Bibiheybət buxtasında mühəndis Pavel Pototskinin məzarını ziyarət

 

İyulun 26-da Polşa Respublikasının Prezidenti Bronislav Komorovski Bibiheybət buxtasında tanınmış polşalı mühəndis, Azərbaycanda neft sənayesinin inkişafında böyük xidməti olan Pavel Pototskinin məzarını ziyarət edərək əklil qoymuşdur.

Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə ali qonağa Azərbaycanda neft sənayesinin, o cümlədən dəniz yataqlarında neft hasilatının tarixi, bu işdə əhəmiyyətli rol oynamış istedadlı mühəndis Pavel Pototskinin fəaliyyəti haqqında məlumat verdi. Bildirildi ki, 1901-ci ildə dünyada çıxarılan neftin yarıdan çoxu (10,75 milyon ton), Rusiyada isə 95 faizi Azərbaycanın payına düşürdü. Hasilatı daha da artırmaq üçün hələ 1909-cu ildən Xəzər dənizinin Bibiheybət buxtasında neft mədəni yaratmaq təşəbbüsləri olmuşdu. Müxtəlif layihələr nəzərdən keçirilmiş, lakin onların heç biri reallaşmamışdı. 1922-ci ildə bu işə yenidən başlanılmış və ona rəhbərlik Pavel Pototskiyə tapşırılmışdı. P.Pototski 1919-cu ildə görmə qabiliyyətini itirsə də, çox təcrübəli mütəxəssis idi. Buxtanın qurudulmuş hissəsində qazılmış ilk quyu 1923-cü ilin aprelində gündə 800 ton neft hasilatı ilə istismara verilmişdi. Ümumiyyətlə, Pototskinin rəhbərliyi ilə Bibiheybət buxtasında 300 hektar sahə qurudularaq yeni neft mədəni yaradılmışdı.

Pavel Pototski özünün məhz burada dəfn olunmasını vəsiyyət etmişdi. Onun məzarüstü abidəsində polyak, Azərbaycan və ingilis dillərində bu sözlər yazılmışdır: "Polşa mühəndisi Pavel Pototski (1879-1932). Bibiheybət buxtasını qurudaraq dünyada ilk dəfə dənizin dibindən neft çıxarılmasına nail olmuşdur".

Prezident Bronislav Komorovski ətraf ərazidəki neft buruqlarına da tamaşa etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-27 iyul.- S.  3.