Azərbaycanın daimi nümayəndəliyi BMT-nin baş katibinə məktub göndərmişdir

 

Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi təşkilatın baş katibi Pan Gi Muna məktub göndərmişdir.

AzərTAc xəbər verir ki, məktubda Ermənistanın təxribatçı əməllərinə və bəyanatlarına qarşı kəskin münasibət bildirilmişdir.

Məktubda deyilir ki, Ermənistan rəhbərliyinin ritorikasının yeganə məqsədi beynəlxalq ictimaiyyəti çaşdırmaq, münaqişənin həlli prosesini ləngitmək və ölkə əhalisinin diqqətini daxili problemlərdən yayındırmaqdır. Məktubda nümunə kimi Ermənistan prezidenti Serj Sarkisyanın iyunun 22-də Avropa Şurası Parlament Assambleyasında, habelə Ukraynaya səfəri zamanı və iyulun 9-da Gənc zabitlərin ilk ordu konfransında səsləndirdiyi bəyanatlar göstərilir. Bildirilir ki, bu bəyanatlarda Ermənistanın Azərbaycana qarşı başladığı müharibənin əsl səbəbləri, gedişi və nəticələri həyasızcasına təhrif olunur.

Məktubda cari ilin iyun ayı ərzində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin davamlı pozuntuları haqqında da BMT-nin baş katibinə məlumat verilir. Bildirilir ki, bu müddət ərzində Ermənistan silahlı qüvvələri atəşkəsi 55 dəfə pozmuşlar. Nəticədə Azərbaycanın bir mülki vətəndaşı həlak olmuşbir əsgəri isə ciddi yaralanmışdır. Məktubda bir daha xatırladılır ki, işğal olunmuş Azərbaycan ərazilərinin boşaldılması haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməni Ermənistan indiyə qədər yerinə yetirmir.

 

 

Azərbaycan.- 2011.-28 iyul.- S. 3.