Belə mötəbər tədbir Azərbaycanda gedən inkişaf proseslərini dünyaya nümayiş etdirmək imkanı yaratmışdır

 

Bakıda YUNESKO-nun Bioetika üzrə Beynəlxalq Komitəsinin 18-ci sessiyasının keçirilməsi bütün dünya ölkələri üçün maraqlıdır.

Bu sözləri Bakıda keçirilən YUNESKO-nun Bioetika üzrə Beynəlxalq Komitəsinin 18-ci sessiyasının iştirakçısı, Varşava Universitetinin professoru Eva Bartnik AzərTAc-a müsahibəsində demişdir.

Onun sözlərinə görə, sessiyanın Bakıda keçirilməsi tədbir iştirakçılarında xoş təəssürat oyatmışdır. Tədbirdə insan mənafeyinə və şəxsi toxunulmazlığa hörmət, ənənəvi tibbi etik təsirlər kimi ciddi məsələlərə toxunulmuşdur.

E.Bartnik qeyd etmişdir ki, belə mötəbər bir tədbir Azərbaycanda gedən inkişaf proseslərini dünyaya nümayiş etdirmək imkanı yaratmışdır.

Bakı haqqında xoş təəssüratlarından danışan E.Bartnik əlavə etmişdir ki, Azərbaycanın sosial-iqtisadi inkişafı və digər uğurları göz qabağındadır. Bakı şəhəri dinamik inkişafdadır. Burada tikilən yeni binalar ətrafdakı arxitekturaya çox uyğunlaşdırılmışdır. Yeni binanı köhnə binadan ayırmaq çətindir. Bütün bunlar dünya maliyyə və iqtisadi böhranına baxmayaraq, Azərbaycanın böyük uğurlarından xəbər verir.

 

 

Azərbaycan.- 2011.-2 iyun.- S.5.