Azərbaycan Milli Aviasiya Akademiyasında "Aviasiya uşaqların gözü ilə" mövzusunda bayram tədbiri keçirilmişdir

 

İyunun 2-də Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mülki Aviasiya Muzeyində 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü və 2 iyun - Mülki Aviasiya İşçilərinin peşə bayramına həsr olunmuş "Aviasiya uşaqların gözü ilə" mövzusunda bayram tədbiri keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Milli Aviasiya Akademiyasının foyesindəki büstü önünə əklil qoymuş, xatirəsini ehtiramla anmışlar.

Mülki Aviasiya Muzeyinin direktoru Firəngiz Hüseynova tədbiri açaraq iştirakçıları əlamətdar günlər münasibətilə təbrik etmiş, yetişməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyəsində və onların şəxsiyyət kimi formalaşmasında belə mərasimlərin rolunu yüksək qiymətləndirmişdir.

Akademiyanın ictimai əlaqələr üzrə prorektoru Şəmsəddin Axundov tədbir iştirakçılarına Milli Aviasiya Akademiyası və Mülki Aviasiya Muzeyinin yaranma tarixi barədə məlumat vermiş, akademiyanın rektoru, akademik Arif Paşayevin bu istiqamətdə gördüyü məqsədyönlü işləri xüsusi qeyd etmişdir.

Bayram tədbirində "Binə" uşaq bağçasının yetirmələri və 187 nömrəli orta məktəbin şagirdləri Azərbaycana və milli aviasiyamıza həsr edilmiş şeirlər söyləmiş, rəqs nömrələri nümayiş etdirmiş, mahnılar oxumuş, "Ən yaxşı təyyarə rəsmi" müsabiqəsində iştirak etmişlər.

Sonda muzeyin direktoru F.Hüseynova müsabiqənin iştirakçılarına hədiyyələr təqdim etmişdir.

 

 

Azərbaycan.- 2011.- 3 iyun.- S. 4.