"Müstəqillik illərində Azərbaycan Milli Elmlər Akademiyasının elmi nailiyyətləri" mövzusunda sərgi keçirilmişdir

 

İyunun 3-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) "Müstəqillik illərində Azərbaycan Milli Elmlər Akademiyasının elmi nailiyyətləri" mövzusunda sərgi keçirilmişdir.

AMEA-dan AzərTAc-a bildirmişlər ki, sərginin təşkili ilə bağlı məlumat verən AMEA MEK-in direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli AMEA-nın müvafiq institutlarında aparılan fundamental elmi-tədqiqat işlərinin nəticələrini əks etdirən silsilə sərgilərin təşkil olunduğunu diqqətə çatdırmışdır. O, bu sərgilərin ölkə Prezidentinin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı həyata keçirildiyini söyləmişdir. A.Əliyeva-Kəngərli bildirmişdir ki, kitabxana əməkdaşları tərəfindən bu illərdə Azərbaycan alimlərinin əldə etdiyi nailiyyətləri əks etdirən "Məlumat biblioqrafik göstərici" də nəşr olunacaqdır.

Sərgidə AMEA-nın müstəqillik illərində qazandığı elmi nailiyyətləri əks etdirən 4000-ə qədər Azərbaycan və xarici dillərdə nəşr olunmuş ədəbiyyat nümayiş olunmuşdur. Onların arasında görkəmli elm xadimləri - akademik Budaq Budaqovun çoxcildli "Coğrafiya elminin uğurları", akademik Bəkir Nəbiyevin "Seçilmiş əsərləri" (5 cilddə), filologiya elmləri doktoru Gövhər Baxşəliyevanın "Hamıdan ucadır alimin yeri", AMEA-nın müxbir üzvü Nizami Cəfərovun 5 cildlik "Seçilmiş əsərləri", akademik Nailə Vəlixanlının "Naxçıvan - ərəblərdən monqollaradək", akademik İsa Həbibbəylinin "Ədəbi-tarixi yaddaş və müasirləri" və "Azərbaycan tarixi", fəlsəfə elmləri doktoru Zümrüd Quluzadənin "Konüeptualğnıe problemı issledovaniə soüiokulğturnoqo razvitiə (koneü XX-naçalo XXI vv.)" və bir çox başqa əsərlər də vardır.

Sərgi iyunun 15-dək davam edəcəkdir.

 

 

Azərbaycan.- 2011.- 4 iyun.- S. 6.