Milli ideya: məqsəd Azərbaycanı hərtərəfli inkişaf etmiş dövlətə çevirməkdir

 

XXI əsrin əvvəlləri bütövlükdə dünya siyasətinin transmilliləşməsi, qloballaşma proseslərinin geniş vüsət alması dövrü kimi səciyyələnsə də, hər bir xalqın milli özünəməxsusluğunun qorunub saxlanması "instinkt"indən irəli gələn, lokalizasiya adlandırılan əks cərəyan da özünü qabarıq göstərir. İndi ayrı-ayrı dövlətlər minilliklərin sınağından çıxmış milli ənənə və dəyərlərini sarsıdan total mədəniyyət stereotiplərinə qarşı çıxır, müxtəlif beynəlxalq təşkilatlar milli-mədəni suverenliyin yabançı təsirlərdən hifz olunması zərurətini diqqətə çəkirlər. Aşkar görünür ki, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması bu gün qloballaşan dünyada sülh və sabitliyin, əmin-amanlığın, dinc yanaşı yaşamağın vacib meyarına çevrilmişdir.

Görkəmli islam alimlərindən olan Yusif əl-Kərdavi yazırdı ki, "Müstəmləkəçiliyin növlərindən ən təhlükəlisi ideya müstəmləkəçiliyidir. O, torpaqları deyil, zehinləri zəbt edir, zəka isə toplardan deyil, qələmdən istifadə edir". Müasir dövrdə qloballaşma prosesləri iqtisadi planda nə qədər səmərəli və vacib olsa da, xalqların tarixən oturuşmuş milli-mənəvi dəyərlər sistemini aşınmaya məruz qoyur. Bu gün qloballaşmadan ən çox ziyan çəkən isə milli mədəniyyət və digər milli dəyərlərdir - çünki bu proses vahid dünya təsərrüfatı və iqtisadi sisteminin yaradılmasından başqa, mənəvi, mədəni, siyasi, ictimai həyatın digər sahələrini də əhatə edir. Beləcə, milli mədəniyyətin, dilin, dinin, adət-ənənələrin sıxışdırılması və milli şüurun kosmopolitləşdirilməsi cəhdləri genişlənir.

Tarixən olduğu kimi, müasir dövrdə də etnik-milli identikliyin kənar təsirlərdən qorunması prosesində milli ideya müstəsna rolunu və əhəmiyyətini qoruyub saxlayır, hər bir xalqın qarşıya qoyduğu ali idealların praktik surətdə gerçəkləşdirilməsinə əsaslı təkan verir. İstənilən toplumun nəyə qadir olduğu, hansı inkişaf yolu seçdiyi, zamanın qlobal çağırışlarına nə dərəcədə cavab verdiyi ilk növbədə onun qarşıya qoyduğu milli ideyada təcəssümünü tapır. Milli ideya hər bir dövlətin, xalqın konkret məkan və zaman şəraitində qarşıya qoyduğu, hədəflədiyi məqsədlərdən soraq verməklə yanaşı, milli inkişaf modelinin konseptual mahiyyəti barədə dolğun təsəvvür formalaşdırır. Əksər hallarda daha uzaq hədəflərə - perspektiv nəticələrə hesablanan milli ideya həm də yaradılmasına cəhd göstərilən cəmiyyət modelinin ideoloji-siyasi, mənəvi əsaslarına çevrilir. Milli ideya cəmiyyətin inkişafının ümumi məqsəd və strategiyası olmaqla hərtərəfli inkişafın rəhnidir.

Empirik bilik bu reallığı aksiom olaraq təsdiqləmişdir ki, milli ideyası olmayan xalqın nəinki mütərəqqi inkişaf yolundan, ümumiyyətlə mövcudluğundan danışmaq mümkün deyildir. Təkcə ona görə yox ki, milli ideya dövlətlərin mütərəqqi inkişafı yolunda mayak rolunu oynayır, həm də ona görə ki, bu inkişafı təmin edən milli birlik və həmrəylik konsepsiyasını milli ideyasız reallaşdırmaq çətindir. Başqa sözlə, cəmiyyətdə mütləq çoxluğun qəbul etdiyi, bölüşdüyü müsbət yüklü ideya, məqsəd və dəyərlər məslək, əqidə, fikir və dünyagörüşü yaxınlığı yaratmaqla intibah baxımından son dərəcə vacib olan məqsədlərin həyata keçirilməsinə kömək edir.

Milli ideya dövrün, zamanın ruhuna, cəmiyyətin inkişaf xüsusiyyətlərinə, dünya nizamının gerçəkliklərinə adekvat olaraq dəyişsə də, bütün dövrlər və cəmiyyətlər üçün aktualdır. O, bir sıra mütərəqqi cəhətləri ilə qətiyyən statik xarakter daşımır, əksinə, hər bir dövr üçün sosiumun yeniləşən istək və arzularının məcmusudur. Yəni siyasi-ideoloji quruluşundan asılı olmayaraq, istənilən dövlətin inkişafa can atması, habelə bu niyyəti nə dərəcədə gerçəkləşdirə bilməsi ilk növbədə milli ideya statusu alan ali məram və məqsədlərdən asılıdır. Məhz bu məram və məqsədlər ümumən Azərbaycan xalqının da tarixən formalaşmış milli-mənəvi dəyərlər sisteminin yabançı təsirlərdən qorunmasına, ümumən cəmiyyətin milli ahənginin saxlanılmasına imkan verir. Yeni yüzillikdə qarşıya qoyduğu nəcib ideallara yüksək sadiqlik nümayiş etdirən xalqımız məhz bunun sayəsində milli identikliyini və özünüdərk hissini qoruyub saxlayır.

Bütün bunlar müasir dövrdə milli ideya probleminin elmi cəhətdən araşdırılmasını, əldə olunan konseptual nəticələrin ümumiləşdirilməsini son dərəcə vacib və əhəmiyyətli məsələyə çevirir. Görünür məhz bu zərurətdən irəli gələrək son illər Azərbaycan humanitariyası da məsələnin elmi-nəzəri və metodoloji aspektdən tədqiqinə diqqət ayırır. Ayrı-ayrı tədqiqatçılar, filosoflar, siyasətşünas alimlər ən müxtəlif dövrlərdə xalqın tapındığı ideyaları açıb göstərməyə, ümumiləşdirməyə çalışır, müasir dövrdə qarşıda duran vəzifələrdən söz açırlar. Lakin reallıq göstərir ki, bu sahədə tədqiqatlar kifayət qədər sistemli, ardıcıl xarakter daşımır və respublikanın hazırkı iqtisadi inkişaf dinamikasına adekvat deyildir.

Son 15 ildə Azərbaycanın keçdiyi mürəkkəb inkişaf mərhələlərini dərin elmi təhlilə cəlb edərək demokratikləşmə, iqtisadi modernləşmə və siyasi liberallaşma məsələləri ilə bağlı sanballı tədqiqatlarını elmi ictimaiyyətə çatdıran, keçilən uğurlu yolun nəzəri-metodoloji, fəlsəfi, politoloji və futuroloji şərhinə geniş diqqət ayıran Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi" əsəri bu baxımdan təqdirəlayiqdir.

Dərin elmi araşdırma və təhlillərin, ümumiləşdirmələrin nəticəsi kimi ərsəyə gələn, mövzu aktuallığı, ideya siqləti, fakt zənginliyi ilə diqqəti çəkən əsər problemin konseptual elmi izahına və dərkinə xidmət edən ilk sanballı tədqiqatlardan biridir. Əsərdə milli ideya problemi nəzəri-metodoloji aspektdə təqdim olunur, eyni zamanda onun Azərbaycan dövlətçiliyinin yaranması, milli şüurun, özünüdərk hissinin inkişafı, habelə milli tərəqqi prosesindəki müstəsna rolu önə çəkilir.

Əsəri daha maraqlı edən digər cəhət bundan ibarətdir ki, təcrübəli dövlət xadimi və görkəmli alim Ramiz Mehdiyev müasir dövrdə Azərbaycan milli ideyasının nədən ibarət olduğunu elmi və praktik dəlillər, faktlar əsasında açıb göstərir. Müəllif eyni zamanda milli ideyanın reallaşdırılması istiqamətində son illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən qlobal miqyaslı islahatlardan söz açır, həyata keçirilən tədbirlərin gözlənilən nəticələri ilə bağlı son dərəcə dürüst məntiqi mühakimələr, proqnozlar irəli sürür. Elmi və praktik təcrübənin uğurlu sintezi əsasında qələmə alınan əsərdə eyni zamanda milli ideyanın gerçəkləşdirilməsi mexanizmi olan milli ideologiya problemi analitik rakursda təhlilə cəlb edilir, azərbaycançılığın ayrı-ayrı mühüm komponentlərinə toxunur.

Əsərin mahiyyətindən doğan bu qənaətlə də tam razılaşmaq olar ki, qlobal səciyyə daşıyan istənilən ideyanın milli xarakteri, etnik diferensiasiyası insan şüurunun formalaşdığı ən qədim dövrlərdən mövcud olmuş, bəşəriyyətin uzun tarixi inkişafı ərzində məhz bu tipoloji xarakterik xüsusiyyət əsasında inkişaf etmişdir. Milli ideya sosial-fəlsəfi kateqoriya kimi "millilik" anlayışı ilə sıx şəkildə əlaqəlidir. Daha dəqiqi, "millilik" anlayışının strukturunda son dərəcə əhəmiyyətli bir element olmaqla, etnik şüurun gerçəkliyə münasibətini əks etdirir. Eyni zamanda, milli ideyanın olması üçün milli dövlətin mövcudluğu ən mühüm şərtlərdən sayılır.

Milli ideya özündə həm də milli müştərəkliyin müxtəlif tərəflərini, milli həyatın maddi-mənəvi zənginliyini, özünəməxsusluğunu əks etdirir. Bu anlayışın obyektiv qavranılması fərdi və ümuminin, milli və qeyri-millinin qarşılıqlı əlaqəsinin aydınlaşdırılmasından keçir. Milliliyin, milli ümumiliyin təsdiqi cəmiyyətin əsas inkişaf qanunauyğunluqlarındandır. Əxlaqi kateqoriya olan milli ideya bu mənada etnosun məişətinə, yaşam tərzinə, istəklərinə müxtəlif aspektlərdən aidiyyəti olan mürəkkəb problemdir. Cəmiyyətin indiki həyatında o, xüsusilə aktualdır, çünki milli ideya milli mədəniyyətin etnoqrafik formalaşması, habelə milli düşüncə sistemi ilə sıx şəkildə əlaqəlidir.

"Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi" əsəri ilə tanışlıq zamanı aydın olur ki, milli ideya istənilən xalqın milli xüsusiyyətlərinin və xarakterinin, ən başlıcası, məqsədə doğru can atmaq əzminin ifadəsidir. O, sadəcə, insanların müəyyən mühakimə, fikir, ideya üzərində köklənməsi deyil, eyni zamanda obyektiv gerçəkliyin düzgün dəyərləndirilməsi, milli potensiyanın qlobal məqsədlər naminə səfərbər edilməsidir. Əlverişli siyasi şəraitdə formalaşan milli ideya cəmiyyəti təşkil edən birliklərin sosial-mədəni konsolidasiyası baxımından da vacib amildir.

Akademik Ramiz Mehdiyev yazır ki, milli ideya əvvəlcə milli şüurun oyanması, müstəqillik uğrunda mübarizə ilə şərtlənən əqli nəticə, ictimai ideya kimi yaranır. Dövlətçilik yaranıb təkamül etdikcə, ölkənin sosial-iqtisadi mövqeyi möhkəmləndikcə, mədəniyyət inkişaf etdikcə milli ideya tədricən milli maraqlarla, dövlətin beynəlxalq birlikdə rolunun elmi dərki ilə qovuşur. Bu şəraitdə milli ideya elmi cəhətdən əsaslandırılır və müvafiq ideologiyanın formalaşması üçün zəmin kimi çıxış edir.

Əsərdə aparılan ümumiləşdirmələrdən aydın görünür ki, hər hansı millətin indi və gələcəkdə rifahı, salamatlığı, inkişafı və tərəqqisinin strategiyası kimi milli ideya milləti sıx şəkildə birləşdirir, vahid tam kimi fəaliyyətinə şərait yaradır, cəmiyyətin mənafelərini ifadə edən davranış qaydaları, qanunlar və digər mühüm ictimai-siyasi qaydalar formalaşdırmağa kömək edir. Milli ideya etnosun (millətin), onun bənzərsiz mədəniyyətinin, təkrarsız "mən"inin qorunub saxlanmasına imkan yaradır.

Azərbaycan polietnik dövlət kimi ərazisində yaşayan bütün xalqların vətənidir. Bu mənada dövlətin irəli sürdüyü hər hansı ideya və fikir etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq ölkənin bütün əhalisinin maraqlarını önə çəkir. Dünyəvi və demokratik dövlət modelini qəbul etməsinə rəğmən, respublikamızda insanların dini inancları, habelə vicdan azadlığı yüksək səviyyədə təmin olunur. Ümummilli lider Heydər Əliyev ölkədə mütərəqqi islam dəyərlərinin inkişafına xüsusi diqqət yetirməklə yanaşı, başqa dinlərin inkişafına da dözümlü mühitin yaradılmasını təmin etmiş, dini konfessiyalar arasında qarşılıqlı hörmətə söykənən münasibətlərin formalaşmasına çalışmışdır. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın bu torpaq üçün milli yiyəlik hissini yaşaması da tolerantlığın bariz təzahürüdür. Dini tolerantlıq Azərbaycan xalqının qanında, canında, kökündə var. Milli ənənələrimizdə, mentalitetimizdə, düşüncə arxetiplərimizi özündə ehtiva edən folklorumuzda başqa dinlərə, millətlərə dözümlü münasibət özünü yaşadır. Ulu öndər Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyası isə dini tolerantlığın ən başlıca təminatçısı kimi çıxış edir.

"Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi" əsərində haqlı olaraq qeyd edilir ki, bəzən hətta elmi ədəbiyyatlarda milli ideya və ideologiya anlayışları qarışdırılır və bu, düzgün yanaşma deyildir. İdeya həyata keçirilməsi nəzərdə tutulan, müəyyən nəticəyə gətirib çıxarmalı olan bir niyyət, yaxud nəzəri sistemin əsasını təşkil edən məntiqi prinsipdir. Yunan sözü olan ideologiya isə fikir haqqında təlim mənasını verir.

Cəmiyyətdə ideologiyanın zəruriliyi fikrini Avropada ilk dəfə sensualizm fəlsəfi cərəyanının nümayəndəsi, XVIII əsr fransız filosofu Etyeni Bono de Kondilak irəli sürmüşdür. Avropa fəlsəfəsində ideologiyanı "doğru fikir elmi" kimi izah edən filosof isə K.A.Helvetsi olmuşdur. İdeologiyanın öyrənilməsində Avropa mütəfəkkirlərindən Hegel, Feyerbax və Kantın xidmətlərini də xüsusi qeyd etmək lazım gəlir. Həmin mütəfəkkirlərin fikrincə, ideologiya insanın cəmiyyətdəki mövqeyinin, sosial-tarixi dünyaduyumunun dərkinə xidmət edir.

İdeologiya tarixin gedişi ilə meydana çıxaraq bu prosesdə xalqın rolunu təyin edən ən parlaq və obyektiv ideyalar sistemi, məcmusudur. Və vahid vətən hissi ilə birləşmiş toplumların tarixi birgəyaşayışından, ictimai fəaliyyətindən törənən idealların vəhdəti zəminində formalaşır. İdeologiya xalqın milli-mənəvi varlığının ilkin əlamətlərindəndir - xalqın kimliyini əks etdirən təfəkkür, adət və inanclar sistemidir. Dil, ərazi, din və ideoloji birlik xalqın, millətin və dövlətin tarixi varlığının əsas atributlarıdır.

Akademik Ramiz Mehdiyev ideologiyanı milli ideyanın həyata keçirilməsi vasitəsi kimi dəyərləndirərək yazır: "Milli ideya və milli ideologiya anlayışlarını qarışdırmaq olmaz. Elmi ədəbiyyatda onların eyniləşdirilməsi hallarına tez-tez rast gəlmək olar. Hərçənd, məlum olduğu kimi, qərarlaşmış milli dövlətə bunların hər ikisi xasdır. Buna baxmayaraq, çox vaxt milli ideyanı səhvən ideologiya kimi təsnif edirlər. Halbuki onların funksiyaları müxtəlifdir: milli ideyanı strategiya kimi səciyyələndirmək olar, ideologiya isə ideyanın reallaşdırılmasına kömək edən taktikadır. İdeologiya milli ideyanın cəmiyyətdə yayılması metodları və vasitələridir. O, milli ideyanın daşıyıcısıdır. Reallıq dəyişir, onun təqdim edilməsinin metodları və formaları da dəyişməlidir. Şəksiz təşkilatçılıq xüsusiyyəti olan ideologiya cəmiyyətin mənəvi həyatının ən mühüm strukturudur, lakin ondan yalnız milli məsələlərin həlli, milli ideyanın reallaşdırılması üçün zəruri mexanizm kimi istifadə etmək lazımdır".

Əsərdə qeyd olunduğu kimi, çoxəsrlik tarixi mücadilənin yekunu kimi ötən əsrin sonlarına doğru milli dövlətçiliyini bərpa edən, azadlığa qovuşan Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması məhz ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji-nəzəri əsaslarını irəli sürmüşdür. Böyük strateq azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri bazasına çevirmiş və praktikada tətbiq etmişdir.

Azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir; milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi və vahid sosium üçün uğurlu təməldir.

XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan ictimai-siyasi şüuru xalqın ümummilli düşüncəsinin məhsulu olaraq azərbaycançılıq ideologiyasını formalaşdırmışdır. Bu, türklüyünü, islam dininə məxsusluğunu və müasirləşmək istəyini dərk edən (Əli bəy Hüseynzadə) bir millətin ideologiyası olaraq ötən əsrin əvvəllərində xalqın can atdığı milli ideyanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasına imkan vermişdir.

Cümhuriyyət kənar müdaxilə nəticəsində süquta uğrasa da, xalqımızın istiqlala, müstəqilliyə qovuşmaq əzmi uzun illər təhtəlşüurda mövcud olmuşdur. Yalnız ötən əsrin 70-80-ci illərində - ulu öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə, milli ideyanın gerçəkləşdirilməsi - Azərbaycanın gələcəkdə dövlət müstəqilliyinə qovuşması istiqamətində mühüm işlər görülmüşdür. Sovet dövrünün milli idealların həyata keçirilməsi üçün olduqca məhdud şəraitində Azərbaycanın dahi rəhbəri respublikanın iqtisadi-təsərrüfat həyatının canlandırılması, elmin, təhsilin inkişafı, ana dilinin, ədəbiyyatın, incəsənətin mövqeyinin yüksəldilməsi, milli hərbi kadrların yetişdirilməsi, Azərbaycanın beynəlxalq miqyasda tanıdılması kimi əhəmiyyətli tədbirlər görmüşdür.

Akademik Ramiz Mehdiyev ulu öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərlik illərini xatırladaraq yazır: "Heydər Əliyev bütün dövlət quruculuğu prosesinin həyata keçirilməsinin yeganə təminatçısı olmuşdur. Ötən əsrin 70-80-ci illərində uğurla həyata keçirilən səmərəli dövlətçilik, varislik və proqnozlaşdırıla bilən konsepsiya əsas götürüldü. Azərbaycan xalqı çox güclü məna potensialı ilə dolğunlaşdırılan, cəmiyyətin daxilindəki ziddiyyətləri həll etməyə və davamlı inkişaf üçün zəmin yaratmağa qadir olan milli ideya əldə etdi".

Əsərdə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövründə azərbaycançılıq ideologiyasının vahid sistem halına gətirilməsi sahəsindəki xidmətlərinə də xüsusi toxunulur. Ümummilli lider ilk gündən bəyan etmişdir ki, azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində dövlətin qarşısında duran vəzifələri, onların Azərbaycana münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, habelə azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiyadır. Azərbaycançılıq-millətindən asılı olmayaraq özünü azərbaycanlı sayan vətəndaşların həmrəyliyi üçün möhkəm istinad mənbəyi, ideoloji bünövrədir. Bu ideologiyanın pozitiv xarakteri həm də bütün dünyaya səpələnmiş 50 milyondan artıq azərbaycanlını vahid ideallar naminə səfərbər etmək qüdrəti ilə müəyyən olunur. Milli-mənəvi, islami-əxlaqi, dünyəvi-humanitar dəyərləri, Şərq və Qərb mədəniyyətlərinin dialoqunu, türkçülük və avropaçılıq meyillərini, tarixi təkamüldə varislik və tərəqqiçiliyi, ünsiyyət birliyini ahəngdar şəkildə ehtiva edən azərbaycançılıq ideologiyası məhz buna görə də müxtəlif coğrafi regionlarda, sosial-siyasi sistemlərdə, mədəni mühitlərdə formalaşmış diasporumuz üçün cəlbedicidir.

Dövlətçilik hisslərinə malik olmayan xalq milli dövlətini inkişaf etdirə bilməz. Bu mənada, azərbaycançılıq ideologiyası milləti, xalqı, dövləti qəlbən sevməyi, onun naminə yorulmadan çalışmağı bütün mahiyyəti ilə təşviq edir. Xalqın milli varlığını ifadə edən rəmzlərə, adət-ənənələrə, ali mənəvi dəyərlərə yüksək sədaqət, ana dilinə məhəbbət, bəşəri ideallara hörmət azərbaycançılığın milli mahiyyətini açmaqla yanaşı, onun humanist səciyyə daşıdığını göstərir. Azərbaycançılığın əsasında yer alan ünsiyyət birliyi isə vahid ana dilimiz vasitəsilə həyata keçirilir. Azərbaycan dili milliliyin ifadə vasitəsi olduğu üçün azərbaycançılıq ideologiyasının komponenti kimi çıxış edir.

Azərbaycançılığı şərtləndirən ən mühüm amillərdən biri də milli ənənədir. Milli düşüncə sisteminin genetik qaynağı olan azərbaycançılığın inkişaf stimulyatoru da məhz ənənədir. Ənənə uzun əsrlərin sınağından keçərək tarixi təcrübəni yığır, xalqın müdrikliyi, onun mənəvi mədəniyyəti və s. amillər bu anlayışda ifadə olunur. O, keçmişlə gələcəyi əlaqələndirir, etnokulturoloji mövcudluğu qoruyur. Bu ənənələr xalqın keçdiyi zəngin tarixi yolun mütərəqqi yaşam təcrübəsini özündə qoruyub saxlayır. Deməli, azərbaycançılıq ideologiyası həm də xalqın tarixən tapındığı mütərəqqi ənənələri gələcək nəsillərə ötürən mənəvi körpüdür. Azərbaycançılığın gücü, eyni zamanda, fərdi maraq və meyilləri dövlət siyasəti ilə birləşdirmək, xalqın milli-mədəni eyniyyətini qoruyub saxlamaq imkanları ilə ölçülür.

Akademik Ramiz Mehdiyev azərbaycançılıq ideologiyasının milli inkişaf prosesindəki müstəsna rolunu belə dəyərləndirir: "Son 20 ildəki siyasi inkişaf göstərmişdir ki, Azərbaycan cəmiyyəti üçün təkcə milli ideya yetərli deyildir, ölkəyə milli maraqlara söykənən yeni, müasir siyasi ideologiya lazımdır. Məhz bu səbəbdən müasir Azərbaycanın ideoloji konstruksiyasının mahiyyətinin müəyyən edilməsi çox aktual məsələdir. Artıq 18 ildir ki, "azərbaycançılıq" ideoloji konstruksiyası bu missiyanı gerçəklikdə öz üzərinə götürmüşdür. Bu konstruksiya mühüm funksional keyfiyyətlərlə zəngindir. Onların mahiyyəti ölkəni mənəvi və fiziki cəhətdən zəiflətmək cəhdlərindən qorumaqdan, Azərbaycanı unitar, hüquqi və demokratik dövlət kimi möhkəmləndirmək və inkişaf etdirməkdən ibarətdir. Azərbaycançılıq ideologiyası elə bir mənəvi dəyərdir ki, o, müstəqil və öz yolu ilə gedən Azərbaycanı informasiya baxımından koqnitiv (idraki) sivilizasiyalar sırasına, yəni biliklərə əsaslanan və biliklər iqtisadiyyatı yaradan cəmiyyətə çevirəcəkdir".

Azərbaycanın dövlət müstəqilliyinin bərpası uzun illər ərzində xalqımızın milli ideya səviyyəsinə yüksəlmiş əsas arzusu, istəyi olmuşdur. Lakin müstəqilliyin bərpasından sonra onun qorunub saxlanılması, respublikamızın ərazi bütövlüyünün, suverenliyinin bərpası, habelə inkişaf etmiş, modern dövlətə çevrilməsi, demokratik, hüquqi cəmiyyətin formalaşdırılması, insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması məsələləri məcmu halda xalqın yeni dövr üçün milli ideyasına çevrilmişdir. Möhtərəm Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, iqtisadi sahədə keçid dövrünü başa vuran Azərbaycanın qarşısında duran başlıca vəzifə qısa zamanda inkişaf etmiş dövlətlər sırasına yüksəlməkdir.

"Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi" əsərində müasir dövrdə milli ideyanın əsas komponenti kimi dəyərləndirilə biləcək dəyərlərə də xüsusi toxunulur. Akademik Ramiz Mehdiyev hesab edir ki, XXI əsrdə Azərbaycan milli ideyasının əsas tərkib hissələri bunlardır: dövlətin ərazi bütövlüyünün və müstəqilliyinin qorunub saxlanması, iqtisadiyyatın hərtərəfli inkişafı, vətəndaşların firavanlığı (buraya bir sıra komponentlər daxildir), müasir təhsil standartları, mənəvi inkişaf, demokratiya, təhlükəsizlik və ondan irəli gələn bir sıra digər məsələlər.

XXI əsrdə bəşəriyyəti ağuşuna almış qloballaşma dalğası xüsusən də müstəqilliyini yenicə qazanmış dövlətlər qarşısında zamanla ayaqlaşmaq, onun tələblərinə uyğun siyasət yeritmək, müasir dünya siyasətinin reallıqlarını düzgün dəyərləndirmək kimi mühüm vəzifələr müəyyənləşdirmişdir. Amerikalı nəzəriyyəçi-filosof T.Fridmanın fikrincə, əgər ötən əsrdə böyük dövlətlər kiçikləri udurdularsa, XXI əsrdə "sürətli" dövlətlər "ləng", "astagəl" ölkələri "həzm edəcəklər". Bununla filosof hazırda dünya nizamında yeni geosiyasi reallıqların meydana çıxdığına, çevik xarici və daxili siyasət yeridən kiçik dövlətlərin beynəlxalq iqtisadi münasibətlər sistemindəki mövqeyinin əsaslı dərəcədə möhkəmləndiyinə işarə edir.

"Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi" əsərində həmçinin Qərb dövlətlərinin onilliklər boyu keçdiyi inkişaf yolunu qısa müddətdə adlayan Azərbaycanın həlledici uğurlarının son 8 ilə təsadüf etdiyi vurğulanır, cənab İlham Əliyevin fenomenal liderlik xüsusiyyətləri göstərilir. Eyni zamanda bu tarixi seçimin Azərbaycanın demokratik inkişafında rolu, ölkənin siyasi sisteminin müasirləşməsində əhəmiyyəti, sosial-iqtisadi və mədəni-intellektual sferada aparılan islahatlara yeni ruh və müasirlik çalarları gətirməsi barədə fikirlər konkret arqumentlərlə əsaslandırılır.

Akademik Ramiz Mehdiyev göstərir ki, 2003-cü ildən Azərbaycana inamla rəhbərlik edən Prezident İlham Əliyev respublikanı davamlı inkişaf yoluna çıxarmışdır. Dövlət başçısının dərin elmi təmələ əsaslanan iqtisadi siyasəti respublikanın inkişafı prosesində dinamizmi və məqsədyönlülüyü təmin etmiş, qarşıda duran vəzifələrin həllinə real imkanlar açmış, cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin formalaşdırmışdır. Azərbaycanın zəngin təbii sərvətlərindən səmərəli istifadə edilməsinin, respublikanın investisiya cəlbediciliyinin yüksəldilməsinin və digər konseptual əhəmiyyətli tədbirlərin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı təkcə sürətli inkişafla deyil, eyni zamanda, yeni keyfiyyət parametrləri ilə də özünü təsdiqləmişdir. Bir çox Qərb dövlətinin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa zamanda adlamağa müvəffəq olmuş respublikamızın 2008-2010-cu illərdə dünyanı sarsıdan qlobal böhrandan minimum itki ilə çıxması və ümumi daxili məhsul istehsalında yüksək tempi qoruyub saxlaması dünyanın nüfuzlu iqtisadi-maliyyə dairələrində də heyrətlə qarşılanır.

Akademik Ramiz Mehdiyev "Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi" əsərində bununla bağlı yazır: "Azərbaycan iqtisadiyyatı, ölkənin bank sistemi, real sektorun sistemyaradan müəssisələri dünya maliyyə böhranını sənaye cəhətdən inkişaf etmiş bir sıra ölkələrdə və yeni müstəqil dövlətlərdə olduğu dərəcədə hiss etməmişdir. Hətta böhran dövründə Azərbaycan iqtisadiyyatının artım sürəti isə dünya ekspertləri arasında uğurlu strategiya nümunəsi kimi diskussiya mövzusuna çevrilmişdir. 2008-2009-cu illərdə - böhranın ən şiddətli dövründə belə Azərbaycan iqtisadiyyatı 9 faiz artmışdı. Özü də ÜDM-in strukturunda istehsal sektorunun üstünlüyü qorunub saxlanmış, yəni iqtisadi artımın 64 faizi real sektorun, istehsal sahəsinin hesabına təmin edilmişdi. Qonşu Ermənistanda isə, 2009-cu ilin yekunlarına görə, ÜDM-in həcmi dram ilə götürdükdə 14,4 faiz, dollar ifadəsində 30 faizdən çox aşağı düşmüşdü. Böhranlı 2009-cu ildə Gürcüstanda da ÜDM 3,9 faiz azalmışdı".

Azərbaycan bu gün sözün həqiqi mənasında tam müstəqil, çevik və düşünülmüş siyasət yürüdən, milli maraq və mənafeyini lazımi səviyyədə müdafiə edən dövlətdir. Eyni zamanda, respublikamızın beynəlxalq imicinin yüksəlməsi təkcə sosial-iqtisadi uğurlarla deyil, eyni zamanda insan hüquqlarının qorunması, demokratik dəyərlərin inkişaf etdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması sahəsində qazanılmış nailiyyətlərlə şərtlənir. Başqa sözlə, siyasi, iqtisadi və hüquqi islahatların eyni platformada reallaşdırılması "Azərbaycanın modern dövlətə çevrilməsi" ideyasının gerçəkləşdirilməsinə xidmət edir.

Əsərdə qeyd olunduğu kimi, cənab İlham Əliyevin prezidentliyinin mühüm istiqamətlərindən biri də güclü iqtisadi sistemin yaradılmasından ibarət olmuşdur. İqtisadi sistemin sabitliyi labüd surətdə ictimai şüurun daha geniş demokratikləşməsinə imkanlar açmış, irimiqyaslı iqtisadi tədbirlər kompleksinin həyata keçirilməsi əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsinə, vətəndaşların maliyyə imkanlarının artmasına şərait yaratmışdır. Ölkənin iqtisadi cəhətdən güclənməsi, insanların maddi rifahının təmin edilməsi vasitəsilə cəmiyyətin mərhələli demokratikləşməsindən, keçid demokratiyasından möhkəmlənmiş, yəni konsolidasiya olunmuş məkana transformasiyası barədə danışmaq olar. Sürətli sosial-iqtisadi inkişaf prosesi öz növbəsində insan və şəxsiyyət azadlığına, demokratik dəyişikliklərin mahiyyətinin dərk olunmasına, səmərəli təşəbbüslərin artmasına zəmin yaradır.

Azərbaycan iqtidarının keyfiyyətcə yeni mərhələdə qarşıya qoyduğu əsas məqsədlərdən biri də yeni təfəkkürlü gənc elitanın formalaşdırılması yolu ilə demokratiyaya transformasiya prosesini sürətləndirmək, vətəndaş cəmiyyəti institutlarının inkişafına nail olmaqdır. Xüsusi vurğulamaq istərdim ki, AMEA-nın humanitar yönümlü elm ocağı olan İnsan Hüquqları İnstitutu da sözügedən istiqamətdə, eləcə də cəmiyyət həyatı üçün aktual olan digər sahələrdə araşdırmalar aparır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin gərgin əmək bahasına ərsəyə gətirdiyi "Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi" əsəri ümumilikdə milli ideya probleminə yeni dövrün reallıqları prizmasından fundamental elmi baxışdır. Bu əsər Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi maraq və məqsədlərinə doğru inamla irəlilədiyini, perspektiv inkişaf prioritetlərini düzgün müəyyənləşdirdiyini göstərir. İnanırıq ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycan perspektiv üçün qarşıda müəyyənləşdirdiyi milli ideyaya qovuşacaq, inkişaf etmiş demokratik ölkələr sırasına yüksələcəkdir.

 

 

Aytən MUSTAFAYEVA,

AMEA-nın İnsan Hüquqları

İnstitutunun direktoru,

Milli Məclisin deputatı, hüquq

elmləri üzrə fəlsəfə doktoru

 

Azərbaycan.- 2011.- 30 iyul.- S.  3.