Bakıda Azərbaycan və ABŞ üçün Biznes İmkanları VII biznes və investisiya konfransı keçirilmişdir

 

İyunun 3-də Bakıda ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı ilə Azərbaycan və ABŞ üçün Biznes İmkanları 7-ci biznes və investisiya konfransı keçirilmişdir.

Konfransda hər iki ölkənin dövlət və hökumət nümayəndələri ilə yanaşı, bir sıra sahələri təmsil edən 40-dan çox xarici sərmayəçi iştirak etmişdir.

Tədbiri açan USACC-in həmsədri Ceyms Beyker vurğulamışdır ki, gündə 1 milyon barel neft hasil edən Azərbaycan Avropa üçün əsas enerji təchizatçısına çevrilmişdir. Qlobal maliyyə böhranı dövründə Azərbaycan iqtisadiyyatı müsbət dinamika göstərmiş, ixracın həcmi 45 faiz artmış, valyuta ehtiyatları 22 milyard dollar təşkil etmiş, 100 minlərlə yeni iş yeri açılmışdır.

Azərbaycanın iqtisadi inkişafından danışan maliyyə naziri Samir Şərifov qeyd etmişdir ki, ölkəmizdə yoxsulluğun səviyyəsi 49 faizdən 10 faizə enmiş, milli valyuta möhkəmlənmiş, qızıl valyuta ehtiyatları 35 milyard dollara çatmışdır.

Nazir vurğulamışdır ki, keçən il Azərbaycan iqtisadiyyatına 15 milyard dollardan artıq sərmayə yatırılmışdır. Bunun da 60 faizi Azərbaycan hökuməti tərəfindən həyata keçirilmişdir.

Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrinə də toxunan S.Şərifov bildirmişdir ki, 150 kilometr yolun tikintisi üçün Azərbaycan hökuməti Gürcüstana əlavə vəsait ayırmağı planlaşdırır.

ABŞ-ın Azərbaycandakı səfiri Mətyu Brayza isə Azərbaycanda qeyri-neft sektorunun inkişafını və bu sahədə həyata keçirilən islahatların uğurla aparıldığını demişdir.

Konfransın sonunda neft və qeyri-neft sektorunun inkişafına dair məruzələr dinlənilmişdir.

 

 

Azərbaycan.- 2011.- 4 iyun.- S. 6.