Macarıstanın İctimai Televiziyasında 28 May - Respublika Gününə həsr olunmuş proqram yayımlanmışdır

 

Macarıstanın İctimai Televiziyası olan DunaTV-nin efirində Azərbaycanın 28 may - Respublika Gününə həsr olunmuş proqram yayımlanmışdır.

Proqrama qonaq qismində qatılan ölkəmizin Macarıstandakı səfiri Vilayət Quliyev 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikasının (ADR) yaranma tarixindən, keçdiyi çətin və mürəkkəb mübarizə yolundan danışmışdır. Səfir XIX əsrin ortalarından başlayaraq Azərbaycanın Yaxın və Orta Şərqdə, islam dünyasında mütərəqqi ictimai-siyasi ideyaların, Avropa mədəniyyətinin və fikir cərəyanlarının beşiyinə çevrildiyini, ilk teatrın, ilk qəzetin, müasir tipli məktəblərin və bütün bunların nəticəsi olaraq Şərqdə ilk demokratik respublikanın ölkəmizdə yarandığını qeyd etmişdir.

Macarıstanlı tamaşaçılara milli dövlətimizin mövcud olduğu 23 ay ərzində parlament fəaliyyəti, ordu quruculuğu, ictimai-siyasi institutların yaradılması, təhsil, dövlət dili və milli məsələnin həlli sahəsində həyata keçirdiyi işlər barədə məlumat verilmişdir.

Səfir Vilayət Quliyev, eyni zamanda, bu il Azərbaycanda dövlət müstəqilliyinin bərpasının 20 illiyinin qeyd olunduğunu xatırlatmış və sovet imperiyasının süqutu ərəfəsində xalqın əldə etdiyi müstəqillik nəticəsində həm ADR-in ideallarının, həm də yeni dövrün qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi istiqamətində ölkəmizdə görülən böyük işlərdən danışmışdır. Proqram zamanı Vilayət Quliyev tamaşaçıların sualları əsasında həm də 2012-ci ildə "Eurovision"a ev sahibliyi edəcək Azərbaycanın bu mühüm Ümumavropa mədəniyyət bayramına hazırlıq işlərindən də bəhs etmiş, artıq ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsinin yaradıldığını diqqətə çatdırmış, Azərbaycanın bu il qazandığı yüksək uğuru qonaqpərvər ev sahibi kimi də davam etdirəcəyinə əminliyini vurğulamışdır.

 

 

Pərvanə QARAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Budapeşt

 

Azərbaycan.- 2011.-1 iyun.- S. 4.