Heydər Əliyev Fondu ilə tanışlıq

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasında rəsmi səfərdə olan Polşa Respublikasının Prezidenti Bronislav Komorovski iyulun 25-də Heydər Əliyev Fondunda olmuşdur.

Burada Polşa dövlətinin başçısını Azərbaycan Prezidenti İlham Əliyev qarşıladı.

Prezident İlham Əliyev ali qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verdi.

Bildirildi ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.

Prezident Bronislav Komorovski görkəmli şəxsiyyətin arxivindən götürülmüşonun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış oldu.

Fondla tanışlıq zamanı Polşa Prezidentinə məlumat verildi ki, Heydər Əliyevin hakimiyyətdə olduğu illər Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrələridir.

Ali qonaq fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldu, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxdı.

Prezident Bronislav Komorovski Fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazdı. Ona Fondun adından xatirə hədiyyəsi təqdim olundu.

Ali qonaq Fonddan zəngin təəssüratla ayrıldı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 27 iyul.- S.  2.