Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilmişdir

 

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) ilin 6 ayının yekunlarının müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.

QKDK-nın sədri Rüfət Aslanlı 6 ayda dünya iqtisadiyyatında müşahidə olunan əsas meyillərdən bəhs etmişdir. O demişdir ki, qlobal iqtisadiyyatın inkişafında səngimə əlamətlərinin müşahidəsi, artımın coğrafi qeyri-bərabərliyi yeni risk və təhdidləri gündəmə gətirir. Qlobal iqtisadiyyatdakı bu meyillər fonunda Azərbaycan iqtisadiyyatında artımın və sosial inkişafın davam etdiyini bildirən QKDK-nın sədri, bu uğurların iqtisadi şaxələndirmə siyasətinin müsbət nəticəsi olduğunu demişdir. R.Aslanlı hesabat dövründə dövlət qiymətli kağızlar bazarının 5,1 dəfə, korporativ qiymətli kağızlar bazarının isə 1,5 dəfə artdığını bildirmişdir.

Kollegiyada çıxış edənlər hesabat dövründə həyata keçirilən tədbirlər və strateji fəaliyyət planlarının icra vəziyyəti barədə ətraflı məlumat vermişlər. Çıxışlarda QKDK-nın cari funksional fəaliyyətinin yekunları ilə yanaşı, hesabat dövründə qiymətli kağızlar bazarının normativ-hüquqi bazasının təkmilləşdirilməsi, səhmdarların hüquqlarının qorunması, QKDK və bütövlükdə bazar iştirakçılarının potensialının gücləndirilməsi, eləcə də beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər öz əksini tapmışdır.

Konkret tapşırıqlar verən R.Aslanlı 2011-ci ilin QKDK üçün "potensialın genişləndirilməsi və inkişaf etdirilməsi ili" olduğunu iclas iştirakçılarına xatırladaraq bu istiqamətdə nəzərdə tutulan tədbirlərin cari ilin sonunadək yekunlaşdırılmasını tapşırmışdır.

 

 

Azərbaycan.- 2011.-29 iyul.- S.  2.