MSN-in müəssisələrində cari ilin birinci yarısının nəticələri müzakirə edilmişdir

 

İyulun 25-dən 28-dək Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeçiliyində olan müəssisələrdə cari ilin I yarısının yekunlarına həsr edilmiş səyyar kollegiya iclasları keçirilmişdir.

MSN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclaslarda birlik və müəssisələrin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edilmişdir. Bildirilmişdir ki, 2011-ci ilin 6 ayında nazirliyin tabeçiliyində olan müəssisələrdə ümumilikdə istehsal olunan məhsulların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artmışdır.

Hesabat dövründə 2011-ci ilin Dövlət Müdafiə Sifarişi Proqramında nəzərdə tutulan tədbirlərin icrası davam etdirilmiş, respublikanın güc strukturları ilə bağlanmış müqavilələr əsasında ötən ilin müvafiq dövrünə nisbətən 11,2 dəfə çox müdafiə təyinatlı məhsul istehsal edilərək sifarişçilərə təhvil verilmişdir. Hesabat dövründə müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 3,7 dəfə, mülki məhsulların istehsalı isə 14 faiz artmışdır.

Cari ilin I yarısında Dövlət Müdafiə Sifarişi Proqramının "yaradılma" bölməsi üzrə 10 mövzunun 25 mərhələsi yerinə yetirilmiş, 4 ilkin, 2 dövlət və 10 ixtisaslaşma sınaqları həyata keçirilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yerinə yetirilmiş mərhələlərin sayı 2 dəfə artmışdır. İclaslarda birlik və müəssisə rəhbərlərinin hesabatları dinlənilmişdir. Dövlət Müdafiə Sifarişi Proqramının və digər proqnoz göstəricilərin icrası ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.

Kollegiya iclaslarında Y.Camalov birlik və müəssisələrdə görülmüş işləri yüksək qiymətləndirmişdir. Nazir qeyd etmişdir ki, kollektiv əldə edilmiş uğurlarla kifayətlənməməli, respublikamızın müdafiə qüdrətinin möhkəmləndirilməsi istiqamətində Silahlı Qüvvələrin müasir silah və döyüş sursatları ilə təmin edilməsi üçün qarşıya qoyulmuş mühüm vəzifələrin icrasını layiqincə yerinə yetirməlidir.

 

 

Azərbaycan.- 2011.- 29 iyul.- S.  2.