafına xidmət etməlidir. Eyni bir sahədən kənara çıxmayan ölkələrdə bəzi problemlər yaranır. Ona görə də çalışmalıyıq o sahələrdə fəaliyyət göstərək ki, onlar yeni olsun, biz yeni istiqamətlərə çıxaq, yeni üfüqlər, yeni imkanlar açaq. Bu baxımdan Polşa nümayəndə heyətində bütün biznesə yardım təşkilatlarının təmsilçiləri vardır. Burada özəl sektorların nümayəndələri, işəgötürənlər federasiyasının nümayəndələri əyləşibdir. Bunlar çox cəsarətli, irəliyə çox böyük addımlar atan şəxslərdir və bilirlər ki, çox zəhmət çəkib böyük imkanlar, maliyyə vəsaitləri əldə ediblərsə, bunları itirmək istəmirlər. Əslində, bunu inkişaf etdirmək istəyirlər. Əgər biz bu gün gələcəkdən danışırıqsa, kiçik və orta sahibkarlığa xüsusi diqqət yetirməliyik.

Beləliklə, bu təmsilçilərin bugünkü tədbirdə iştirakını təmin etməklə biz demək istəyirik ki, kiçik və orta biznes sahəsində böyük bir fəaliyyət görünsün, bu, Polşa və Azərbaycan arasında baş versin. Bu gün biz tamamilə yeni imkanlar əldə etmiş oluruq və bütün bunlar, əslində, böyük bir sıçrayışın, irəliyə doğru addımın bir rəmzidir.

Azərbaycan iqtisadiyyatı irəliyə doğru böyük bir addım atmışdır. Bu, nəinki enerji sektoruna aiddir, həm də biz bilirik ki, Azərbaycanda yeni sahələrdə yeni imkanlar yaradılır. Hesab edirik ki, bu, əslində, Azərbaycan ilə Polşa arasında olan gözəl münasibətlərin daha da güclənməsinə xidmət edir. Biz istəyirik ki, nəinki Azərbaycan ilə Polşa arasında əməkdaşlıq, həm də Avropa İttifaqı ilə Azərbaycan arasında işbirliyi daha da artsın. Bütün bunlar məhz yeni biznes təmaslarına, işgüzar dairələrin bir-biri ilə əlaqə saxlamasına əsaslanacaqdır. Təbii ki, bu, bizim əməkdaşlığımızın yeni bir mənbəsi olacaqdır. Əslində, bizi əlaqələrimizin daha yeni sahələri gözləyir.

Bəlkə də burada çox az sayda insanlar bilir ki, Azərbaycan xam nefti artıq Çexiya Respublikasının ərazisindəki bizim, Polşanın emal zavodlarına daxil olur. İldə bir milyon ton neft emal edilir, bu proses Polşa kapitalına məxsus olan müəssisələrdə baş verir. Biz çalışırıq ki, Azərbaycanın xam nefti daha çox həcmdə daxil olsun.

Bu, əməkdaşlığımızın bir hissəsidir, amma biz istəyirik ki, digər sahələrdə də işbirliyi qurulsun. Mən bilirəm ki, bu gün, sabah siz söhbətlərinizi, müzakirələrinizi aparacaqsınız. Bəzi Polşa şirkətləri var ki, onlar artıq Azərbaycanda fəaliyyət göstərir. Təbii ki, burada qəti qərarı mən qəbul etmirəm, işgüzar dairələr qəbul edirlər. Lakin mən öz tərəfimdən bəyan etmək istəyirəm ki, biz Polşa ilə Azərbaycan arasında nəinki iqtisadi təmaslarımızı, həm də siyasi təmaslarımızı daha da gücləndirməliyik ki, işgüzar dairələrin işini daha da asanlaşdıraq.

Aviaşirkətin nümayəndəsini burada görürəm, - bir ildən sonra Bakıya uçuşlar başlayacaqdır. Polşa nazirliyinin məlumatına görə, Varşava ilə Bakı arasında uçuşlar artıq baş tuta bilər. Nə qədər tez olsa, bir o qədər yaxşı olar. Çünki belə olan halda biz bu təmasların, işgüzar münasibətlərin məhz Polşa və Azərbaycan arasında əlaqələrin daha da güclənməsinə yönəldiyini nümayiş etdiririk. Əslində bu, Polşa və Azərbaycan iş adamlarının əldə etdiyi nəticələrdir.

Diqqətinizə görə çox sağ olun.

 

***

 

 Biznes forumu başa çatdıqdan sonra Dənizkənarı milli parkda gəzintiyə çıxan Prezident İlham Əliyev və Prezident Bronislav Komorovski burada bir qrup polşalı tələbə ilə görüşdülər. Dövlət başçılarına məlumat verildi ki, bu ilin yanvar-may aylarında Gənclər və İdman Nazirliyi Azərbaycanın xaricdəki səfirlikləri ilə birgə əcnəbi tələbələr arasında "Mən Azərbaycan haqqında nə bilirəm?" mövzusunda esse-yazı müsabiqəsi keçirmişdir. Bu müsabiqədə Polşa da daxil olmaqla 9 ölkədən tələbələr iştirak etmişlər. Müsabiqənin əsas mövzuları ümummilli lider Heydər Əliyev, Dağlıq Qarabağ münaqişəsinin reallıqları, Azərbaycanın iqtisadi inkişafı, dili, milli adətləri, mədəniyyəti, beynəlxalq siyasətdəki rolu və digər istiqamətlər olmuşdur. Təmsilçiləri müsabiqədə iştirak edən ölkələrdə yaradılmış münsiflər heyətləri 75 qalibi müəyyən etmişdir. Onlar 40-dan çox universitet, akademiya, lisey və kollecin tələbələridir. Polşadan olan 11 qalib isə artıq Bakıdadır və onlar şəhərin görməli yerləri, muzeyləri, tarixi abidələrlə yaxından tanış olur, insanlarla ünsiyyət qururlar. Polşalı tələbələr bu günlərdə Lahıcda, Qəbələ və Şəki rayonlarında, Naxçıvan MR-də olmuşlar.

Tələbələr dövlət başçıları ilə xatirə şəkli çəkdirdilər.

Dənizkənarı milli parkda gəzinti zamanı Polşanın dövlət başçısına son illər Bakıda həyata keçirilən yenidənqurma və abadlıq işləri barədə məlumat verildi. Bildirildi ki, Avropada ən böyük dənizkənarı bulvarlardan biri olan bu ərazidə bir neçə il öncə başlanmış yenidənqurma işləri buranın simasını tamamilə dəyişibdir. Yenidənqurma işləri zamanı milli üslubla beynəlxalq təcrübə peşəkarlıqla uzlaşdırılıbdır. Hazırda öz gözəlliyi ilə diqqəti çəkən Bakı bulvarı Azərbaycan paytaxtına xüsusi yaraşıq verir, paytaxt sakinlərinin, eləcə də xaricdən gələn qonaqların ən maraqlı istirahət yerinə çevrilibdir. 100 ildən çox yaşı olan Dənizkənarı milli parkın genişləndirilməsi ilə bağlı işlər davam etdirilir. Ümumiyyətlə, son illər Bakıda park və bağların yenidən qurulmasına xüsusi diqqət yetirilir. Təbii ki, şəhərin abadlaşdırılması ilə yanaşı, əsas məqsəd insanların istirahəti üçün rahat şərait yaratmaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-27 iyul.- S.  1, 2.