Məqsəd Azərbaycanı müasir dövlətə çevirməkdir

 

Prezident İlham Əliyev 28 May - Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda bunun üçün islahatların davam etdiriləcəyini bir daha vurğuladı

 

Ötən əsrin əvvəllərində çar Rusiyasında cərəyan edən ictimai-siyasi proseslər, habelə imperiya daxilində bir araya gətirilmiş xalqların azadlıq uğrunda mübarizəyə qalxması 1918-ci il mayın 28-də Azərbaycana istiqlaliyyətini elan etmək imkanı yaratdı. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin çoxəsrlik tarixinin, sosial-iqtisadi və mədəni inkişafının, Rusiya imperiyasının süqutu ilə daha da genişlənən milli azadlıq mübarizəsinin məntiqi yekunu idi. Müsəlman Şərqinin ilk demokratik Cümhuriyyətinin həyata keçirdiyi siyasət müstəqil respublikamızın siyasi-hüquqi əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edirdi.

İnsanların hüquq və azadlıqlarının bərqərar olması, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər hüquqların verilməsi, Şərqdə ilk dəfə olaraq qadınların seçki hüququnun tanınması, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına qayğı göstərilməsi, Bakı Dövlət Universitetinin təsis edilməsi, milli ordunun, təhlükəsizlik strukturlarının formalaşdırılması Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli mövcudluğunun böyük uğurları kimi xatırlanır. Fəqət, müəyyən obyektiv və subyektiv səbəblər üzündən əsrlərin mücadiləsi kimi XX əsrin əvvəllərində müstəqillik qazanmış Azərbaycan xalqı bu nemətin şirinliyini uzun müddət dada bilmədi: Azərbaycan Xalq Cümhuriyyətinin idarə edilməsində buraxılan səhvlər, daxildə tam milli birliyin əldə edilməməsi, ən əsası isə o dövrdə bütün dünyanın siyasi mənzərəsini dəyişməkdə olan geopolitik proseslər cümhuriyyətin yaşamasına, müstəqil təsisat kimi sözünü deməsinə imkan vermədi. Beləliklə, cəmi 23 aylıq ömür yaşamış Azərbaycan Xalq Cümhuriyyəti xoş xatirəyə çevrildi.

İrs-varislik əlaqələrinə həssas münasibətin ifadəsidir ki, cümhuriyyətin yarandığı 28 may tarixi respublikamızda dövlət bayramı kimi qeyd olunur. 28 May - Respublika Günü münasibətilə keçirilən qəbulda dərin məzmunlu nitq söyləyən Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin böyük tarixi əhəmiyyətini bir daha önə çəkmişdir: "Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Həm bizim xalqımız üçün, həm dünya miqyasında bu hadisənin çox böyük tarixi əhəmiyyəti var idi. Xalqımız üçün əhəmiyyəti ondan ibarət idi ki, əsrlər boyu müstəqillik arzusu ilə yaşamış Azərbaycan xalqı müstəqilliyə qovuşmuş, müstəqil dövlətini qurmuşdu. Dünya miqyasında əhəmiyyəti ondan ibarət idi ki, dünya tarixində ilk dəfə olaraq müsəlman Şərqində demokratik respublika yaradılmışdı. Azərbaycan dövləti və Azərbaycan xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır".

Prezident İlham Əliyevin Respublika Günü münasibətilə təşkil olunmuş rəsmi qəbulda söylədiyi kimi, 1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində, formal xarakter daşıyırdı. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra ilə Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə başladı. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində Heydər Əliyev özünün qətiyyəti və xarizması ilə Azərbaycan dövlətçiliyini ağır faciələrdən xilas edə bildi. Ümummilli lider siyasi sabitliyi təmin etməklə yanaşı, demokratik dövlət modeli konsepsiyasını həyata keçirməyə başladı, Azərbaycanı uğurlu inkişaf magistralına çıxardı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulu, Milli Məclisə keçirilən seçkilər respublikada dövlət quruculuğunu sürətləndirdi, demokratik islahatların dərinləşdirilməsini təmin etdi, qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması prosesi uğurla həyata keçirildi.

Ulu öndər Heydər Əliyevin müəllifi olduğu islahatlar kursu nəticəsində Azərbaycan bütün sahələrdə uğurla inkişaf edərək sosial-iqtisadi inkişaf, demokratikləşmə, insan hüquqlarının təminatı və digər sahələrdə böyük nəticələrə imza atdı. Cənubi Qafqazda mövqelərini günü-gündən möhkəmləndirən respublikamız hazırda dünyanın nəhəng enerji və kommunikasiya layihələrinin reallaşmasında əsas tərəflərdən biri kimi çıxış edir. Azərbaycan sosial-iqtisadi inkişafına paralel gedən demokratikləşmə proseslərini bir-birindən təcrid olunmuş şəkildə götürmədən hər iki xətti gələcək yüksəlişin vahid istinad nöqtəsi kimi əsaslandırır və bunu irəli aparır.

28 May - Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda dövlət başçısı İlham Əliyev dedi: "Mən tam əminəm ki, növbəti illərdə də Azərbaycanın uğurlu və dayanıqlı inkişafı təmin ediləcəkdir. Biz növbəti illərdə siyasi islahatları davam etdirəcəyik. Buna böyük ehtiyac vardır. Bugünə qədər görülən işlər təqdirəlayiqdir, ancaq daha da böyük işlər görülməlidir. Demokratiyanın inkişafı istiqamətində çox böyük addımlar atılmışdır və bu istiqamətdə yeni addımlar atılmalıdır. Azərbaycanda bütün sahələrdə demokratik prinsiplər bərqərar olunmalıdır. Azərbaycanda hüquqi dövlət quruculuğu uğurla gedir və bu istiqamətdə əlavə addımların atılması gözlənilir. Bu, həm xalqın, həm də zəmanənin tələbidir. Biz müasir dövlət qururuq. O dövlət ki, burada bütün demokratik azadlıqlar mövcuddur. Biz bu müsbət meyilləri gücləndirməliyik".

Hər bir dövlətin həqiqi müstəqilliyi yalnız yüksək iqtisadi inkişaf, sosial rifah, insan hüquq və azadlıqlarının etibarlı təminatı şəraitində mümkün olur. Bu reallığı düzgün dəyərləndirən dövlət başçısı İlham Əliyev ötən 8 ildə ölkə vətəndaşlarının maddi rifahının daha da yaxşılaşdırılması, yeni iş yerlərinin açılması, regionların tarazlı inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirdi. Azərbaycan ötən illərdə dinamik inkişaf etdi, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında başlanmış sosial-iqtisadi, siyasi, hüquqi islahatlar uğurla davam etdirildi, ölkənin beynəlxalq nüfuzu daha da artdı. Bu gün Azərbaycan regionda hansısa ölkədən enerji asılılığı olmayan yeganə respublikadır. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri dünyamiqyaslı layihələr olmaqla, Azərbaycanın enerji təhlükəsizliyinə geniş imkanlar açır. Bu layihələr eyni zamanda respublikamızın müstəqilliyini daha da möhkəmləndirir, regionda müstəqil siyasət aparmasını təmin edir.

Neftdən əldə olunan vəsaitlərin müəyyən qisminin infrastruktur layihələrinin maliyyələşdirilməsinə yönəldilməsi də respublikamızın milli inkişaf modelinin obyektiv mahiyyətindən irəli gəlir. İnfrastrukturun yeniləşdirilməsi insanların firavan və rahat yaşayışı, sahibkarlığın dinamik inkişafı məsələləri ilə yanaşı, bu gün həm də ölkənin milli təhlükəsizliyi ilə bağlıdır. Ümumbəşəri sivilizasiyanın ən yüksək səviyyəyə çatdığı bir şəraitdə Azərbaycan kimi müasir bir ölkənin vətəndaşının normal yaşayışı üçün kommunal xidmətlərin səviyyəsinin daha da yüksəldilməsi, zəruri infrastruktur layihələrinin gerçəkləşdirilməsi, ilk növbədə, əhalinin fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatı, yolların bərpası və yenidən çəkilişi, zəruri abadlıq işlərinin aparılması dövlətin bir nömrəli vəzifəsi olmalıdır. Bütün bunlar isə nəticə etibarilə Azərbaycan insanının mədəni-intellektual səviyyəsinin yüksəlişinə, mənəvi-əxlaqi dəyərlərin cəmiyyətdə əsas meyara çevrilməsinə xidmət edir.

Ölkənin müəyyən edilmiş strateji iqtisadi siyasətinə uyğun olaraq 2011-ci ildə sosial müdafiə və sosial təminat xərclərinin, o cümlədən əhalinin yoxsulluq səviyyəsinin azaldılmasında müstəsna əhəmiyyət daşıyan əmək pensiyalarının, sosial müavinətlərin və digər sosial təyinatlı xərclərin artırılması qarşıya məqsəd qoyulmuşdur. Eyni zamanda, pensiyaların baza hissəsinin yaşayış minimumuna yaxınlaşdırılması, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə əməkhaqqı sisteminin təkmilləşdirilməsi, ölkənin pensiya sistemində islahatların dərinləşdirilməsi nəzərdə tutulmuşdur.

Bu islahatlar ölkə iqtisadiyyatının son 8 ildəki inanılmaz uğurları ilə bilavasitə bağlıdır. Prezident İlham Əliyev 28 May Respublika Günü münasibətilə keçirilən tədbirdə bununla bağlı demişdir: "Bu il büdcəmizə edilən əlavələr, yəni dürüstləşmə nəticəsində tarixdə ilk dəfə Azərbaycan büdcəsi 20 milyard dollardan çox olacaqdır. Bu, böyük nailiyyətdir, böyük göstəricidir. Nəzərə alsaq ki, 2003-cü ilin dövlət büdcəsi cəmi 1,2 milyard dollar idi, biz əyani şəkildə görərik ki, son 7-8 il ərzində bu istiqamətdə böyük işlər görülmüşdür. Büdcəmizin artımı bizə imkan verir ki, Azərbaycanda həm infrastruktur layihələri icra edilsin, həm də sosial məsələlər öz həllini tapsın. Son illər ərzində maaşlar və pensiyalar bir neçə dəfə artırılmışdır. Bu gün pensiyaların orta həcmi əməkhaqqının orta həcminin 40 faizini təşkil edir".

Qazanılan uğurlar Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirməklə yanaşı, onun müasirləşdirilməsi yolunda yeni imkanlar açır. Əminliklə demək olar ki, bu imkanlardan səmərəli və hər bir vətəndaşın mənafeyinə uyğun şəkildə bəhrələnən ölkə rəhbərliyi modernləşməyə hesablanan islahatları bundan sonra da uğurla davam etdirəcəkdir.

 

 

S.ELMANOĞLU

 

Azərbaycan.- 2011.- 3 iyun.- S. 2.