Respublika Prokurorluğu ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində zəruri tədbirlər görmüşdür

 

İyulun 29-da Azərbaycan Respublikası Baş Prokurorluğunda prokurorluq orqanları tərəfindən 2011-ci ilin birinci yarısında "Prokurorluq haqqında" Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyətinə və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilmişdir.

Məruzə ilə çıxış edən Baş prokuror Zakir Qaralov bildirmişdir ki, ilin birinci yarısında ölkə həyatının bütün sahələrində dinamik inkişaf yüksək templərlə davam etmiş, vətənimizin iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsinə, bütövlükdə Azərbaycanın və hər bir regionun hərtərəfli sosial-iqtisadi inkişafına, əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsinə istiqamətləndirilmiş siyasət öz müsbət nəticələrini vermişdir. Əldə edilən nailiyyətlərin əsasını xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq, müasir şəraitdə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən daxilixarici siyasət tədbirləri təşkil etmişdir. Prezident İlham Əliyevin iyulun 12-də Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında toxunduğu məsələləri diqqətə çatdıran Baş prokuror dünyanın əksər ölkələrində ciddi iqtisadi problemlər yaşandığı bir şəraitdə Azərbaycan iqtisadiyyatının uğurla inkişaf etdiyini, yeni yerlərinin açıldığını, gələcəkdə iqtisadiyyatın neft amilindən asılılığının azaldılmasını təmin edəcək sahələrin artan templə inkişaf etdiyini xüsusi vurğulamışdır.

Məruzədə bildirilmişdir ki, hesabat dövründə Azərbaycan Respublikası Prokurorluğu tərəfindən digər hüquq-mühafizə orqanları, ilk növbədə Daxili İşlər Nazirliyi ilə əlaqəli şəkildə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi, dövlət müstəqilliyinin, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlər görülmüşdür. 2000-ci ilin aprelindən başlayan hərtərəfli islahatlar prosesi yeni müstəvidə davam etdirilmiş, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, çatışmazlıqların aradan qaldırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Hesabat dövründə prokurorluq orqanlarının bütün səyləri "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın icrasına istiqamətləndirilmişdir. Dövlət Proqramında nəzərdə tutulancari hesabat dövrünə aid olan tapşırıqların müəyyən edilmiş müddətdə və keyfiyyətli icrası məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğunun, Hərbi Prokurorluğun və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, habelə bütün tabe struktur qurumların vəzifələri müəyyənləşdirilmişdir.

Digər hüquq-mühafizə orqanları, ilk növbədə Daxili İşlər Nazirliyi ilə qarşılıqlı əlaqəli birgə fəaliyyət nəticəsində hesabat dövründə kriminogen durumun daha da sabitləşməsinə, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinə təsir edən mənfi təzahürlərin aradan qaldırılması istiqamətində məqsədyönlü işlər görülmüşdür. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2011-ci ilin birinci yarısında respublikada qeydə alınmış ağır və xüsusilə ağır, qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd, seksual xarakterli zorakılıq hərəkətləri, dələduzluq, soyğunçuluq, hədə-qorxu ilə tələb etmə cinayətlərinin sayı əhəmiyyətli dərəcədə azalmış, adamların girov götürülməsi, banditizm və cinayətkar birlik yaradılması kimi cinayətlər ümumiyyətlə, qeydə alınmamış, törədilmiş 12139 cinayətin 82,2 faizi açılmışdır.

Cinayətkarlıqla mübarizə sahəsində əsas diqqətin artım meyli müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində həyata keçirilən qabaqlayıcı tədbirlərin səmərəliliyinin yüksəldilməsinə yönəldilməsi, Daxili İşlər Nazirliyinin müvafiq qurumları ilə əlaqəli şəkildə hər bir ərazi vahidi üzrə bu istiqamətdə zəruri tədbirlərin görülməsi, 2011-ci ilin birinci yarısının yekunlarına görə və əvvəlki illərdən bağlı qalmış bütün cinayətlər üzrə istintaq və əməliyyat-axtarış tədbirlərinin intensivliyinin artırılması, cəzanın labüdlüyü prinsipinin təmin olunması, o cümlədən qəsdən adam öldürmə hadisələri ilə əlaqədar Gəncə şəhəri üzrə 2, Zaqatala, Neftçala, Lənkəran və Ağdam rayonlarının hər birində 1 bağlı cinayətin açılması üçün bütün imkanlardan istifadə olunması barədə tapşırıqlar verilmişdir.

Xüsusi vurğulanmışdır ki, mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiya cinayətlərinə qarşı mübarizənin tam yeni müstəviyə qaldırılması prokurorluq orqanlarının qarşısında duran ən əsas vəzifələrdəndir. Bu sahədə prokurorluğa dövlət səviyyəsində və şəxsən Prezident İlham Əliyev tərəfindən göstərilən böyük inam və etimadın nəticəsidir ki, dövlət başçısının 2011-ci il 11 mart tarixli fərmanına və digər normativ sənədlərə müvafiq olaraq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin prokurorluq işçilərinin ümumi sayı artırılmış, MDB məkanında, habelə Azərbaycan Prokurorluğunun tarixində ilk dəfə olaraq ixtisaslaşmış antikorrupsiya qurumu olan bu idarəyə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətləri verilmiş, idarə işçilərinin aylıq vəzifə maaşına 50 faiz məbləğində əlavələr müəyyən edilmişdir. Eyni zamanda, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində qeyd olunan tələblərdən irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə, Prokurorluq üzrə 2011-ci il 12 may tarixli əmrlə, idarənin tərkibində ştatlarının sayı əhəmiyyətli dərəcədə artırılan İstintaq şöbəsi ilə yanaşı, tam yeni məzmunda Təşkilati və informasiya təminatı, Preventiv təhlil və təhqiqat, Əməliyyat və Əməliyyat təminatı şöbələri, habelə Daxili təhlükəsizlik xidməti və mütəxəssislər qrupu kimi strukturlar yaradılmışdır. Korrupsiya hallarına qarşı mübarizə işinin düzgün təşkilində "161-Qaynar xətt" əlaqə mərkəzinin yaradılmasının müstəsna əhəmiyyəti xüsusi qeyd olunmuşdur.

Dövlət başçısının siyasi iradəsinə müvafiq olaraq, respublika Prokurorluğunun əlaqədar struktur qurumları və bütün tabe prokurorluqlar, ilk növbədə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsi, bu mənfi təzahürlərin qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi barədə tapşırıqlar verilmişdir.

"Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında" Azərbaycan Prezidentinin 2009-cu il 22 iyun tarixli fərmanının icrası ilə əlaqədar prokurorluq orqanlarının vəzifələrini müəyyənləşdirən respublika Prokurorluğu üzrə müvafiq əmrin icrası istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş, daxil olmuş bütün müraciətlər üzrə mütəxəssislər cəlb edilmiş və onların iştirakı barədə qərarlar qəbul edilməklə yoxlamalar aparılmış və 12 cinayət işi başlanılmışdır. Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya hüquqpozmalarına qarşı mübarizənin gücləndirilməsi, keçirilən yoxlamaların ciddi nəzarətə götürülməklə şəffaflığın təmin edilməsi barədə əlaqədar qurumlaratabe prokurorlara tapşırıqlar verilmişdir.

Cari ilin birinci yarısında istintaq işiibtidai araşdırmaya prosessual rəhbərliyin səmərəliliyinin artırılması, bu sahədəki çatışmazlıqların aradan qaldırılması istiqamətində görülən tədbirlər də öz müsbət nəticələrini vermişdir. Belə ki, istintaq fəaliyyətini həyata keçirən prokurorluq, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, vergilər və fövqəladə hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi və Sərhəd Xidmətinin müvafiq qurumları tərəfindən 7528 cinayət işinin istintaqı yekunlaşdırılmaqla bütün istintaq orqanları üzrə müddət pozuntusu ilə istintaq edilən cinayət işləri 5,1, ziyanın real ödəmə məbləği 67,6 faizə bərabər olmuşdur. İctimai əks-səda doğurmuş, keçmiş illərdə törədilərək uzun müddət bağlı qalan bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin edilmişdir.

Əldə edilmiş müsbət göstəriciləri ilə yanaşı, məhkəmələr tərəfindən cinayət işlərinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlara qaytarılması, müstəntiqlər və prokurorlar haqqında xüsusi qərarların çıxarılması hallarının olması ciddi qüsurlar kimi dəyərləndirilmiş, onların aradan qaldırılması, cinayət təqibinin həyata keçirilməsi ilə əlaqədar insan hüquq və azadlıqlarının real təmini üçün zəruri tədbirlərin görülməsi, mövcud nəzarət mexanizminin daha da təkmilləşdirilməsi barədə konkret tapşırıqlar verilmişdir.

Cari ilin birinci yarımilində 100 ştat vahidi üzrə elan edilmiş müsabiqənin tam şəffaflıq və obyektivlik şəraitində qısa müddətdə başa çatdırılması barədə əlaqədar qurumlara müvafiq tapşırıqlar verən Baş prokuror Zakir Qaralov 2002-ci ildən başlayaraq keçirilən müsabiqələr nəticəsində prokurorluğun kadr korpusunun 41 faizini təşkil edən gənc mütəxəssislərin müxtəlif vəzifələrdə səmərəli fəaliyyət göstərməsini ölkəmizdə dövlət gənclər siyasətinin reallaşdırılmasının müsbət nəticəsi və prokurorluqda aparılan islahatların böyük uğuru kimi dəyərləndirmişdir.

Hesabat dövründə respublika Prokurorluğunun Elm-Tədris Mərkəzinin səmərəli fəaliyyəti nəticəsində "İmtahan" informasiya sisteminin yaradılması və onun vasitəsilə prokurorluq əməkdaşlarının böyük əksəriyyətinin nəzəri bilik və peşə hazırlığı səviyyəsinin test üsulu ilə yoxlanmasının əhəmiyyəti xüsusi vurğulanmış, yeni informasiya texnologiyalarının hərtərəfli tətbiqi və "Elektron hökumət" layihəsi çərçivəsində prokurorluq orqanlarında elektron sənəd dövriyyəsini təmin edəcək şəbəkənin yaradılması istiqamətində həyata keçirilən tədbirlərin tezliklə başa çatdırılması barədə müvafiq tapşırıqlar verilmişdir.

Məruzəçi demişdir ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi diqqət mərkəzində olmuşdur. Belə ki, 2011-ci ilin birinci yarısında müxtəlif xətalar törətdiklərinə görə 30 prokurorluq əməkdaşı cəzalandırılmışdır. Onlardan 2 nəfər prokuror və müstəntiq vəzifəsi ilə bir araya sığmayan və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik davranış kodeksi"nin tələblərini kobud şəkildə pozan hərəkətlərə yol verdiklərinə görə prokurorluq orqanlarından xaric edilmiş, 4 nəfər tutduqları vəzifələrdən azad olunmuş, 28 əməkdaş şiddətli töhmət, töhmət və irad növündə intizam məsuliyyətinə cəlb edilmişdir. Eyni zamanda, tabeçilikdə olan əməkdaşlara münasibətdə tələbkarlıqları zəruri səviyyədə olmayan, qanunsuzluqlara yol verən 8 rayon prokuroru intizam məsuliyyətinə cəlb edilmişdir.

Bütün struktur qurumların rəhbərlərinin, rayon və şəhər prokurorlarından ilk növbədə xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və mənfi təzahürlərə münasibətdə prinsipiallığın artırılması üçün ən qəti tədbirlər görülməsi tələb olunmuşdur.

Vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu işinin düzgün təşkilinin prokurorluq orqanlarının qarşısında duran əsas vəzifələrdən biri olduğu xüsusi vurğulanmış, bu sahədə işlərin təkmilləşdirilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçirildiyi, Müraciətlərə baxılması idarəsinin tərkibində yeni məzmunlu Vətəndaşların qəbulu şöbəsinin yaradıldığı və kadr tərkibinin yeniləşdirildiyi diqqətə çatdırılmışdır. Eyni zamanda, müraciətlər üzrə natamamqeyri-obyektiv yoxlamalar aparılması, süründürməçilik hallarına yol verilməsi, əsassız qərarlar qəbul edilməsi, vətəndaşların müraciətlərinə formal və səthi cavabların verilməsi, qəbulların keçirilməsi qaydalarının pozulması kimi çatışmazlıqların hələ də olduğu nəzərə alınaraq, bütün struktur qurumların rəhbərlərindən və tabe prokurorlardan bu sahədə mənfi halların tezliklə aradan qaldırılması, yeni informasiya texnologiyalarının imkanlarından daha geniş istifadə edilməsi tələb olunmuşdur.

Diqqətə çatdırılmışdır ki, prokurorluq orqanları tərəfindən 2011-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti bölgələr üzrə keçirilən əməliyyat müşavirələrində müzakirə edilmiş, Baş prokurorun müavinləri, kollegiya üzvlərinin sədrliyi və tabe şəhər və rayon prokurorluqlarının bütün əməkdaşlarının iştirakı ilə Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərində, Şamaxı, Cəlilabad və Ağcabədi rayonlarında keçirilmiş geniş əməliyyat müşavirələrində hesabat dövründə görülmüş işlərin real vəziyyəti, mövcud nöqsanlar və çatışmazlıqları doğuran səbəblər hərtərəfli və prinsipial təhlil edilmişdir.

"Prokurorluq haqqında" Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, tabe struktur qurumların fəaliyyəti üzərində nəzarətin daha da təkmilləşdirilməsi, xidməti, icra və əmək intizamının daha da yüksəldilməsi üçün konkret tədbirlər müəyyənləşdirilmişdir. Əməliyyat müşavirələrində qaldırılan və işin səmərəliliyinə mənfi təsir göstərən problemlərin aradan qaldırılması və həlli vacib məsələlərin tənzimlənməsi istiqamətində qarşıda duran konkret vəzifələr müəyyənləşdirilmiş və əlaqədar struktur qurumlarına müvafiq tapşırıqlar verilmişdir.

Sonra 2011-ci ilin birinci yarısında prokurorluq orqanları tərəfindən görülmüş işlər və bu məsələnin bölgə müşavirələrində müzakirəsinin nəticələri barədə Baş prokurorun birinci müavini Rüstəm Usubovun məruzəsi dinlənilmişdir.

Müzakirələrdə çıxış edən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev rəhbərlik etdiyi qurumun fəaliyyətinin təkmilləşdirilməsi və korrupsiya hallarına qarşı mübarizə sahəsində görülən işlər, Müraciətlərə baxılması idarəsinin rəisi Anar Məmmədov prokurorluq orqanlarında vətəndaş müraciətlərinə baxılması və onların qəbulu işinin daha da təkmilləşdirilməsi, Hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynov yeni informasiya texnologiyalarının tətbiqi ilə əlaqədar həyata keçirilən tədbirlər barədə müşavirə iştirakçılarına məlumatlar vermişlər.

Məruzələrdə və çıxışlarda belə bir ümumi fikir ifadə olunmuşdur ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən yeni məzmunlu dövlətçilik siyasətini hərtərəfli dəstəkləyən prokurorluq orqanlarının kollektivi qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi, habelə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi bütün zəruri tədbirlərin görülməsini təmin edəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 30  iyul.- S. 4.