Azərbaycanın mülki aviasiya işçiləri peşə bayramlarını qeyd etmişlər

 

Azərbaycanın mülki aviasiya işçiləri iyunun 2-də peşə bayramlarını - Mülki Aviasiya Gününü qeyd etmişlər.

AzərTAc xəbər verir ki, Azərbaycan mülki aviasiyasının 73-cü ildönümünə həsr olunmuş mərasimdə əvvəlcə Prezident İlham Əliyevin Mülki Aviasiya Günü ərəfəsində bir sıra aviatorların "Tərəqqi" medalı və fəxri adlarla təltif edilməsi haqqında sərəncamları oxunmuşdur.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının (ADMAA) direktoru Arif Məmmədov çıxış edərək aviatorları peşə bayramları münasibətilə təbrik etmiş, mülki aviasiyanın inkişafında ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərini vurğulamışdır. Hər il bayram günündə biz bir daha tarixə, keçdiyimiz şərəfli günlərə, hadisələrə nəzər salırıq, əməkdar pilotlarımızı, Qarabağ müharibəsində şəhid olmuş aviatorlarımızı ehtiramla yad edirik. Bu bayram günündə biz aviatorlar bir daha dərk edirik ki, mülki aviasiya sahəsində uğurların əldə edilməsində, infrastrukturun təkmilləşməsində, aviaparkın yeniləşməsində dövlətimizin başçısının mülki aviasiya sahəsinə münasibəti olduqca böyük əhəmiyyətə malikdir. İyunun 2-nin mülki aviasiya işçilərinin peşə bayramı günü kimi Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ildə imzaladığı sərəncamla təsis edildiyini vurğulayan direktor bu bayram ərəfəsində dövlətimizin başçısının bir qrup aviasiya işçisini "Tərəqqi" medalı ilə təltif etməsini, eləcə də fəxri adların verilməsi barədə sərəncam imzalamasını dövlət tərəfindən mülki aviasiyaya göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu demişdir.

ADMAA-da aparılan islahatları və yenilikləri diqqətə çatdıran A.Məmmədov qeyd etmişdir ki, son üç ildə Bakıda beynəlxalq təşkilatların bir neçə seminarı keçirilmişdir və bu ənənə davam etdirilir. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) Avropa və Şimali Atlantika üzrə regional direktoru Luis Fonseka de Almeyda ötən ay Bakıda səfərdə olarkən "Aeronaviqasiya" şirkəti ilə birgə keçirilən beynəlxalq sessiyada iştirak etmişdir.

2009-2010-cu illərdə bir neçə audit keçirilmiş və görülən işlərə yüksək qiymət verilmişdir. Hazırda isə iyunun 7-dən 9-dək Avropa Komissiyası, iyunun 13-dən 16-dək isə TRASEKA tərəfindən keçiriləcək auditlərə hazırlaşırıq.

Azərbaycanın Ümumdünya Mülki Aviasiya sistemində 20-dən artıq beynəlxalq konvensiyaya qoşulduğunu diqqətə çatdıran A.Məmmədov yeni konvensiya və sazişlərin imzalanması üzrə işlərin davam etdirildiyini vurğulamışdır. Qeyd etmişdir ki, 2009-cu il iyulun 7-də Avropa İttifaqı ilə "Üfiq sazişi"nin, o cümlədən Uçuşların Təhlükəsizliyi üzrə Avropa Agentliyi ilə yeni "İşçi saziş"in imzalanması bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Bu sənədlər ölkəmizi Avropaya daha da yaxınlaşdırmış, mülki aviasiya sahəsində müasir standartların tətbiqinə təkan vermişdir. Bu işlərin davamı olaraq, Avropa Komissiyası Azərbaycan ilə "Birgə səma" haqqında çoxtərəfli sazişin imzalanmasında maraqlı olduğunu bildirmişdir.

Sonda ADMAA-nın direktoru aviatorlar adından dövlətimizin başçısına minnətdarlıq edərək bildirmişdir ki, bundan sonra da mülki aviasiya sahəsinə göstərilən diqqət və etimadı layiqincə doğruldacaq, Azərbaycan iqtisadiyyatının yüksəlişinə layiqli töhfələrini verəcəklər.

Sonra təltif edilən bir qrup aviatora döş nişanları və mükafatlar təqdim edilmişdir.

 

 

Azərbaycan.- 2011.- 3 iyun.- S. 4.