Tikmələrin izi ilə

 

 Mədəniyyət və Turizm Nazirliyinin L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində məşhur tikmə ustası, bir çox beynəlxalq sərgilərin iştirakçısı və diplomçusu Mehriban Əliyeva-Xəlilzadənin növbəti dəfə əl işləri nümayiş etdirilib. "Tikmələrin izi ilə" keçirilən tədbirdə sənətkarın muncuqlu tikmə, pilək tikmə, döymə, doldurma, cülmə, kəsmə, güləbətin, təkəlduz texnikası ilə yaratdığı sənət nümunələri sərgiyə gələnlərin heyranlığına səbəb olub.

Muzeyin direktoru Röya Tağıyeva sərgi iştirakçılarına nümayiş etdirilən sənət əsərləri və onların müəllifi barədə məlumat verdi. Mehriban Əliyeva-Xəlilzadə Şəki şəhərində anadan olub, elə orada ərəb-fars təmayüllü orta məktəbi fərqlənmə ilə bitirib. 1985-88-ci illərdə şəhər Pionerlər Evində bədii tikmə dərnəyində məşğul olan, əl işləri 1986-cı ildən respublika və bir sıra xarici ölkələrdə sərgilənən tikmə ustasının hazırladığı "Hekayə", "Əfsanə", "Muğam üçlüyü", "Xosrov və Şirin", "Sülh quşu", "Gecə-gündüz", "Tanrı gözəldir", "Müqəddəs Kəbə", "Atatürk", "Şərq ulduzu" və digər sənət nümunələri öz ecazkarlığı ilə fərqlənir. Müəllif təsviri sənətə və toxuculuğa xas xüsusiyyətləri tikmədə ustalıqla birləşdirərək maraqlı kompozisiyalı əsərlər yaratmağa müvəffəq olub.

Sərginin keçirilməsində məqsəd qədim tikmə texnikasını qoruyub saxlamaqla yanaşı, yenilikləri, müasir tikmə sənətini geniş ictimaiyyətə çadırmaqdan ibarətdir.

O, həm də həndəsi və nəbati naxışlardan istifadə edərək portret, miniatür, mənzərə janrlarına müraciət edib.

2003-cü ildən respublika Rəssamlar İttifaqının üzvü seçilən rəssam-tikməçi bir çox beynəlxalq sərgilərdə uğurlu iştirakına görə mükafatların sahibi və laureatdır.

Tədbirdə xalq rəssamı Ağaəli İbrahimov, keçəçi-rəssam Rauf Əbdülhüseynoğlu, xalçaşünas Kübra Əliyeva və başqaları çıxış edərək sərgilərdə yeni əsərlərlə iştirak edən tikməçi-rəssam Mehriban Əliyeva-Xəlilzadəyə yaradıcılıq yolunda bundan sonra da uğurlar arzuladılar.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2011.- 29 iyul.- S.  5.