Rəcəb Tayyib Ərdoğan Bakıda "Rəcəb Tayyib Ərdoğan"nın müəllifi ilə görüşmüşdür

 

Türkiyənin Baş naziri iyulun 27-də Bakıya səfəri zamanı ölkəsinin səfirliyində "Rəcəb Tayyib Ərdoğan" kitabının müəllifi jurnalist Hacı Nərimanoğlu ilə görüşmüşdür.

Baş nazir dostqardaş Azərbaycanda onun ömür yolundan, siyasi fəaliyyətindən, bütün sahələrdə genişlənməkdə olan Türkiyə-Azərbaycan əlaqələrindən bəhs edən nəfis tərtibatlı kitabın nəşrindən məmnunluğunu söyləmiş, müəllifə təşəkkürünü bildirmişdir.

H.Nərimanoğlu yurdsuzluq ağrı-acılarının ifadəsi olan "Qubadlısız 16 il" kitabını da Baş nazirə təqdim etmiş, Azərbaycan xalqının Qarabağ münaqişəsinin həllində Türkiyə Cümhuriyyətindən daha böyük dəstək gözlədiyini vurğulamışdır.

Baş nazir Rəcəb Tayyib Ərdoğan müəllifin hədiyyə etdiyi kitabları oxuyacağını, şəxsi kitabxanasında əziz xatirə kimi saxlayacağını bildirmişdir. Yurd-yuvasından ayrı düşmüş insanların ağrı-acılarını yaxşı anladığını deyən Baş nazir vurğulamışdır ki, Türkiyə bundan sonra da hər zaman Azərbaycanın yanında olacaqdır.

Rəcəb Tayyib Ərdoğan hər ailədə 3 uşaq görmək istəyinin eynilə Azərbaycana da aid olduğunu vurğulamış, bu öyüdünün ailə həyatı quran gənclərə çatdırılmasını istəmişdir. O, H.Nərimanoğlunu şəxsi qonağı kimi Türkiyəyə dəvət etmişdir.

"Rəcəb Tayyib Ərdoğan" kitabının nüsxələri Türkiyə nümayəndə heyətinin üzvlərinə də təqdim olunmuşdur.

 

 

Azərbaycan.- 2011.- 29 iyul.- S.  2.