Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olmuşdur

 

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası olmuşdur.

İclasda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26-cı və 96-cı maddələrinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılmışdır.

Konstitusiya Məhkəməsi Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etmişdir.

Qərarda deyilir ki, cinayət mühakimə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26-cı maddəsinin, "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərmanının müvafiq normalarının tələblərinə dönmədən riayət edilməsi təmin olunmalıdır.

Cinayət mühakimə icraatında Azərbaycan Respublikasının dövlət dilini bilən, lakin bu dilin latın qrafikalı əlifbasını bilməyən şübhəli və ya təqsirləndirilən şəxs ədalət mühakiməsinin maraqları naminə müdafiəçi ilə təmin edilməlidir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 30 iyul.- S. 5.