Moskvada Respublika Günü münasibətilə təntənəli qəbul olmuşdur

 

Moskvada - "Avropa" Ticarət-Əyləncə Mərkəzində Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi 28 May - Respublika Günü münasibətilə təntənəli qəbul təşkil etmişdir.

Əvvəlcə Azərbaycanın və Rusiyanın dövlət himnləri səsləndirilmişdir.

Tədbir iştirakçılarını ölkəmizin ən mühüm dövlət bayramlarından biri münasibətilə təbrik edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirmişdir ki, 93 il əvvəl Şərqdə ilk dəfə Azərbaycanda demokratik dövlət qurulmuş, demokratiya və parlamentarizmin əsası qoyulmuşdur. Azərbaycan dövlətçiliyinin inkişafının əsas mərhələlərindən söz açan diplomat xüsusi vurğulamışdır ki, böyük dövlət və siyasi xadim, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycanın yeni yüksəlişi başlamışdır. Diplomat demişdir: "Böyük siyasi xadim Heydər Əliyevin cızdığı, ölkəni tərəqqiyə gətirib çıxarmış yeni yolu bu gün Prezident İlham Əliyev uğurla davam etdirir".

Səfir respublikanın sürətlə inkişafından, müsbət dəyişikliklərdən, ölkə rəhbərliyinin yeritdiyi məqsədyönlü xarici siyasətdən söz açaraq bildirmişdir ki, bu siyasətdə dost və qardaş Rusiya ilə əməkdaşlığa xüsusi diqqət yetirilir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın yardımına ümid bəslədiyini bildirən səfir ABŞ, Fransa və Rusiya prezidentlərinin Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyanatını yüksək qiymətləndirmiş, onu ciddi və öhdəlik qoyan bəyanat adlandırmış, münaqişənin həllində Rusiya Federasiyasının xüsusi rol oynadığını qeyd etmişdir. P.Bülbüloğlu demişdir: "Gələn ay üçtərəfli görüş keçiriləcəkdir. Çox ümid edirik ki, münaqişə beynəlxalq hüquq çərçivəsində öz ədalətli həllini tapacaqdır".

Səfir həmçinin mayın 17-də Dövlət Kreml Sarayında Azərbaycanın və Rusiyanın birinci xanımlarının iştirakı ilə "Azərbaycan gecəsi" adlı möhtəşəm tədbirin keçirildiyini xatırlatmışdır.

P.Bülbüloğlu "Eurovision-2011" müsabiqəsində Azərbaycan duetini dəstəklədiyinə və Azərbaycana verilmiş ilk 12 bala görə Rusiyaya minnətdarlığını bildirmişdir.

RF xarici işlər nazirinin birinci müavini Andrey Denisov Azərbaycan xalqını əsas dövlət bayramı münasibətilə təbrik edərək demişdir ki, Rusiya Azərbaycanın siyasi, iqtisadi və mədəni sahələrdə qazandığı uğurları böyük rəğbət və məmnunluq hissi ilə qarşılayır. O, təbrik sözündə demişdir: "Biz fəxr edirik ki, ölkəmizin Azərbaycanla yaxşı, konstruktiv və mehriban qonşuluq münasibətləri əmələ gəlmişdir. Azərbaycan dövlətçiliyinin təşəkkülündən, ölkənin dinamik inkişafından danışarkən Sovet İttifaqının böyük dövlət xadimi, böyük siyasi xadim Heydər Əliyevin xatirəsini böyük ehtiramla anmamaq mümkün deyildir. Natiq Azərbaycan xalqını "Eurovision-2011"-də qələbə münasibətilə təbrik edərək bildirmişdir ki, istedadlı Azərbaycan dueti yüksək səviyyədə çıxış etmişdir.

A.Denisov Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Rusiyanın birinci xanımı Svetlana Medvedevanın iştirakı ilə Dövlət Böyük Kreml Sarayında keçirilən "Azərbaycan gecəsi"ni yüksək qiymətləndirərək demişdir: "Bu gözəl gecəni və Mehriban Əliyevanın tamaşaçılara müraciət edərək ölkənizin mədəniyyətindən və ənənələrindən bəhs etdiyi səmimi sözləri biz hamımız yaxşı xatırlayırıq".

Bayram gecəsi Azərbaycanın və Rusiyanın mədəniyyət və incəsənət xadimlərinin birgə konsert proqramı ilə davam etmişdir.

Tədbirdə Rusiyanın və Azərbaycanın rəsmi dairələrinin, ictimaiyyətin nümayəndələri, səfirlər və Moskvada akkreditə olunmuş diplomatik missiyaların nümayəndələri iştirak etmişlər.

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2011.-1 iyun.- S. 4.