Mədəni əlaqələrin perspektivləri müzakirə edilmişdir

 

İyulun 29-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Rumıniyanın mədəniyyət və milli irs naziri Hunor Kelemen ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, belə görüşlərin əməkdaşlığın genişlənməsinə xidmət etdiyini vurğulayan Ə.Qarayev demişdir ki, Buxarestdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Bakıda isə görkəmli rumın bəstəkarı Corce Eneskunun abidələrinin ucaldılması ikitərəfli münasibətlərin yüksək səviyyəsini göstərir. O bildirmişdir ki, 2006-cı ildə nazirliklər arasında əməkdaşlıq haqqında imzalanmış protokola əsasən ötən dövr ərzində bir çox işlər görülüb və görülməkdədir. "Eurovision-2011" mahnı müsabiqəsindəki qələbə münasibətilə Azərbaycan xalqını təbrik edən Hunor Kelemen Bakıda keçiriləcək növbəti musiqi yarışmasına Rumıniya təmsilçilərinin də ciddi hazırlaşdıqlarını bildirmişdir.

Dostluq münasibətlərinin möhkəmləndirilməsi naminə bütün təşəbbüsləri dəstəklədiklərini bildirən rumıniyalı nazir qarşılıqlı əlaqələrin bundan sonra daha da genişlənəcəyinə əminliyini söyləmişdir. O, son illər rumıniyalı turistlərin Azərbaycana böyük maraq göstərdiklərini və müştərək mədəni layihələrin həyata keçirilməsində maraqlı olduqlarını vurğulamışdır.

 

 

Azərbaycan.- 2011.- 30 iyul.- S.  5.