Azərbaycan və Türkiyə əlaqələri daha möhkəm özüllər üzərində qurulur

 

Müttəfiqlik, dostluq, qardaşlıq prinsipləri əsasında formalaşan qarşılıqlı münasibətlər yeni yüksəliş mərhələsinə daxil olur

 

Eyni soykökünə, dinə, dilə, tarixə, mədəniyyətə malik olan Azərbaycan-Türkiyə münasibətlərində mövcud inkişaf səviyyəsi bu gün dünya miqyasında ən gözəl nümunəyə çevrilib. Ölkələrimiz arasında çoxşaxəli xarakterə malik olan, səmimi əsaslara söykənən qarşılıqlı münasibətlər günü-gündən inkişaf edir, daha möhkəm özüllər üzərində qurulur. İstər ikitərəfli əlaqələrdə, istərsə də regional və daha genişmiqyaslı məsələlərə münasibətdə qarşılıqlı maraqların nəzərə alınması Azərbaycan-Türkiyə birliyinin əsas xarakterik xüsusiyyətlərindəndir. Ən böyük hakim olan zaman Azərbaycan və Türkiyənin, ulu öndər Heydər Əliyevin dediyi kimi, bir millət, iki dövlət olduğunu sübuta yetirib.

Real şəraitdə ölkələrarası münasibətlərin daha da dərinləşməsi istiqamətində hər iki dövlətin rəhbərliyi tərəfindən meydana qoyulan siyasi iradə Azərbaycan-Türkiyə əlaqələrinin strateji xarakter almasına, beynəlxalq hüquq məkanında mövqelərinin daha da güclənməsinə gətirib çıxarıb. Bu istiqamətdə həyata keçirilən siyasətin davamlı xarakterə malik olduğunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iyulun 27-də Azərbaycana baş tutan rəsmi səfəri də aydın surətdə təsdiqlədi.

Ötən ay keçirilən parlament seçkilərində yenidən inamlı qələbəyə imza atan Ədalət və İnkişaf Partiyasının (AKP) liderinin, Türkiyənin Baş nazirinin ilk xarici səfərlərindən birini məhz Azərbaycana etməsi də ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin daha bir real ifadəsidir. Türkiyənin hökumət başçısı ilə görüşü zamanı Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Seçkilərdən bir ay sonra Azərbaycana etdiyiniz rəsmi səfər, əslində, bizim əlaqələrimizin nə qədər yüksək səviyyədə olmasını göstərir. Həqiqətən bu əlaqələr müttəfiqlik səviyyəsindədir, dostluq, qardaşlıq prinsipləri əsasında formalaşıbdır. Hazırda bu əlaqələr bütün sahələri əhatə edir və nəinki ikitərəfli müstəvidə, eyni zamanda regional məsələlərdə də Türkiyə-Azərbaycan dostluğu və birliyi çox vacib amilə çevrilibdir".

Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində yenidən Azərbaycan və Türkiyə arasında bütün vacib sahələri əhatə edən məsələlər üzrə geniş fikir mübadiləsi aparıldı və bir daha tərəflərin mövqelərinin üst-üstə düşdüyü özünü qabarıq formada büruzə verdi. Diqqət yetirilən əsas məsələlərdən biri də terrorla bağlı oldu. Ümumiyyətlə, Azərbaycan və Türkiyə terrordan əziyyət çəkən ölkələr kimi bu problemin nə olduğunu yaxşı bilirlər. Elə bu səbəbdən terrora qarşı davamlı mübarizə aparan dövlətlər sırasında ölkələrimizin adı daim ilk sıralarda çəkilir. Azərbaycan uzun illərdir Türkiyəyə qarşı terror aktları törədən PKK təşkilatının əməllərini qətiyyətlə pislədiyini növbəti dəfə ən yüksək səviyyədə bəyan etdi. Ərdoğanla görüşü zamanı Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan rəsmi olaraq PKK-nı terrorçu təşkilat kimi tanıyır və ona qarşı mübarizədə həmişə olduğu kimi, Türkiyə dövlətinin və xalqının yanındadır.

Ölkələrimiz arasında münasibətlər iqtisadi sferada da dinamik şəkildə inkişaf edir. Bu gün Azərbaycan özünün enerji ehtiyatlarını dünya bazarlarına çatdırmaq üçün məhz strateji tərəfdaşı olan Türkiyə marşrutundan istifadə edir və bunun ən bariz nümunələri Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləridir. Perspektivdə digər enerji layihələrinin, o cümlədən Nabukkonun reallaşmasında Azərbaycan analoji marşruta üstünlük verir və bu da Türkiyənin belə layihələrdə aparıcı tərəf kimi çıxış etməsinə, daha çox iqtisadi mənfəət əldə etməsinə gətirib çıxarır. Bununla yanaşı, ölkəmiz Türkiyənin beynəlxalq aləmdə mövqeyini dəstəkləməkdə, onun maraqlarının müdafiəsində də fəal rol oynayır.

Qarşılıqlı iqtisadi münasibətlərin inkişafına da Azərbaycan daim xüsusi önəm verməkdədir. Ölkəmiz xaricdə ən böyük investisiya yatırımlarından birini də məhz Türkiyədə həyata keçirməkdədir. Türkiyəli iş adamlarının isə Azərbaycanda fəaliyyətinə, onların maraq göstərdikləri bütün sahələrdə iş qurmasına hər cür şərait yaradılıb. Hesablamalar göstərir ki, Azərbaycan şirkətləri indiyə qədər Türkiyə iqtisadiyyatına

4 milyard dollardan çox vəsait qoyub. Növbəti illərdə təkcə neft kimyası sənayesinə 6 milyard dollar əlavə sərmayə qoyulması nəzərdə tutulur. Azərbaycanda reallaşan strateji əhəmiyyətli infrastruktur layihələrinin icrasında türk şirkətləri fəal iştirak edir və Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz onların fəaliyyətindən çox razılıq ifadə edir.

Eyni zamanda, Türkiyə Azərbaycanın ən böyük problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün ölkəmizin mövqeyini tam dəstəkləyir və ərazilərimiz işğaldan azad olunmayana kimi Ermənistanla sərhədlərinin açılmasının mümkünsüzlüyünü bildirir. Ümumiyyətlə, Türkiyə və Azərbaycan arasında mövcud olan birlik tarixən türk dünyasının düşməni kimi çıxış edən, hər fürsətdə azərbaycanlılara, eləcə də türk ulusunun digər təmsilçilərinə qarşı amansız soyqırımları törədən ermənilərə qarşı da etibarlı bir sipərə çevrilib. Bunun nəticəsidir ki, Ermənistanın, erməni diasporunun bütün cəhdlərinə rəğmən, Azərbaycan torpaqlarını işğal altında saxladığı üçün təcavüzkar ölkə ilə Türkiyə sərhədlərini bağlı saxlayır. İşğal siyasətinə son qoyulmayana qədər Türkiyə sərhədlərin açılmasının mümkünsüz olduğunu bəyan edərək beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin sürətlənməsi üçün daha qəti addımlar atmasını bildirir. Qondarma erməni soyqırımı, Ermənistanın Türkiyəyə qarşı ərazi iddialarına qarşı mübarizədə isə qardaş ölkənin ən etibarlı müttəfiqi qismində Azərbaycan çıxış edir.

Ermənistan rəsmiləri işğalçılıq siyasətlərinə son qoymaq əvəzinə yeni sərsəm bəyanatlar verir, Türkiyə torpaqlarını zəbt etmək niyyətlərini də açıq şəkildə meydana qoyurlar. Ermənistan prezidenti Serj Sarkisyanın açıqlamaları da bunu aydın təsdiq edir. Ermənistanın Saxkadzor şəhərində erməni dili, ədəbiyyatı və ermənişünaslıq üzrə keçirilən V olimpiadanın iştirakçıları qarşısında çıxış edərkən Serj Sarkisyan Türkiyə ərazilərinə iddialı olduqlarını belə ifadə edib: "İndi Türkiyədə qalmış ərazilərimizi geri qaytarmalıyıq və bu, gələcək nəsillərdən asılıdı". Türkiyənin Ağrı dağını ələ keçirməyi erməni gənclərinə tövsiyə edən Sarkisyanın belə bir açıqlama ilə çıxış etməsi əslində onun səriştəsiz siyasətçi olduğunu açıq şəkildə meydana qoyur.

Məsələyə münasibətini açıqlayan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan buna Dağlıq Qarabağ münaqişəsi kontekstindən yanaşıb: "Serj Sarkisyanın etdiyi bir təhrikdir, öz gəncliyinə kin və nifrət hissi aşılamağa səy göstərməkdir. Bununla Ermənistan gəncliyinin gələcəyi nə olacaqdır? Bu gedişlə qaranlıq olacaqdır, bu hadisələrə hər zaman qara eynəklə baxacaqdır. Bunu mütləq bilməlidirlər. Hazırda Dağlıq Qarabağ ərazisi işğal edilib və işğalçılar məlumdur. Bunu yalnız biz demirik, bunu BMT də deyir. Bu, sübut olunmuşdur. Bu, həll edilməlidir. Bunun həllinə indiyə qədər mənfi yanaşma Ermənistan tərəfindədir. Azərbaycan hər zaman müsbət yanaşma ortaya qoymuşdur. "Siz hazırda Dağlıq Qarabağı bizdən təhvil aldınız, biz ölüb gedəcəyik, Ağrını da siz alacaqsınız" - belə bir məntiq olarmı? Belə bir anlayış olarmı? Gəncliyə belə bir istiqamət, belə bir üfüq verilərmi?

Bu nə deməkdir? Ey gənclər, Ermənistan Türkiyə ilə bundan sonra istədiyi kimi, istədiyi şəkildə bir müharibəyə də girə bilər. Bunların hamısını rədd edirik. Belə bir dövlət xadimi, belə bir diplomatiya olmaz. Sarkisyan burada ciddi bir səhv etmişdir. Tarixi bir səhvi birbaşa özü təsdiq edərək demişdir. O, üzr istəməlidir, bu səhvindən dönməlidir".

Baş verənlərə Azərbaycanın dövlət başçısı tərəfindən də kifayət qədər dəqiq və sərrast qiymət verilib. Sarkisyanın açıqlamalarının Ermənistanın işğalçı mahiyyətini göstərdiyini diqqətə çatdıran Azərbaycan Prezidenti Ermənistanda yaşanan mövcud problemlərə toxunub. Yoxsulluq, səfalət, ümidsizlik içində olan Ermənistandan qaçanların sayının on minlərlə ölçüldüyünü, iqtisadiyyatının tam böhran içində olduğunu vurğulayıb. Belə bir şəraitdə Türkiyənin əzəli, tarixi torpaqlarına iddia edilməsi isə ermənilərin artıq reallıq hisslərini də itirdiklərini göstərir. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağını vurğulayan Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Vaxt gələcək, Azərbaycan Dağlıq Qarabağ üzərində öz suverenliyini ya barış yolu ilə, ya da hərb yolu ilə bərpa edəcəkdir. Ancaq Türkiyə kimi böyük bir ölkəyə qarşı torpaq iddiasında olmaq? Bu, sadəcə onu göstərir ki, bu adamların başında nəsə çatmır. Onlar real dünyada yaşamırlar, özlərinin yaratdığı xülya dünyasında yaşayırlar. Onlar o yuxudan oyansınlar, real dünyaya qayıtsınlar və özlərini Türkiyə ilə, heç olmasa, müqayisə etsinlər. Fil ilə qarışqanı müqayisə etmək olmaz".

Bütün bunlar bir daha Azərbaycan və Türkiyənin strateji tərəfdaş olduğunu göstərməklə yanaşı, hər iki dövlətin bir-birlərinin maraqlarını da sıx müdafiə etdiyinin göstəricisidir. Deyilənlərin fonunda əminliklə söyləmək olar ki, bundan sonra da iki qardaş xalq arasında əlaqələrin daha da dərinləşəcəyi heç bir şübhə doğurmur.

 

 

Azərbaycan.- 2011.- 30 iyul.- S. 1.