Qing-Li Hu: Bu sessiya dünyada mövcud olan qlobal problemlərin həllinə təkan verə bilər

 

Azərbaycan paytaxtında keçirilən bu sessiya dünyada mövcud olan qlobal problemlərin həllinə təkan verə bilər.

Bu sözləri YUNESKO-nun Bioetika üzrə Beynəlxalq Komitəsinin üzvü, Şanxay Sizyatun Universitetinin professoru Qing-Li Hu AzərTAc-a müsahibəsində demişdir.

Qing-Li Hu vurğulamışdır ki, YUNESKO-nun Bioetika üzrə Beynəlxalq Komitəsininin 18-ci sessiyasının Azərbaycanda keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Qonaq bildirmişdir ki, tədbirdə planetimizin müxtəlif nöqtələrindən Bakıya toplanmış 80-ə yaxın iştirakçı 3 gün ərzində bəşəriyyəti narahat edən ciddi problemləri müzakirə edəcəkdir. Bu da onu sübut edir ki, belə vacib sessiya sayəsində dünyanı düşündürən yoxsulluq, gender problemləri və digər mühüm amillərlə bağlı məsələlər həll oluna bilər.

Qing-Li Hu Bakıda belə bir möhtəşəm tədbirin təşkilinin böyük əhəmiyyət daşıdığını demişdir. O, bu tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir.

 

 

Azərbaycan.- 2011.-1 iyun.- S. 3.