Ukrayna mayeləşdirilmiş qaz satışının təşkilində Azərbaycanla əməkdaşlıq haqqında memorandumu təsdiq etmişdir

 

AzərTAc Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, Ukrayna hökuməti mayeləşdirilmiş təbii qaz satışının təşkilində Azərbaycanla əməkdaşlıq haqqında memorandumu təsdiq etmişdir.

Ukrayna Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatında deyilir: "Bu memorandum təbii qaz satışı mənbələrinin şaxələndirilməsi layihələrinin həyata keçirilməsini sürətləndirmək üçün şərait yaradacaq və Ukraynanın enerji təhlükəsizliyinin artırılmasına imkan verəcəkdir".

Tərəflər təbii qaz satışı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və müvafiq layihələrin həyata keçirilməsi üçün şəraitin təmin edilməsi barədə razılaşmanı təsdiqləmişlər.

Xatırladaq ki, bu sənəd yanvarın 28-də Davosda (İsveçrə) imzalanmışdır. Bu il aprelin 28-də Ukrayna Prezidenti Viktor Yanukoviçin Azərbaycana səfəri zamanı 2015-ci ildə Odessa vilayətində inşa edilməsi planlaşdırılan terminal üçün 5 milyard kubmetr Azərbaycan qazının nəql edilməsi haqqında razılıq əldə edilmişdir. Terminalın layihə gücü ildə 10 milyard kubmetr, təxmini dəyəri 2,6 milyard dollar olacaqdır.

Prezident V.Yanukoviçin 2011-ci il 31 may tarixli sərəncamı ilə Ukrayna ərazisindən keçməklə Azərbaycandan enerji ehtiyatları nəqlinin yeni marşrutlarının yaradılması üzrə işçi qrup təşkil olunmuşdur. İşçi qrupun başçısı vəzifəsinə Ukrayna energetikakömür sənayesi naziri Yuri Boyko təyin edilmişdir.

 

 

Azərbaycan.- 2011.-27 iyul.- S.  4.