Vergi Məcəlləsinə dəyişikliklərin edilməsi nəzərdə tutulur

 

İyunun 2-də Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirildi. İclasda "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirə edildi. Komitənin sədri Ziyad Səmədzadə layihə barədə məlumat verərək qeyd etdi ki, sənəd qanunvericilik təşəbbüsü qaydasında ölkə Prezidenti tərəfindən təqdim edilib. Komitə sədrinin sözlərinə görə, qanun layihəsinə əsasən Vergi Məcəlləsinin 106, 122, 164 və 183-cü maddələrinə bir sıra dəyişikliklərin edilməsi məqsədəuyğun sayılıb.

İclasda iştirak edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov nəzərdə tutulan dəyişikliklərlə bağlı geniş məlumat verdi. Vergi Məcəlləsinin 106-cı maddəsinə edilən dəyişikliyə əsasən neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq əsas fondların, daşınar əmlakın və digər aktivlərin hər hansı şəkildə həmin sazişlərdə Azərbaycanı təmsil edən tərəfə təqdim edilməsi üzrə əməliyyatların vergidən azad edilməsi nəzərdə tutulur. 122-ci maddəyə təklif olunan dəyişikliyə görə neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlər üzrə mənfəətin bölüşdürülməsi, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda hüquqi şəxsin tam mülkiyyətində olan törəmə müəssisələrin xalis mənfəətinin həmin hüquqi şəxsin mərkəzləşdirilmiş fondunda cəmləşdirilməsi üzrə köçürmələr və bu şəxsin həmin gəliri vergiyə cəlb olunmur.

İclasda iştirak edən Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov, parlamentin İqtisadi siyasət komitəsinin sədr müavini Çingiz Əsədullayev, deputatlardan Əli Məsimli, Xanhüseyn Kazımlı, Vahid Əhmədov və Əsabil Qasımov layihə ilə bağlı fikirlərini bildirdilər. Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinin rəisi Akif Musayev və ARDNŞ-nin Hüquq İdarəsinin rəsi Eldar Orucov da bu məsələyə münasibətlərini bildirdilər.

Müzakirələrin yekununda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

 

Azərbaycan.- 2011.-3 iyun.- S. 3.