Böyük Britaniya Parlamenti üzvlərindən ibarət nümayəndə heyəti Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Azərbaycanın dostları qrupunun sədr müavini Kristofer Pinçerin başçılıq etdiyi Böyük Britaniya Parlamentinin üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, E.Məmmədyarov Azərbaycanda bütün sahələrdə sürətlə gedən inkişaf prosesi və ölkənin gündən-günə artan regional rolu barədə qonaqlara məlumat vermişdir.

Uğurla inkişaf edən Britaniya-Azərbaycan münasibətləri və Britaniya şirkətlərinin ölkəmizdə səmərəli fəaliyyəti barədə danışan nazir bu ölkə ilə əməkdaşlığın təkcə neft sektoru deyil, qeyri-neft sahəsində də inkişaf etdiyini vurğulamışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlara da toxunan xarici işlər naziri, Ermənistan silahlı qüvvələrinin ölkəmizin işğal olunmuş ərazilərindən birmənalı olaraq çıxarılmasının zəruriliyini vurğulamışdır. O, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş və özündə bu tələbi əks etdirən bir sıra sənədlərin hüquqi əsas təşkil etdiyini vurğulamış, münaqişənin həllinin uzanmasının regiondakı gələcək inkişafı proqnozlaşdırmağa imkan vermədiyini demişdir.

Ölkəmizdə olmalarından məmnunluqlarını bildirən qonaqlar Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələrin inkişaf etdirilməsinin və əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd etmişlər. Onlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ümidvar olduqlarını bildirmişlər.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.

 

 

Azərbaycan.- 2011.- 27 iyul.- S.  4.